525.Az

Heç vaxt bitməyəcək möcüzə - Rafael Hüseynov yazır


 

Heç vaxt bitməyəcək möcüzə - <b style="color:red"> Rafael Hüseynov yazır</b>

Diriliyi ilə abidəyə çevrilməsi arasındakı məsafə ən qısa olan Azərbaycan ədibi Cəfər Cabbarlıdır. Cəfər Cabbarlı 1934-cü ilin son günündə dünyadan köçdü. Ancaq vur-tut 6 il sonra onun abidəsi hazırlanırdı və beləcə, 1940-cı ilin əvvəllərindən Nizami muzeyinin eyvanından Cəfər Cabbarlı Azərbaycan insanlarına baxırdı. Ancaq onillər ötəcək, Bakı şəhərində Cəfər Cabbarlının bundan qat-qat möhtəşəm abidəsi ucalacaq, həmişəyaşar ədib insanlarla üz-üzə qalmaqda davam edəcək.

Cəfər Cabbarlının həyatı səhnə idi və macəralarla dolu olan səhnə sanki Cəfər Cabbarlının həyatına da təsirini göstərmişdi. Onun ömrünün də ayrı-ayrı mərhələləri elə başdan-başa macəralardır. Hətta vəfatından onillər sonra Dəmiryol vağzalının həndəvərində ucalan möhtəşəm abidəsinin dünyaya gəlişi də xeyli macəralarla bağlı oldu.

Abidəni Azərbaycanın görkəmli heykəltaraşı Mirəli Mirqasımov (1924-2003) hazırlayırdı. Bu heykəlin üzərində uzun illər boyu işlədi.

Bütün mərhələlər arxada qalandan sonra artıq heykəli qranitə köçürtmək lazım idi. Ancaq Mirəli Mirqasımovun vacib bir şərti vardı ki, heykəl bütöv qranitdən düzəldilsin. Abidənin hündürlüyü isə elə idi ki, heykəltaraşın şərtini eşidincə "o ölçüdə qranit yoxdur" demişdilər. Bu dar macalda o vaxtlar Azərbaycan Respublikasına rəhbərlik edən və bütün ömrü boyu sənətin, sənətkarın yanında olmuş Heydər Əliyev heykəltaraşa dayaq durdu. Onun Mirqasımovlar ailəsinə də rəğbəti böyükdü, Cəfər Cabbarlı da köhnə sevgilərindən idi. Heydər Əliyev Cabbarlı irsinə yeniyetməlik illərindən vurğun kəsilmişdi. Məktəb səhnəsində Cabbarlı pyeslərində surətlər yaratmışdı. Ömrü boyu da Cəfər Cabbarlını sevdi və böyük ədibin abidəsinin gerçəkləşməsi yolunda zəhmətləri əslində Heydər Əliyevin daim qəlbində gəzdirdiyi Cəfər Cabbarlıya mənəvi borcunu qaytarması deməkdi. Təbii ki, qranit Azərbaycana kənardan - Ukraynadan gəlirdi. Sovet İttifaqındasa o zamanlar bu qəbil məsələlərin hamısı mərkəzləşmiş qaydada həll edilirdi - Moskvadan. Heydər Əliyev danışıqlar apardı, nail oldu ki, tələb olunan ölçüdəki qranit tapılsın və Azərbaycan üçün ayrılsın. Lakin bu zaman ayrı bir və həm də bəlkə daha müşkül məsələ ortaya çıxdı. Məlum oldu ki, o boyda və o ağırlıqda qraniti daşıya biləcək bir vaqon yoxdur. Əlavə danışıqlar aparmaq, bəlkə də o irilikdə qraniti tapmaqdan daha müşkül olan bir məsələni həll etmək zərurəti qarşıda dayandı. O yekəlikdə qranitin yerləşdirilə biləcəyi vaqon yox idi. Yenə Heydər Əliyev ən yüksək məqamlara müraciət etdi, həll yolları arandı və əndazələrdən böyük həmin qraniti daşımaq üçün iki vaqonu birləşdirərək məxsusi bir vaqon düzəltdilər.

Beləcə, macəralardan keçərək qranit gəldi yetişdi mənzil başına və heykəltaraş Mirəli Mirqasımov da həyatının ən böyük arzusuna çatdı.

Ömrü boyu o, çox abidələr düzəltmişdi, ancaq Cəfər Cabbarlı heykəlini özünün şah əsəri hesab edirdi və bu gün də Dəmiryol vağzalının həndəvərindəki meydandan Cəfər Cabbarlının məğrur heykəli şahanə duruşu ilə hər an insanları salamlamaqdadır.

Ancaq Cəfər Cabbarlı abidəyə əslində elə sağlığında çevrilmişdi. Yaratdığı bir-birindən gözəl əsərlərə görə artıq 1920-ci illərin sonları, 1930-cu illərin əvvəllərində, xeyli gənc olmasına baxmayaraq, müasirləri ona aşağıdan yuxarı, heyrətlə baxırdılar. O çağlarda Cəfər cavan oğlandı, ancaq Azərbaycan səhnəsini, Azərbaycan mədəni mühitini yaratdıqları ilə elə bürümüşdü ki, müasirləri ona artıq klassik kimi baxırdılar. Ona görə də çağdaşlarının gözündə sağlığında heykəlləşmiş Cəfər Cabbarlının vəfatından 6-7 il sonra abidələşməsində tarixin məntiqi var.

