“Statistika Komitəsinin 2026-cı ilin yanvar-may ayları üzrə açıqladığı son məlumatlara görə, nominal gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 10.2 faiz artaraq 37 milyard 699.8 milyon manat təşkil edib. Bu da o deməkdir ki, inflyasiya 5.6% təşkil etdiyindən yanvar-mayda ölkə əhalisinin real gəlirləri 4.6 faiz artıb. Ərzaq inflyasiyasına görə isə 3.5 faiz”. Lakin bir nüans var. O da bundan ibarətdir ki, nominal gəlirlər, ölkədə əhalinin maaş, pensiya, təqaüd və sair şəklində əldə etdiyi bütün növ pulların - gəlirlərin cəmi hesab olunur ki, bu göstərici demək olar, hamını əhatə edir”.
Bunu 525.az-a iqtisadçı ekspert Pərviz Heydərov deyib. Ekspert bildirib ki, rəsmi əmək müqaviləsi ilə muzd olaraq çalışan - işləyən əhali qrupu üzrə hesablanmış əməkhaqqı fondunun həmin işçilərin sayına bölünməsiylə tapılan göstərici:
“Nominal gəlirlərin tərkib hissələrindən biri olan orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-aprel ayları ərzində 1 172.1 manata yüksəlib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6.5% artım deməkdir. Buradan da belə qənaət əldə olunur ki, inflyasiya 5.6% təşkil etdiyindən yanvar-mayda rəsmi muzdla çalışan, işləyən əhali qrupunun real gəlirləri cəmi 0.9% artıb. Ərzaq inflyasiyası isə 6.7% təşkil etdiyindən muzdla çalışan işçilərin real gəlirləri cari ilin ilk beş ayı ərzində -0.2% bənd həddində "yeyintiyə" məruz qalıb. Hesab edirəm, əhalinin istehlak qiymətlərinin səviyyəsindən narazı olmasının kökündə də bu amil dayanır”.
Sevinc Qarayeva
çap et