Azərbaycanda pedaqoji elmin inkişafında mühüm rol oynamış mütəfəkkir tədqiqatçı-alimlərdən biri də pedaqoji ictimaiyyətin anadan olmasının 100 illiyini təntənəli surətdə qeyd etdiyi akademik Hüseyn Mustafa oğlu Əhmədovdur. O, Azərbaycan pedaqoji elmində yeni elmi istiqamətlərin formalaşmasında, pedaqogika elminin nəzəri və praktik istiqamətlərinin sistemləşdirilməsində, milli təhsil ənənələrinin və pedaqoji fikir tarixinin elmi əsaslarla tədqiq olunmasında dərin iz qoymuş alimlərdən biridir.
Hüseyn Əhmədov 1926-cı il iyulun 17-də Qərbi Azərbaycan torpağı olan qədim Göyçə mahalının Çəmbərək (Krasnoselo) rayonunun Toxluca kəndində anadan olub. Doğma kəndində IX sinfi bitirsə də, 1941-1945-ci illərdə baş vermiş sovet-alman müharibəsi səbəbindən təhsilini davam etdirə bilməyib və 1943-cü ildə təhsil aldığı məktəbə müəllim təyin olunub.
Müharibədən sonra o, K.Setkin adına Gəncə Pedaqoji Məktəbini (1947) və H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun Tarix fakültəsini (1951) bitirib. İnstitut onu gənc mütəxəssis kimi saxlayaraq pedaqoji fəaliyyətə cəlb edib. 1952-1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Pedaqogika kafedrasının əyani aspiranturasında təhsil alıb. 1955-1956-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun komsomol komitəsinin birinci katibi, 1957-ci ildə isə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb.
1958-ci ildə professor Əhməd Seyidovun rəhbərliyi altında "İbtidai məktəb şagirdlərinin əxlaq tərbiyəsində nümunənin rolu və ondan istifadə yolları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Dissertasiyası akademik A.O.Makovelski, professor B.B.Komarovski, professor Mərdan Muradxanov tərəfindən yüksək qiymətləndirilib. Onun elmi-pedaqoji fəaliyyəti 1958-2015-ci illəri əhatə etmiş və əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika kafedrası ilə bağlı olmuşdur. O, 35 il kafedraya rəhbərlik etmiş, assistent, baş müəllim, dosent və professor (1977) vəzifələrində çalışmışdır. 1974-1977-ci illərdə isə orta məktəb müəllimlərinin ixtisasartırma fakültəsinin dekanı olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetində "XIX əsrdə Azərbaycanda məktəb təhsilinin inkişaf tarixi" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək pedaqogika elmləri doktoru elmi dərəcəsi alıb. Elmi fəaliyyətinə görə 1973-cü ildə "Azərbaycan SSR-nin Qabaqcıl maarif xadimi", 1977-ci ildə isə "SSRİ Maarif əlaçısı" döş nişanı ilə təltif olunmuş, 1981-ci ildə isə "Azərbaycan SSR Əməkdar ali məktəb işçisi" fəxri adına layiq görülmüşdür.
Hüseyn Əhmədov həm Azərbaycanda, həm də keçmiş SSRİ-də nüfuzlu pedaqoq alim kimi tanınmışdır. 1990-cı il dekabrın 20-də SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, 1993-cü ildə Azərbaycan Milli Yaradıcılar Akademiyasının həqiqi üzvü (akademik), eyni zamanda Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının və Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü olmuşdur.
1998-ci ildə Beynəlxalq Pedaqoji Akademiyanın "Y.A.Komenski adına Böyük Qızıl Medalı" ilə təltif olunmuş, 1999-cu ildə Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü seçilmişdir. 2005-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının "Türk Dünyasına Hizmet" qızıl medalı, 2006-cı ildə isə Amerikanın Beynəlxalq Ekspertiza və Bioqrafik Tədqiqatlar İnstitutunun sertifikatı ilə təltif olunmuşdur.
