525.Az

Akademiyanın səssiz gücü: Elm diplomatiyası və mədəniyyət


 

Akademiyanın səssiz gücü: Elm diplomatiyası və mədəniyyət<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycanın elmi ənənələrinin daşıyıcısı olmaqla yanaşı, ölkədə elmi biliklərin istehsalçısı, elm diplomatiyasının aparıcı platforması və milli intellektual təhlükəsizliyin strateji sütunudur...

XXI əsrdə dövlətlərin qüdrətini müəyyən edən meyarlar əhəmiyyətli dərəcədə dəyişmiş, yeni qiymətləndirmə meyarları formalaşmışdır. Bir zamanlar ölkələrin beynəlxalq nüfuzu əsasən iqtisadi və hərbi potensialla müəyyən olunurdusa, bu gün elm, təhsil, innovasiya və mədəniyyət də ən azı həmin amillər qədər əhəmiyyətli hesab edilir. Müasir beynəlxalq münasibətlər sistemində bilik istehsal edən elmi müəssisə və təşkilatlar təkcə elmi nəticələr əldə etmir, dövlətlərin qlobal mövqeyini gücləndirən strateji aktorlara çevrilir. Məhz bu mənada bütün dünyada aparıcı elmi qurumlar, akademiyalar cəmiyyətin və dövlətin “səssiz gücü” kimi çıxış edir. Onlar bir tərəfdən fundamental elmin inkişafını təmin edir, digər tərəfdən isə ölkənin intellektual potensialını, mədəni irsini və beynəlxalq elmi əlaqələrini formalaşdırırlar. Azərbaycanın elmi inkişaf tarixində müstəsna yer tutan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) fəaliyyət göstərdiyi dövr ərzində ölkənin elmi-intellektual potensialının formalaşdırılması, fundamental və tətbiqi tədqiqatların inkişafı, milli-mədəni irsin qorunması və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə etmiş, Azərbaycan elminin tərəqqisinə əhəmiyyətli töhfələr vermişdir.

Elm diplomatiyası: elmin sərhəd tanımayan dili

Son illərdə beynəlxalq münasibətlərdə yeni bir anlayış daha çox diqqət cəlb edir: elm diplomatiyası. Bu anlayış elmin dövlətlər arasında əməkdaşlığın inkişafına, qarşılıqlı anlaşma və etimad mühitinin formalaşdırılmasına xidmət edən mühüm vasitə olduğunu ifadə edir.

Müasir ədəbiyyatda elm diplomatiyası 3 əsas istiqamətdə izah olunur: science in diplomacy (dövlət siyasətinə elmi dəstək), diplomacy for science (elmi əməkdaşlıq üçün diplomatik mexanizmlərin yaradılması) və science for diplomacy (elmin dövlətlər arasında etimad və dialoq vasitəsinə çevrilməsi). Bu yanaşma ölkələrdə milli akademiyaların beynəlxalq fəaliyyətinin konseptual əsasını təşkil edir.

İqlim dəyişiklikləri, enerji təhlükəsizliyi, ərzaq təminatı, süni intellekt, biotəhlükəsizlik və pandemiyalar kimi problemlər göstərir ki, müasir dövrdə beynəlxalq elmi əməkdaşlıq bütün ölkələrin səmərəli fəaliyyəti üçün ən vacib elementlərdən biridir. Elmi əməkdaşlığın ən əsas üstünlüyü onun siyasi sərhədləri aşa bilmək qabiliyyətidir. Tarix göstərir ki, bəzən hökumətlər arasında münasibətlərin gərgin olduğu dövrlərdə belə alimlər, ziyalılar arasında əlaqələr davam etmiş və bu, qarşılıqlı etimadın qorunmasına gətirib çıxarmışdır.

