525.Az

"İstedadlı millətə mənsub olmağımla qürur duydum"


 

"İstedadlı millətə mənsub olmağımla qürur duydum"<b style="color:red"></b>

Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik klinikasının I Pediatriya şöbəsinin əməkdaşı Nigar Sədiyeva 5 ay müddətində Harvard Universitetində təhsil alıb və eyni zamanda Boston Childrens Hospital-da Post-doktorluq elmi-tədqiqatçı (Post Doc Research Fellow) vəzifəsində çalışıb.

25.08.2014 - 24.01.2015 tarixlərində orada həm işləyib, həm də təhsilini davam etdirən Nigar xanım bu müddət ərzində çoxsaylı kurslardan keçib. Azərbaycanlı həkim McLean Hospital-da və DMC, ASK, LEND və nevroloji klinikalarda olub, həftəlik seminarlarda, aylıq iclaslarda iştirak edib.  O, klinikada ingilis dili ana dili olmayan xarici ölkə vətəndaşları üçün axşam saatlarında "Professional ünsiyyət üçün ingilis dili" kurslarında iştirak edib. Nigar xanım hesab edir ki, insanların ən xeyirlisi insanlara ən çox faydalı olandır: "Mərhəmət vicdanın qəlbə oxuduğu əzandır. Kamilliyə gedən yolda həm elm, həm dinimiz vicdanı, xeyirxahlığı, mərhəməti dəstəkləyir. Bu düşüncələrlə gördüklərimi və düşüncələrimi paylaşmaq istədim".

N.Sədiyeva Boston Uşaq Xəstəxanasında fəaliyyəti zamanı müxtəlif diaqnozlu maraqlı xəstələr gördüyünü bildirir:  "Başqa ölkələrdən gələn həkimlər üçün klinikanın tədris və iş qaydaları  var. Sizinlə məşğul olan professor bir gün əvvəldən hansı klinikada olacağınıza, hansı xəstələrlə işləyəcəyinizə dair məlumatlar verir. Bəzi klinikalarda xəstələrlə birbaşa ünsiyyətdə olarkən, bəzilərində xəstələri sizə təhkim olunmuş professor heyətilə birlikdə müşahidəçi otağından izləyirsiniz. Müayinə otağında uşaq pediatr və ya psixoloq ilə təkbətək ünsiyyətdə olur, bu isə onun hərtərəfli müayinəsini, sinir-psixi inkişaf səviyyəsini, mental və motor inkişaf indeksini daha dəqiq qiymətləndirməyə imkan verir. Müşahidə otaqları klinikalarda həm tədris baxımından, həm klinik və etik baxımdan çox faydalıdır. Xəstələrin müayinəsini, sinir-psixi inkişafının qiymətləndirilməsini müşahidə edirsiniz. Sonda müayinə edən həkimlər və psixoloqlarla birlikdə xəstələr müzakirə edilir, sonrakı müayinə və müalicəsinə aid qərarlar verilir".

N.Sədiyeva deyir ki, o, Amerikada işləyərkən xəstə təhlillərində Azərbaycanda və Türkiyədə qazandığı biliklərin nə dərəcədə yararlı olduğunu daha aydın hiss edib: "İstedadlı millətə mənsub olmağımızla qürur duyduq. Xəstəxanada şöbədəki işlərdən başqa, elmi tədqiqatlar aparmaq üçün çalışmanız, seminarlarda, simpoziumlarda, konfranslarda iştirakınız da vacibdir. Bu məqsədlə, hər bir Post-doktorluq elmi-tədqiqatçı (Post Doc Fellow) üçün fərdi inkişaf planı tərtib olunur, təhsiliniz və fəaliyyətiniz bu plan əsasında qurulur. Sizə təhkim olunmuş elmi rəhbərlər həftəlik görüşlərdə apardığınız işlərlə yanaşı sizin maraqlarınız, təşkilati fəaliyyətinizlə yaxından maraqlanır".

Amerikan yaşam tərzinə gəlincə, N.Sədiyeva oradakı adətlərin tamamilə fərqli olduğunu bildirir: "Fərqli həyat tərzi, fərqli mədəni qaydalar. Sanki yaşam şüarları Cəlaləddin Ruminin dediyi kimi budur: Bir şam başqa şamı yandırmaqla, işığından heç nə itirmir. Xeyirxahlıq, yüksək səviyyədə mədəniyyət, zəhmətsevərlik, heyvansevərlik insanı valeh edir. İctimai nəqliyyat vasitələrinin divarlarında elanlar tibbi-maarifləndirici məlumatlardan, müxtəlif universitet klinikalarında aparılacaq klinik tədqiqatlara xəstə toplanmasından bəhs edir.

Amerika Birləşmiş Ştatlarında müxtəlif dini və milli bayramların iştirakçısı olduq. Dini mərasimlərimizə aid məlumatların Harvard Universitetinin elan guşəsində yer alması diqqətimizdən yayınmadı".

Azərbaycanlı həkimlər ötən ilin oktyabrında Harvard Medical School-da autizmə həsr olunmuş "2014 Research Symposium"da iştirak ediblər. Nigar Sədiyeva 17-20.12.2014 tarixlərində Türkiyədə III Sosial Pediatriya Konqresində iştirak edib. Eyni zamanda Ankarada "İLK BEŞ YAŞTA ÇOCUK SAĞLIĞI İZLEMİ KURSU"nu keçib, yetərlilik sertifikatı ilə təltif olunub. Proqramın sonunda azərbaycanlı həkim Harvard Universitetində müxtəlif fənlərdən kurslar keçib, sonda imtahanlarını yüksək nəticələrlə verib sertifikat alıb. Səfər zamanı həkimlərimiz həmvətənlərimizlə dəfələrlə görüşüblər, birgə  bayramları, həm də anım günlərini qeyd ediblər: "Bostonda olduğumuz müddətdə sosial media vasitəsilə Universitetimizdə və klinikamızda baş verən yenilikləri izləmək imkanımız oldu, uğurlarımızı, inkişafımızı gördükcə sevindik, gələcəyə ümidlərimiz artdı. İstərdim fikirlərimi Henri Fordun sözləri ilə bitirəm: "Bir araya gəlmək başlanğıcdır. Bir arada dura bilmək inkişafdır. Birlikdə çalışmaq uğurdur". Mən də daima vətənimiz üçün birlikdə ən gözəl işləri görmək arzusundayam".

Onu da qeyd edək ki, N.Sədiyeva  Milli Sağlamlıq İnstitutu / Beynəlxalq Fogarty Mərkəzi, Global Mental Health, Boston Uşaq Xəstəxanasında İnkişaf Pozğunluqları Araşdırma Tədris Təşəbbüsü ilə Qlobal Əqli Sağlamlıq/İnkişaf Problemləri Araşdırma Proqramına qatılıb. Hazırda Qlobal Əqli Sağlamlıq/İnkişaf Problemləri Araşdırma proqramının davamı olaraq 16-17 mart tarixlərində Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik klinikasında Əqli Sağlamlıq və İnkişaf Problemləri mövzusunda Beynəlxalq Simpoziuma hazırlıq işləri ilə məşğuldur.

 





12.03.2015    çap et  çap et