2007-ci ildən ömrünün sonuna qədər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuş, Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin müxtəlif orden və medallarına layiq görülmüşdür. Hüseyn Əhmədov 4 aprel 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Hüseyn Əhmədovun elmi-pedaqoji yaradıcılığının əsas istiqamətləri
Pedaqogika elminin nəzəri-metodoloji əsaslarının tədqiqi. H.Əhmədovun elmi fəaliyyətinin aparıcı istiqamətlərindən birini pedaqogika elminin nəzəri-metodoloji əsaslarının sistemli şəkildə tədqiqi, şəxsiyyətin mənəvi tərbiyəsinin fəlsəfi, psixoloji və pedaqoji əsaslarının üzə çıxarılması və sistemləşdirilməsi təşkil edir. Onun "İbtidai sinif şagirdlərinin mənəvi tərbiyəsində nümunənin rolu və onun həyata keçirilməsi yolları" (1958) adlı namizədlik (fəlsəfə doktorluğu) dissertasiyasını mənəvi tərbiyənin sosial-pedaqoji aspektlərini elmi baxımdan əsaslandıran ilk sistemli araşdırmalardan biri kimi dəyərləndirmək mümkündür.

Hüseyn Əhmədovun tərbiyə konsepsiyası geniş və çoxşaxəlidir. O, tərbiyəyə kompleks yanaşaraq, aşağıdakı istiqamətlərin hər birini müstəqil, lakin bir-birini tamamlayan sahələr kimi araşdırmışdır:
1) əxlaqi-mənəvi tərbiyə;
2) milli-mənəvi dəyərlərə sadiqlik;
3) vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi;
4) ailə tərbiyəsi və valideyn-məktəb münasibətləri;
5) sosial məsuliyyət və şəxsiyyətin formalaşması.
Azərbaycanda təhsil və pedaqoji fikir tarixinin tədqiqi
Hüseyn Əhmədov pedaqoji tədqiqat fəaliyyətinə tərbiyə nəzəriyyəsi sahəsində başlasa da, sonradan diqqətini XIX əsrdə Azərbaycanda məktəb təhsilinin tarixinin öyrənilməsinə yönəltmişdir. Bu məqsədlə o, Moskva, Sankt-Peterburq, Bakı, İrəvan, Həştərxan və Tbilisi kimi şəhərlərdə yerləşən dövlət arxivlərində aylarla işləyərək zəngin empirik material toplamış, onları sistemli şəkildə analiz etmişdir. Aparılan çoxillik araşdırmaların nəticəsi olaraq H.Əhmədov "XIX əsrdə Azərbaycanda məktəb təhsilinin inkişaf tarixi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Bu dissertasiyanın materialları ilk dəfə 1985-ci ildə "XIX əsr Azərbaycan məktəbi" adı ilə nəşr olunmuşdur. Bu fundamental əsər Azərbaycan təhsil tarixşünaslığında mühüm mərhələ təşkil edir. Əsər öz elmi strukturuna, məzmun zənginliyinə və analitik dərinliyinə görə, yalnız milli deyil, həm də beynəlxalq elmi müstəvidə maraq doğura biləcək səviyyədədir.
Hüseyn müəllim bu əsərində ilk dəfə olaraq çar Rusiyasının Azərbaycanda həyata keçirdiyi təhsil siyasətinin mahiyyətini elmi əsaslarla araşdırmış, onun ideoloji və siyasi istiqamətlərini dərindən təhlil etmiş, imperiyanın bölgədə həyata keçirdiyi təhsil siyasətinin mərkəzləşdirmə, ruslaşdırma, xristianlaşdırma və ümumilikdə rusiyalaşdırma məqsədlərinə xidmət etməsini əsaslandırmışdır. Bu siyasət vasitəsilə imperiya yerli xalqları öz siyasi, dini və mədəni kimliyindən uzaqlaşdırmaq və onları rus imperiyası çərçivəsində assimilyasiya etmək istəyirdi.
