Çox zaman uşaq səs-küyü bizi yorur, usandırır. Onların bir-birinin ardınca düzülən suallarından, tələblərindən, etirazlarından, istəklərindən, çığır-bağırlarından bezir, bir az sakitlik gəzirik. Düşünürük ki, bu uşaq bircə sussaydı, sakitlik yaranardı. Vaxt gəlir həmin uşaq susur, amma yalnız onda dərk edirik ki, bir uşağın susması həmişə sakitlik demək deyil. Bəzən bu, eşidilməyən sualların, cavabsız qalan hisslərin, bölüşülməyən sevincin səssizliyidir.
Fikir vermisinizmi, son illər uşaqlar əvvəlkindən daha sakitdirlər? Onlar daha az dava edir, daha az qaçır, daha az yıxılır, daha az ağlayırlar. Əvəzində isə daha çox ekrana baxırlar. Bir vaxtlar həyətləri başına götürən uşaq qəhqəhələrinin yerini indi televizordan, planşetdən, telefondan gələn cizgi filmi səsləri alıb. Həyətlər boşalıb, otaqlar dolub. Amma qəribədir ki, otaqlar dolduqca evlərdə ünsiyyət də azalır.
Müasir valideyni qınamaq asandır. Çətin həyat, uzun iş saatları, bitməyən qayğılar... Yorğun ana yemək hazırlayarkən uşağın əlinə telefon verir. İşdən üzgün qayıdan ata "bir az oynasın, sakit olsun" deyə planşeti açır. Həmin an bu, ən rahat çıxış yolu kimi görünür. Amma rahat olan hər seçim doğru olmur axı...
Yox, biz heç də texnologiyaya qarşı deyilik. Texnologiya düşmən deyil. O, artıq həyatımızın ayrılmaz hissəsidir. Problem ondadır ki, biz onu köməkçidən tərbiyəçiyə çevirmişik. Bir zamanlar nənələrimizin, analarımızın danışdığı nağılları indi telefon danışır, oyun yoldaşı ekranlar olub, canlı ünsiyyətin, maraqlı söhbətlərin yerini qısa videolar tutub.
Uşaq ilk sözlərini ailədə öyrənir. İlk baxışını, ilk gülümsəməsini, ilk etibarını da ailədə qazanır. Bunları heç bir tətbiq, heç bir süni intellekt, heç bir cizgi filmi əvəz edə bilməz. Çünki insanı insan edən informasiya deyil, münasibətdir, insanlarla olan münasibət...
Bu gün restoranlarda, parklarda, gözləmə zallarında eyni mənzərə ilə rastlaşırıq: bir tərəfdə telefonuna başını əymiş valideyn, qarşısında isə əlində planşet olan uşaq. Onlar yan-yana otururlar, amma birlikdə deyillər. Aralarındakı məsafə bir metr deyil, bəlkə də bir ömürdür.
Mütəxəssislər artıq haqlı olaraq həyəcan təbili çalırlar. Uşaqların nitq inkişafında ləngimələr, diqqət problemləri, sosial ünsiyyət çətinlikləri getdikcə artmaqdadır. Əlbəttə, bunun bütün səbəbini telefona bağlamaq düzgün olmaz. Amma ekranın uşağın həyatında həddindən artıq yer tutmasının təsirsiz qaldığını söyləmək də mümkün deyil.
Əslində, uşaqlar bizdən bahalı oyuncaqlar, telefonlar, planşetlər istəmirlər. Onlar bizim onlara ayıracağımız vaxtı, diqqəti arzulayırlar. Birlikdə kitab oxumağı, parkda gəzməyi, suallarına səbirlə cavab verilməsini gözləyirlər. Uşaq üçün valideynin on dəqiqəlik diqqəti bəzən ən bahalı hədiyyədən daha qiymətli, ən güclü terapiyalardan daha təsirlidir.
Biz tez-tez gələcəyin necə olacağını müzakirə edirik. Amma onu da unuduruq ki, gələcək bu gün divanın küncündə planşetə baxan, telefonla oynayan, hətta bəzən telefonun, planşetin dilini bizdən daha yaxşı bilməsi ilə fəxr etdiyimiz o uşaqdır. Əgər o, duyğularını ifadə etməyi, qarşısındakını dinləməyi, göz təması qurmağı unutsa, sabah quracağı cəmiyyət də bundan təsirlənəcək. Onda axsayan hər xırda xüsusiyyət cəmiyyətin böyük probleminə, hətta yarasına çevriləcək.
Onu da etiraf etməliyik ki, bir böyük kimi özümüzün əlimizə, qolumuza, yəni bir növ bədən üzvümüzə çevrilən telefonlardan uşaqlarımızı tam mənası ilə uzaqlaşdırmaq da mümkün deyil. Buna ehtiyac da yoxdur. Çünki telefon, ekran bu günün tələbidir. Məsələ qadağalarda deyil, tarazlıq yarada və onu qoruyub-saxlaya bilməkdədir. Telefon oyuncağın, kitabın, həyətin, söhbətin və ailənin yerini tutmamalıdır.
Bir gün uşaqlar böyüyəcəklər. Öz telefonları olacaq. İndi bizdən istədikləri, gözlədikləri texnologiyaların çox daha yaxşılarına sahib olacaqlar. Telefonlar dəyişəcək, proqramlar yenilənəcək, texnologiyalar inkişaf edəcək. Amma uşaqlığın geri dönüşü olmayacaq. Bu gün birlikdə keçirilməyən bir saatı, danışılmayan bir nağılı, edilməyən bir qucaqlamanı heç bir texnologiya sabah geri qaytara, ya da əvəz edə bilməyəcək.
Əslində, bir uşağın ən çox ehtiyac duyduğu şey heç də yeni model planşet deyil. Atasının əlindən tutması, anasının gözlərinin içinə baxaraq danışması onun üçün ən unudulmaz, ən əvəzsiz andır. Çünki uşaqların gələcəyini internetin sürəti yox, valideynlərin onlar üçün ayırdığı vaxt müəyyən edir. Bu vaxtı ondan əsirgəmək təkcə ona yox, gələcəyimizə qarşı da edilmiş ən böyük cinayətdir!
çap et