525.Az

Azərbaycan-Almaniya əlaqələrində yeni strateji dövr


 

Azərbaycan-Almaniya əlaqələrində yeni strateji dövr<b style="color:red"></b>

Azərbaycanın xarici siyasətində Avropanın aparıcı dövlətləri, o cümlədən qitənin bir nömrəli iqtisadiyyatı hesab edilən Almaniya ilə hörmətə, milli maraqlara və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlərin inkişafı başlıca prioritetlərdəndir. İki ölkə arasında siyasi münasibətlər dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri, yüksəksəviyyəli görüşlər və parlamentlərarası faydalı əməkdaşlıq sayəsində yeni səviyyəyə qalxıb.

Mütəmadi olaraq inkişaf etdirilən münasibətlər Azərbaycan və Almaniya arasında müxtəlif sahələrdə uğurlu tərəfdaşlığı daha da möhkəmləndirib. Habelə, ikitərəfli münasibətlər regional və beynəlxalq strukturlarda fəal əməkdaşlıq çərçivəsində də davamlı olaraq inkişaf edir. Münxen Təhlükəsizlik Konfransında mütəmadi iştirak edən Prezident İlham Əliyevin Almaniyanın rəhbər şəxsləri ilə görüşləri isə əlaqələrin dostluq xarakterini tam əks etdirməkdədir.

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı iyulun 21-də Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Mertslə keçirdiyi səmərəli görüşlər ikitərəfli münasibətlərin yüksəksəviyyəli xarakterini nümayiş etdirməklə yanaşı, gündəliyin müasir formatının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidentinin həmkarı Frank-Valter Ştaynmayerlə keçirilən geniş tərkibdə görüşündə vurğulandığı kimi, dünyada və regionda cərəyan edən hadisələr fonunda Azərbaycan və Almaniya sabitlik adası olaraq xüsusilə diqqəti cəlb edir, hər iki ölkə yerləşdiyi regionun lider dövlətləri kimi siyasi və iqtisadi inkişaf yolunda qətiyyətlə irəliləyirlər. Xüsusilə də, Azərbaycan və Ermənistan arasında sülh gündəliyində əldə olunmuş nailiyyətlər Cənubi Qafqaz bölgəsində sabitliyi möhkəmləndirməklə bərabər, daha geniş və dayanıqlı əməkdaşlıq mühiti yaradır.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol rəsmi Berlin tərəfindən yüksək səviyyədə alqışlanır. 2026-cı ilin əvvəllərindən Almaniyaya qaz ixrac edən Azərbaycanın geniş bir coğrafiyada sabit enerji təminatçısı statusu qazanmasının həm Frank-Valter Ştaynmayer, həm də  Fridrix Merts tərəfindən yüksək dəyərləndirilməsi də bunu təsdiqləyir.

Həmçinin liderlərin mətbuata bəyanatlarında bir daha bu mövzuya toxunulması artıq Qərbi Avropaya qədər enerji tranziti açmış rəsmi Bakının bütünlüklə Aİ regionunun ayrılmaz tərəfdaşına, enerji təhlükəsizliyinin rəmzinə çevrildiyinə işarədir.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan regional və qlobal əhəmiyyətli layihələrin təşəbbüskarı və müəllifi olaraq sülh və əməkdaşlığa, rifaha və faydalı inteqrasiyaya, inkişafa dərin töhfələr verir. Bu proseslərdə Almaniyanın öncül yer tutması isə daha ümidverici perspektivlər vəd edir.

Almaniya Avropa İttifaqının lokomotivi kimi Cənubi Qafqazda öz mövcudluğunu artırmaqdadır və Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcək. Cənab Mertsin mətbuata bəyanatda vurğuladığı kimi, Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitlik Almaniya üçün də zəruridir və bölgədə daha böyük sabitlik iqtisadi sahədə də geniş əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Məhz bu baxımdan, əməkdaşlığın əsas sütunları olan iqtisadi-investisiya-nəqliyyat bağlantılarında hazırda daha münbit və genişşaxəli dövrün əsası qoyulur. Azərbaycanın ənənəvi enerji tədarükçüsü olmaqla yanaşı, alternativ energetika üzrə mövcud potensialı nəzərə alınmaqla “yaşıl enerji” sahəsində əməkdaşlıq Almaniya üçün xüsusi önəm daşıyır. Eləcə də Mərkəzi Asiya məşvərət formatına tamhüquqlu üzv olan Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynamaqla bağlantı, nəqliyyat və logistika sahələrində əlaqələndirici status qazanıb.

Ümumilikdə, Azərbaycanda uğurla fəaliyyət göstərən 200-dən çox alman şirkəti üçün təmin edilən cəlbedici sərmayə mühiti onları sayını daha da artıracaq, daha geniş çərçivədə investisiya layihələri icra etməsinə imkan yaradacaq. Bir sözlə, Prezident İlham Əliyevin və Kansler Fridrix Mertsin mətbuata bəyanatlarlarında səsləndirilən fikirlər hər iki ölkənin biznes icmasına və şirkətlərinə verilən mühüm işarədir.

Almaniya-Azərbaycan sənədlərinin imzalanması isə ölkələr arasında strateji əməkdaşlığı möhkəmləndirən mühüm hadisə kimi dəyərləndirilə bilər. Xüsusilə də Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts tərəfindən imzalanan “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” münasibətlərin yeni strateji çərçivəsini təmin etməklə, çoxistiqamətli əməkdaşlıq üçün yol xəritəsi hesab edilə bilər.

Bəyannamə siyasi və diplomatik, regional və beynəlxalq məsələlər üzrə praktiki əməkdaşlığın gücləndirilməsinə möhkəm zəmin yaradır. Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyətinin genişləndirilməsi isə çoxtərəfli tərəfdaşlığı əlaqələndirəcək.

Bəyannamədə digər bir hədəf yenilənmiş Azərbaycan-Avropa İttifaqı Tərəfdaşlıq Prioritetlərinə rəsmi Berlinin dəstəyidir ki, bu baxımından Aİ ilə münasibətlərin dərinləşməsində səmərəli dövrün başlandığını qeyd etmək mümkündür.

Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə isə yeni institusional strukturu formalaşdırmaqla, iqtisadi münasibətlərdə yeni səhifə açacaq, qarşılıqlı iqtisadi-ticari-investisiya zəncirinin qurulmasında çevik rol oynayacaq təsisat kimi işgüzar quruculuğu təşviq və təmin edəcək.

Ramid Namazov

Milli Məclisin deputatı

 





23.07.2026    çap et  çap et