22 iyul 2026-cı il tarixində Kürdəmir Rayon İcra Hakimiyyətinin könüllüləri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialını ziyarət ediblər.
525.az xəbər verir ki, ziyarət çərçivəsində filialın əməkdaşları könüllüləri muzeyin fəaliyyəti, zəngin ekspozisiyası və burada qorunub saxlanılan eksponatlarla tanış ediblər. Qonaqlara Azərbaycanın zəngin mədəni irsi, klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib. Onlar ekspozisiyada nümayiş etdirilən qiymətli kitablar, rəsm və heykəltəraşlıq nümunələri, eləcə də digər mədəniyyət və incəsənət əsərləri ilə yaxından tanış olublar.
Aran filialının müdiri Yaqut Bahadurqızı təqdimat zamanı Aran regional filialının fəaliyyət istiqamətləri, həyata keçirilən elmi-mədəni layihələr, maarifləndirici tədbirlər və ziyarətçilərlə aparılan iş barədə ətraflı məlumat verdi. O, filialda mütəmadi olaraq keçirilən görkəmli şəxsiyyətlərin yubileylərinə, əlamətdar tarixi günlərə həsr olunmuş tədbirlərin gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında və ədəbi irsin təbliğində mühüm rol oynadığını vurğuladı.
Maarifləndirici görüş zamanı filialın əməkdaşı Günel Şükürova Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı və onların milli-mədəni irsimizdə tutduğu mühüm yer haqqında çıxış edib. Muzeyin elmi işçisi Ülviyyə Yusifova isə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri və repressiya qurbanı olmuş ədiblərin həyat və yaradıcılığı, həmçinin həmin dövrün ədəbi-mədəni mühiti barədə ətraflı məlumat verib.
Görüş zamanı muzeylərin milli-mənəvi dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasındakı mühüm rolu xüsusi vurğulanıb, gənclərdə tariximizə, ədəbiyyatımıza və mədəni irsimizə marağın artırılmasının əhəmiyyətindən bəhs edilib.
Könüllülər muzeylə tanışlıqdan məmnun qaldıqlarını bildirərək, bu cür maarifləndirici görüşlərin milli-mədəni irsimiz haqqında biliklərinin daha da zənginləşməsinə töhfə verdiyini qeyd ediblər. Sonda xatirə şəkilləri çəkdirilib.


çap et