Əsərin mühüm elmi məziyyətlərindən biri müəllifin ilk qəza məktəblərinin, ibtidai kənd məktəblərinin və müsəlman məktəblərinin yaranmasını siyasi, sosial, mədəni və dini amillər kontekstində araşdırmasıdır. Açılan dünyəvi məktəblər zahirdə maarifçilik ideyalarına söykənsə də, mahiyyət etibarilə ideoloji və siyasi təsir alətləri idi. Tədrisin yalnız rus dilində aparılması, yerli müəllimlərin sıxışdırılması və müsəlman uşaqların xristian təsirinə məruz qalması bu siyasətin başlıca təzahürləri idi. Əsərdə Qori Müəllimlər Seminariyasının milli pedaqoji kadrların hazırlanmasında oynadığı rola xüsusi diqqət yetirən Hüseyn Əhmədov seminariyada təhsil almış azərbaycanlı maarifçilərin sonrakı fəaliyyətini milli maarif sisteminin təşəkkülünün əsas şərtlərindən biri kimi qiymətləndirmişdir.
Bu yanaşma ilə o, Azərbaycan pedaqogikaşünaslığı üçün yeni bir istiqamətin - milli müəllim kadrlarının formalaşması və onların maarifçilik prosesində rolu kontekstində təhlilin əsasını qoymuşdur. Bu, təkcə struktur və faktların deyil, həm də fərdi təcrübələrin və maarifçi şəxsiyyətlərin fəaliyyətlərinin sistemli şəkildə araşdırılması baxımından əhəmiyyətli elmi yenilik kimi qiymətləndirilə bilər. Bu onu göstərir ki, Hüseyn Əhmədov tarixi-pedaqoji irsi yalnız xronoloji ardıcıllıqla deyil, həm də konseptual və funksional aspektdən öyrənmiş, bir sıra maarifçilərin pedaqoji görüşlərini, ictimai-pedaqoji mövqelərini araşdıraraq onların təhsil tarixindəki funksional rolunu üzə çıxarmışdır. Bu yanaşma, pedaqoji irsin öyrənilməsində şəxsiyyətlərin ideoloji mövqeyi, təhsil fəlsəfəsi və praktik fəaliyyəti arasında qarşılıqlı əlaqənin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.
Əsərdə həmçinin qadın təhsilinin inkişafı, maarifçilik hərəkatının əsas istiqamətləri, məktəb və mədrəsələrdə dini təhsilin məzmunu, natamam (progimnaziya) və orta məktəblərin (gimnaziya) təşəkkülü, eləcə də Rusiyada aparılan təhsil islahatlarının Azərbaycana təsiri geniş şəkildə işıqlandırılmışdır. Bu istiqamətli araşdırmaları ilə professor Əhmədov faktiki olaraq XIX əsr Azərbaycan məktəb sisteminin tam xəritəsini yaratmağa nail olmuşdur. Əsərin əsas üstünlüklərindən biri də məktəb tarixinin yalnız xronoloji deyil, fəlsəfi və ideoloji müstəvidə dəyərləndirilməsidir. O, məktəb sistemini XIX əsr Azərbaycan cəmiyyətində gedən ideoloji, mədəni və sosial transformasiyaların daşıyıcısı kimi təqdim etməklə, təhsil tarixini ümummilli inkişaf kontekstində qiymətləndirmişdir. Hüseyn müəllim Azərbaycanda təhsil və pedaqoji fikir tarixinin tədqiqi, təbliği və tədrisi sahəsində bir məktəb yaratmışdır. Onun bu sahəsindəki tədqiqatlarının praktik əhəmiyyəti iki mühüm istiqamətdə özünü göstərir.
