O, fırçası ilə Azərbaycanın taleyini, tarixini və ruhunu kətan üzərinə köçürən böyük sənətkardır. Avropa Şurasında, MGIMO-da, dünyanın ən mötəbər mədəniyyət evlərində Azərbaycan bayrağını və mədəniyyətini dalğalandıran yeganə rəssamımızdır. Ömrünün böyük hissəsini vətəndən uzaqlarda - Moskvada, Almaniyada keçirsə də, ruhən həmişə Abşeron torpağına, Xəzərin havasına sığınan Xalq rəssamı Əşrəf Heybətov bu günlərdə Bakıdadır. Fürsətdən istifadə edərək, bu il 75 yaşı tamam olan sənətkarımızla görüşmək, bir yubiley söhbəti aparmaq niyyətinə düşdük və bu məqsədlə evinə yollandıq.
Bəzi evlər var ki, onlar zamanın dondurulduğu, rənglərin dil açdığı, hər küncündən bir sənət fəlsəfəsinin pıçıldadığı canlı orqanizmdir. Əşrəf müəllimin qapısını döyəndə də məhz belə bir sehrli aləmə qədəm qoyduğumuzu hiss etdim. Bura bir mənzildən daha çox sənətkarın ömür yolunu, fırçasının toxunuşunu və ruhunun rənglərini qoruyan canlı bir muzey, bir mədəniyyət məbədidir.
Divarlardan bizə boylanan fərqli rəng çalarları, müxtəlif illərin səs-küylü sərgilərindən xəbər verən afişalar, tarixin yaddaşına köçmüş görkəmli şəxsiyyətlərlə çəkilmiş fotolar, müxtəlif ölkələrdən alınmış incəsənətə həsr olunmuş əşyalar... Hər tablo bir hekayə danışır, hər fırça zərbəsi bizi sənətin dərin qatlarına aparır. Sənətkarın əlini uzatdığı hər bir rəsm sanki onun daxili dünyasının səmimi bir etirafıdır.
Bu sənət məbədinin qapısında bizi qarşılayan isə evin xanımı, sənətkarın ən yaxın həmdəmi və ən böyük dəstəkçisi Mehriban xanım oldu. Onun varlığı sənətin soyuq divarlarına bir ailə istiliyi, bir nəciblik qatırdı. Özü də sənətkar nəslindən olan, Əməkdar artist Elza Seyidcahanın bacısı Mehriban xanımın səmimiyyəti bu mənzil-muzeydəki boya qoxusuna qarışaraq söhbətimizə fərqli bir rəng qatdı.
Sənətin, sevginin və xatirələrin qovuşduğu bu füsunkar evdə, zamanı bir anlıq dayandıraraq Xalq rəssamı Əşrəf Heybətovla bu dəfə tamam fərqli, bir az kövrək, bir az gileyli, amma son dərəcə səmimi söhbət etdik. 75 illik yubileyini arxada qoyan sənətkarla "unudulmuş yubiley"indən, Şuşa sevincindən və sənətin ağır missiyasından danışdıq.
- Əşrəf müəllim, müsahibələrinizdə tez-tez "rəssamlıq mənim üçün peşədən daha çox missiyadır" deyirsiniz. Bu missiya bu gün sizin üçün nə ifadə edir?
- Mənim əsas missiyam Azərbaycanı xaricdə ən pozitiv şəkildə, müsbət yönləri ilə təbliğ etməkdir. Xaricdə keçirdiyim o 30 illik həyatın, fəaliyyətin əsas mənası budur. Mən öz sənətimlə ölkəmin gözəlliklərini, mədəniyyətini Avropaya, dünyaya çatdırmağa çalışıram.
- İlk dəfə fırçanı əlinizə alanda bugünkü şöhrətli, tanınmış Əşrəf Heybətovu təsəvvür edirdinizmi? Bu yol sadəcə bir hobbi kimi başladı, yoxsa dərhal peşəkar hədəflər qoydunuz?
- Əlbəttə ki, yox, təsəvvür etmirdim. Amma mən heç vaxt rəssamlığa hobbi kimi baxmadım. Həmişə professional olmağa çalışmışam. Hansı sahə olursa-olsun insan öz işinin peşəkarı olmalıdır. Mən düz 12 il sənət təhsili aldım. Rəssamlıqdan başqa, həm də Universitetin Tarix fakültəsində oxudum ki, incəsənət tarixini dərindən bilim.
