Siruz Abasbəyli, professor:
- 6 iyul 2026-cı il tarixində Bakımızın simvolu - Televiziya qülləsinin açılışı və istifadəyə verilməsinin 30 illiyi tamam oldu. Heyif ki, bu tarix heç bir yerdə qeyd edilmədi... Televiziya şirkətlərinin heç biri bu tarixə həsr edilmiş kiçik də olsa bir süjet göstərmədilər...
Mən bu münasibətlə bütün radio-televiziya işçilərini, rabitəçiləri səmimi qəlbdən təbrik edirəm!
Fəxr edirəm ki, bu tarixi hadisənin, 10 il tikintisi yarımçıq qalmış Teleqüllənin ərsəyə gəlməsində mənim əməyim olub. Onu da qeyd edim ki, Teleqüllənin tikilib istifadəyə verilməsində Dövlət büdcəsindən bir manat belə xərclənməyib, bütün xərclər nazirliyin öz gəlirləri hesabına çəkilib. Bax belə...!!!
Nigar Sabirqızı, jurnalist:
- Sosial şəbəkələrdə bəzi həmkarlarımın Media Forumuna blogerlərin dəvət edilməsi ilə bağlı haqlı etirazlarını görürəm. Məni təəccübləndirən həm də odur ki, bu hal media-sosial şəbəkə rəqabətindən danışıldığı bir vaxtda baş verir. Bəs medianı qorumaq lazım idi? Bəs insanlar mütləq TV-lərə baxmalı idi? Bəs televiziyalar cəmiyyət üçün əvəzolunmaz idi? Nə oldu? Elə ilk fürsətdə medianı özləri sosial şəbəkələrə uduzdurdular. Forumun adında "media" sözü var. Blogerlər də artıq media oldu? Blogerlərin fəaliyyətini kiçiltmirəm, onların auditoriyası və təsiri var. Amma blogerliklə jurnalistika eyni deyil. Əgər cənab Prezidentin verdiyi önəmli mesajları dinləmək və anlamaq üçün blogerlər jurnalistlərdən öndə otuzdurulursa, kontent istehsalçıları peşəkar jurnalistlərlə eyni və ya üstün tutulursa, medianın gələcəyindən danışmaq nə dərəcədə səmimidir? Bir neçə gün əvvəl Balakişi Qasımovun "TV-lər son illərini yaşayır" fikrinə etiraz edənlər, sosial şəbəkələr cəmiyyət üçün zərərlidir deyənlər niyəsə indi susur.
Qulu Məhərrəmli, professor:
- Artıq ənənəyə çevrilmiş Şuşa Qlobal Media Forumunun bir əhəmiyyəti də odur ki, buraya xaricdən xeyli jurnalist dəvət edilir. Onlar bölgə, o cümlədən Azərbaycanla bağlı vəziyyətlə yaxından tanış olur, proses və problemlərə münasibəti birbaşa ölkə başçısından öyrənirlər. Təbii ki, Prezident İlham Əliyevin forumda iştirakı bu məclisə fərqli bir miqyas verir. Təbii ki, bu jurnalistlərin gedib öz ölkələrində nəyi necə işıqlandırmaları onların öz münasibətindən, yanaşmalarından və nə dərəcədə obyektiv, vicdanlı, azad olmalarından asılıdır.
Hər şeydən görünür ki, ölkəmiz üçün həm də yaxşı piar və imic məsələsi olan forum yüksək səviyyədə təşkil olunub. Builki IV Şuşa Qlobal Media forumunun mövzusu da çox diqqətçəkəndir: "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması". Həm dünyadakı müharibə ab-havası, həm də medianın getdikcə azalan nüfuzu fonunda çox aktual mövzudur.
P.S. Şuşa Forumuna blogerlərin də dəvət olunmasının məntiqi əsası vardır: indi real media ilə yanaşı, virtual media da mövcuddur. Hətta ikinci qütb daha fəal və daha güclü təsirə malikdir. Bu, bir reallıqdır... amma o başqa məsələ ki, bloger və tuktogerlərin heç də hamısına jurnalist demək olmaz...
Vüsal Məmmədov, jurnalist:
- Azərbaycanda jurnalistləri illərlə "niyə hakimiyyəti tənqid edə bilmirsiniz" deyə qısnayıblar. İndi məlum olur ki, hətta silikonlu qadınları da tənqid etmək mümkün deyilmiş. Adamın başına oyun açarlar. Çəkdiyi videonu sildirərlər. Olmaz! Hakimiyyəti tənqid etmək çox yüksək səviyyədir e. Əvvəlcə aşağıdan başlamaq lazımdır. Cəmiyyət olaraq əvvəlcə estetik əməliyyat etdirən qadınları tənqid etmək hüququnu özümüzə qaytaraq, sonra hakimiyyətə keçərik.