Azərbaycan üçün elm diplomatiyası beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, ölkənin elmi potensialının qlobal elmi məkanda tanıdılması və milli maraqların elmi platformalar vasitəsilə təşviqi baxımından strateji əhəmiyyət daşıyır. Bu kontekstdə Azərbaycan Milli Elmlər Akademiyası ölkənin əsas elmi institutlarından biri kimi yalnız fundamental və tətbiqi tədqiqatların həyata keçirilməsi, elmi nəşrlərin hazırlanması və beynəlxalq konfransların təşkili ilə kifayətlənmir. Akademiya eyni zamanda elm diplomatiyasının mühüm institusional aktoru kimi çıxış edərək müxtəlif ölkələrin akademiyaları, universitetləri və beynəlxalq elmi təşkilatları ilə əməkdaşlıq əlaqələrini ardıcıl şəkildə inkişaf etdirir. Son illərdə AMEA-nın beynəlxalq elmi layihələrdə fəal iştirakı, nüfuzlu akademik qurumlar və elmi platformalarla tərəfdaşlığının genişlənməsi Azərbaycanın qlobal elmi məkana inteqrasiyasını əhəmiyyətli dərəcədə gücləndirmişdir. Bu fəaliyyət elmi bilik və texnologiyaların mübadiləsi ilə yanaşı, elmi ənənələrin qorunmasına, ölkənin beynəlxalq elmi nüfuzunun möhkəmləndirilməsinə və Azərbaycanın yumşaq güc potensialının artırılmasına xidmət edir.

AMEA-nın son illərdə Beynəlxalq Elmi Şura (ISC), Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası (AASSA) və Akademiyalararası Tərəfdaşlıq Assosiasiyası (IAP) kimi nüfuzlu beynəlxalq elmi təşkilatlara üzv qəbul edilməsi Akademiyanın qlobal elmi şəbəkələrə inteqrasiyasını daha da gücləndirmişdir.

AMEA-nın Çinlə qurduğu əlaqələr isə elm diplomatiyasının daha geniş geosiyasi və mədəni kontekstini nümayiş etdirir. Çin Sosial Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası, Honkonq Kore Akademiyası, Pekin Xarici Dillər Universiteti və Hebey Pedaqoji Universiteti ilə imzalanmış memorandumlar iki ölkə arasında akademik münasibətlərin institusional əsaslarını formalaşdırmışdır.

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA ilə Albaniya Elmlər Akademiyası arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması elmi diplomatiyanın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Memorandum iki ölkənin elmi qurumları arasında institusional əməkdaşlığı möhkəmləndirərək birgə tədqiqatların, kadr və təcrübə mübadiləsinin gücləndirilməsi, eləcə də elmi biliklərin daha geniş şəkildə paylaşılması üçün geniş imkanlar yaradır.

Əlbəttə ki, bu istiqamətdə həyata keçirilən fəaliyyətin əhəmiyyəti əməkdaşlıq memorandumlarının imzalanması ilə məhdudlaşmır. Bu təşəbbüslər Azərbaycanın beynəlxalq elmi məkanda tanınması və nüfuzunun artmasına, birgə tədqiqat layihələrinin həyata keçirilməsinə, alimlərin beynəlxalq mobilliyinin genişlənməsinə, eləcə də ölkənin elmi potensialının möhkəmləndirilməsinə mühüm töhfə verir. Bu fəaliyyət həm də Azərbaycan haqqında obyektiv akademik biliklərin yayılmasına, ölkənin elmi potensialının tanıdılmasına və yeni əməkdaşlıq körpülərinin qurulmasına xidmət edir.

Xüsusilə qeyd etmək lazımdır ki, AMEA-nın 80 illik yubileyi münasibətilə təşkil olunmuş beynəlxalq tədbirdə müxtəlif ölkələrdən olan nüfuzlu alimlərin iştirakı Azərbaycanın elmi məkanının dünya elminə inteqrasiyasının göstəricilərindən biri olmuşdur.

Akademik mədəniyyət: elmin görünməyən infrastrukturu

Elmi nailiyyətlər haqqında danışarkən çox zaman laboratoriyalar, avadanlıqlar və maliyyə resursları ön plana çəkilir. Halbuki elmin davamlı inkişafını təmin edən daha fundamental bir amil mövcuddur: akademik mədəniyyət.

