"Qanun insanın azadlığını məhdudlaşdırmaq üçün deyil, azadlığını qorumaq üçün yaranıb" deyilsə də, tarix boyu bəşəriyyət qadağalarla yaşayıb. Hələ dövlətlər yaranmamışdan əvvəl qəbilələrin öz yazılmamış qayda-qanunları vardı. Kimin ov edəcəyi, kimin torpağı becərəcəyi, mübahisələrin necə həll olunacağı adətlərlə müəyyən olunurdu. Dövlətlər yarandıqca bu qaydalar daş lövhələrə həkk olundu, kitab halına salındı, zaman keçdikcə isə müasir hüquq sistemlərinin təməlini təşkil etdi.
Bu gün biz qanunu daha çox yol hərəkəti qaydaları, cinayət məcəlləsi və ya məhkəmə qərarları ilə əlaqələndiririk. Halbuki qanun bundan qat-qat böyük anlayışdır. O, cəmiyyətin yaddaşıdır. Hər qanunun arxasında bir qorxu, bir səhv, bir faciə, bir təcrübə və ya qorunmağa çalışılan bir dəyər dayanır.
İnternetdə tez-tez "Dünyanın ən qəribə qanunları" başlıqlı yazılar paylaşılır. Guya hansısa ölkədə göyərçini yemləmək, başqa bir yerdə saqqız çeynəmək, haradasa müəyyən heyvan saxlamaq qadağandır. İlk baxışdan bunlar zarafat təsiri bağışlayır. Amma həmin qanunların yaranma tarixini araşdıranda məlum olur ki, onların əksəriyyəti hansısa real problemin həlli üçün qəbul edilib. Hətta öz dövrü, öz mühiti üçün labüddür.
Əslində qəribə olan qanunlar deyil. Qəribə olan odur ki, biz onlara bugünkü dünyanın gözü ilə baxırıq.
Daş üzərində yazılan ədalət
Tarixin ən məşhur qanunlarından biri Babil hökmdarı Hammurapiyə məxsusdur. Eramızdan əvvəl XVIII əsrdə hazırlanan bu qanunlar toplusu hüquq tarixinin ilk sistemli məcəllələrindən biri hesab olunur.
Təxminən 282 maddədən ibarət olan bu qanunlar daş sütun üzərində həkk edilmişdi. Məqsəd sadə idi: insanlar hansı əmələ görə hansı cəzanın veriləcəyini əvvəlcədən bilməli idilər. Bu, dövrü üçün inqilabi yanaşma idi. Çünki qanun ilk dəfə hökmdarın şəxsi iradəsindən çıxaraq hamının görə biləcəyi yazılı sənədə çevrilmişdi.
Bu gün Hammurapinin bəzi qanunları bizə qəddar görünür. Ən məşhur prinsiplərdən biri "gözə göz, dişə diş" idi. Əgər tikinti ustasının inşa etdiyi ev uçur və ev sahibi həlak olurdusa, usta ölüm cəzası ala bilərdi. Müasir insan üçün bu, qəbuledilməz görünür. Ancaq dörd min il əvvəl keyfiyyətsiz tikinti yüzlərlə insanın həyatına son qoya biləcək təhlükə idi. Dövlət məsuliyyətsizliyi ən ağır cəza ilə dayandırmağa çalışırdı.
Bu gün biz həmin qanunlara gülümsəyirik. Amma bəlkə də dörd min ildən sonra gələcəyin insanları bizim qanunlara da eyni təəccüblə baxacaqlar.
Qəribə sayılan qanunlardan bəziləri
Dünyanın ən məşhur "qəribə qanunlarından" biri Sinqapura aiddir. Belə ki, uzun illər bu ölkədə saqqızın satışı ciddi şəkildə məhdudlaşdırılıb. Turistlər bunu eşidəndə təəccüblənirlər. Axı kiçik bir saqqız dövlət üçün necə problem ola bilər?
1980-ci illərdə Sinqapur sürətlə inkişaf edən şəhərə çevrilirdi. Küçələrdə, avtobus dayanacaqlarında, liftlərdə, metro vaqonlarında və hətta qapıların mexanizmlərində yapışdırılmış saqqızlar ciddi problemlər yaradırdı. Metro qapıları bağlanmır, təmizlik xərcləri durmadan artırdı. Hökumət məsələni cərimələrlə həll edə bilməyəcəyini gördü və daha sərt qərar qəbul etdi.
Bu gün Sinqapur dünyanın ən təmiz şəhərlərindən biri hesab olunur. Bu fakt göstərir ki, bəzən dövlət üçün ən böyük problem böyük cinayətlər deyil, milyonlarla insanın hər gün təkrarladığı kiçik məsuliyyətsizliklər olur.
