525.Az

Kütləvi maliyyələşmə qanununun qəbulu nəyi dəyişəcək?


 

Kütləvi maliyyələşmə qanununun qəbulu nəyi dəyişəcək?<b style="color:red"></b>

Azərbaycanda startapların, mikro, kiçik və orta sahibkarların alternativ maliyyələşmə kanallarına çıxışını təmin etmək məqsədilə "Kraudfandinq haqqında" yeni qanun qəbul olundu. Bildirildi ki, sənəd ölkədə səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını tənzimləyir. Bu qanunun tətbiqi kapital bazarının imkanlarından istifadə etməklə biznes aktivliyinin artırılmasına və investorların hüquqlarının müdafiəsinə xidmət edəcək. Qanun layihəsinə əsasən, kraudfandinq platformasını idarə edən operatorlar yalnız məhdud məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər. Operatorların nizamnamə və məcmu kapitalı Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi minimum miqdardan az olmamalıdır. Həmçinin hər bir operator fəaliyyətə başlamaq üçün mütləq Mərkəzi Bank tərəfindən aparılan xüsusi reyestrə daxil edilməlidir.

 

"Kraudfandinq - kütləvi maliyyələşmə deməkdir. Mahiyyət etibarilə isə yüzlərlə və ya minlərlə insanın kiçik məbləğlərlə eyni biznes layihəsinə investisiya etməsidir. Məsələn, yeni texnologiya hazırlayan bir startapın 300 min manata ehtiyacı varsa, bunu bir nəfərdən deyil, 1000 nəfərin hər birindən 300 manat cəlb etməklə də əldə edə bilər. Bu, dünyada uzun illərdir istifadə olunan və həcmi artıq 100 milyard ABŞ dollarını ötmüş maliyyələşmə modelidir. Azərbaycanda da belə hüquqi mexanizmin yaradılması bir neçə istiqamətdə müsbət nəticə verə bilər.

Əgər etibarlı platformalar formalaşarsa və investorların inamı qazanılarsa, kraudfandinq Azərbaycanda startapların və kiçik sahibkarlığın maliyyəyə çıxışında mühüm rol oynaya bilər.

Millət vəkili Vüqar Bayramov deyir ki, sənədin qəbulu Azərbaycanda rəqəmsal inkişafın və süni intellektin dəstəklənməsi ilə bağlı dövlət siyasətinə tam uyğundur: "Qanun layihəsinin qəbulu xüsusilə startapların rəqəmsal maliyyə resurslarına çıxış imkanlarını artıracaq. Bu, həm startapların ianə toplamasına, həm də rəqəmsal səhmlərin yerləşdirilməsi və digər maliyyə alətləri vasitəsilə borc vəsaiti cəlb etməsinə şərait yaradacaq".

Vüqar Bayramovun sözlərinə görə, kraudfandinq dünya təcrübəsində geniş tətbiq olunan maliyyələşdirmə üsullarından biridir. "GoFundMe" və "Kickstarter" kimi beynəlxalq platformalar vasitəsilə müxtəlif layihələr üçün böyük həcmdə vəsait cəlb olunur: "Qlobal kraudfandinq bazarının dövriyyəsinin 20 milyard dollardan çox olduğu bildirilir. Bu sahədə ianə və mükafat əsaslı kampaniyalarla yanaşı, borc, blokçeyn və digər modellərdən də istifadə olunur".

Millət vəkilinin fikrincə, qanunun qəbulu startapların və kiçik və orta müəssisələrin maliyyə imkanlarını genişləndirməklə yanaşı, ölkədə rəqəmsal maliyyə alətlərinin tətbiqinə də təkan verəcək: "Bu, bir tərəfdən startapların daha yaxından dəstəklənməsinə, digər tərəfdən isə rəqəmsal inkişafın və virtual maliyyə alətlərindən istifadənin genişlənməsinə şərait yaradacaq".

İqtisadçı Xalid Kərimli bildirib ki, kraudfandinqin müxtəlif formalarına cəmiyyətdə indiyədək də rast gəlinib. Onun sözlərinə görə, sosial şəbəkələrdə xəstələrin müalicəsi üçün pul toplanması və ya müəyyən problemlə üzləşən şəxslərə insanların birlikdə yardım etməsi kraudfandinqin sadə forması hesab oluna bilər. Lakin qanunun qəbulunda əsas məqsəd alternativ maliyyələşmə yollarının hüquqi bazasını formalaşdırmaqdır: "Xüsusilə startaplar, mikro və kiçik sahibkarlar üçün kraudfandinq vacib maliyyə aləti ola bilər. Yeni yaradılan bizneslərin çox vaxt girov təminatı və maliyyə göstəriciləri olmadığı üçün banklardan kredit əldə etməsi çətinləşir. Risk yüksək qiymətləndirildiyindən bu bizneslərin ənənəvi maliyyə bazarlarından vəsait cəlb etmək imkanları məhdud olur".

