525.Az

IV Şuşa Qlobal Media Forumunun əsas mesajları


 

IV Şuşa Qlobal Media Forumunun <b style="color:red"> əsas mesajları</b>

Bu həftə Azərbaycan daha bir mühüm tədbirə - IV Şuşa Qlobal Media Forumuna ev sahibliyi etdi. "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr edilmiş forumda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndəsi, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat iştirak edib. Qeyd etmək lazımdır ki, son dörd il ərzində Forum 81 ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya gətirib. Bu, təkcə statistika deyil, eyni zamanda aparıcı media nümayəndələrinin, ekspertlərin Forumda iştirakı bir daha onun əhəmiyyətini, getdikcə qlobal miqyasda daha böyük maraq doğurduğunu, mühüm platformaya çevrildiyini göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında media nümayəndələrinin çoxsaylı suallarını cavablandıraraq, həm ölkəmizlə, həm də beynəlxalq gündəmin də aktual mövzuları ilə bağlı fikirlərini açıqladı. Dövlət başçısının mesajları təkcə Azərbaycan üçün deyil, qlobal media məkanı üçün də aktual çağırışlar kimi xarakterizə olunur. 

Son hadisələr, xüsusilə Yaxın Şərqdəki münaqişə fonunda nəqliyyat bağlantılarının və dəhlizlərin şaxələndirilməsi daha da aktuallaşıb. Bu mənada strateji coğrafi mövqeyə malik Azərbaycanın rolu daha aktiv şəkildə gündəmə gəlir.

Dövlət başçısı mövzu ilə bağlı bildirib ki, Azərbaycan kifayət qədər uzun müddət ərzində bağlantılar üzərində işləyib: "Biz bəlkə də 10 ildən artıqdır çalışdıq, coğrafi mövqeyimizin üstünlüklərindən istifadə edərək, onları çoxtərəfli əməkdaşlıq üçün real platformaya çevirək. Müxtəlif meyarlar var idi ki, bizə beynəlxalq daşımalar məkanına çevrilmək imkanını yaradırdı və ya buna mane olurdular. İlk olaraq, bu, çatışmayan fiziki infrastrukturla bağlı idi və biz onu yaratmalı idik və yaratdıq. İkincisi, qonşularla qarşılıqlı əlaqələr olmadan, siz heç zaman tranzit ölkəyə çevrilməyəcəksiniz. Əgər qonşularınızla münasibətləriniz pisdirsə, bu o deməkdir ki, heç nə alınmayacaq. Avrasiyanın böyük coğrafi məkanında, Azərbaycandan Şərq və Qərb, Şimal və Cənub istiqamətlərdə geniş beynəlxalq əməkdaşlığı qurmaq, prosesi apardığımız kimi inkişaf etdirmək, məsələn, Azərbaycanın təşəbbüskar olduğu, əsas maliyyə töhfəsini verən tərəf olduğu və çoxtərəfli əməkdaşlığı təşkil edən tərəf kimi enerji layihələrimizin həyata keçirilməsi həmin meyarlar sırasındadır. Bu isə bu gün, enerji təhlükəsizliyi məsələlərinin həllində, həmçinin bir çox ölkələrə kömək edir. Beləliklə, eyni yanaşmanı bağlantılara da tətbiq edirik".

Azərbaycan-Türkiyə münasibətləri də Forumda diqqətdə olub. Prezident bildirib ki, dünyada bir-birinə yaxın olan, bir-birinə bu qədər dəstək verən və dost olan Türkiyə və Azərbaycandan başqa bəlkə də digər iki dövlət tapmazsınız: "Bu, xalqlarımız, ölkələrimiz üçün böyük zənginlikdir. Biz bir yerdə olanda daha güclüyük. Bu, həmçinin regional sabitliyin və əməkdaşlığın, o cümlədən indicə qeyd etdiyim bağlantılar məsələsinin mühüm meyarıdır... Bir sözlə, biz təkcə qardaş və dost deyilik, biz müttəfiqik".

Azərbaycanın Avropa təsisatları ilə münasibətləri də maraq doğuran mövzular sırasında oldu. Avropa təsisatları tərəfindən ölkəmizə qarşı mütamadi şəkildə qərəzli, ədalətsiz yanaşma sərgilənir. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) heç bir səbəb olmadan Azərbaycana qarşı qərəzli mövqeyi açıq suallar doğurur. Bu təsisat xeyli müddətdir ki, nümayəndə heyətimizə sanksiya tətbiq edib.