Bu gün isə artıq yalnız Bakı şəhərində deyil, Azərbaycanın müxtəlif yerlərində Cəfər Cabbarlının abidələri ucalmaqdadır.

Heykəlləri var və ümiddir ki, yeniləri də mütləq yaranacaq. Ancaq nə qədər gözəl abidələri olur-olsun, ən möhtəşəm Cabbarlı abidəsini özünə elə sağkən Cəfər özü yaradıb - parlaq zəkası və coşqun istedadının gücünə doğurduğu bir-birindən solmaz əsərləri ilə!

Cəfər Cabbarlının əsas parlayış dövrü 1920-ci illərə və 1930-cu illərin əvvəllərinə təsadüf etdi. Ancaq sirr nədədir ki, elə o vaxt da, ötən onilliklər boyu da, dəyişən əsrlərdə də yenə Cəfər Cabbarlının yaratdıqları sevilməkdədir? Həm də bu da unudulmasın ki, Cəfərin yazdıqlarının təqribən hamısı bilavasitə içərisində olduğu gün, axarında yaşadığı vaxtla birbaşa bağlı idi. Vaxta sıx bağlı olan əsərlərinsə zaman keçdikcə köhnələşmək, nimdaşlaşmaq, dəbdən düşmək qorxusu həmişə var.

Tək Cəfər Cabbarlı ilə bağlı yox, dünyanın hər yerində doğurduğu əsərlər yaşamaqda davam eləyən insanlarla bağlı bu sual həmişə ortaya çıxıb - onların qələmindən çıxanlardakı sirr, möcüzəlilik nədən ibarətdir ki, alınlarına sanki əbədi müasirlik yazılıb, həmişə insanlarla həmnəfəs ola bilirlər; ən yeni zamanın insanları da bu əsərləri oxuyur və özününki kimi qəbul edir.

Əlbəttə, bunun saysız səbəbləri var, ancaq ən ümdə səbəblərdən biri ondan ibarətdir ki, bu əsərlərdə uydurulmamış, təxəyyüldən doğmamış gerçək həyat var.

Cəfər Cabbarlı fikrinin qanadları geniş açıla bilən bir sənətkar idi. Evindən çölə çıxmadan da o, dünyalar yaratmağa qadir idi. Ancaq daim axtarışdaydı - əsərləri, o əsərlərdəki ayrı-ayrı surətlərlə bağlı bolluca rəvayətlər söylənir. O rəvayətlər Cəfər surətlərinin əslinin-kökünün haradan gəlməsindən, onların həyatdakı gerçək bənzərlərinin kimliyindən deyir.

Belə məlum olur ki, Cəfər Cabbarlının yaratdığı surətlərin heç biri uydurma deyil, hərəsinin həyatdakı qaynağı, izi mütləq var.

Sona xanım Cabbarlı şahid idi - Cəfərin ömrünün hər parçasına da, onun əsərlərinin səhifə-səhifə necə yaranmasına, bəzən tərsə düşərək hansısa səhifələrin yazılıb bitməsinin uzanmasına da. Yada salırdı 1930-cu ilin yayında Şurabad (Qılızı) bağlarına köçməklərini. Cəfər artıq ötən ildən "Almaz"ı yazmağı düşünürmüş. Və nə düşündüyündən də Sonanın xəbəri varmışsa, demək, xəfifcə də olsa bu niyyətini nə şəkildəsə ev içində ara-sıra dilə gətirirmiş.

Sona xanım təsdiqləyirdi ki, "Almaz"dakı hadisələrin də, adamların da çoxu Şurabadla əlqadədardır.

Dahi bu deməkdir. Cəfər ömrünü sürdü getdi, Şurabad qaldı yerində, camaatı da bütün adətləri, vərdişləri, deyişləriylə on il sonra da, iyirmi il ötüncə də az dəyişdi, ola bilsin, hansısa yaylarda hansısa yazıçılar, bir vaxtlar Cəfər edən kimi, yayı xoş ovqatla burada keçirdilər. Amma onların heç birində Cəfərdəki fəhm, Cəfərdəki iti görən gözlər, Cəfərdəki qələm olmadığından heç birindən də nə "Almaz"a bənzər əsər yadigar qaldı, nə də ümumən hansısa əsər.

Onlarçün, Cəfərdən fərqli olaraq, bura ən adi kəndlərdən biri idi, adamları da elə hər yerin kəndistan əhli kimi bir-birindən seçilməyən ağsaqqal-qarasaqqal.

İndiyə nə var - sağda-solda nə qədər deyirsən doğum evləri: dövlətinki, özəllərin ortababı, bahalısı, lap bahalısı. Keçmişlərdəsə hər kəndin bir mamaçası olardı ki, adətən onu ev-ev hamı tanıyardı, necə də tanımayaydı ki, onun yolu mütləq gec-tez hər məhəllədən keçərdi.

Həmin Şurabadda da Şərəfnisə adında bir mamaça varmış, təbii ki, sümüyü də çoxdan çürüyüb, Şərəfnisənin tutduğu uşaqlar da artıq çoxdan ömürlərini başa vurub. Amma Cəfərin 1930-cu ilin yayında o Şərəfnisəni yüngülvari görüb dindirməsi səbəb olub ki, vaxt ötüncə hər kəsin bilmərrə unudacağı mamaça tarixləşib, ədəbi qəhrəmana çevrilərək bitməyən həyat qazanıb.