Xalid Kərimlinin fikrincə, kraudfandinq yüzlərlə və ya minlərlə insanın kiçik məbləğlərlə hər hansı layihənin maliyyələşdirilməsində iştirakına imkan verir. Bu vəsaitlər innovativ layihələrin və yeni biznes ideyalarının həyata keçirilməsinə yönəldilə bilər. İqtisadçı hesab edir ki, qanunun qəbulu vətəndaşlara da kiçik məbləğlərlə investisiya etmək imkanı verəcək: "Kraudfandinq yalnız yardım və ya ianə formasında olmur. Vətəndaş müəyyən biznesə vəsait yatıraraq həmin layihədən pay əldə edə bilər. Biznes uğurlu olduğu halda investor da ona məxsus paya uyğun gəlir götürə bilər".

Xalid Kərimli qeyd edib ki kraudfandinqin qanunla tənzimlənməsi investorların hüquqlarının müdafiəsi baxımından da əhəmiyyətlidir: "Əvvəllər də kimsə hər hansı biznesə borc və ya yatırım formasında vəsait verə bilərdi. Ancaq sonradan razılaşma yerinə yetirilmədikdə hüquqi problemlər yaranırdı. Qanunun qəbulu ilə bu proses rəsmi platformalar üzərindən həyata keçiriləcək və investorların hüquqlarının qorunması üçün hüquqi mexanizmlər formalaşacaq".

İqtisadçı ekspert Akif Nəsirli deyib ki, "Kraudfandinq haqqında" qanun layihəsinin qəbul edilməsi alternativ maliyyələşmə bazarının formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Bu mexanizm xüsusilə bank kreditlərinə çıxışda çətinlik yaşayan startaplar, mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün yeni maliyyə imkanları yaradacaq: "Sahibkarlar layihələrini geniş investor auditoriyasına təqdim etməklə daha çevik şəkildə vəsait cəlb etmək imkanı əldə edəcəklər. İnvestorlar isə kiçik məbləğlərlə perspektivli layihələrə sərmayə qoymaq, investisiya portfellərini şaxələndirmək və innovativ bizneslərin inkişafında iştirak etmək imkanı qazanacaqlar".

Akif Nəsirli qeyd edib ki, platforma operatorlarının fəaliyyətinin qanunla tənzimlənməsi və dövlət nəzarətinin tətbiqi bazarda şəffaflığın artmasına, investor hüquqlarının daha etibarlı qorunmasına xidmət edəcək.

İqtisadçı hesab edir ki, yeni mexanizmin üstünlükləri ilə yanaşı, müəyyən riskləri də nəzərə almaq lazımdır: "Erkən mərhələdə olan bizneslərin uğursuzluq ehtimalı yüksək olduğundan investorlar yatırdıqları vəsaiti qismən və ya tam itirə bilərlər. Buna görə də platformalarda məlumatların tam açıqlanması, risklərin düzgün izah edilməsi və investorların maarifləndirilməsi böyük əhəmiyyət kəsb edir. Sahibkarlar üçün də maliyyə hesabatlılığı, şəffaf fəaliyyət və investorlar qarşısında öhdəliklərin yerinə yetirilməsi kimi yeni tələblər yaranacaq".

A.Nəsirlinin fikrincə, qanunun effektiv tətbiqi, güclü nəzarət mexanizmlərinin qurulması və etibarlı kraudfandinq platformalarının formalaşdırılması təmin olunarsa, bu mexanizm Azərbaycanda innovasiya ekosisteminin inkişafına, investisiya mühitinin canlanmasına və sahibkarlığın maliyyələşmə imkanlarının genişlənməsinə mühüm töhfə verə bilər.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyevin sözlərinə görə, dünyanın müxtəlif ölkələrində uğurla tətbiq edilən kraudfandinq modeli artıq ənənəvi bank kreditləri və klassik investisiya mexanizmlərini tamamlayan alternativ maliyyələşmə vasitəsinə çevrilib. Azərbaycanda da belə hüquqi bazanın formalaşdırılması həm sahibkarlığın inkişafı, həm də investisiya mühitinin dərinləşdirilməsi üçün yeni imkanlar yarada bilər: "Kraudfandinq haqqında" qanun layihəsi Azərbaycanın maliyyə bazarlarının inkişafı istiqamətində perspektivli təşəbbüsdür. Onun əsas ideyası müasir iqtisadiyyatın tələblərinə cavab verir və alternativ maliyyələşmə imkanlarının genişlənməsinə xidmət edir. Bununla belə, qanunun real uğuru yalnız qəbul edilməsindən deyil, hüquqi sistemə nə dərəcədə səmərəli inteqrasiya olunmasından və praktik tətbiq zamanı etimad yaradan mexanizmlərin formalaşdırılmasından asılı olacaq. Bu məsələlər lazımi səviyyədə həll edilərsə, kraudfandinq Azərbaycanda təkcə yeni maliyyə aləti kimi deyil, innovasiya, sahibkarlıq, sosial təşəbbüskarlıq və vətəndaş iştirakçılığını stimullaşdıran müasir maliyyə infrastrukturu kimi formalaşa bilər".

Sevinc QARAYEVA

 





24.07.2026    çap et  çap et