Venesiya, əsrlərdir, dünyanın ən romantik şəhərlərindən biri sayılır. Müqəddəs Mark meydanında göyərçinləri yemləmək uzun illər turistlərin ən sevimli məşğuliyyətlərindən olub. Ancaq alimlər araşdırmalar zamanı müəyyən etdilər ki, minlərlə göyərçinin ifrazatı tarixi mərmər sütunları, heykəlləri və qədim tikililəri sürətlə aşındırır. Hər il onların bərpasına milyonlarla avro xərclənirdi. Nəticədə şəhər rəhbərliyi göyərçinlərin yemlənməsini qadağan etməli oldu. Ancaq bu qanun insanların quşlara sevgisini yox, şəhərin minillik tarixini qorumağı hədəfləyirdi.
Heç bilirdinizmi Yaponiyada yağışlı havada avtomobili ehtiyatsız idarə edib piyadanın üstünə palçıq və ya su sıçratmaq sürücü üçün hüquqi məsuliyyət yarada bilər? Kənardan baxan biri üçün bu, həddindən artıq həssaslıq təsiri bağışlaya bilər. Lakin yapon cəmiyyətini yaxından tanıyanlar bilirlər ki, bu ölkədə başqasına narahatlıq verməmək sadəcə nəzakət qaydası deyil, həyat tərzidir.
Metroda telefonla yüksək səslə danışmamaq, küçədə növbəni pozmamaq, ictimai yerlərdə ətrafdakı insanları narahat etməmək - bunlar yazılmamış davranış kodeksidir. Hüquq isə həmin mədəniyyətin davamıdır. Deməli, qanun yalnız cinayətin qarşısını almır, cəmiyyətin dəyərlərini də qoruyur.
Qəribə görünən qanunların bəziləri isə təbiətin acı dərslərindən doğur. Bu gün Avstraliyanın bəzi ştatlarında ev dovşanı saxlamaq xüsusi icazə tələb edir. İlk baxışda bu qərar mənasız görünür. Axı dovşan dünyanın ən zərərsiz heyvanlarından biri hesab olunur. Lakin XIX əsrdə Avropadan gətirilən dovşanlar Avstraliyada sürətlə çoxalmağa başladı. Onların təbii düşmənləri yox idi. Bir neçə onillik ərzində milyonlarla dovşan əkin sahələrini məhv etdi, otlaqları sıradan çıxardı, yerli heyvan növlərinin yaşayış mühitini daraltdı. Bu problem ölkənin ekologiyasına və iqtisadiyyatına milyardlarla dollar ziyan vurdu. Bununla da dövlət belə bir qanuna ehtiyac duydu.
Tailandda kral ailəsini təhqir etmək ağır cinayət hesab olunur. Ölkənin "lese-majeste" qanunları monarxı və kral ailəsinin üzvlərini təhqir edən şəxslər üçün ciddi cəzalar nəzərdə tutur. Bir çox Qərb ölkəsinin vətəndaşı bunu ifadə azadlığına zidd hesab edə bilər. Lakin tailandlıların tarixi və mədəni düşüncəsində monarxiya dövlətin və milli birliyin simvoludur.
Onu da nəzərə almaq lazımdır ki, internetdə "dünyanın ən qəribə qanunları" adı ilə dolaşan məlumatların heç də hamısı doğru deyil. Müxtəlif ölkələr haqqında elə iddialar yayılır ki, guya bazar günü dondurma yemək, müəyyən rəngdə geyinmək və ya hansısa heyvanla şəkil çəkdirmək qadağandır. Araşdıranda məlum olur ki, bunların əksəriyyəti ya köhnə, artıq qüvvədən düşmüş hüquqi normalardır, ya da ümumiyyətlə heç vaxt qanun olmayıb.
Tarix göstərir ki, heç bir qanun əbədi deyil. Vaxtilə qadınların səsvermə hüququnun olmaması bir çox ölkədə tamamilə normal hesab edilirdi. Bu gün isə bu fikir ağlasığmaz görünür. Bir zamanlar uşaq əməyindən istifadə etmək qanuni idi. İndi isə bu, insan hüquqlarının kobud şəkildə pozulması sayılır. Əvvəllər avtomobildə təhlükəsizlik kəməri taxmaq məcburi deyildi. Bu gün isə əksər ölkələrdə bu qayda minlərlə insanın həyatını qoruyan qanunlardan biridir. Deməli, qanun dəyişən cəmiyyətin güzgüsüdür. Cəmiyyət inkişaf etdikcə hüquq da yenilənir.
Biz də istisna deyilik
Dünyanın müxtəlif ölkələrindəki qeyri-adi qanunlardan danışarkən istər-istəməz belə bir sual yaranır: bəs Azərbaycanda da ilk baxışda qəribə görünən, amma əslində ciddi səbəblərə söykənən hüquqi normalar varmı? Əlbəttə, var. Sadəcə biz onları gündəlik həyatımızın bir hissəsi kimi qəbul etdiyimiz üçün qeyri-adi hesab etmirik.