Akademik mədəniyyət elmi dürüstlük, obyektivlik, tənqidi düşüncə, fikir plüralizmi və etik məsuliyyət kimi prinsiplər üzərində qurulur. Bu dəyərlər olmadan elmi fəaliyyət öz etibarlılığını itirə bilər. Elmlər akademiyaları məhz bu mədəniyyətin qorunub saxlanılmasında və yeni nəsillərə ötürülməsində mühüm rol oynayırlar. Gənc tədqiqatçılar elmi metodologiya ilə bərabər elmin etik normalarını, elmi ünsiyyət qaydalarını və akademik davranış prinsiplərini öyrənirlər. Bu baxımdan akademik mədəniyyət elmin görünməyən, lakin ən vacib sütunlarından biridir. Əslində, hər bir mühüm elmi nailiyyətin təməlində məhz bu mədəniyyət dayanır.

Akademik mədəniyyət institutların yazılmamış qaydalar sistemidir. Elmi dürüstlük, açıq müzakirə mühiti, mentorluq ənənəsi və elmi məktəblərin davamlılığı məhz bu mədəniyyət vasitəsilə formalaşır.

1945-ci ildən fəaliyyət göstərən AMEA ötən dövr ərzində Azərbaycanda müxtəlif elmi məktəblərin formalaşmasında, fundamental elmin inkişafında və yüzlərlə yüksəkixtisaslı mütəxəssislərin, alim və ziyalıların yetişdirilməsində əvəzsiz rol oynayıb. AMEA-nın elmi mühiti neft kimyası, tibb, şərqşünaslıq, dilçilik, geologiya və arxeologiya sahələrində güclü elmi məktəblərin yaranmasına şərait yaratmış, Yusif Məmmədəliyev, Zərifə Əliyeva, Həsən Əliyev, Ziya Bünyadov və s. kimi görkəmli alimlər isə bu məktəblərin inkişafına və Azərbaycan elminin dünya elminə inteqrasiyasına əhəmiyyətli töhfələr vermişlər.

Müasir dövrdə isə dünyanın aparıcı akademik qurumları yalnız elmi tədqiqatlar aparmaqla məşğul olmur, həm də dövlət siyasətinin formalaşdırılması, strateji prioritetlərin müəyyənləşdirilməsi və qlobal problemlərin həllində fəal iştirak edirlər. Elmlər akademiyaları ölkələrin elmi irsi və intellektual potensialının əsas dayağı kimi çıxış edir. Süni intellekt və rəqəmsallaşma dövründə isə bu missiyanın əhəmiyyəti daha da artır. Beləliklə, deyə bilərik ki, Milli Elmlər Akademiyası həm də dövlətin kollektiv elmi yaddaşıdır.

Yumşaq güc: dövlətlərin görünməyən təsir vasitəsi

Beynəlxalq münasibətlər nəzəriyyəsində mühüm yer tutan “yumşaq güc” anlayışı ABŞ alimi “Joseph Nye” tərəfindən irəli sürülmüşdür. Bu konsepsiyaya görə dövlətlər yalnız iqtisadi və ya hərbi güclə deyil, həm də mədəniyyət, elm, təhsil və dəyərlər vasitəsilə böyük təsir gücünə malikdirlər. Yumşaq güc məcbur etməkdən deyil, cəlb etməkdən ibarətdir. Bu baxımdan akademiyalar dövlətlərin yumşaq güc sisteminin mühüm elementlərindən biridir. Onlar ölkənin elmi nailiyyətlərini nümayiş etdirir, mədəni irsini tədqiq edir və beynəlxalq elmi ictimaiyyətlə əlaqələr yaradırlar. Bu gün yumşaq güc anlayışı mədəniyyət və incəsənətlə məhdudlaşmır. Dünyanın aparıcı dövlətləri universitetlər, akademiyalar, elmi jurnallar, Nobel laureatları və beynəlxalq tədqiqat layihələri vasitəsilə də öz intellektual təsir imkanlarını genişləndirirlər.

AMEA-nın fəaliyyəti müasir geosiyasi və geokulturoloji reallıqlar fonunda dəyərləndirildikdə aydın olur ki, Akademiyanın elmi müəssisə və təşkilatlarında tarix, arxeologiya, dilçilik, ədəbiyyatşünaslıq, şərqşünaslıq, mədəniyyətşünaslıq və digər istiqamətlərdə həyata keçirilən tədbirlər və fundamental tədqiqatlar Azərbaycanla bağlı elmi biliklərin formalaşdırılması və beynəlxalq elmi ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır.