Tarixə sevgim o qədər böyük idi ki, tələbə vaxtı Azıx mağarasındakı arxeoloji qazıntılarda iştirak etdim, müəllimimiz Əhmədovla çənə sümüyünün axtarışlarına qatıldım. Mənim üçün Qafqaz Albaniyası dövrü həmişə çox maraqlı olub. Moskvada Rusiya Şərqşünaslıq Cəmiyyətinin Türkologiya seksiyasının üzvü oldum. Yəni mənim yaradıcılığımda incəsənətlə tarix həmişə vəhdətdədir.
- Bu tarix və vətən sevgisinin mayası haradan gəlir?
- Bizim torpaqdan, köklərimizdən. Mənim babam Əliəşrəf Qala kəndində sovet sədri olub, bu gün də onu orada hörmətlə yada salırlar. Məni də bu yaxınlarda Xəzər rayonunun Ağsaqqallar Şurasının üzvü seçiblər. Şüvəlanda bağım var. O bağa gələndə, Xəzəri görəndə, Abşeronun o qədim havasını ciyərlərimə çəkəndə ruhum dincəlir, yeni güc alıram. Bu torpağın qüdrəti mənə fırça tutmağa qüvvət verir.
- Bakıya, vətənə bu qədər bağlı bir insan niyə uzun illər vətəndən kənarda yaşadı? Vətəndən bu qədər uzaqlaşmağınızın səbəbi nə idi?
- İnstitutu bitirən vaxtımdan Moskvaya çox tez-tez gedib-gəlirdim. Moskvada sərgilərə baxmaq, Van Qoqun, digər dahilərin əsərlərini canlı görmək mənim üçün çox vacib idi. Böyük sənətkarımız Tahir Salahov hələ 17 yaşımdan əlimdən tutmuşdu. Onun dəstəyi və Zurab Seretelinin tapşırığı ilə 1980-ci il Moskva Olimpiadası ərəfəsində mənə orada obyekt verdilər, monumentalist rəssam kimi işləməyə başladım. Moskvada Rəssamlar İttifaqına qəbul olundum, çox gözəl illər yaşadım. 1995-ci ildə isə Almaniyaya köçdük. Orada da Almaniya Rəssamlar İttifaqının üzvü oldum. Çoxlu sərgilərim keçirildi. Hər il 5-6 fərdi sərgi açırdım və hər birində mövzu yalnız Azərbaycan idi.

- "Mövzu yalnız Azərbaycandır" - dediniz... Sərgilərinizdə tariximizin ağrılı səhifələri necə yer alır?
- Azərbaycan tarixinin ən fəlakətli və ən ağrılı səhifəsi Xocalı faciəsidir. Mən Xocalıya aid böyük formatda (60x80) 26 əsər çəkmişəm və böyük bir panno işləmişəm. O əsərləri Bakıya gətirmirəm, bilərəkdən Avropada saxlayıram. Hər il 26 fevralda nəinki Almaniyada, Avropanın müxtəlif şəhərlərində o əsərləri sərgiləyirəm. Sağ olsunlar, bizim səfirlər də mənə bu işdə həmişə dəstək olurlar, bu faciəni dünyaya bir daha xatırladırıq.
- Uzun illər vətəndən uzaqda yaşamaq sizin Azərbaycana olan baxışınızı necə dəyişdi?
- Yaxşı mənada dəyişdi. İndi mən fəxr edirəm ki, biz torpaqlarımızı azad etdik, qələbə qazandıq. İndi başıuca gəzirəm. Zəfərdən sonra məni üç dəfə Şuşaya dəvət ediblər. Şuşada fərdi sərgisi keçirilən yeganə rəssam mənəm. İllər öncə məndən arzumun nə olduğunu soruşanda "Şuşada sərgi açmaq" demişdim. Şükürlər olsun ki, bu arzum çin oldu.
Çox sağ olsun, Hikmət Hacıyevin tapşırığı ilə AzTV mənim haqqımda Ağdamda, Bərdədə, Kəlbəcərdə çəkilişlər edərək gözəl bir film hazırladı. Amma mən heç vaxt istəmirəm ki, "Heybətov, Heybətov" desinlər. Mən istəyirəm ki, "Azərbaycan rəssamı" desinlər. Qoy sərginin üzərində yalnız bu ad yazılsın, mənim adımın çəkilməməsi mühüm deyil. Təki bizim mənzərələr, bizim bayrağımız tanınsın.