Sahila Yaya, jurnalist:
- İtaliyanın son illərdə ən stabil hökumətini qurmağı bacarmış Meloni güclü liderdir. Hazırda dünyanın ən qabaqcıl ölkə liderləri arasında ədalətli və cəsarətli qərarları ilə seçilir. Di gəl, gözəl və rahat qadındı deyə haqqında necə mənasız xəbərlər düzəldirlər. Jestlərini yozurlar, obrazını seksist mövzuda qabardırlar. Deməli, qadındı, siyasətçidi deyə heykəl kimi durmalıdı, adına dəmir leydi deməliyik. Yoxsa heç cürə güclü və ciddi olduğunu qəbul edə bilmirik. Nə qədər dağılmalı mif var.
Rauf Qərib Alagöz, yazar:
- Marketlərdə, mağazalarda və s. gənc qızların, oğlanların ayaq üstə mürgülədiyini, gözlərindəki həyat eşqinin söndüyünü görəndə adam dəhşətə gəlir.
Əmək müfəttişliyi hara baxır?
400-500 manata 12 saat, hətta daha çox (ən yaxşı halda həftədə bir gün istirahətlə) işlədən sahibkarlara qarşı niyə tədbir görülmür?
Çoxunun heç əmək müqaviləsi, sığortası olmur.
Gənclərin gələcəyini niyə məhv edirlər?
Sabir Rüstəmxanlı, Xalq şairi:
- Dağətəyi rayonlarda daşan çayların vurduğu ziyanı, evləri, yolları dağıtmasını tez-tez müşahidə edirik. Yayda quruyub balaca arxa dönən çaylar sel gələndə yüzlərlə metr genişliyə yayılıb torpaqları sıradan çıxarır, bağ-bağçanı məhv edir. Bunun bir səbəbi dağlarda qarın əriməsi və leysan yağışlardırsa, bir səbəbi də çay yataqlarının daşla, qumla, çınqılla dolub ildən-ilə dayazlaşmasıdır. Yəni selin xalqa ziyan vurmaması üçün çay yataqları il boyu müəyyən nəzarətlə təmizlənməli, selin gətirdiyi daş, çınqıl daşınmaldır. Təəssüf ki, rayonlarımızda əhalinin halal haqları olan bu təbii sərvətdən istifadə etməsinə icazə verilmir. Dövlət müəssisələri, tikinti şirkətləri on illər boyu daşısa, bu daş-çınqıl tükənməz. Bəs onda əhali əlinin altındakı bu tikinti materialından niyə məhrum olmalıdır? Vaxtilə Balakənin, Zaqatalanın, Qaxın bütün gözəl evləri bu çay daşından tikilirdi.
Beləliklə, çay yataqları yeni daş, çınqıl axınları ilə dolur və növbəti sel daha geniş əraziyə yayılır, daha çox torpaq istifadədən düşür, daha çox ev dağılır. Amma o dağılmış evlərin dağılmış hasarlarını bərpa üçün çaydan bir maşın qum-çınqıl götürülməsinə icazə verilmir. Kənardan gələn şirkətlər daşıya bilər, yerli camaat toxuna bilməz... Ekoloji xeyir verməkdənsə, ekoloji ziyan vuran bu gülünc qadağanı kim aradan qaldıracaq?!
Laura Quliyeva, İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri:
- ...Təklif edirəm, Azərbaycan dilinin orfoqrafiya qaydalarını öyrədən xüsusi kurslar açılsın. Hətta uzun illərin müəllimləri də "sabahın xeyr", "axşamın xeir", "hər vaxtın xeyer", "xaiş", "xayış", "xahış", "xayiş"... yazır. Hətta adlı-sanlı filoloqlar da "məndə yaxşıyam", "sən də kitab var mı", "bizdə yaxşıyıq"... Bu, adi, çox sadə qrammatik qaydalardır axı! Məktəblərdə, universitetlərdə illərlə nə öyrənir və nəyi öyrədirik???
Elxan Şahinoğlu, politoloq:
- NATO-nun Ankara sammitinin yekunlarının müzakirəsi bitməmiş Yaxın Şərq yenidən qarışıb. ABŞ Prezidenti Donald Tramp elə Ankarada olarkən, İrana zərbə vurmağa qərar verib. Livanda da müharibənin şiddətlənməsi ehtimalı var. İranın təlimatıyla İsrail ərazisinə yeni zərbələrin endirilməsi Tel-Əvivi qonşu ölkənin ərazisində hərbi müdaxiləni genişləndirməsiylə nəticələnəcək.