Birinci istiqamət Azərbaycan məktəblərinin tarixi yaddaşının qorunması və maarif ictimaiyyətində pedaqoji irsə marağın artırılması ilə bağlıdır. Belə ki, professor Hüseyn Əhmədovun təşəbbüsü və bilavasitə elmi fəaliyyəti nəticəsində rəsmi dövlət qərarları ilə bir sıra şəhər və kənd məktəblərinin yubileyləri geniş şəkildə qeyd olunmuş, bu tədbirlər respublikanın maarif ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Onun "100 yaşlı Yuxarı Salahlı kənd məktəbi" (1978), "100 yaşlı Qarğabazar məktəbi" (1983), "150 yaşlı Şəki məktəbi" (1983) və s. adlı monoqrafiya və məqalələrində həmin maarif ocaqlarının tarixi inkişaf yolu, onların təhsilin yayılmasında və ictimai-mədəni həyatın formalaşmasında oynadığı rol elmi əsaslarla işıqlan-dırmışdır. Bu əsərlərdə məktəblərin nailiyyətləri, məzunlarının sonrakı fəaliyyətləri, təhsil ənənələrinin davamlılığı və müasir dövrə təsiri geniş şəkildə araşdırılmışdır.
İkinci istiqamət bu tədqiqatların nəticələrinin pedaqoji təhsilin məzmununa inteqrasiya edilməsi və gələcək müəllimlərin peşəyönümündə rolu ilə bağlıdır. Belə ki, onun təşəbbüsü ilə 1977-ci ildə hazırlanmış "Azərbaycanda məktəb və pedaqoji fikir tarixi" adlı xüsusi kursun proqramı Azərbaycan və rus dillərində çap olunmuş, sonradan isə Azərbaycan Pedaqoji İnstitutunda (indiki ADPU), Naxçıvan Pedaqoji İnstitutunda (indiki NDU) və Tbilisi Pedaqoji İnstitutunda uğurla tətbiq olunmuşdur. Bu kurs, gələcək müəllimlərin pedaqoji dünyagörüşünün formalaşmasında və milli təhsil tarixini dərindən mənimsəməsində mühüm rol oynamışdır. SSRİ Maarif Nazirliyinin Elmi Metodik Şurasının 1981-ci ildə bu təcrübəni yüksək qiymətləndirərək digər respublikalarda da yayılmasını tövsiyə etməsi bu təşəbbüsün elmi-metodik baxımdan dəyərini təsdiqləyir. Həmin kurs əsasında hazırlanan rus və Azərbaycan dillərində nəşr edilən "Azərbaycan məktəb və pedaqoji fikir tarixi" dərsliyi bu gün də pedaqoji ali məktəblərdə istifadə olunur və müasir müəllim hazırlığı sistemində öz aktuallığını qorumaqdadır.
Professor Hüseyn Əhmədov Azərbaycan məktəb və pedaqoji fikir tarixinin yalnız dərin bilicisi və mahir tədqiqatçısı deyil, eyni zamanda bu sahənin layiqli təbliğatçısı kimi tanınırdı. Onun pedaqoji irsi təkcə elmi-nəzəri səviyyədə deyil, həm də maarifçi ideyaların geniş ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Onun həmmüəllifi olduğu mühüm nəşrlər sırasında Moskvada çap olunan, 40 çap vərəqini əhatə edən fundamental "Azərbaycan pedaqoji fikir antologiyası" xüsusi yer tutur. Bu əsər Azərbaycan pedaqoji irsinin sistemli şəkildə ümumiləsdirilməsi və İttifaq səviyyəsində təqdimatı baxımından qiymətli mənbədir.
Alimin elmi araşdırmaları SSRİ Pedaqoji Elmlər Akademiyası tərəfindən nəşr edilən "SSRİ xalqlarının məktəb və pedaqoji fikir tarixinə dair oçerklər"in I və IV cildlərində (Moskva, 1989, 1991), "Böyük Rus Ensiklopediyası"nın 2 cildlik "Rus pedaqoji ensiklopediyası"nda və 10 cildlik "Azərbaycan Sovet Ensiklopediyası"nın IV-X cildlərində öz əksini tapır. Bu nəşrlər vasitəsilə o, Azərbaycan pedaqoji elmini təkcə keçmiş SSRİ məkanında deyil, həm də beynəlxalq miqyasda uğurla təbliğ etmişdir.