Dövlət başçısı bunun səbəblərinə aydınlıq gətirərək bildirib ki, 2023-cü ilin sentyabrında ərazimiz separatçı və Ermənistanın işğalçı qüvvələrindən 100 faiz azad edilənə qədər Azərbaycan AŞPA-da heç vaxt sanksiya altında olmayıb. Azərbaycan ərazisini separatçıların qalıqlarından təmizlədikdən sonra 2024-cü ilin yanvarında ölkəmizin nümayəndə heyətinin akkreditasiyasını sual altına qoydular, həmçinin səsvermə hüququndan məhrum etdilər.

Prezident bildirib ki, bu, insan hüquqları məsələsi ilə əlaqəli deyil, əgər belə olsaydı, bunu xeyli əvvəl edərdilər: "Bu, sadəcə, suverenliyimizi bərpa etmək üçün gördüyümüz işlərə görə bizi cəzalandırmaq idi. Ondan sonra Azərbaycanın nümayəndə heyəti çox müdrik qərar qəbul etdi və iclaslarda iştirakını dayandırdı. Çünki əgər bizim səsvermə hüququmuz olmayacaqsa, onda nəyə görə orada olmalıyıq? Sizə açıq deyə bilərəm ki, biz hökumətimizdə AŞPA-da üzvlüyümüzün nəinki dondurulmasını, həmin təsisatdan tam çıxmağı da ciddi şəkildə nəzərdən keçiririk. Yəni bütövlükdə Avropa Şurasından çıxmağımızı nəzərdə tuturuq".

Avropa Komissiyasına gəlincə, münasibətlərin pozulmasında Avropa diplomatiyasının əvvəlki rəhbəri Cozef Borrel əsas rolu oynadı. Dövlət başçısının dediyi kimi, o, əslində, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətləri demək olar ki, dağıtdı. Onun korrupsiyaya uğramış bəzi şəxslərlə, o cümlədən Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Okampo ilə əlbir olması barədə faktların aşkarlanması ilə əsl siması da üzə çıxdı.

Hazırda Avropa Komissiya ilə münasibətlərimiz müsbət məcrada inkişaf edir. Bu il ərzində Aİ rəhbərliyi, o cümlədən Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas, iyul ayında isə Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Azərbaycana gəldilər. İndi deyə bilərik ki, münasibətlərdə yeni bir mərhələ başlayıb.

Forumda böyük maraq doğuran istiqamətlərdən biri də ABŞ-la bağlı oldu. Hazırda iki ölkənin münasibətləri yüksək səviyyədədir.  Prezident İlham Əliyevin 2025-ci ilin avqustunda ABŞ-a tarixi səfəri mühüm dönüş nöqtəsi oldu və ikitərəfli əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi.

Dövlət başçısı deyib ki, bu gün strateji tərəfdaşlıq haqqında Bəyanatın bütün müddəalarının icrası üzərində fəal şəkildə işləyirik. Xüsusən də yaradılan işçi qruplar ticarət və sərmayələr, rəqəmsal transformasiya və süni intellekt, enerji təhlükəsizliyi və bağlantılar, müdafiə və hərbi məhsulların satışı üzərində çox fəal şəkildə çalışırlar. Birləşmiş Ştatlar Azərbaycana silah təchizatına dair bütün embarqonu aradan qaldırıb və bundan dərhal sonra eyni addımları Birləşmiş Krallıq və Avropa İttifaqının digər üzvləri atıblar. Bütün bunlar isə ikitərəfli münasibətlərin mahiyyətini, formasını və gələcək üçün potensialını çox yaxşı xarakterizə edir.

ABŞ Konqresinin 1992-ci ildə Azərbaycana qarşı qəbul etdiyi ədalətsiz 907-ci düzəlişin tam ləğv edilməsi də iki ölkənin münasibətləri üçün çox vacibdir. Həmin düzəlişin müəlliflərindən biri prezidentliyi müddətində Azərbaycanla bağlı qərəzli mövqe tutan, o zaman isə senator olan Baydendir. Ötən ilin avqustunda Prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı Ağ Evdə Prezident Tramp həmin düzəlişin qüvvəsinin növbəti bir il üçün dayandırılması ilə bağlı sənədi imzalayıb, hazırda o, işləmir, lakin rəmzi mənası, siyasi mənası hələ də qalır.