- Əşrəf müəllim, sizin üçün uğurun ən ağır, ən çətin tərəfi nədir?
- Zamandır. Şükürlər olsun, Allahın köməyi ilə hər şeyim var, amma zaman çatmır. Mənim yaşımda artıq "arzu" sözü yoxdur, yalnız "planlar" var. Ən böyük planım Azərbaycanın keçmişini, bu gününü və gələcəyini əks etdirən nəhəng bir monumental panno işləməkdir. Mənə bir divar versinlər, təxminən 50 kvadratmetrlik sahə, mən orada bu kompozisiyanı yaradım. Vaxtilə, 1987-ci ildə Sumqayıtda 100 kvadratmetrlik nəhəng bir panno işləmişdim. İşi bitirəndə yaxın dostum, mərhum Xalq şairi Fikrət Qocanı çağırdım ki, gəl buna ad qoyaq. Gəldi, oturduq, çay içib siqaret çəkdi və əsərə çox gözəl bir ad verdi.
- Fevral ayında 75 yaşınız tamam oldu. Biz də sizi bir daha ürəkdən təbrik edirik. Amma deyəsən, bu yubiley sizdə bir az küskünlük yaradıb. Azərbaycanda yubileyinizlə bağlı diqqət gördünüzmü?
- Mən küsməmişəm, sadəcə bəzi şeyləri başa düşə bilmirəm. Niyə məni görməzliyə vurduqlarını, bu qədər diqqətdən kənar saxlamaqlarını anlamaqda çətinlik çəkirəm. Məmurlar bu gün var, sabah yoxdur - gəlib-gedirlər. Amma sənətkar, yazıçı, bəstəkar, rəssam qalır. Bizim əsərlərimiz bu dövlətin yaddaşında həmişəlik qalacaq. Mənə bu yaşımda bəzi qurumların yazdığı rəsmi təbrik məktubları, sadəcə, hörmətsizlikdir. Mən o münasibəti qəbul etmirəm. Bu ölkənin mədəniyyətinə, incəsənətinə ömrünü fəda edən bir sənətkar kimi, Xalq rəssamı kimi öz ölkəmdə, öz vətənimdə yubileyimə diqqət göstərilməsini gözləmək haqqım deyilmi? Burada gözəl bir yubiley sərgisi təşkil etmək olmazdımı? Əlbəttə, olardı. Hələ ki, 1-2 ay buradayam, görək nə olur.
- Bəs Almaniyada və ya başqa bir ölkədə yubileyiniz qeyd olundumu?
- Bəli, martın 5-də Berlində çox yüksək səviyyədə qeyd edildi. Hörmətli səfirimiz Nəsimi Ağayevin təşkilatçılığı ilə gözəl bir tədbir keçirildi, orada 50-yə yaxın əsərim nümayiş olundu. Mən Nəsimi müəllimə çox minnətdaram, o sənətə qiymət verməyi bacarır. Tahir Salahov həmişə deyirdi ki, yubiley bütün il boyu qeyd oluna bilər. Mən də bu ili yubiley ili hesab edirəm.
Hər bir böyük sənətkarın arxasında ona dəstək olan bir qüvvə dayanmalıdır. İntibah dövründə Mikelancelo, Leonardo da Vinçi, Rafaelin arxasında Roma Papası dayanırdı - onlara sifarişlər verir, maddi dəstək olurdu. Ona görə də onların səsi uca çıxırdı.
İndi Bakıda ən yaxın sənət yoldaşlarımı, ruh dostlarımı yığıb özüm kiçik bir məclis etmək istəyirəm.
- Yaradıcı insan üçün diqqət nədir?
- Çox vacib bir nüansdır. Diqqət olmadan yaradıcı insanın stimulu da olmur. İndi elə bir zəmanəyə gəlmişik ki, az qala, hər üç nəfərdən biri rəssamdır. Xüsusən, indi xanımlar daha çox məşğul olurlar bu sahə ilə. Amma hər fırça tutan da rəssam olmur. Rəssamlıq çox ağır və məsuliyyətli işdir. Bu məsuliyyəti anlamaq və şərəflə daşımaq lazımdır.
