525.Az

"Dövlət dəstəyi ilə bağlı müqavilələr 10 ay müddətinə bağlanacaq" - Vəfa Yaqublu


 

"Dövlət dəstəyi ilə bağlı müqavilələr 10 ay müddətinə bağlanacaq" - <b style="color:red"> Vəfa Yaqublu</b>

Özəl məktəbəqədər təhsil müəssisələrində dövlət dəstəyi ilə bağlı maliyyələşmə 10 aylıq müddət üçün nəzərdə tutulub.

525.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydası”nın təsdiq edilməsi ilə bağlı mediaya açıqlamasında məlumat verib. Onun sözlərinə görə, müsabiqə komissiyası təqdim olunan sənədləri qiymətləndirdikdən sonra qalib özəl məktəbəqədər təhsil müəssisələrinin siyahısı elan olunacaq və həmin siyahı Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcək. Bundan sonra valideynlər qalib olmuş özəl məktəbəqədər təhsil müəssisələri arasından seçim edərək elektron hökumət informasiya sistemi vasitəsilə övladlarını qeydiyyatdan keçirə və müvafiq müəssisə ilə müqavilə bağlaya biləcəklər.

Direktor müavini bildirib ki, maliyyələşmə mexanizmi 10 ay müddətini əhatə edir. Bu müddətin müəyyənləşdirilməsi yay aylarında məktəbəqədər təhsil müəssisələrində uşaqların sayının azalması və tədris prosesinin daha məhdud xarakter daşıması ilə əlaqədardır

“Əgər özəl məktəbəqədər təhsil müəssisəsi növbəti ildə də müsabiqənin qalibi olarsa, valideyn yenidən həmin müəssisəni seçə bilər. Əks halda, digər qalib müəssisələr arasından seçim etməli olacaq”, - deyə o vurğulayıb.

Direktor müavini, həmçinin bildirib ki, özəl məktəbəqədər təhsil müəssisələrinin xidmət haqlarının formalaşmasında bazar mexanizmi və valideynlərin seçim imkanları mühüm rol oynayacaq. Onun sözlərinə görə, xidmət haqqının əsassız artırılması müəssisələrin müsabiqədə uğur qazanmaq və daha çox təhsilalan cəlb etmək imkanlarına mənfi təsir göstərə bilər.

 





20.07.2026    çap et  çap et