Onun "Sovetskaya pedaqogika", "Narodnoe obrazovanie" və digər nüfuzlu elmi-pedaqoji jurnallarda dərc olunan məqalələri Azərbaycan elmi-pedaqoji fikrinin nailiyyətlərini geniş auditoriyalara çatdırmış, milli elmin tanıdılmasında mühüm rol oynamışdır. H.Əhmədovun, ümumiyyətlə 600-dən çox elmi-pedaqoji və publisistik məqaləsi, məruzə tezisi, kitab, kitabça, dərslik, dərs vəsaiti və monoqrafiyası nəşr olunmuşdur.
H.Əhmədovun Moskva, Leninqrad (Sankt-Peterburq), Kiyev, Daşkənd, Poltava, Penza, Səmərqənd, Ulyanovsk və digər şəhərlərdə keçirilən nüfuzlu elmi konfrans və sessiyalarda fəal iştirakı, bu tədbirlərdə irəli sürdüyü orijinal, elmi-fəlsəfi tutumlu fikirləri həmkarlarının rəğbətini və elmi ictimaiyyətin etimadını qazanmasına səbəb olmuş, onun pedaqoji elmdəki yüksək mövqeyini bir daha təsdiqləmişdir.
Hüseyn Əhmədovun türkdilli xalqların pedaqoji irsi ilə bağlı tədqiqatları
Azərbaycan müstəqillik qazandıqdan sonra H.Əhmədovun elmi yaradıcılığında yeni bir istiqamət formalaşmağa başlamışdır. Bu mərhələdə o, türkdilli xalqlar arasında elm və təhsil sahəsində əməkdaşlığa töhfə vermək məqsədilə genişmiqyaslı elmi araşdırmalara başlamış, "Avrasiya xalqlarının məktəb və pedaqoji fikir tarixinə dair oçerklər" kimi fundamental tədqiqat əsərini nəşr etdirmişdir. Həmin əsərdə Avrasiya coğrafiyasında yaşayan müsəlman və türkdilli xalqların məktəb və pedaqoji fikir tarixini əks etdirən zəngin və bir-birini tamamlayan oçerklər təqdim edilmiş, XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Tiflisdə, Təbrizdə, Bakıda nəşr olunmuş ana dilli dərsliklər arasdırılmışdır.
Bu nəşrlər arasında N.Dementyevin "Təmsillər və hekayələr" (Tiflis, 1839), İ.Qriqoryev və Mirzə Şəfi Vazehin "Kitabi-Türki" (Təbriz, 1855), A.O.Çernyayevskinin "Vətən dili" (I hissə, Tiflis, 1882), Rəşid bəy Əfəndiyevin "Uşaq bağçası" (Tiflis, 1912), "Bəsirət-ül-ətfal" (Bakı, 1901), A.Çernyayevski və Səfərəli bəy Vəlibəyovun "Vətən dili" (II hissə, Tiflis, 1888), "Qüdrəti-Xuda" (Tiflis, 1888), Üzeyir Hacıbəyovun "Hesab məsələləri" (Bakı, 1907) və digər dərsliklər yer alır.

Hüseyn Əhmədov bu dərslikləri ərəb qrafikasından müasir latın əlifbasına transliterasiya etmiş, izah və lüğətlər əlavə etməklə onları elmi dövriyyəyə qaytarmış, bu vasitə ilə milli təhsil tarixinin mühüm mənbələrini yeni nəsillər üçün əlçatan etmişdir.
Ali məktəb dərsliklərinin müəllifi
H.Əhmədov dəqiq elmi məzmun, aydın və anlaşıqlı izah tərzi, yığcam və məzmunlu ifadə, məntiqi ardıcıllıq, inandırıcı təqdimat və zəngin metodik aparat kimi müasir dərsliklərə xas olan xüsusiyyətləri öz əsərlərində uğurla birləşdirərək fundamental pedaqoji mənbələr yaratmışdır. Onun "Pedaqogikaya giriş" (1973), "Pedaqogika tarixindən mühazirə mətnləri" (1987), "İdarəetmənin pedaqogika və psixologiyası" (2001), "Azərbaycanda məktəb və pedaqoji fikir tarixi" (2014) dərslikləri ali pedaqoji təhsil sistemində gələcək müəllimlərin elmi-nəzəri biliklərini formalaşdırmaqla yanaşı, onların peşə-metodiki hazırlığını da təmin edir. Bu dərsliklər pedaqoji prosesin mahiyyətini, milli və ümumbəşəri pedaqoji irsi, təlim-tərbiyə nəzəriyyəsinin əsas prinsiplərini və təhsil idarəçiliyinin elmi əsaslarını tələbələrə sistemli şəkildə təqdim edir.
