525.Az

Seyid Nigarinin poetik irsi: eşq və gözəlliyin sehri


 

Seyid Nigarinin poetik irsi: <b style="color:red">eşq və gözəlliyin sehri</b>

Məlum həqiqətdir ki, Aristotelin "Metafizika" adlı əsəri metafizikanın ümumi prinsiplərinin müəyyənləşdirilməsində və elmi ədəbiyyatda geniş şəkildə istifadə olunmasında əsaslı rol oynayıb.
 
Belə ki, metafizika var olması baxımından varlığı tədqiq edən, fizik üstü səbəblər və biliklərin prinsiplərini araşdıran bir sahədir. Məhz klassik İslam fəlsəfəsində metafizikaya ilahi elm (elmi-ilahi) deyilməsi varlığın  həm mücərrəd, həm də konkret kateqoriya və ifadələrdə əks olunmasını da ehtiva edir. Bu mənada modern fəlsəfənin qurucusu Rene Dekartın fəlsəfənin  köklərinin metafizika, gövdəsini fizikaya və budaqlarını da digər elmlərin olduğu bir ağaca oxşatması təsadüfi deyil. Bu mənada Seyid Mir Həmzə Nigarinin yaradıcılığında eşqin metafizik aspektdən təsvir və təhlili bu qısa məqalə çərçivəsində son dərəcə aktuallıq kəsb edir.

İlk öncə onu qeyd etməliyəm ki, insan canlı bir varlıq olaraq bəşərilik statusundan insanilik kateqoriyasına nitq təfəkkürünə sahib olduğu üçün addım atır. Məhz insanı digər canlılardan əsas şəkildə ayıran bu qabiliyyətə malik olmasıdır. Təsadüfi deyil ki, bunun ən bariz xüsusiyyətləri ədəbiyyat sahəsində  özünü göstərir. Bu baxımdan varlıq, düşüncə və dil mövzusu xüsusilə modern fəlsəfənin ən aktual mövzularından biridir. İnsan dil vasitəsilə  varlıq aləmindəki əşyalara dair kateqorial düşüncələrini və fikirlərini ifadə edir.

Digər tərəfdən həm özünün davranışlarına, həm də başqalarına təsir gücünə malik olur. Məhz 20-ci əsr fəlsəfəsinin də analitik dil fəlsəfəsi adlandırılması bu baxımdandır. Qısaca olaraq bu fikri dəstəkləmək üçün məşhur oksfordlu filosof Con Oustinin ( How to do things with words-Əşyaları sözlər vasitəsilə necə var etmək olar) adlı əsərinə baxmaq hələlik kifayət edə bilər.

Əlbəttə ki, islam sivilizasiyasında da insanın nitq qabiliyyətinə və dilçilik elmlərinə xüsusi ciddiliklə yanaşmışlar. Məhz islam sivilizasiyasında ilk meydana gələn elmlərdən biri dil sahəsi olmuşdur.  Sonrakı dövrlərdə bu tətbiqi mənada özünü ədəbiyyat sahəsində göstərmişdir. Məhz dahi Füzulinin  "bu nə sirdir kim olur hər ləhzə yoxdan var soz..." qəzəli də buna işarə edir. Məhz Füzuli bu qəzəlində sözün yoxluqdan varlığa çıxma mahiyyətinə işarə edərək insanın ən əsaslı xüsusiyyətlərindən birinin nitq qabiliyyəti olduğunu vurğulayır.

Ümumi olaraq dünya sivilizasiyası, xüsusi olaraq isə islam sivilizasiyası tarixində elm və irfanla məşğul olmaq üçün öz vətənlərini tərk etmiş şair və mütəfəkkirlər mövcud olmuşdur. Xüsusilə Azərbaycanın müxtəlif bölgələrindən yola çıxaraq Anadoluya və digər islam şəhərlərinə üz tutmuş azərbaycanlı ədiblər, şairlər və alimlər elm tarixinə məlumdur. Bu proses eyni zamanda elmi termin vasitəsi ilə də izah edilmiş və arqumentləşdirilmişdir. Bu sahədə biyoqrafiya və "təbaqat" kitablarında prosesin adı "elm əldə etmək üçün səyahət" (ər-rıhlə fi taləbi`l-ilm) olaraq adlandırılmışdır. Məhz böyük sufi şair Nigarinin həyatını nəzərdən keçirdiyimizdə də onun Azərbaycandan, Zəngəzur qəzası Cicimli kəndindən yola çıxaraq müxtəlif şəhərlərdə elm və irfanla məşğul olduğunu görürük. Nəhayət səyahətlərinin nəticəsində Nigari Anadoluda yaşayıb yaratmağa başlamışdır. Bu proses bizə qədim zamanlarda islam sivilizasiyasında elm və irfan öyrənmənin  necə ciddi şəkildə həyata keçirildiyini də göstərir.