Sona xanımın xatirələrindən belə məlum olur ki, həmin Şərəfnisə, el sözü - atmaralı bir arvadmış, tinbaşı ərini də döyüb evdən qovarmış.

Qızmarın hamını kölgəliyə çəkdiyi ən adi yay günlərindən birində həmin Şurabadda əncir ağacının altında oturub çay içdikləri əsnada Törə gəlib gülə-gülə deyir ki, oturmusunuz burada, dünyadan xəbəriniz yoxdur, Şərəfnisə bir hoqqa durğuzub ki, gəl görəsən.

Hamı maraqlanır, bağ yerinin sakitliyində başqa vaxt heç adamın tükünü də tərpətməyən söz adətən hamının diqqətini çəkir, bu dəfə də elə olur.

- Qonşunun arvadı doğa bilmirdi, Şərəfnisə o qədər "Güc vur! Güc vur!" deyib bağırdı ki, uşaq qorxusundan gəldi dünyaya".

Gülüşürlər, keçirlər başqa söhbətlərə, amma Cəfər dalğınlaşır, qardaşı qızına üz tutur ki, Törə, bacımsan, get o arvadı çağır gəlsin bura.

Hamı təəccüblənir ki, mamaça sənin nəyinə lazımdır?

Cəfər israr edir, sizin işiniz yoxdur, Şərəfnisəni dəvət eləyin bizim bağa.

Şərəfnisə damağında qəlyan çıx keçmədən gəlib çıxır, Cəfər onunla ikilikdə xeyli söhbət edir, maraq Sonanı boğur, deyir, ay Cəfər, sən hara, mamaça hara? Cəfərin cavabı qısa olur: "Sonra bilərsən".

Hal-qəziyyənin nə yerdə olduğunu Sona elə həmin il "Almaz"ın ilk tamaşasında Fatmanisəni səhnədə görəndə başa düşür.

O, işin içindəydi, bilirdi, başqa baxanlarçünsə Fatmanisə Cəfərin xəyallarından doğmuş bir surət idi.

 Sonradan "Almaz" uzun illər səhnədən düşməyəcək, həm baş, həm də zahirən xırda görünə biləcək rollarda Azərbaycanın oçağkı ən məşhur aktyorları çıxış edəcək. Bu rollarda bəlli aktyorların ayrı-ayrı səciyyəvi hərəkətləri, deyişləri, ifadə tərzləri insanların yaddaşına hopacaq, zərbülməsəlləşəcək, dildə-ağızda dolaşacaq. Bəzən kimlərsə güman edəcək ki, bunlar dramaturqun yox, elə məşhur ifaçıların bədahətləri, istedadlı aktyorların öz tapıntıları, tamaşa əsnasındakı improvizələridir. Ancaq əslində belə deyilmiş, hamısını Cəfər Cabbarlının özü tapıbmış.

1930-cu ildə səhnəyə gəlib ilk tamaşasından sonra böyük uğur qazanınca "Almaz" ən müxtəlif səhnələrdə dönə-dönə göstərilməyə başlandı. Cəfər Cabbarlı özü dövrün azman rejissoru Aleksandr Tuqanovla (1871-1960) yanaşı, "Almaz"ın ikinci rejissoru olmuşdu və bu, səbəbsiz deyildi, həm də yalnız ondan irəli gəlmirdi ki, pyesin müəllifi idi, hər surəti daha yaxşı duyurdu. İş ondadır ki, tamaşanın hazırlığı gedişində Cəfər quruluşun xüsusiyyətlərini nəzərə alaraq əsərə o qədər əl gəzdirirdi, hər aktyorla onların ayrı-ayrı hərəkətləri, deyişləri haqqında o qədər incə müzakirələr aparır və tamaşanın gözəlləşməsinə gətirib çıxaran o qədər ştrixlər artırır, ayrı-ayrı səhnələri necə oynamağı artistlərə özü əyani olaraq göstərirdi ki, bütün bunlar hamısı birbaşa rejissor vəzifəsi idi və onun ikinci rejissor kimi rəsmiləşdirilməsi də tam qanunauyğun və ədalətli idi.

Ayrı-ayrı aktyorlara hansı ifadəni necə işlətməyi, hansı sözü nə təhər tələffüz etməyi, nə sayaq yeriməyi, hansı hərəkəti necə göstərməyi - "belə olsa, yaxşı olar" deyil, "belə olsa, düz olar" məsələsi idi. Çünki Cəfər çox istəyirdi həyatdan götürdüyü qəhrəmanların həyatdakı əsl çöhrəsi də səhnədə bədiyyat dumanı arxasında qalmadan görünsün.

Ərəblinskinin (1881-1919) o sözləri məşhurdur. Deyib, səhnə o yerdir ki, orada oynamazlar, orada yaşayarlar. Cəfər Cabbarlı həyatını bu düstur üstündə qurmuş insan idi. O, teatrla nəfəs alırdı, teatrla yaşayırdı. Nəyi var idisə, teatra bağışlamağa, ömrünü-gününü səhnəyə həsr etməyə hazır idi.

