525.Az

AMEA Naxçıvan Bölməsində yubiley tədbiri keçirilib


 

AMEA Naxçıvan Bölməsində yubiley tədbiri keçirilib<b style="color:red"></b>

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ramiz Qasımovun 50 illik və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və orta əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyevanın 60 illik yubileyləri qeyd olunub.

525.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev hər iki əməkdaşın zəngin elmi yaradıcılığından bəhs edib. Yubilyarları təbrik edən bölmə sədri onlara cansağlığı və elmi fəaliyyətlərində uğurlar arzulayaraq, hər iki əməkdaşı AMEA Naxçıvan Bölməsinin Fəxri Fərmanı ilə təltif edib.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev “50 ilin işığında” adlı məruzəsində bildirib ki, 1976-cı il iyulun 19-da Culfa rayonunun Əlincə kəndində doğulan Ramiz Qasımov Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr və magistratura pillələrini bitirib, pedaqoji fəaliyyəti dövründə “İlin müəllimi” adını qazanıb.

2004-cü ildən fəaliyyətini akademiya ilə bağlayan Ramiz Qasımov 2005-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktoranturasına daxil olur, “Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adam obrazlarının ictimai-bədii funksiyası” adlı dissertasiyanı 2011-ci ildə müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru, 2025-ci ildə isə “Azərbaycan tənqidi realizminin poetikası” mövzusunu uğurla müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini alıb. O, 10-dan çox monoqrafiya və kitabın, 350-dən çox elmi, o cümlədən yüzlərlə elmi-publisist məqalənin müəllifidir.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, dosent İlhami Əliyev “Mənalı ömrün 60 ili” adlı məruzəsində qeyd edib ki, 1966-cı il iyulun 19-da Şahbuz rayonunun Güney Qışlaq kəndində anadan olan Sara Hacıyeva Naxçıvan Dövlət Universitetinin Tarix ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb. 1999-cu ildən Naxçıvan Regional Elm Mərkəzində (Hazırkı AMEA Naxçıvan Bölməsi) fəaliyyətə başlayan Sara Hacıyeva 2009-cu ildə “Naxçıvanın Orta əsrlər dövrünə aid xatirə abidələri üzərindəki təsvirlər, tarix-mədəniyyət abidələrimizin nümunəsi kimi” dissertasiya işini uğurla müdafiə edərək tarix üzrə fəlsəfə doktoru, 2013-cü ildə isə dosentlik elmi adını alıb. Hazırda doktorluq dissertasiyası üzərində işləyən Sara Hacıyeva 3 monoqrafiya və 120-yə yaxın elmi məqalənin müəllifidir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Yazıçılar Birliyinin sədri Asim Yadigar, dosent Əli Həşimov, tarix elmləri doktoru Zeynəb Quliyeva, şair Alməmməd Elaroğlu, professor Sevinc Abbasova və dosent Nurlana Əliyeva çıxış edərək yubilyarlara xoş arzularını çatdırıblar.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl çıxışında həmkarı və həyat yoldaşı olan Ramiz Qasımovun elmi fəaliyyətindən, fədakar alim və nümunəvi ailə başçısı keyfiyyətlərindən bəhs edərək, onun elmlər doktorluğu müdafiəsi zamanı keçirdiyi qürur hisslərini bölüşüb. Atasının diqqəti ilə övladları Suat və Suay Qasımlıların uğurlarından bəhs edən Zülfiyə İsmayıl yubilyara möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb. Həmçinin yubilyarın qızı Suay Qasımlı da atasının həm bir valideyn, həm də elm adamı kimi ona göstərdiyi dəstək və örnək xüsusiyyətlərindən danışıb.

Sonda çıxış edən yubilyarlar filologiya elmləri doktoru Ramiz Qasımov və dosent Sara Hacıyeva onlara göstərilən yüksək diqqət, qayğı və təbriklərə görə tədbir iştirakçılarına və bölmə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirdə yubilyarlara bölmə rəhbərliyi, tədbir iştirakçıları və AMEA Naxçıvan Bölməsi Həmkarlar Təşkilatı tərəfindən hədiyyələr təqdim olunub.

 





17.07.2026    çap et  çap et