Sufi-şairimiz Nigarinin yaradıcılığında  iki istiqamət nəzərə çarpır. Belə ki, ilkin mərhələdə Nigarinin poetikasında "mən" və "başqası" əlaqəsi canlı şəkildə verilir. Məhz Nigarinin yuxuda sevgilisini görərək aşiq olması, sonra real həyatda onunla qarşılaşması bunu əks etdirir. Təsadüfi deyil ki, məşhur fransız filosofu Levinas da bu istiqamətdə belə deyir: "Bəlkəm də insanlığın mənbəyi başqasıdır".

Rəvayətə görə, şairin Nigari təxəllüsünü alması onun doqquz yaşında ikən bir yuxu görməsi ilə əlaqədardır.
Belə ki, o, bu yuxuda Nigar adlı gözəl bir qadını görüb ona aşiq olmuşdur. On il sonra Mir Həmzə təhsil üçün Şirvana gedərkən Nigar adlı bir xanımın evində müsafir olaraq qalır və orada Nigar xanımla qarşılaşır.
Nigar xanım ona "gördüyün yuxu yadındadır?"-deyə soruşduqda ikisi də bu hadisədən heyrətlənərək huşlarını itirirlər. Oyandıqlarında artıq hər iki şəxs bir-birinə aşiq olduqlarını anlayır. Şair bu haqda şeirlərindən birində belə deyir:

Ol vakt ki ayıldım açdım gözümü gördüm
Gönlüm teline bağlı çeşmim kaşına peyvend

Nigari başqa bir qəzəlində mən və başqası əlaqəsini gözəllik kontekstində belə təsvir edir.

Dərdü möhnətin ey sənəm, sənəm
Eşq ilə çəkən bir mənəm, mənəm.
Aru varını rah-i mehrdə
Taru-mar edən bir mənəm, mənəm.

Mən və başqasının varlığına dair şeir və qəzəllərin  Nigari yaradıcılığında əks olunması kamil mənada Mütləq Varlıq olaraq Tanrıda hədəfə çatır. Nəticədə "Fəna fillah"(Tanrıda yox olma) anlayışı çərçivəsində bütün mən və başqaları mənəvi təkamül yolunu keçərək "O" olur.

Məlum olduğu kimi Mir Həmzə Seyid Nigarinin şeirləri təsəvvüf şeirinin orijinal mənbələrindən birini təşkil edir. Məhz eşq mövzusu Nigarinin yaradıcılığında əsas məfhum olaraq yer alır. Ustad Nigari bütün varlıq aləmini eşq kontekstində açıqlayır. Varlıq aləminin bu cür açıqlanması İslam filosofları tərəfindən də rasional-mistik aspektdən əsaslandırılmışdır. Məsələn, məşhur islam filosofu İbn Sina özünün "Eşqə dair traktatında"(Risalə fi`l işq) və "İşarələr və qeydlər"( əl-İşarat və`t-Tənbihat) adlı əsərinin axırında "ariflərin məqamları"(məqamatu`l-arifin) fəslində eşqin epistemoloji mahiyyətini və ariflərin varlıq aləmində eşq vasitəsi ilə fərqli idrak növünə malik olmalarını əsaslandırmışdır.

Eşqin metafizik aspekti baxımından  "fəna fillah" (Tanrıda yox olma) məfhumu da Nigarinin yaradıcılığında əhəmiyyət kəsb edir. Belə ki, bir beytdə Nigari, sevgilinin açıqlandığı fəsildə dərs oxunduqdan sonra "qovuşma" (vüsal) fəslinə keçildiyini qeyd edir. Bu sevgiliyə qovuşma Tanrıya çatma olaraq bilinir. Məhz məşhur fəlsəfi düşüncəyə görə insanlar İlahi ruhu daşıdıqları üçün Tanrı mərtəbəsində zərrələrdən ibarətdir. Eşq və vüsal sayəsində arif insan birlik (vəhdət) səviyyəsinə yüksəlir və əbədi sevgili olan Tanrıya qovuşur:

Nigari, dərs oxuyardım
bab-ı eşqi yardan amma,
Varıb fəsli vüsalə dərsimiz,
ol babdan keçdik.