Sona xanım Cabbarlının ayrı bir xatirəsi başqa nöqteyi-nəzərdən bu düşüncəni təsdiq etməkdədir. Deyir, günlərin birində Cəfər məndən xahiş etdi ki, sənin ananın balaqları yerə dəyən yaxşı tumanı var, onu ver, aparacam teatra, qoy tamaşa vaxtı Yaxşı əyninə geysin, surət bir az da inandırıcı görünsün. Yaxud, Sona xanımın yadında bu da qalmışdı ki, məhəllələrində əynində yüz ilin köhnəsi, qat-qat yamaqla dolu çuxa olan bir Bayram kişi yaşayırmış. Günlərin birində Cəfər deyir ki, Sonası, gözüm düşüb o çuxaya, get Bayram kişinin yanına, çıxart pul ver, o çuxanı al, gətir mənə, teatrda əsl Aftilin malıdır.

Sona qayıdır ki, ay Cəfər, o çuxa nəyinə gərəkdir, yamaqlarından cin hürkür. Cəfər deyir: "Mənə elə o çuxanın yamaqları lazımdır. Bizim teatrın dərzixanası var, orada çuxa tikdirə bilərəm, üstünə yamaq da qoyarlar. Ancaq o yamaq təzə olacaq, gendən hiss ediləcək ki, sünidir. Bayram kişinin əynindəki çuxanın üstündəki yamaqlarınsa biri bu il vurulub, biri keçən il, biri üç il qabaq, biri beş il əvvəl. Get al gətir, əsl bizlikdir, əsl teatrlıqdır".

Bu əhvalatların hər biri Cəfərin indiyəcən çəkilməmiş əsl möhtəşəm portretinin cizgiləridir. O, hər məqamda inandırıcılığa, təbiiliyə çalışırmış. Qələmi ilə heç kəsi aldatmadığı kimi, səhnədə də səy edirmiş ki, qəlp olan heç bir şey gözə dəyməsin. Hətta yamağın da təbiisini umurmuş! Bütün varlığıyla doğruçu olduğuna görə əsərlərini oxuyanlar da, onun yazdıqlarını səhnədə görənlər da, elə həyatda Cəfər Cabbarlı ilə təmasda olanlar da həmişə ona sonacan inanırdılar.

Əsrlər dəyişib, minillər başqalaşıb, ancaq Cəfər Cabbarlının yazdıqları yerindədir. O həqiqətçilik, o doğruçuluq onun əsərləri ilə birgədir. O əsərlər yenə səhnəyə gəlirkən həmin həqiqətləri insanlara pıçıldayacaq. Və nə qədər ki o həqiqətçilik, doğruçuluq, əsillik, təbiilik Cəfər Cabbarlının əsərləri ilədir, bütün gələcək zamanların insanları da oxuduqca, gördükcə Cəfər Cabbarlıya, elə keçmişdəkilər kimi, sidq-ürəkdən inanacaqlar.

...Azərbaycan teatrının unudulmaz bir aktyoru vardı: İsmayıl Dağıstanlı (1906-1980). Zamanına görə o, məşhur bir insandı, SSRİ Xalq artisti adına layiq görülmüş tək-tək Azərbaycan aktyorlarından idi və sovet dövrünün yazılmamış bir qaydası da vardı ki, həmin yüksək ada layiq görülən dramatik aktyorların əksərinin əsas vəzifəsi bundan ibarət olmuşdu ki, səhnədə mütləq bolşevizmin lideri Vladimir İliç Leninin surətini yaratsınlar (Bu da xatirimizdədir ki, bir vaxtlar Həsənağa Turabovu (1938-2003) da SSRİ Xalq artisti adına təqdim etmək məsələsi ortaya çıxmışdı və ona da "proletariatın dahi rəhbəri"nin surətini yaratmaq tapşırılmışdı).

Və İsmayıl Dağıstanlı da səhnədə dəfələrlə Lenin olmuşdu, başqa rolları ifa etsə də, Lenin obrazı, bir növ, onun aktyorluq pasportuna çevrilmişdi və bununla bağlı teatr aləmində sıra-sıra lətifələr qoşulmuşdu.

Ancaq 1970-ci illərin sonlarında Teatr Muzeyində Turan xanım Cavidin iş otağında İsmayıl Dağıstanlı ilə tanış olandan sonra onu yaxından tanımağa başladım və tezliklə anladım ki, o, zahirdən quru və rəsmi kimi görünsə də, çox duyğulu, həssas və zəngin həyat təcrübəsi olan püxtə şəxsiyyət və sənətkardır.

İsmayıl müəllim hansısa arxiv sənədlərini, müəyyən fotoların surətlərini çıxartdırmaq üçün gəlmişdi. Tanış olduq, sonra sıx ünsiyyətlərimiz təqribən 3 il - Dağıstanlı vəfat edənədək davam edti və o vaxtlar radio üçün İsmayıl Dağıstanlı ilə xatirələrindən ibarət geniş bir müsahibə də yazdıq.

Hər görüşümüzdə ömrünün teatrda keçmiş yarım əsrdən artıq əsas hissəsinin ayrı-ayrı mərhələləri ilə bağlı bir-birindən maraqlı hekayətləri söyləyirdi.

Səmimiyyətimiz artdıqca, ən fərqli mövzularda söhbətlər etdikcə buna da şahid kəsilirdim ki, səhnədə baş kommunist - Lenin olsa da, həyatda İsmayıl Dağıstanlı kifayət qədər açıq düşüncəli bir adamdı. Açıq düşüncəli o mənada ki, bu qəbil insanlara sovet dönəmində "başqa cür düşünənlər" deyərdilər, yəni sovet adamı kimi ütülü, qəlibli düşünməyənlər, sosialist düşüncə tərzinin cızığından çıxanlar və KQB meyarları ilə yanaşılırsa - "ağzına gələni danışanlar".