Xüsusilə Qarabağın tarixi, etnomədəni irsi və maddi-mədəniyyət abidələrinin elmi əsaslarla öyrənilməsi, Azərbaycan muğamının, aşıq sənətinin və xalçaçılıq ənənələrinin sistemli tədqiqi, milli dil korpuslarının yaradılması, qədim əlyazmaların araşdırılması və nəşri Akademiyanın beynəlxalq elm aləminə inteqrasiyası istiqamətində müstəsna rol oynayır.

Tarixi mənbələrin tənqidi təhlili, arxeoloji qazıntılar nəticəsində əldə olunan materialların elmi interpretasiyası, dilçilik və ədəbiyyatşünaslıq sahələrində aparılan fundamental tədqiqatlar milli kimliyin elmi əsaslarla öyrənilməsinə, onun saxtalaşdırılmasına qarşı intellektual müdafiə mexanizmlərinin formalaşdırılmasına və gələcək nəsillərə etibarlı şəkildə ötürülməsinə xidmət edir. Bu baxımdan AMEA həm də Azərbaycanın tarixi yaddaşını, mədəni özünüdərkini və milli identikliyini qoruyan strateji intellektual platformadır. Azərbaycanın tarixi və mədəni irsinin beynəlxalq elmi ictimaiyyətə təqdim olunması ölkənin mədəni diplomatiyasının mühüm tərkib hissəsidir. Beləliklə, əminliklə demək olar ki, akademiyalar həm də milli irsin dünyaya tanıdılmasında xüsusi missiyanı yerinə yetirirlər.

Müasir dünyada ölkələr məhsullar ilə yanaşı ideyalarını da ixrac edirlər. Elmi məqalələr, beynəlxalq konfranslar, elmi əməkdaşlıqlar və tədqiqat layihələri bu ideyaların qlobal miqyasda yayılması üçün əsas vasitələrdir. Bu kontekstdə elmlər akademiyaları ölkələrin elmi potensialının beynəlxalq müstəvidə tanıdılmasına və intellektual nüfuzunun möhkəmləndirilməsinə xidmət edən strateji institutlar – ölkələrin “intellektual səfirlikləri”  kimi çıxış edirlər.

AMEA-da son illərdə elmmetriya və nəşriyyat sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər, kompleks islahatlar bu elm ocağının beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət edir. Elmi jurnalların beynəlxalq tələb və standartlara uyğunlaşdırılması, onların “Scopus” və “Web of Science” kimi nüfuzlu bazalara inteqrasiyası, beynəlxalq nəşriyyatlarla əməkdaşlığın genişləndirilməsi, süni intellekt üzrə ilk ingilisdilli elmi jurnalın təsis edilməsi və elmi fəaliyyətin rəqəmsal qiymətləndirilmə sisteminə keçid istiqamətində aparılan islahatlar Azərbaycan elminin qlobal elmi məkanla əlaqələrini möhkəmləndirir.

Səssiz gücün varisliyi: gənclər Akademiyası modeli

Təsadüfi deyil ki, son onilliklərdə Global Young Academy, Young Academy of Europe və Die Junge Akademie kimi nüfuzlu elmi təşkilatlar gənc alimlərin beynəlxalq əməkdaşlığı, elmi dialoqu və liderlik potensialının inkişafını təşviq edən mühüm platformalara çevrilmişdir.

