Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekan müavini, Ümumi dilçilik kafedrasının müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru Anar Fərəcovun “Dilin sosial diferensiallaşması” (Bakı: “Adiloğlu” nəşriyyatı, 2026, 208 s.) adlı monoqrafiyası nəşr olunub.
525.az xəbər verir ki, monoqrafiyada dilin sosial diferensiallaşması probleminin nəzəri və tarixi əsasları sistemli şəkildə araşdırılıb, bu hadisənin yaranma səbəbləri, dil strukturunda təzahür formaları və tədqiqi metodları geniş elmi təhlil olunub. Əsərdə gender, yaş, peşə, ideologiya və sosial siniflər üzrə dil fərqləri sosiolinqvistik aspektdən öyrənilərək dil və cəmiyyət münasibətlərinin müxtəlif istiqamətləri elmi əsaslarla izah edilib. Tədqiqat sosiolinqvistika sahəsində mövcud nəzəri yanaşmaların ümumiləşdirilməsi və bu istiqamətdə aparılan araşdırmaların zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Kitabın elmi redaktoru professor Əbülfəz Rəcəbli, “Ön söz”ün müəllifi BDU-nun professoru Əfqan Abdullayev, rəyçiləri AMEA-nın şöbə müdiri, professor İlham Tahirov, Türkiyənin Fırat Universitetinin professoru Süleyman Kaan Yalçın, BDU-nun Ümumi dilçilik kafedrasının əməkdaşları - dosent Ülviyyə Hüseynova və filologiya elmləri üzrə fəlsəfə doktoru Səbinə Vəliyevadır. Monoqrafiyanın redaktorları BDU-nun müəllimləri, filologiya elmləri üzrə fəlsəfə doktorları Ramil Bayramov və Pərvin Eyvazovdur.
Nəşr dilçilik, xüsusilə sosiolinqvistika sahəsində elmi tədqiqat aparan alimlər, doktorantlar, magistrantlar, ali məktəb müəllimləri və bu istiqamətlə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
çap et