Bu, İsmayıl Dağıstanlının müasir həyatın ayrı-ayrı məsələlərindən danışanda etdiyi narazılıqlarda da duyulurdu, amma keçmişdən bəhs edəndə onun qəliblərə sığmayan, yüyənsiz bir düşüncə daşıyıcısı olduğu daha aşkar hiss edilirdi.

Söyləyirdi ki, 1926-cı ilin sentyabrında Bakıya ilk gəlişində, Teatr Texnikumuna qəbul edildiyi vaxtlarda Cəfərlə də birinci dəfə görüşmüşdü.

Qaynar tələbə mühitinə yenicə qatılmış gənc İsmayıl Teatr Texnikumunda dəhlizdə bunu görür ki, müəllimlərindən və tələbələrdən bir neçəsi orta boylu, qara dağınıq saçlı bir nəfəri əhatələyib, hamı hayıl-mayıllıqla onu dinləyir, çox diqqətlə qulaq asırlar. Yenicə dostlaşmağa başladığı Hüseyn Rafidən (1908-1969) xəbər alır ki, "Bu kimdir?" O da İsmayılın qulağına pıçıldayır ki, Cəfər Cabbarzadədir.

Bunu eşidincə bir az həyəcanlanan kimi olan İsmayıl uca səslə arxadan dillənir ki, yoldaş Cabbarzadə, sizə Şəkidən salam var. Bu qəfil səsə diksinən Cəfər geri tərəfə qanrılır, soruşur ki, Şəkidən salamı göndərən kimdir? Baxşəli Axundovun (1898-1985) adını eşidincə Cəfər Cabbarlı gülümsünür. İsmayılın Cəfəri qiyabi tanımasının da səbəbkarı Baxşəli idi. 1914-1915-ci illərdə o, Şəkidə həvəskarlarla "Aydın"ı, "Oqtay Eloğlu"nu hazırlamışdı, bu tamaşalarda İsmayıla da kiçik rollar vermişdi.

İsmayıl Dağıstanlı "Od gəlini"ni xatırlayırdı, Cəfər Cabbarlının dost-tanış arasında söylədiklərini çatdırırdı: "Mən bu əsəri bir ilin içərisində yazmışam, ancaq dörd il onu beynimdə gəzdirmişəm".

Bəs nədən Cəfər beynində cümləbəcümlə hazır olan əsəri kağıza köçürməyə tələsmir, ya tərəddüd edirmiş? Sanki cavabsız sualdır, bu gizlinci Cəfərin özündən başqa kim bilərdi ki!

Və Cəfər də o "niyə"ni yenə məhrəm çevrədə, 1926-1927-ci ilin teatr mövsümündə "Od gəlini"nin səhnəyə ilk gəlişi, o əsərin necə böyük maraqla qarşılanması sevincini yaşayarkən həmin tamaşada iştirak edən və ona daha yaxın olan bir neçə nəfərin yanında etiraf edibmiş, həmin simsarlar arasındakılardan biri də Dağıstanlı imiş.

Cəfər deyibmiş ki, dörd il bu əsəri tam hazır halda beynimdə gəzdirib kağıza köçürməməyimin, son qərarı verə bilməməyimin başlıca səbəbi ona necə münasibət bəslənəcəyi məsələsi idi, çünki zahirən bu, tarixi dram olsa da, oradakı surətlərin hər biri rəmzi məna daşıyır, mən də onların dili ilə çox mətləbləri söyləmişəm, hətta indi də narahatam ki, görəsən, pyesdə din əleyhinə kəskin sözlərim necə qarşılanacaq?

İsmayıl Dağıstanlı xatırlayırdı ki, Cəfər elə deyəndə mən soruşdum, Cəfər dadaş, niyə narahatsınız, necə yəni necə qarşılanacaq? Elə hökumət də dinin əleyhinədir də, gecə-gündüz ateizm təbliğatı aparır, odur, Allahsızlar cəmiyyəti yaradıblar.

İsmayıl belə söyləyəndə Cəfər fikirli-fikirli qayıdıbmış ki, "Din var, din var da".

Dağıstanlı dəqiqləşdirirdi ki, Cabbarlı birinci "din var"ı deyəndə ətrafı göstərirmiş kimi əlini açdı - yəni cəmiyyətin həyatındakı din, ikinci "din var"da barmağı ilə yuxarını göstərdi.

1979-cu ildə Cabbarlını xatırlayaraq həmin səhnəni yaddaş aynasında canlandıran İsmayıl Dağıstanlı sözünü belə yekunlaşdırmışdı ki, "başa düşdüm, Cəfər "din" deyəndə yalnız ibadəti, şəriəti yox, həm də siyasəti, ideologiyanı nəzərdə tutur. Bunu sözlə demədi, işarə ilə dedi, amma nə demək istədiyini mən anladım".

