“Öncə Azərbaycanın bütün peşəkar jurnalistlərini Milli Mətbuat Günü münasibəti ilə təbrik edirəm. Bu il “Əkinçi” qəzetinin işıq üzü görməsinin 151-ci ili tamam olur, eyni zamanda, biz mətbuatımızın 151-ci ildönümünü qeyd edirik. İlk növbədə bu cür yubileylərdə mətbuatımızın tarixinə, böyük ustadların açdıqları yola nəzər salmaq lazımdır. Böyük Həsən bəy Zərdabi 151 il bundan öncə çox məşəqqətlərlə, çətinliklərlə “Əkinçi” qəzetini ərsəyə gətirdi və Azərbaycan milli mətbuatının tarixi də məhz “Əkinçi” qəzetindən başlayır. “Əkinçi” qəzetindən sonra arada qısa fasilələr yaşansa da XX əsrin əvvəllərində Azərbaycan mətbuatının intibah dövrü olub. O zaman “Həyat”, “İrşad” qəzetləri, “Molla Nəsrəddin” jurnalı və digər çox əhəmiyyətli mətbuat orqanları işıq üzü görməyə başladı. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Üzeyir Hacıbəylinin redaktoru olduğu “Azərbaycan” qəzetini xüsusi vurğulamaq lazımdır. Məhz bizim jurnalistlərin, mətbuat fədailərinin Cümhuriyyətin qurulmasında da rolları oldu”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid söyləyib.
R.Məcid xüsusilə qeyd edib ki, bu gün mətbuatımızın tarixi irsinə münasibət çox yüksək səviyyədədir: “ADA Universiteti “Azərbaycan” qəzetinin transliterasiyasını həyata keçirib. Artıq qəzetin 15 cildi çap olunub. Cümhuriyyət dövründəki ab-havanı duymaq baxımından belə bir işin həyata keçirilməsi böyük ehtiram, hörmət doğurur. Mən buna görə ADA Universitetinin rektoru Hafiz Paşayeva xüsusi minnətdarlığımı bildirirəm. Eyni zamanda, “Azərbaycan” qəzeti ilə yanaşı, digər mətbuat orqanlarının - jurnalların da transliterasiyası işıq üzü görüb. Bu da həmin dövrün mətbuat tariximizi öyrənmək baxımından böyük bir hadisə, misilsiz bir töhfədir. Sovet dövründə də Azərbaycan mətbuat işçiləri, jurnalistlər dilimizin saflığının qorunmasında mühüm rol oynayıblar. Danılmaz həqiqətdir ki, Azərbaycan mətbuatı senzuralı bir mühitdə fəaliyyət göstərməsinə baxmayaraq dilimizin saflığını hər zaman qoruyub saxlamağa çalışıb”.
Baş redaktor Azərbaycan müstəqillik qazanandan sonra mətbuatımızın həyatında yeni üfüqlərin yarandığını vurğulayıb: “1998-ci ilin avqust ayında Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin Fərmanı ilə mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi və bununla senzura aradan qalxdı, Azərbaycan mətbuatının inkişaf dövrü başladı. Biz həmişə Ümummilli liderin Azərbaycan mətbuatına yaratdığı şəraitə görə minnətdarlığımızı bildirmişik. Bu gözəl ənənə cənab Prezident İlham Əliyevin dövründə də davam etdirilir. Biz İlham Əliyevin mətbuata hər zaman diqqət və qayğısını görmüşük və cənab Prezident müstəqil mətbuatın demokratik ölkə üçün nə qədər vacib olduğunu dəfələrlə öz çıxışlarında bildirib”.
Onun sözlərinə görə, son illərdə yeni texnologiyaların inkişafı mətbuat sahəsində də daha çox çeviklik tələb edir: “Artıq formalar dəyişir. Düzdür, biz təəssüf edirik ki, həyatımızı həsr etdiyimiz qəzetlərin kağız forması artıq tarixə qovuşmaqdadır. Bu, bizim üçün nə qədər ağrılı olsa da indi insanlar xəbərləri daha çox internetdən, telefonlardan, kompüterlərdən əldə edirlər, onlayn saytlar indi daha çox diqqət cəlb edir, sosial media yaranıb. Bu mənada mətbuat işçiləri bəzən özlərini köhnəlmiş hiss edirlər. Amma hesab edirəm ki, Azərbaycan dilinin saflığının qorunmasında yenə də Azərbaycan mətbuat işçilərinin, peşəkar jurnalistlərin rolu əvəzolunmazdır. Ona görə də biz bu insanların əməyinə hörmət və ehtiramımızı həmişə bildirməliyik”.
MŞ sədri həmçinin yeni media haqqında qanunun qəbul olunması, Medianın İnkişafı Agentliyinin yaranması, Media və Yayım Şurasının fəaliyyətə başlaması haqqında da danışaraq media idarəçiliyinin bir əsasda birləşdirilməsinin mühüm rol oynadığını diqqətə çatdırıb.
Baş redaktor əlavə edib ki, son illərdə mədəniyyət paytaxtımız Şuşada media forumlarının keçirilməsi, cənab Prezidentin burada iştirakı, dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlərin suallarını cavablandırması həm Şuşanı dünyanın mətbuat paytaxtına çevirib, eyni zamanda, cənab Prezident dünyada baş verən qlobal proseslərə sanballı münasibət bildirən bir siyasi lider kimi mətbuatımızı dünya mətbuatının ön cərgəsinə çıxarıb.
R.Məcid sonda bir daha Milli Mətbuat Günü münasibəti ilə peşəkar jurnalistləri ürəkdən təbrik edib və onların gördükləri işə, Azərbaycan dilinin saflığının qorunması, maarifləndiricilik missiyasına görə öz hörmət və ehtiramını bildirib.
Röya İsrafilova
çap et