Nigari, divanında öz eşqini ilahi təqdir, tanrı iradəsi olduğunu bildirir. "Ənəlhəqq" deyən Həllac Mənsur kimi vəhdaniyyət məqamında danışanın da, danışdıranın da Tanrı olduğunu ifadə edir:

Söylərsəm əgər ərseyi-vəhdətdə bən, əmma,
Söylər bəni sanma;
Birdir söylədən və söyləyən, aşiq və məşuq,
Bu doğrudur əlhəqq.

Seyid Nigari İslam düşüncəsindəki ənənəvi varlıq və onun aləmdəki təzahürü haqqındakı görüşləri şeir dili ilə yüksək səviyyədə ifadə edir. Məhz aşağıda qeyd edəcəyimiz bu şeir Nigarinin özündən əvvəl varlıq mərtəbələri və mahiyyəti haqqında yazılan ciddi əsərlərdən xəbərdar olduğunu göstərir.

Mövladə olan vücudi-əsli,
Aləmdə olan vücudi-zelli

Nigari başqa bir beytdə "varlıq sanadır həmin müsəlləm", yəni varlığın Tanrıya təslim olduğunu,  əsli varlığın Tanrıda olduğunu, gördüyümüz aləmin isə kölgə (zelli) olduğunu qeyd edir.

Bu məqamda qeyd etməliyəm ki, 16-cı əsrdə yaşayan məşhur sufi-mütəfəkkirmiz Nemətullah Naxçıvani iki cildlik  "əl-Fəvatihul`İlahiyyə və`l Məfatihu`l-Ğaybiyyə" (ilahi ilhamlar və metafizik açarlar) əsərində bu mövzuya toxunaraq "insanların dənizdəki dalğalar kimi axırda Allaha qayıtdığını, bütün varlıqların  kölgə mahiyyətində olduğunu və bu mənada Tanrının, kölgənin sahibinə, dalğaların suya və aynalardakı surətlərin  surət sahibinə olan bərabərliyi mahiyyətində və səviyyəsində anlaşılmasının vacibliyini vurğulayır.

Digər tərəfdən Seyid Nigarinin yaradıcılığında eşqin metafizik aspektini dərindən anlamaq üçün yenə də Nemətullah Naxçıvaninin öz əsərinin müqəddiməsində qeyd etdiyi kimi  eşq mövzusuna təsəvvür və təfəkkür gözüylə deyil ibrət gözüylə, dəlil və arqument gözüylə deyil daxili sezmə, şəkk və şübhə ilə deyil, kəşf və əyan olma vasitəsilə nəzər edilməsini ifadə edir. Bu mənada Nigari mövzunu eşq və irfan kontekstində belə açıqlayır:

Olsa kimin eşqdən cinahı
Hərgiz tanımaz şəbü siyahı
Yəni gecə-gündüz ol səyahət
Eylər, ana seyredəndi rahət.
Mane degil ana zülməti-şəb,
Birdir gecə-gündüz arifə həp.

Yeri gəlmişkən qeyd etməliyəm ki, Seyid Nigarinin yaradıcılığında ən əsaslı məfhum olan eşq məfhumu müasir dövrdə, ən yaxın tarixdə şair Nəriman Həsənzadə tərəfindən Nigari haqqında qələmə alınan "Şeyx Nigari Türbəsi" adlı poemada da rast gəlmək olur. Təsaüdfi deyil ki, şair Nəriman Həsənzadə poema boyunca Nigari yaradıcılığını eşq kontekstində  metafizik çalarlarla tərənnüm etmişdir:

Seyid Həmzə Türbəsinin
hər daşı, kərpici pakdı.
Çölü pakdı,
                     içi pakdı.
Yerdə Məscid -
                     üstündəki bir Allahdı.
Daş yazıdı, kərpic yazı.
Türbəsi - eşq,
                          naxışı - eşq əlifbası

Aşiqlərin nədir bəhsi?
təslimiyyət mərtəbəsi.
Həllac Mənsurun "həqq" səsi,
külli-ixtiyardı Nigar.

Nəticədə "Seyid Nigari adlı bir lüğət təşkil olunsaydı, onun önündə böyük hərflər ilə Eşq yazılardı" sözü boş yerə deyilməmişdir. Məhz Nigarinin yaradıcılığı Mövlanənin qeyd etdiyi "pərgar kimi bir ayağı sabit şəkildə eşq məfhumuna istinad edərək digər ayağı ilə aləmi dolaşaraq" eşq vasitəsilə ilahi gözəlliklərin kəşf olunmasına səbəb  olmaqdadır.

 





12.03.2015    çap et  çap et