525.Az

Şuşada yaradılan “Kitab dayanacağı” sakinlərin və qonaqların marağına səbəb olub


 

Şuşada yaradılan “Kitab dayanacağı” sakinlərin və qonaqların marağına səbəb olub<b style="color:red"></b>

Bir neçə gün əvvəl Şuşada istifadəyə verilən "Kitab dayanacağı" – açıq hava kitabxanası şəhər sakinləri və qonaqlar tərəfindən maraqla qarşılanıb.

Şuşanın tarixi və ədəbi mühitinin təbliği, şəhər sakinləri və qonaqları üçün mütaliə imkanlarının genişləndirilməsi məqsədilə yaradılan "Kitab dayanacağı" fasiləsiz fəaliyyət göstərir. Burada təqdim olunan kitablardan hər kəs sərbəst istifadə edə bilər. Rəqəmsal əlçatanlığın təmin edilməsi məqsədilə köşk ödənişsiz vayfay xidməti ilə təchiz olunub. Bundan başqa, ziyarətçilər xüsusi enerjidoldurma məntəqələrində mobil cihazlarını enerji ilə təmin edə bilirlər.

Şuşa sakini Məhərrəm Əliyev bildirib ki, açıq hava kitabxanasının istifadəyə verilməsi şəhərin mədəni həyatına yeni töhfədir. Onun sözlərinə görə, bu təşəbbüs gənclər, şəhər sakinləri və kitabsevərlər üçün dəyərli hədiyyədir.

Tünzalə Zöhrabova isə "Kitab dayanacağı"nın onda böyük sevinc hissi yaratdığını deyib. O bildirib ki, burada təqdim olunan kitablar vasitəsilə həm gənclər, həm də Şuşaya gələn qonaqlar şəhərin tarixi, görkəmli şəxsiyyətləri və zəngin mədəni irsi haqqında daha dolğun məlumat əldə edə biləcəklər.

Şuşa sakini deyib ki, onu ən çox cəlb edən kitablardan biri Mir Möhsün Nəvvaba həsr edilən nəşr olub. O diqqətə çatdırıb ki, Mir Möhsün Nəvvabın ev-muzeyini dağıdılmış vəziyyətdə görmək onda dərin təəssüf hissi yaradıb. Bu kitabın isə böyük maarifləndirici əhəmiyyət daşıdığını vurğulayan Tünzalə Zöhrabova bildirib ki, nəşr vasitəsilə gənc nəsil Mir Möhsün Nəvvabın həyatı, yaradıcılığı və Şuşanın mədəni həyatına verdiyi töhfələr barədə ətraflı məlumat əldə edəcək.

Tahir Ağaməmmədov, "Azərtac"

 





23.07.2026    çap et  çap et