Akademiyanın “səssiz gücü” mövcud elmi potensialın qorumasında, eləcə də gələcəyin alimləri və liderlərinin yetişdirilməsində özünü göstərir. Məhz bu baxımdan, AMEA-da beynəlxalq təcrübə əsasında Gənclər Akademiyasının yaradılması strateji əhəmiyyət daşıyan institusional yenilikdir. Dünyanın aparıcı elmlər akademiyalarında geniş tətbiq olunan bu model gənc alimlərin elmi potensialının inkişaf etdirilməsi, beynəlxalq şəbəkələrə inteqrasiyası, liderlik bacarıqlarının formalaşdırılması və nəsillərarası elmi varisliyin təmin edilməsinə xidmət edir. AMEA-nın Gənclər Akademiyası da eyni yanaşmanı əsas götürərək gənclərin elmi təşəbbüslərinin dəstəklənməsini, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsini və Azərbaycan elminin gələcək inkişafı üçün intellektual kadr ehtiyatının hazırlanmasını nəzərdə tutur. Bu baxımdan Gənclər Akademiyası gənclərlə bağlı institusional təşəbbüs deyil, eyni zamanda Azərbaycanın elmi diplomatiyasının, intellektual “yumşaq güc”ünün və akademik davamlılığının mühüm dayaqlarından biri kimi çıxış edir.

Elmdən cəmiyyətə: Akademiyanın gələcək missiyası

XXI əsrdə elmin missiyası yeni biliklər yaratmaqla məhdudlaşmır. Müasir elmlər akademiyaları elmi biliklərin cəmiyyətə transferi, elmi təfəkkürün təşviqi, dövlət siyasətinin elmi əsaslarla dəstəklənməsi və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi istiqamətlərində çoxşaxəli funksiyalar yerinə yetirirlər. Rəqəmsallaşma, açıq elm, süni intellekt və böyük verilənlər kimi qlobal transformasiya prosesləri bu qurumların fəaliyyət modelini yenidən formalaşdırır və onları daha çevik, beynəlxalq əməkdaşlığa açıq və cəmiyyətlə sıx inteqrasiya olunmuş intellektual mərkəzlərə çevirir.

Müasir akademiyaların fəaliyyətində “Open Science” konsepsiyası xüsusi yer tutur. Elmi nəticələrin açıq paylaşılması, tədqiqat məlumatlarının əlçatanlığı və cəmiyyətin elmin inkişafında rolunun gücləndirilməsi akademiyaların ictimai məsuliyyətinin mühüm göstəricilərindən hesab olunur.

Nəzərə almaq lazımdır ki, süni intellekt elmi fəaliyyətin təşkili, qiymətləndirilməsi və beynəlxalq əməkdaşlıq mexanizmlərinə güclü təsir edən texnoloji transformasiya faktoru və  yeni tədqiqat alətidir. Bu səbəbdən akademiyalar rəqəmsal dövrün intellektual infrastrukturunu formalaşdıran əsas institutlardan biri kimi çıxış edirlər.

Nəticə etibarilə, akademiyanın “səssiz gücü” elmi bilik istehsal etməsi və bu bilikləri milli inkişafın, beynəlxalq nüfuzun, mədəni diplomatiyanın və gələcəyin formalaşdırılmasının strateji alətinə çevirməsində əks olunur. Elmi məktəblərin qorunması, gənc tədqiqatçıların yetişdirilməsi və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi bu səssiz gücün davamlılığını təmin edən əsas amillərdir. Məhz buna görə də akademiyalar bu gün yalnız elmi müəssisələr deyil, intellektual təhlükəsizliyi, elmi nüfuzu və gələcək inkişaf potensialını formalaşdıran strateji institutlar kimi çıxış edirlər.

Sonda qeyd etmək istərdim ki, XXI əsr bilik iqtisadiyyatının və intellektual rəqabətin həlledici amilə çevrildiyi bir dövr kimi xarakterizə olunur. Bu rəqabətdə qalibiyyət elmi məktəblər yaradan, mədəni irsi qoruyan, beynəlxalq elmi əməkdaşlığı inkişaf etdirən və yeni nəsil tədqiqatçılar yetişdirən ölkələrə məxsus olacaqdır. Bu baxımdan AMEA yalnız elmi nəticələri, yüksək akademik nailiyyətləri ortaya qoymur, həm də Azərbaycanın intellektual suverenliyini, elmi diplomatiyasını və qlobal elmi nüfuzunu formalaşdıran uzunmüddətli strateji dayaq rolunu oynayır.

Elmir Babayev

AMEA Gənclər Akademiyasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent

 





21.07.2026    çap et  çap et