Digər tərəfdən, Bakı və İrəvan sülh prosesini davam etdirir, Azərbaycan birtərəfli olaraq Ermənistana bütün tranzit məhdudiyyətlərini aradan qaldırıb, bütün bunlar göstərir ki, həmin düzəliş tamamilə köhnəlib və tam ləğv edilməlidir. Azərbaycan lideri deyib ki, həmin düzəliş Konqres tərəfindən nə qədər tez tam ləğv edilərsə, hamımız üçün, Azərbaycan üçün bir o qədər yaxşı olar.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə Komitəsinin sədri Arzu Nağıyev "525"ə deyib ki, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumununda çıxışı və sual-cavab sessiyası müxtəlif istiqamətləri əhatə edirdi. Azərbaycan tarixindən tutmuş, yaxın tariximiz, eyni zamanda, ölkəmizin keçdiyi yol, müstəqillik dövrünün çətinlikləri və 44 günlük müharibədə əldə etdiyimiz qələbə və digər mövzular diqqətdə oldu. Deputat bildirib ki, bütün bu məqamlar fonunda əsas məqsəd Azərbaycanın regional siyasətini, Qarabağda həyata keçirilən bərpa və yenidənqurma işlərini, eləcə də beynəlxalq auditoriya ilə birbaşa ünsiyyəti ön plana çıxarmaq idi:

"Eyni zamanda Azərbaycanın daxili və xarici siyasətində prioritet istiqamətin ərazi bütövlüyümüz, ərazi bütövlüyümüzün qorunması və hər bir Azərbaycan vətəndaşının rifahı ilə bağlıdır. Forumun mövzusu "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" idi. Cənab Prezident çıxışında həm regional, həm də beynəlxalq məsələlərə toxundu. Əsas mesajlar da sülh və regional münasibətlər, Azərbaycanın regionda uzunmüddətli sülhün tərəfdarı olduğunu, qarşılıqlı etimadın və dialoqun vacibliyi barədə fikirlərin səsləndirilməsi idi. Burada təbii ki, medianın rolunu da cənab Prezident qeyd etdi. Dezinformasiyanın, informasiya müharibəsinin artdığı şəraitdə, peşəkar və məsuliyyətli medianın həqiqətin çatdırılmasında mühüm rol oynadığını bildirdi. Bu, forumun əsas mövzusu ilə birbaşa uzlaşan cavablar idi".

A.Nağıyev əlavə edib ki, Prezident Azərbaycanın beynəlxalq mövqeyi, Azərbaycanın xarici siyasəti, regional əməkdaşlıq və beynəlxalq təşkilatlarda təmsilçilik məsələlərinə də toxundu. O cümlədən BMT Təhlükəsizlik Şurasında islahatlar və inkişaf etməkdə olan ölkələrin daha geniş təmsilçiliyinə dair fikirlərini səsləndirdi.

Onun sözlərinə görə, Şuşanın beynəlxalq platforma kimi təqdimatı da çox mühüm əhəmiyyət kəsb edirdi. Cənab Prezident də bu məsələni məhz iştirakçıların diqqətinə çatdırdı: "Dövlət başçısı Şuşa Qlobal Media Forumunu Azərbaycanın dünyaya açıq dialoq platforması kimi xarakterizə etdi. Qarabağda aparılan bərpa quruculuq işlərinin beynəlxalq media nümayəndələrinə birbaşa təqdim edilməsinin əhəmiyyətini vurğuladı. Eyni zamanda Azərbaycanın qonşuluq siyasəti, Amerika Birləşmiş Ştatları və digər beynəlxalq səviyyədə özlərini artıq təqdim etmiş güc mərkəzləri və digər istiqamətlərdə Prezident öz fikirlərini söylədi, ölkəmizin mövqeyini ortaya qoydu.  Azərbaycan tarixi, xarici və daxili siyasəti, beynəlxalq səviyyəli görüşlər, 44 günlük müharibədə qələbə və təbii ki, Azərbaycan xalqının sülhün bərqərar olması istiqamətində atdıqları addımlar dövlət başçısının çıxışında əsas istiqamətlər idi. Bir sözlə, Qlobal Media Forumu Azərbaycanın orta gücə malik bir dövlət olduğunu bir daha ortaya qoydu və bu potensiala sahib olmasını bir daha göstərdi. Forumun məhz Şuşada keçirilməsi də çox mühüm bir addımdır. Yəni Azərbaycan müharibədə döyüşdüyü kimi, qələbə əldə etdiyi kimi, Ali Baş Komandanın rəhbərliyi ilə eyni zamanda, dinc quruculuq işlərini də yüksək səviyyədə həyata keçirir".

 

 





17.07.2026    çap et  çap et