İsmayıl Dağıstanlı səhnəmizin dəyişməz Lenini idi, sanki əqidəli kommunist olmalı idi, sovet məfkurəsinə əks söylənən hər fikrə dərhal tərs münasibət bildirməliydi, amma əsla belə deyildi. Mənimlə də ürək qızdıraraq sərbəst danışması, yəqin, ən əvvəl onunla bağlı idi ki, Turan xanımın yanında tanış olmuşduq, Cavid ailəsi və nəsli ilə yaxın münasibətlərimdən agahdı. Doğrusu, Dağıstanlının o vaxt söylədikləri haqqında sən deyən dərindən fikirləşməmişdim, çünki o vaxtlar Cabbarlını da gerçəkdə olduğu kimi tanımırdım. Ancaq üstündən 25-30 il keçərkən Cəfər Cabbarlı ilə bağlı sənədləri qaldıranda, illərlə açılmaz qıfıllar altında qapalı qalmış arxivlərə müdaxilə edəndə, böyük ədibin Cümhuriyyətlə bağlı fəaliyyətlərini, Cümhuriyyətin devrilməsindən dərhal sonra gizli təşkilat yaratmaq təşəbbüsləri barədə həqiqətlərdən xəbərdar olunca yadıma o sözlər düşdü. O vaxt - 1970-ci illərin bitəcəyində İsmayıl Dağıstanlının Cəfər Cabbarlının dünyagörüşü, siyasətə, həyata münasibəti ilə bağlı üstüörtülü, işarə ilə dediyi sözləri artıq tamam yeni bir müstəvidə qavradım.

Bəxtimizə, nə yaxşı ki, varlığı ilə körpü olan o cür insanları, o qəbil sənətkarları görmək düşdü. Yoxsa tarixin uçub getmiş, amma bilinməsi vacib olmuşlarından necə xəbər tutardıq?!

İsmayıl Dağıstanlı "Od gəlini"nin ilk tamaşasının təfərrüatlarını - səhnədə və pərdə arxasında baş verənləri, Cəfər Cabbarlının oaxşamkı həyəcanlarını anbaan təsvir edirdi. Deyir, doqquzuncu şəkilədək Cəfər çox gərgin idi, yalnız tamaşanın bu yerinə çatanda sanki onun rəngi açıldı. Tamaşanın bu dəqiqələrindən etibarən bütün salonun Abbas Mirzə Şərifzadənin (1893-1938) tam hakimiyyəti altında olduğunu görüncə Cəfər dərindən köks ötürdü, onun həmin anda pıçıltıyla söylədiklərini İsmayıl Dağıstanlı bütün gələcəkdəkilərə eşidilməkçün bizə çatdırırdı. Cəfər deyibmiş ki, "mən bugünəcən elə zənn eləyirdim ki, dramaturq teatrda ən əsas adamdır. Ancaq belə deyilmiş, dramaturq teatrda yalnız pillələrdən biridir. Səhnədə zirvə müqtədir aktyordur. Necə ki, bu gün Abbas Mirzə Şərifzadədir. Bugünəcən "Od gəlini"ndə mənim yazdıqlarım sadəcə mətn idi, ancaq Abbas Mirzənin Elxanının dili ilə o mətn dönüb oldu həyat".

"Od gəlini" səhnəyə gələndə İsmayıl hələ Teatr Texnikumunun tələbəsi idi və onları adətən kütləvi səhnələrdə iştiraka cəlb edərdilər. Ancaq qismət elə gətirmişdi ki, avand bir təsadüf nəticəsində İsmayıla "Od gəlini"ndə rol almaq da nəsib olmuşdu. İş elə gətirir ki, tamaşada ərəb əsgərinin rolunu oynayacaq aktyoru əsgər aparırlar. Doğrudur, rol kiçik idi, amma tamaşada hər halda məxsusi bir çəkisi vardı və Cəfər də İsmayıla həm etibar edir, amma əslində həm də ona qanad verir. Deyir ki, əsgərliyə gedən dostumuzun yerinə ərəb əsgərinin surətini sən oynayacaqsan, get mətni götür, əzbərlə, hazırlaş. 2 gün sonra İsmayılı bir də çağırır, başlayır nəyi necə etməyi izah etməyə.

Cabbarlı o gün vaxtına qənaət etmədən İsmayılla 3-4 saat məşğul olur. Həmin gündən yarım əsr ötəndən sonra yada salırdı ki, lap əldən-dildən düşdüm.

O təbiət ki Cəfərdə varmış, belə görünür ki, istədiyinə nail olmasaymış, həmin 3-4 saat 5-6 saat da ola bilərmiş.

"Nəhayətdə Cəfər bir balaca kağız götürdü, nəsə yazdı, verdi mənə ki, apar bunu çatdır Tuqanova. Nə yazmışdı bilmədim, elə o təhər də açıb oxumadan apardım verdim. Tuqanov açdı kağızı, oxudu, dedi, hə, yaxşı da, Cəfər razılıq veribsə, onda bu rol oldu səninki. Get geyimini də götür, hazırlaş".

"Od gəlini" kimi məsul bir tamaşada hələ Teatr Texnikumunda oxuyan gəncin rol alması, nəhənglərlə eyni səhnəni bölüşməsi, əlbəttə ki, onunçün xoşbəxtlikdi və gözünü böyük teatra açandan belə bir nəcib mühitə düşməsi, erkən şöhrət onda daha artıq özünüifadə, özünütəsdiq cürəti yaratmışdı.

Həmin dövrün məşhur aktyorlarından biri, tez-tez müxtəlif şəhərlərdə qastrol səfərlərində olan, elə Azərbaycvan kinosu və teatrında da rollar almış Vaqram Papazyanın (1888-1968) məhz belə geniş səhnə dairəsinin varlığı gənc İsmayılı cəzb edirmiş və və öz etirafınca, o da bu sayaq qastrolçuluq yolu ilə getmək niyyətindəymiş.

