Goranboy Rayon İcra Hakimiyyəti, Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyinin Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə tanınmış yazıçı, nasir və publisist İsmayıl Qarayevin həyat və yaradıcılığına həsr olunmuş “İsmayıl Qarayev Ədəbiyyat Günləri” adlı silsilə tədbirlər keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin direktoru, tənqidçi Əsəd Cahangir İsmayıl Qarayevin Azərbaycan ədəbiyyatındakı yeri və yaradıcılıq irsi haqqında danışıb.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev İsmayıl Qarayevin Azərbaycan ədəbiyyatında tutduğu mühüm mövqedən, onun zəngin yaradıcılığından və milli-mənəvi dəyərlərin təbliğində göstərdiyi xidmətlərdən bəhs edib. O bildirib ki, doğma torpağa və el-obaya sonsuz məhəbbətlə bağlı olan yazıçının irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur.
Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Rauf Aslanov, Milli Məclisin deputatı, yazıçı Aqil Abbas, akademik Vaqif Abbasov, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova və natiqlər İsmayıl Qarayevin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən, əsərlərində vətənpərvərlik, insanlıq və milli ruhun yüksək bədii ustalıqla əks olunmasından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Sonra İsmayıl Qarayevin kitablarından ibarət sərgiyə baxış keçirilib, onun əsərlərindən nümunələr səsləndirilib, həyat və yaradıcılıq yolunu əks etdirən bədii-musiqili kompozisiyalar təqdim olunub.
Bununla yanaşı, Goranboy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy–Naftalan Təhsil Sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin və məktəbəqədər təhsil müəssisələrinin kollektivləri İsmayıl Qarayevin ev-muzeyini ziyarət ediblər. Ziyarət zamanı iştirakçılar yazıçının zəngin ədəbi irsi, həyat və yaradıcılığı ilə yaxından tanış olublar.
Qeyd edək ki, “İsmayıl Qarayev Ədəbiyyat Günləri”nin hər il may–iyul aylarında ənənəvi olaraq keçirilməsi nəzərdə tutulur. Bununla da görkəmli yazıçının zəngin ədəbi irsinin davamlı şəkildə təbliği, xatirəsinin əbədiləşdirilməsi və gənc nəslə tanıdılması istiqamətində mühüm ədəbi-mədəni ənənənin əsası qoyulub ("Azərtac").
çap et