Məsələn, tarixi və memarlıq abidələrinin üzərinə yazı yazmaq, onları zədələmək, daşlarını qoparmaq və ya görünüşünü dəyişdirmək qanunvericiliklə qadağandır. Kimsə bunu xırda məsələ hesab edə bilər. Ancaq İçərişəhərin qala divarına çəkilən bir yazı və ya Qobustandakı qayaüstü təsvirə vurulan cızıq əslində minilliklərdən gələn yaddaşa vurulan zərbədir. Hüquq burada daşları deyil, xalqın tarixini qoruyur.
Təbiətin mühafizəsi ilə bağlı qanunlar da buna bənzəyir. Milli parklarda qanunsuz ov etmək, nadir bitki növlərini toplamaq, xüsusi mühafizə olunan ərazilərdə ağac kəsmək ciddi məsuliyyət yaradır. Bəzən bu qadağalar insanlara sərt görünür. Lakin iqlim dəyişikliyinin bütün dünyanı narahat etdiyi bir dövrdə həmin qanunların əsl mahiyyəti daha aydın görünür. Onlar bugünkü rahatlığımız üçün deyil, sabahın yaşaması üçündür.
Yol hərəkəti qaydaları da zamanında çoxlarına qəribə gəlirdi. Təhlükəsizlik kəmərinin məcburi olması, azyaşlı uşaqların xüsusi oturacaqda daşınması, sərxoş vəziyyətdə avtomobil idarə etməyə görə sərt cəzalar... Bu qaydaların hər biri qəbul ediləndə müzakirələr doğurmuşdu. İllər keçdikcə isə statistika göstərdi ki, həmin qanunlar minlərlə insanın həyatını xilas edib.
Pandemiya illərində tətbiq olunan maska rejimi, karantin qaydaları və hərəkət məhdudiyyətləri də cəmiyyətdə birmənalı qarşılanmamışdı. Kimisi onları həddindən artıq sərt hesab edir, kimisi zəruri sayırdı. Bu gün həmin dövrə baxanda bir həqiqət aydın görünür: fövqəladə vəziyyətlərdə hüququn əsas vəzifəsi rahatlığı deyil, həyatı qorumaqdır.
Tarix bizə maraqlı bir həqiqəti öyrədir: hər dövr öz qanunlarını yazır və hər yeni dövr əvvəlkinin qanunlarına təəccüblə baxır. Necə ki, biz bu gün Hammurapinin qanunlarını qəddarlıq sayırıq. Ola bilsin ki, yüz il sonra bizim dövrün hüquq normaları da gələcəyin insanlarına eyni dərəcədə qəribə və sərt görünəcək. Bəlkə də o zaman süni intellekt həyatın ayrılmaz hissəsinə çevriləcək, robotların hüquqi məsuliyyəti, alqoritmlərin etik davranışı və rəqəmsal şəxsiyyətin hüquqları haqqında qanunlar hüquq fakültələrinin əsas mövzusu olacaq. Çünki hüquq daş kitabə deyil. O, cəmiyyətlə birlikdə yaşayan, dəyişən, yenilənən canlı mexanizmdir.
Qanun - cəmiyyətin tərcümeyi-halı
Əslində "qəribə qanun" anlayışı nisbidir. Sinqapur üçün təmizlik, Venesiya üçün tarixi irs, Yaponiya üçün qarşılıqlı hörmət, Avstraliya üçün təbiətin qorunması, Tailand üçün monarxiya milli dəyərdir. Qanunlar da həmin dəyərlərin hüquqi ifadəsidir.
Fransız filosofu Şarl Lui Monteskye yazırdı: "Qanunlar xalqın ruhuna uyğun olmalıdır". Bəli, hər bir xalq öz tarixini, ağrılarını, sevinclərini və dəyərlərini qanunlarında yaşadır.
Elə buna görə də qəribə görünən qanunlara gülməzdən əvvəl onların tarixçəsinə nəzər salmağa dəyər. Çünki bəzən ən məntiqsiz görünən qadağanın arxasında bir şəhərin taleyi, bir xalqın yaddaşı, milyonlarla insanın təhlükəsizliyi və əsrlərin təcrübəsi dayanır.
Qanun insanın azadlığını məhdudlaşdırmaq üçün deyil, bir insanın azadlığının digər insanın haqqını tapdamadığı bir cəmiyyət qurmaq üçün yaranıb. Bəlkə də onun ən böyük qəribəliyi də elə bundadır: çox vaxt biz qanunların əhəmiyyətini yalnız onları pozduqda və ya itirdikdə anlayırıq.
Əslində qanunlar yalnız qadağalar toplusu deyil, birgəyaşayışın görünməyən müqaviləsidir. O müqavilə pozulanda cəmiyyət zəifləyir, qorunanda isə inkişaf edir.
Deməli, qəribə olan qanunlar deyil. Qəribə olan insanlığın hər əsrdə eyni səhvləri təkrarlaması və hər dəfə onları düzəltmək üçün yeni qanunlar yazmağa məcbur qalmasıdır.
çap et