1930-cu illərin əvvəllərində artıq belə etməyə də başlayıbmış və 1932-ci ildə gəlib çatıbmış Dağıstana, gah o, gah bu teatrda tamaşalar verir, çıxışlar edirmiş. Ancaq günlərin birində ona Bakıdan məktub gəlir. Cəfər yazıb ərkyana qınayırdı ki, bəsdir bu Papazyanlıq sevdası, qayıt gəl Bakıya, sənin yerin buradır, öz teatrımız, öz səhnəmizdir.

Ustad "gəl" deyirsə, necə gəlməyə bilərdi?! 1933-cü ildə İsmayıl Dağıstanlı dönür Bakıya, qayıdınca da yenə Cəfər Cabbarlının mehriban himayədarlığı ilə qarşılaşır.

Özü istedadla aşıb-daşdığından istedad işığı duyduğunun da qədrini bilirmiş və gücü çatdığı qədər kömək əlini uzadırmış. Əslində gənc İsmayıl Dağıstanlının qayğılarını çəkə-çəkə Cəfər ən əvvəl yenə teatr haqqında düşünürmüş. Söz yox, yaxşılar nə qədər çox olarsa, tetar mülkümüzün də ucalmaq imkanı bir o qədər artar.

İsmayıl Dağıstanlının bir başqa xatirəsi Cəfər Cabbarlının qayğıkeşliyi ilə bərabər ötkəmliyindən, müdafiə etdiyini axıracan qorumağa hazırlığından deyir.

Teatrda Varşavski soyadlı baş rejissor varmış. Cəfər Cabbarlı ona tövsiyə edir ki, hazırda repertuarda olan əsas tamaşalardakı aparıcı rollardan bir neçəsini ifa etməyi İsmayıla tapşırsın.

Varşavski qayıdır ki, mən axı bunu hələ tanımıram, bu cür mötəbər rolları ona necə etibar eləyim?

Cəfər Cabbarlı imkan vermir ki, Varşavski sözünü davam etdirsin.

"Sən tanımırsan, biz tanıyırıq. Ona görə də əgər biz zəmanət veririksə, gərək inanasan. Bu gənci biz indi yox, hələ neçə il əvvəllərdən tanıyırıq, istedadına da bələdik. Bu rollar ona həvalə edilsə, peşmançılıq gətirməyəcək, çox böyük müvəffəqiyyətlə də oynayacaq", - deyir.

...İsmayıl Dağıstanlı Cəfər Cabbarlının - əzizinin, hamisinin, təmənnasız dayağının həyatdan qəfil gedişini də ömründən böyük bir qaya parçasının qopması kimi mənalandırırdı. Yada salırdı artıq Cəfərsiz olduqları günləri, 1935-ci ilin yazında dostlarla əyləşərkən növbəti dəfə Cəfər itkisinin ağrısını qəlbən yaşadıqları anları.

Rəssam Rüstəm Mustafayev (1910-1940), rejissor Şəmsi Bədəlbəyli (1911-1987), tənqidçi Əsəd Tahirov, aktyor İsmayıl Dağıstanlı və daha bir neçə nəfər dərdləşirmişlər. İsmayıl müəllim söyləyirdi, baxmayaraq ki, artıq Cəfərin əbədi gedişindən aylar ötürdü, hələ də toxtaya bilmirdik, elə həmin gün dostlarla birlikdə əyləşdiyimiz saatda da Cəfəri xatırlayıb qüssələnirdik, hamımızdan daha artıq yanan, heç dinclik tapa bilməyən Şəmsi Bədəlbəyli idi, danışırdı, Cəfər deyincə qəhərlənirdi, doluxsunurdu.

Unudulmaz Şəmsi müəllimlə Cəfər barədə söhbətlərimiz çox olub. Nə yaxşı ki, o vaxt hamısını lentə almışam. İnsan elə zənn edir ki, hər şey olduğu kimi hafizəsində qalacaq. Ancaq ötən vaxt və yaddaşın öz məntiqi istər-istəməz hansısa xatirə parçalarını nisbətən alt qata atır, tərdicən soldurur, unutdurur. İndi Şəmsi müəllimin maqnitofon lentində qalan söhbətlərini dinlədikcə baxıram ki, bir çox təfərrüatlar indi də olduğu kimi yadımdadırsa, hansısa cizgilər hafizənin fəal layından silinən kimidir. Şəmsi müəllim də, qardaşı Əfrasiyab da Cəfəri çox sevmişdilər, onu qardaş qədər doğma bilmişdilər. Elə Cəfər də həmin təhər. Odur ki, İsmayıl müəllimin xatirəsindəki "Şəmsi hamıdan çox vaysınırdı" məqamını mən artıq işin içində olan, Şəmsi Bədəlbəylini yaxşı tanımış, onun Cəfərə məhəbbətli münasibətlərinə dərindən bələd şəxs kimi inamla təsdiqləyirəm.

İsmayıl Dağıstanlı 1935-ci ilin yazındakı o dost məclisində Cəfər deyincə qəhərlənən, doluxsunan, sözləri, cümlələri axıra çatdıra bilməyən rəssam Rüstəm Mustafayevi xatırlayırdı, onun o gün ağlamsınaraq söylədiklərini yada salırdı.