- Bir rəssamın ən böyük mükafatı nədir?
- Xalqın sevgisidir. Mənim həyat müəllimim Səttar Bəhlulzadədir. Onu xalq tanıyırdı, sevirdi, böyük hörmət göstərirdi. İndi isə 12 nəfər Xalq rəssamı var, xalq birini də tanımır. Məni də tanımırlar. Amma şou adamlarını yaxşı tanıyırlar, hörmət qoyurlar. İnsanlar muzeyə, sərgilərə getmirlər. Ömründə bir dəfə də olsun muzey qapısı açmayanlar var. Bəlkə də bunların əsas səbəblərindən biri sosial problemlərdir. Problemlər olanda ilk kənara atılanlardan biri mədəniyyətdir.

- Bu gün gənc rəssamların çatışmazlıqları nələrdir?
- Onlarda ustalıq çatışmır. Rəssamlıq Akademiyasına qəbul olan gənc elə ilk kursdan çəkdiyini satmaq haqqında düşünür, maddiyyatla maraqlanır. Belə düşüncənin olduğu yerdə ustalıq ola bilməz.
- Süni intellekt dövründə klassik rəssamlığın gələcəyini necə görürsünüz?
- Heç də yaxşı görmürəm. Süni intellektdə ruh yoxdur. O, hər şeyi edə bilər, amma insan hisslərini, insanın əlini əvəz edə bilməz. Bu gün texnologiya çox sürətlə inkişaf etsə də, insanların düşüncəsi geri qalıb.
- Sizin rəng palitranız zaman-zaman necə dəyişir?
- Mənim rəng palitram canlıdır. Amma bəzi mövzular var ki, onları canlı rənglərlə çəkə bilməzsən. Məsələn, müharibə təzə bitəndən sonra Ağdama səfər elədim və oradakı dağıntıları öz gözlərimlə gördüm. Oradan gələndən sonra bu mövzuda 12 əsər çəkdim, hamısı ağ-qara idi. Faciəni necə rəngli çəkəsən ki? Həmçinin, 20 Yanvar haqqında çəkdiyim pannonu da ağ-qara çəkmişdim. Rəng palitrası mövzuya görə dəyişir.
- Heç kimə göstərmədiyiniz əsərləriniz varmı?
- Bəli, var. Məsələn, xanımıma həsr etdiyim əsərləri özüm üçün çəkmişəm, publika üçün yox.
- Bəs öz portretinizi çəkmisinizmi?
- Çəkmişəm. Əslində, xüsusi olaraq özümü çəkmək fikri ilə işləməmişəm. Mənim üzüm arıq, saçım-saqqalım da ağdır. Bəzi əsərlərdə belə bir obraz görən kimi deyirlər ki, özünü çəkmisən. Mən də deyirəm ki, ola bilər.
- Özünüz üçün ən böyük şans nəyi hesab edirsiniz?
- Azərbaycanın ən böyük rəssamları olan 3 dahi şəxsiyyətlə - Səttar Bəhlulzadə, Tahir Salahov və Toğrul Nərimanbəyovla yaxın olmağım mənim ən böyük şansımdır. Mən onlardan təkcə rəssamlığı yox, həyatı da öyrənmişəm. Onların məsləhətləri bu günə kimi qulağımdadır. Səttar Bəhlulzadə həmişə deyirdi ki, istedadın kökündə cəsarət var. Toğrul Nərimanbəyov deyirdi ki, əsəri çəkərkən öncə küncləri yığmalısan. Tahir Salahov isə deyirdi ki, əsərdə ruh olmalıdır.
- Dinə bağlı insansınız?
- Bəli, Tanrıya inanıram, hər zaman onun qüdrətinə sığınıram. Hər əsərimə başlayarkən, Allaha əl açıb deyirəm ki, mənə kömək ol, güc-qüvvət ver. Bütün dini kitabları oxumuşam və Bibliyaya həsr olunmuş silsilə əsərlərim var. Ümumiyyətlə, mütaliəni çox sevirəm. Həmişə oxuyuram. Məncə, rəssam üçün mütaliə əsas şərtdir.
- Dediniz, 12 əsas mövzunuz var. Onların arasında dərviş və sufilərə həsr olunmuş əsərləriniz diqqətimi çəkdi.