Tənqidşünas alim
Hüseyn Əhmədov təkcə tədris və elmi-tədqiqat fəaliyyəti ilə deyil, həm də pedaqoji tənqid sahəsindəki məhsuldar işi ilə tanınmışdır. O, pedaqoji prosesə istiqamət verən, təlim-tərbiyə işinin elmi-metodiki əsaslarını əks etdirən əsərləri obyektiv təhlil edərək, onların məzmun və forma baxımından qiymətləndirilməsinə xüsusi önəm vermişdir. "Mirzə Fətəli Axundov əlifba dərsliyi yazmışdırmı?" (1978), "Tarix həqiqilik tələb edir" (1992) və b. tənqidi məqalələrində elmi obyektivlik, dərin təhlil, arqumentlərin məntiqi əsaslandırılması və pedaqoji baxışların inkişafına xidmət edən konstruktiv yanaşma aydın görünür. Hüseyn Əhmədovun tənqidi məqalələri yalnız müəyyən müəlliflərin yaradıcılığının təhlili deyil, həm də bütövlükdə Azərbaycanda pedaqoji tənqid mədəniyyətinin formalaşmasına və inkişafına xidmət edən mühüm mənbə rolunu oynamışdır.
Elmi-pedaqoji kadr hazırlığındakı xidmətləri
Hüseyn Əhmədov Azərbaycanda elmi-pedaqoji kadr hazırlığında müstəsna xidmətləri ilə seçilən görkəmli pedaqoq-alimdir. Onun rəhbərliyi altında 50-dən artıq pedaqogika üzrə fəlsəfə doktoru, 4 nəfər pedaqogika elmləri doktoru hazırlanmışdır. Onun elmi rəhbərlik fəaliyyəti yalnız dissertasiya işlərinin müdafiəsinə qədər olan mərhələ ilə məhdudlaşmamış, doktorantlarının elmi düşüncə tərzinin formalasmasına, onlarda tədqiqat mədəniyyətinin və metodoloji kompetensiyasının inkişafına xüsusi diqqət yetirmişdir.
Hüseyn Əhmədovun pedaqoji irsi Azərbaycanda pedaqogika elminin formalasmasında və inkişafında mühüm rol oynamışdır. Onun milli pedaqoji fikir və təhsil tarixinin dərin, sistemli araşdırmaları çağdaş pedaqoji nəzəriyyə və praktikanın zənginləşdirilməsinə güclü təsir göstərmişdir. Arxiv materiallarının sistemləsdirilməsi və tarixi-fəlsəfi yanaşmaların sintezi sayəsində H.Əhmədov təhsil prosesinin humanitar və elmi prinsiplərə əsaslanan inteqrativ konseptual modelini formalasdırmışdır. Epistemoloji baxımdan, onun tədqiqatları pedaqoji biliklərin mürəkkəb, dinamik sistem olduğunu, nəzəriyyə və praktik təcrübənin qarşılıqlı təsirində inkişaf etdiyini aydın şəkildə nümayiş etdirir. Ontoloji aspektdə isə H.Əhmədov təhsilin milli kimlik və tarixi davamlılıqla bağlı sosial-mədəni fenomen olduğunu təsdiqləyir.
H.Əhmədovun pedaqoji yaradıcılığı tarixi araşdırma, fəlsəfi təhlil və praktiki tətbiqin qarşılıqlı əlaqəsi əsasında formalaşan, həm milli, həm də beynəlxalq pedaqoji nəzəriyyələrin inkişafına töhfə verən fundamental elmi irsdir.
Misir MƏRDANOV
AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi
Fərrux RÜSTƏMOV
Pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi
çap et