Elə özü də həyatdan çox erkən - vur-tut 30 yaşında gedəcək Rüstəm Mustafayev deyirmiş ki, "mən rəsmlər çəkirdim, tamaşalara eskizlər verirdim, kim görürdü, bəyənirdi, komplimentlər söyləyirdi. Ancaq bircə Cəfər idi ki, məni tənqid edirdi, yol göstərirdi ki, yox, bunu belə etmə, elə et, bunu bu cür etsən, daha yaxşı olar. O sözləri Cəfər deyəndə bir az inciyən kimi də olurdum. İndi görürəm ki, Cəfər deyənlərin hamısı yerini tapır. Sən demə, Cəfər məni digər o tərif söyləyənlərin hamısından çox istəyirmiş".

İsmayıl Dağıstanlı Cəfərin xeyirxahlığından danışırdı. Quruca sözlə yox, dəlili, sübutu ilə. Həmin əhvalatı xeyli sonralar mənə daha yerli-yataqlı Məmməd Əlili  (1898-1993) də söylədi.

Günlərin birində dostlardan bir neçəsi təbəssümlə Cəfəri muştuluqlayır ki, "Ay gözün aydın, təbrik edirik".

İsmayıl da, daha bir neçə nəfər də oradaymış, ancaq söhbətin nədən getdiyindən, Cəfərin həyatında hansı sevincli hadisənin baş verdiyindən xəbərsizmişlər və onların soruşmasını gözləmədən Cəfər özü mətləbə aydınlıq gətirir. Deyir ki, Mütəxəssislər Evində mənə mənzil ayırıblar, bax, bu da açarları. Ancaq mən o mənzili götürməyəcəyəm, bu açarları da təhvil verəcəyəm Məmməd Əliliyə. Çünki mənim yaşamağa yerim var, ancaq Məmməd Əlinin yaşamağa mənzili yoxdur, orada-burada kirayədə qalır.

Cəfər belə Cəfər imiş, tikəsini doğmaları, dostları ilə, könlünə yaxın tutduqları ilə bölüşən.

Ona görə də onların heç biri ömürlərində qəfilcə yaranmış Cəfər boyda boşluğa heç cür dözə, bu itki ilə barışa bilmirlərmiş.

...Cəfər Cabbarlı qələminin, ilhamının uçuşları o qədər nəhayətsiz, düşüncəsinin miqyasları o qədər geniş idi, ətrafında olanlar, çağdaşları ona heyrətlə, möcüzə kimi baxırdı.

Cəfər ömrünü yaşadı getdi, ancaq o heyrət və möcüzəlilik qeyb olmadı, çünki əsərləri qalırdı, haqqındakı xatirələr diri idi. Özü gedəndən sonra artıq əsərləri, elə özünün sağlığında olduğu kimi, heyrət və möcüzə doğurmaqda davam edirdi - Cəfərdəki çevik yenilikçi ruh, düşüncə hüdudsuzluğu, ilham nəhayətsizliyinin hər əsərindən boylanan möcüzəliliyi heç vaxt da tükənən, bitən deyil.

1973-cü ildə Cəfər Cabbarlının vəfatından 40 ilə yaxın vaxt keçirdi. Şair Rüfət Zəbioğlu (1932-1983) Cəfər Cabbarlını görməmişdi - şeirlərini oxumuşdu, məqalələrini mütaliə etmişdi, pyeslərinə baxmışdı və Cəfər Cabbarlı kimdir, Cəfər Cabbarlı hansı nəhənglikdədir suallarına onun öz cavabı vardı. "Cəfər möcüzəsi" adlı bir şeir yazmışdı, həmin heyrətlənmə şeiri bu misralarla bitirdi:

Cəfər həyat verib ilhama, sözə,

Cəfər hissin gözü, ruhun səsidir.

Təbiət möcüzə göstərib bizə,

Cəfər təbiətin möcüzəsidir.

Bu misraları yazan sadədil bir insan deyildi.

Məhz bu cür düşünən, Cəfər Cabbarlını möcüzə sayan saysız insanlar var idi və bu gün də var ki, onların heç birinə sadəlövh adamlar kimi baxmaq olmaz. Hamısı oxumuş, bilikli, düşüncəli insanlardı. Ancaq Cəfər Cabbarlını oxuyurlar, onun ilhamının, təfəkkürünün dərinliklərinə dalırlar və etiraf etməyə vadar olurlar ki, Cəfər heç vəchlə hamı kimi olan bir insan deyilmiş, Cəfər sadəcə böyük bir yaradıcılıq da deyil, Cəfər möcüzədir!

Cəfərə möcüzə kimi baxmağın nəticəsidir ki, onun haqqında əfsanələr də uydurublar. Lap çoxdan, 1930-cu illərdən insanların dilində, ağzında dolaşan rəvayətlər var. O vaxt danışıblar, hətta yazıblar ki, guya Cəfərin vəfatından sonra onun beynini oğurlayaraq tədqiq etməkçün Sovet İttifaqının N.Bextereva adına İnsan Beyni İnstitutuna aparıblar, guya araşdıranda şahid olublar ki, Cabbarlının beyni həcmcə, çəkicə başqa neçə dahinin beynindən daha iri, daha ağırdır.

Bu, insan təbiətidir, sevdiklərini, qeyri-adi saydıqlarını ucaldır, onları əfsanələşdirir, möcüzələşdirir. Cəfər Cabbarlı gedib, ancaq insanların şüurunda sevimli bir əfsanə, sevimli bir möcüzə olaraq yenə yaşamaqdadır və Azərbaycan xoşbəxtdir ki, onun Cəfər Cabbarlı kimi heç vaxt bitməyən, sonu olmayan möcüzəsi var.

 26 iyun 2026

 





17.07.2026    çap et  çap et