ABŞ-la İran arasında hərbi qarşıdurmanın yenidən alovlanması Pakistanı çətin vəziyyətə salıb. İslamabad aylardır iki ölkə arasında vasitəçi kimi çıxış edir, tərəflər arasında razılaşma əldə etməyə çalışırdı. İmzalar atıldı, ancaq bu sülhə yol açmadı. Əldə olunan razılaşma yerinə yetirilmədiyinə görə, bölgədə gərginlik yenidən artıb. Buna görə də Pakistanın Xarici İşlər Nazirliyi tərəflərə çağırış etmək məcburiyyətində qalıb. İslamabaddan yayılan açıqlamada, Yaxın Şərqdə sülhə nail olmaq üçün diplomatiyadan başqa alternativ olmadığı bildirilib. Pakistan bütün tərəfləri təmkinli olmağa, bölgədə sülh və sabitliyi daha da sarsıda biləcək hər hansı bir hərəkətdən çəkinməyə çağırıb.
Vaşinqton və Tehranın İslamabadın çağırışını eşidəcəyi çətindir. ABŞ və İran bir-birini razılaşmanı pozmaqda ittiham edir. İran Hörmüz boğazına nəzarət iddiasından əl çəkmədiyinə görə, razılaşmanın yerinə yetiriləcəyini gözləmək əbəsdir. Boğazdan keçən ticarət gəmilərinə açılan atəş isə Vaşinqtonu İrana zərbələr endirməyə sövq edib.
Pakistanla yanaşı, Çin də mövcud vəziyyətdən narahatdır. Gərginliyin yayılması ehtimalı olduğuna görə, Çinlə Pakistan öz aralarında hərbi ittifaqı gücləndirməkdədirlər. Pakistanın Çinlə dərinləşən əlaqələri Pekinin regionun müdafiə bazarlarında təsirinin genişlənməsində əsas rol oynayır. İslamabad vasitəçilikdə uğursuzluğa düçar olmasına baxmayaraq, təhlükəsizlik sahəsində müvafiq addımlar atmaqdadır. Bunlardan biri Çinlə hərbi əməkdaşlığın genişləndirilməsidirsə, digəri 2025-ci ildə Səudiyyə Ərəbistanı ilə imzalanmış strateji müdafiə müqaviləsidir. Bu müqavilə bir tərəfə hücumu hər iki tərəfə hücum kimi qəbul edir.
Beləliklə, bölgədə son geosiyasi dəyişikliklər Pakistanın əhəmiyyətini artırıb. Mühüm amil Pakistanın Çinlə sıx inteqrasiyası, xüsusən də müdafiə, təhlükəsizlik və kəşfiyyat əməkdaşlığıdır. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun hesabatına əsasən 2021-ci ildən 2024-cü ilə qədər Pakistanın silah idxalının 80%-dən çoxu Çinin payına düşüb. gəlir. Bu, qırıcı təyyarələrin birgə istehsalından tutmuş hava hücumundan müdafiə sistemlərinə qədər sahələri əhatə edir. Çinlə Pakistanın birgə istehsal etdiyi hərbi texnikaya bölgənin müxtəlif dövlətləri maraq göstərirlər. Səudiyyə Ərəbistanı ABŞ-dan hərbi asılılığını azaltmaq üçün Çin və Pakistanın birgə istehsal etdiyi hərbi məhsulların alınması üçün intensiv danışıqlar aparır. Liviya ilə də müvaqilələr imzalanıb. Bununla Pakistan və Çin Yaxın Şərq bazarında fəallıqlarını artırırlar. ABŞ-İran qarşıdurması uzandıqca, bölgə ölkələri daha çox silah və hərbi texnika almaq istəyəcəklər.
Azərbaycan İkinci Qarabağ müharibəsində qələbəsina baxmayaraq, hərbi büdcəsini artırmaqda davam edir. Bunun səbəbi yalnız Ermənistanla əlaqəli deyil. Azərbaycan Ermənistanla sülh quruculuğuna başlayıb, iki ölkə arasında ticarət əlaqələri qurulub. Yaxın müddətdə iki ölkə arasında sülh sazişinin imzalanması ehtimalı var. Sülh sazişinin imzalanması və iki ölkənin birgə nəqliyyat və digər layihələrdə iştirakı müharibə ehtimalını xeyli azaldıb. Ancaq Cənubi Qafqaz ətrafındakı hərbi toqquşmalar, o cümlədən Rusiya-Ukrayna və ABŞ-İran müharibəsi, İranın mühafizəkar dairələrindən Azərbaycan əleyhinə səslənən açıqlamalar ölkəmizə hərbi gücünü artırmaqdan başqa alternativ qoymur.
çap et