Ələt azad iqtisadi zonasında istehsal olunan mallara 15 illik gömrük güzəşti veriləcək. Bu "Gömrük tarifi haqqında" qanuna edilən dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə görə, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən Ələt azad iqtisadi zonasında Azad Zona hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal olunan Azərbaycan mənşəli malların həcminin azı 50 (əlli) faizinin ölkə hüdudlarından kənara ixracı şərtilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın müəyyən etdiyi qaydada Ələt azad iqtisadi zonasından əsas iqtisadiyyata gətirilməsi - malı istehsal və ya emal edən Azad Zona hüquqi şəxsinin təsis olunduğu tarixdən 15 il müddətində gömrük rüsumundan azad edilir. Qanun gələn ilin yanvarın 1-dən qüvvəyə minir.
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azad İqtisadi Zonaların (AİZ) yaradılması, orada gömrük və vergi təşviqlərinin tətbiqi iqtisadi nöqteyi-nəzərdən həmin bölgələrin daha çox investor cəlb etmələrinə və istehsal sahələrini genişləndirməyə kömək və dəstək olacaq: "Hesab edirəm ki, Azərbaycan kimi ərazisi çox da böyük olmayan ölkələrdə AİZ məntiqi bütün iqtisadi zonaları, bütün ölkəni əhatə etməlidir. Bunun olması daha məntiqi olardı. Belə zonalar Qarabağda, Ələtdə, Sumqayıtda, Nefçalada, Naxçıvanda var. Onu hissə-hissə etməkdənsə, bütün ölkə ərazisində tətbiqi daha məqsədəuyğundur. İqtisadi oyunçular üçün də bu, daha yaxşı olar. İstiqamət doğrudur, amma ölkəmizin ərazisinin kiçik olduğunu nəzərə alsaq, bu məntiqli yanaşmanın bütün ölkə ərazisinə tətbiqi daha yaxşı olardı".
İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Azad İqtisadi Zonaların yaradılması bir qayda olaraq - ayrı-ayrı ərazi və regionların iqtisadi inkişafına, konkret prioritet iqtisadi məsələlərin həllinə, strateji proqram və layihələrin reallaşdırılmasına yönəldilmiş ciddi bir işdir. Belə ki, təcrübə onu göstərir ki, azad iqtisadi zonalarda yaradılmış güzəştlər sistemi bu ərazidə reallaşdırılan proqramlarla birbaşa və sıx əlaqəyə malikdir: "Dünya təsərrüfatındakı təcrübəyə əsaslanaraq onu da qeyd edim ki, Azad İqtisadi Zonaların yaradılması zamanı bəyan edilən ilkin məqsəd və vəzifələr demək olar ki, heç vaxt faktiki inkişafın nəticələri ilə üst-üstə gəlmir. Azad iqtisadi zonaların yaradılmasında iki yanaşma mövcuddur. Azad iqtisadi zonaların yaradılmasının ərazi konsepsiyası özündə tətbiq edilən ölkənin digər ərazilərindən ayrılmış elə bir ərazisini əks etdirir ki, burada yerləşən müəssisələr üçün xüsusi güzəştli rejim tətbiq edilir. Yeni qaydalara əsasən belə zonalar milli gömrük ərazisi çərçivəsində anklav kimi xarakterizə edilir və adətən beynəlxalq limanların yaxınlığında yerləşir ki, buraya quraşdırılmaq üçün gətirilən avadanlıq və komponentlər, həmçinin materiallar gömrük nəzarətindən keçirilmir. İxracyönümlü sənaye zonalarında idxal edilən məhsullar emala məruz qalaraq, sonradan qəbul edən ölkənin gömrük orqanlarının maneəsi olmadan ixrac edilirlər. Bu zaman heç bir gömrük rüsumları ödənilmir".
X.Kərimli Ələt Azad Zonasının Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynadığını da vurğulayıb: "Burada fəaliyyət göstərən şirkətlər tranzit, ticari və investisiya əlaqələrinin genişlənməsinə töhfə verir. Eyni zamanda, limanın yaxınlığında yerləşməsi, yüklərin dəniz və dəmir yolu vasitəsilə rahat daşınmasını təmin edir ki, bu da orta dəhlizin əhəmiyyətini artırır. Azad Zonanın yaradılması ilə Azərbaycan ticarət əlaqələrinin genişləndirilməsi, investisiya cəlbinin artırılması və tranzit imkanlarının genişləndirilməsi kimi strateji hədəflərə nail olmağa çalışır. Bu həm Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq imkanlarını genişləndirir, həm də regionun tranzit və iqtisadi əhəmiyyətini daha da artırır. Bu çərçivədə yeni infrastruktur layihələrinin maliyyələşdirilməsi və icrası da xüsusi önəm daşıyır".
Sevinc QARAYEVA
çap et