525.Az

“Vaqif Poeziya Günlərinin hər il Şuşada keçirilməsi böyük hadisədir” - Rəşad Məcid


 

“Vaqif Poeziya Günlərinin hər il Şuşada keçirilməsi böyük hadisədir” - <b style="color:red"> Rəşad Məcid</b>

Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid bildirib ki, o, ilk dəfə ötən əsrin 80-ci illərində Vaqif Poeziya Günlərində iştirak edib.

Bunu o Baki-Baku.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, həmin vaxt Ağdamdan Şuşaya gəlib və bu şəhər onun üçün hər zaman ən həssas, ən kövrək məkan olub.

Rəşad Məcid qeyd edib ki, Şuşa işğaldan azad edildikdən sonra, 2021-ci ildə ilk dəfə Xarıbülbül Beynəlxalq Musiqi Festivalına qatılıb, həmin səfər zamanı Şuşa haqqında 42 ildən sonra yenidən şeir yazıb.

O xatırladıb ki, Vaqif Poeziya Günlərinin əsası Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qoyulub və bu ənənənin bu gün də davam etdirilməsi mühüm mədəni hadisədir.

“Vaqif Poeziya Günlərinin hər il ardıcıl olaraq Şuşada keçirilməsi böyük hadisədir. Mən Şuşada özümü çox xoşbəxt hiss edirəm. Xüsusilə bu poeziya günlərində şeir və musiqinin vəhdəti möhtəşəm bir bayram ab-havası yaradır”, – deyə Rəşad Məcid vurğulayıb.

O, Mədəniyyət Nazirliyinin təşkil etdiyi tədbirlərin böyük əhəmiyyət daşıdığını da qeyd edib. Bildirib ki, builki proqram çərçivəsində Aşıq Ələsgərin xatirəsinə həsr olunmuş “Sözün aşığı, sazın aşiqi” adlı musiqili-ədəbi tədbirin keçirilməsi, Türk dünyasından qonaqların iştirakı, eləcə də TÜRKSOY-un tərəfdaşlığı ilə II Türk Dünyası Gənc Şairlər Festivalının qaliblərinin mükafatlandırılması Vaqif Poeziya Günlərinə xüsusi rəng qatıb.

“Mən Şuşanı sevirəm”, – deyə Rəşad Məcid fikirlərini yekunlaşdırıb.

 





18.07.2026    çap et  çap et