Ağstafada Əməkdar incəsənət xadimi, tanınmış şair, publisist Barat Vüsalın 75 illik yubileyi qeyd olunub.
Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən yubiley gecəsində əvvəlcə yubilyarın həyat və yaradıcılığından bəhs edən videoreportaj nümayiş olunub.
Çıxışlarda bildirilib ki, Barat Vüsalın yaradıcılığına nəzər saldıqda onun canı, qanı və qayəsinin vətən, millət, torpaq olduğu aydın görünür. Onun həm də böyük ictimai xadim və təşkilatçı olduğu vurğulanıb. Təsadüfi deyil ki, şair-publisistin bu gərgin və şərəfli əməyi dövlətimiz və xalqımız tərəfindən hər zaman yüksək qiymətləndirilib. Qeyd edilib ki, Vüsal Baratın "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülməsi onun yaradıcılığına verilən ali qiymətin bariz nümunəsidir.
Çıxış edənlər şairin yaradıcılığından söz açıb, şeirlərini səsləndiriblər. Bildirilib ki, 1951-ci ildə sazın-sözün beşiyi olan Qazax rayonunun Kosalar kəndində doğulan şair, elə ilk gənclik illərindən poetik təfəkkürü ilə fərqlənib. O, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinə uğurla rəhbərlik edir, hər zaman gənc istedadlara dəstəyini əsirgəmir, milli aşıq sənətinin qorunması və təbliği naminə əvəzsiz xidmətlər göstərir.
Gecədə mədəniyyət və incəsənət nümayəndələrinin çıxışları da maraqla qarşılanıb. Yubiley tədbirinin yekununda çıxış edən Barat Vüsal bildirib ki, bu gün xalqımızın milli kimliyini, tarixini və mənəvi dünyasını yaşadan mədəniyyət və incəsənət xadimlərinə göstərilən yüksək dövlət qayğısı Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir. Bu siyasi xəttin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla və böyük fədakarlıqla davam etdirildiyini diqqətə çatdırıb.
Vüsal Barat yubiley gecəsinin təşkili və sənətinə verilən yüksək qiymət üçün dərin minnətdarlığını bildirib ("Azərtac").
çap et