- Bu mövzu məni hər zaman maraqlandırıb. Onların həyatı haqqında çox oxumuşam, alimlərlə söhbətlər etmişəm. Dərvişlik, sufilik bizim kökümüzdür. Onları araşdırmaq, yaşatmaq da bizim borcumuzdur. Düzdür, ölçü baxımından onlar daha kiçik əsərlərdir, çox zaman sərgilərə vermirəm, amma tez-tez müraciət edirəm.
- Bircə tablo ilə Azərbaycanı dünyaya tanıtmalı olsa idiniz, bu, hansı tablo olardı?
- Şübhəsiz ki, "Salam, Azərbaycan!" əsərim olardı. Moskvada yaşayarkən, mən bu əsəri kiçik ölçüdə çəkmişdim. 2006-cı ildə cənab Prezident İlham Əliyev Almaniyaya işgüzar səfəri zamanı 30-a yaxın diaspor nümayəndəsi ilə görüşdü. Orada ona mənim "Salam" adlı həmin əsərim diaspor adından hədiyyə edildi.
Sonra o əsəri bir az da böyütdüm və bu dəfə "Salam, Azərbaycan!" adını verdim. Cənab Prezidentin 60 illik yubileyi zamanı həmin əsəri ona hədiyyə etdik. İndi isə o əsəri daha böyük ölçüdə işləmişəm. Düzdür, hələ ki tamamlanmayıb, amma məncə, bu əsər ölkəmizi təqdim etmək üçün ən gözəl əsərlərdən biridir.
- Bu qədər məhsuldar rəssamın özünəməxsus bir emalatxanası yoxdur. Əsərlərinizi elə evdə, bu dar məkanda yaradırsınız?
- Bəli, təəssüf ki, emalatxanam yoxdur. Almaniyada ikiotaqlı çox kiçik bir evdə həm yaşayırıq, həm də işləyirəm. Elə burada da vəziyyət ondan fərqli deyil. Gördüyünüz kimi, bu balaca evin bütün otaqları, dəhliz əsərlərlə, diplomlar, təltiflər, afişalarla dolub.
- Bura sanki ev-muzeyini xatırladır...
- Elədir, bura həm muzeydir, həm emalatxanam, həm də yaşadığımız yerdir. Əgər mənim şəraitim, işləmək üçün daha geniş bir ərazim olsa, böyük ölçüdə pannolar çəkərəm. Doğrudur, Şüvəlanda bağımız var, amma ora da kiçikdir, işləmək üçün heç də əlverişli deyil. Ora mənə sadəcə dənizə yaxınlığı ilə ruh verir. Mən heç zaman bu sənətə kommersiya məqsədi ilə baxmamışam. Heç bu sənətdən qazanmaq da olmur. Çünki bu gün rəsm əsərlərini alan da yoxdur.
- Amma rəssamlıq özü də maliyyə tələb edən sənətdir. Kətan, rənglər və sair kimi lazımi məhsullar da pul tələb edir. Bildiyim qədəri ilə heç də ucuz deyillər.
- Doğrudur, çox bahadırlar. Mənim əlimə pul keçən kimi ilk işim onları almaq olur. Təəssüf ki, artıq 9 ilə yaxındır dövlətimiz tərəfindən "Xalq rəssamı" adına layiq görülsəm də, onun üçün ayrılmış Prezident təqaüdünü mənə vermirlər. Bütün Xalq rəssamları o təqaüdü alırlar, mənə niyə verilmir, səbəb nədir, bilmirəm. Əgər o təqaüd mənə də verilsə, şübhəsiz ki, yaradıcılıqla məşğul olmaq mənim üçün daha asan olacaq. Ümid edirəm ki, müvafiq qurumlar səsimi eşidəcək, layiq olduğum o diqqəti mənə göstərəcəklər.
- Yaradıcı insan üçün onu dəstəkləyən həyat yoldaşı da çox mühümdür. Deyəsən, bu sarıdan bəxtiniz gətirib.
- Əlbəttə, elədir. Həyat yoldaşım Mehriban xanım mənə çox böyük dəstəkdir. Gördüyünüz kimi, bu evin bu cür muzeyə çevrilməsi də Mehriban xanımın sayəsindədir. O mənim əsərlərimə, yaradıcılığıma elə mənim qədər həssasdır, diqqətlidir.
Şahanə MÜŞFİQ
çap et