Hər şəhərin bir dili var, amma Şuşa insanla ruhun dilində danışır. Dağların dumanından süzülüb gələn köhnə bir nəğmə var bu torpaqda; elə bir nəğmə ki, onu notlarla yazmaq olmur. Onu nəfəslə, sükutla, cökə ağaclarının yarpaqlarına toxunan o doğma meh ilə hiss edirsən. Bura sözün illərdir darıxdığı divarlara sarılmaq üçün öz yuvasına tələsdiyi yerdir. Axı onun küçələrində gəzəndə şeiri haradasa uzaqda axtarmırsan, mayası elə şeirlə yoğrulan bu torpağın hər zərrəsində onu yaşayırsan... Bəlkə də elə buna görə Vaqif Poeziya Günlərinin başqa şəhərdə keçirilməsini təsəvvür etmək çətindir. Şeir burada səhnəyə çıxmır. O, bu şəhərin özündə yaşayır.
Bu il də sözün yolu əvvəlcə Qazaxdan başladı. Molla Pənah Vaqifin doğulduğu torpaqdan. Sonra həmin yol Qarabağın baş tacına – Şuşaya uzandı. Əslində, bu, tədbirlər marşrutu deyildi. Bu, Azərbaycan sözünün öz doğma evinə qayıdışı idi.
Şuşada diqqətimi yeni binalar, küçələr, məhəllələr çəkdi. Hər il daha gözəl, daha möhtəşəm olurlar. Amma məni heyrətləndirən şəhərin ovqatı idi. İnsan hiss edir ki, Şuşa təkcə bərpa olunmur. Şuşa sağalır. Və dərhal səmanın ənginliyində Ulu Öndər Heydər Əliyevin “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir” sözləri, yenilənən qədim şəhərin qalasında dalğalanan üçrəngli müzəffər bayrağımızda isə Prezident İlham Əliyevin şeir kimi səslənən “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri təntənə ilə, sanki bir himn kimi səslənir qulaqlarımda.
Dağıdılmış divarların yerində yeni tikililər görünür. Küçələr əvvəlkindən daha səliqəlidir. Yeni salınmış Qarabağ küçəsi qədim şəhərin ruhunu pozmadan müasir bir nəfəs gətirib. Burada heç nə köhnə ilə yarışmır. Əksinə, yeni tikilən hər bina qədim Şuşaya ehtiram göstərirmiş kimi görünür. Şuşada gəzərkən tez-tez başını göyə qaldırırsan. Səbəbini özün də bilmirsən. Bəlkə də səmanın bu qədər şəffaf olmasına görə... Bəlkə də insanın içi işıqlananda gözləri də göy üzünü daha çox axtarır. Bu şəhərin səması qəribə dərəcədə yaxındır. Elə bil dağlar göylə torpaq arasındakı məsafəni azaldıb. Axşam düşəndə isə ulduzlar şəhərin işıqlarına qarışır. Sakitlik hökm sürür. Amma bu, illərin ağrısından yaranmış sükut deyil. Bu, rahatlığın sükutudur. Yuxarı Gövhər Ağa məscidinin həyətində uzun müddət dayandım. Burada adam dua etməsə belə, ürəyindən minnətdarlıq keçir. Şükranlıq hissi bütün hisslərdən yuxarıda dayanır. Ana duası, ana laylası kimi tərtəmiz, pak olur insan, sanki. Minarələr sanki göyə doğru yox, zamana doğru ucalır. İllərlə susan bu məkan indi yenidən insan səsi eşidir. Yenidən azan eşitdirir. Yenidən insanlar bura ibadətə gəlir. Bəzən bir şəhərin dirçəlişini ən yaxşı məhz məscidin həyətində hiss edirsən.

Sonra şəhərin küçələrində dolaşdım. İyul olmasına baxmayaraq, sərin meh adamı bihuş edir. O meh özü ilə həm də başqa bir hədiyyə gətirir. Cökə ağaclarının ətri... Şuşada bu ağaclar şəhərin köhnə sakinləridir. Yüz illərdir buradadırlar. Tarixin acılı-şirinli günlərində şahid olublar. Bu gün də çiçəkləyirlər. Meh əsdikcə ətrini küçələrə paylayırlar – azad, rahat, qorxusuz. Bir anlıq gözlərini yumursan. Elə bil bütün şəhər ətrə bürünür. Bəzən yaddaşın ən güclü dili qoxudur. Şuşanı isə mən, yəqin ki, ilk növbədə cökə çiçəklərinin qoxusu ilə xatırlayacağam.
Sonra qızılgüllər... Harada baxırsansa, qızılgül var. Elə bil şəhər özü özünü güllərlə bəzəyib. İstər-istəməz dodaqlarımın altında köhnə bir nəğmə dolaşmağa başladı:
"Üzmə gülünü, gülünü, balam gülünü..."
Birdən başa düşürsən ki, bu melodiya, bu sözlər şəhərlərin taleyindən doğulub.
Vaqif Poeziya Günlərinin tədbirlərində isə insan bir şeyi aydın hiss edir. Burada heç kim sadəcə protokol naminə toplaşmayıb. Şairlər şeir oxuyur, alimlər sözün tarixindən danışır, aktyorlar klassik əsərləri yenidən yaşadır. Sazın səsi, tarın səsi buludlara ucalır, hava qarışıb Göyçəyə qədər gedib çatır.

Səhnədə "Vaqif" dramından parçalar göstərilir. Aşıq Ələsgər yad edilir. Xaqani haqqında düşünülür. "Şuşa gecələri"ndə şeir gecə havasına qarışır. Musiqili Teatrın meydan tamaşasında insanlar gülür.
"Kitab dayanacağı" açılır. Bütün bunların hər biri ayrılıqda tədbirdir. Amma hamısı birlikdə baxanda başqa mənzərə yaranır. Şuşa yenidən mədəniyyət paytaxtı kimi yaşayır. Şəhərin bərpa olunan tarixi evləri də bu mənzərənin ayrılmaz hissəsidir. Sadıqcanın evi təkcə böyük musiqiçinin xatirəsini yaşatmır. O evdə Azərbaycan musiqisinin nəfəsi dolaşır. Bülbülün evində isə sanki səs görünməz şəkildə divarlar arasında yaşayır. Mehmandarovların malikanəsi isə insana bir daha xatırladır ki, Şuşa təkcə musiqiçilər və şairlər yox, həm də dahi insanlar, böyük mədəniyyət ənənələri yetişdirən şəhər olub.
Bu səfərdə bir şeyi daha yaxşı anladım. Vaqif Poeziya Günlərinin əsl dəyəri tədbirlərin sayında deyil. Əsl dəyər ondadır ki, şeir yenidən öz doğma şəhərində səslənir. Vaxtilə susdurulmaq istənilən bir şəhər bu gün özü danışır. Özü oxuyur. Özü yaradır. Və bəlkə də buna görə Şuşada poeziya dinləmirsən.
Onu Şuşayla birgə canı bir, qanı bir doğman kimi içdən yaşayırsan, içdən hiss edirsən...
Xanım Aydın
çap et