525.Az

Dördüncü “Maarifçi” proqramına 5 mindən çox müraciətdən 53 namizəd seçilib


 

Dördüncü “Maarifçi” proqramına 5 mindən çox müraciətdən 53 namizəd seçilib<b style="color:red"></b>

Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun proqramının müsahibə mərhələsini uğurla başa vurmuş iştirakçıları ilə görüş təşkil olunub.

525.az-a bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu il IV “Maarifçi” tələbə-məzun proqramına rekord sayda - 5096 müraciət daxil olub. İlkin seçim meyarlarına cavab verən 3721 namizəd test imtahanı mərhələsinə dəvət edilib. Yüksək nəticə göstərən 881 namizəd müsahibə mərhələsində iştirak edib. Nazirliyin müxtəlif struktur bölmələrinin ekspertlərinin qiymətləndirməsi əsasında 53 namizəd proqram iştirakçısı seçilərək “Maarifçi” adını qazanıb.

Görüşdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli proqramın məqsədi, əhatə dairəsi və iştirakçılar üçün yaratdığı imkanlar barədə məlumat verib. O bildirib ki, “Maarifçi” proqramı gənclərin peşəkar inkişafına dəstək olmaqla yanaşı, onların dövlət idarəçiliyi sahəsində praktik bilik və bacarıqlar qazanmasına, nəzəri biliklərini real iş mühitində tətbiq etməsinə şərait yaradır. Aparat rəhbəri vurğulayıb ki, proqram müddətində əldə ediləcək təcrübə iştirakçıların gələcək karyerasının formalaşmasında mühüm rol oynayacaq.

Tədbirdə proqramın işçi qrupunun üzvləri də çıxış edərək, iştirakçıları qarşıda gözləyən fəaliyyət istiqamətləri barədə məlumatlandırıblar. Görüş sual-cavab sessiyası ilə davam edib.

Qeyd olunub ki, dörd ay davam edəcək proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyində, ölkənin 12 şəhər və rayonunda yerləşən struktur bölmələrində, eləcə də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təcrübə keçəcəklər. Eyni zamanda, onlar müxtəlif təlim və görüşlərdə iştirak edərək peşəkar və sosial bacarıqlarını inkişaf etdirə biləcəklər.

2024-cü ildən həyata keçirilən “Maarifçi” tələbə-məzun proqramının indiyədək 102 iştirakçısı olub. Hazırda proqramın 52 məzunu Elm və Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində əmək fəaliyyətinə cəlb olunub.

 





23.07.2026    çap et  çap et