525.Az

Nobel laureatlarının ciddi narahatlıqları - So­sial şə­bə­kə­də ya­zı­lan­lar


 

Nobel laureatlarının ciddi narahatlıqları - <b style="color:red"> So­sial şə­bə­kə­də ya­zı­lan­lar</b>

Yusif Cəfərbəyli, muğam ifaçısı:

- Ulularımızın uyuduğu, valideynlərimin doğulduğu doğma yurd yerimiz Laçın rayonunun Sultanlar kəndinə hər səfərim məni həm sevindirir, həm də çox duyğulandırır. Düşünürəm ki, kaş ki, bu müharibələr, bu işğallar olmayaydı, mən də uşaqlıqdan öz doğma elimə gələrdim, uşaqlığım bu cənnət diyarda keçərdi, babam-nənəm sağ olardı, mən də onların yanında qalardım. Çox təəssüflər olsun ki, bu arzuları yaşamaq mənə qismət olmadı. Amma bütün bu acı reallıqlar yeni və daha gözəl arzular yaratdı qəlbimizdə. Bu arzular arzuların daha ümdəsi, başlıcası oldu: görmədiyimiz yurdumuzu görmək, havasını udmaq, suyunu içmək, əzizlərimizin məzarlarını ziyarət etmək. Uca yaradana sonsuz şükürlər olsun ki, ən böyük arzumuz gerçək oldu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə, müqəddəs şəhidlərimizin qanı və qəhrəman qazilərimizin canı bahasına mənfur düşmənlərdən azad olunan yurdlarımız bu gün abadlaşır, çiçəklənir. Qeyd edim ki, kəndimiz Sultanlar Azərbaycanın qədim və tarixi kəndlərindən biridir. Bu kənddə 1761-ci ildə dövrünün tanınmış bəylərindən olan və mənim də mənsub olduğum nəslin görkəmli nümayəndəsi Həmzə Sultan bəy Qaraçorlu tərəfindən saray binası inşa edilib. Mənbələrdə qeyd olunur ki, XVIII əsrdə bütövlükdə Zəngəzur bu mərkəzdən idarə edilirmiş. Saray Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur (İnventar № 4727). Kənd ərazisində saray binası ilə yanaşı, qədim qəbiristanlıq (XIV əsr), orta əsrlərə aid daş kitabələr, süjet xarakterli oymalar, at və qoç fiqurları mövcuddur. İşğala qədər kənd ərazisindən keçən Ağoğlançayın hər iki sahilində barlı-bəhrəli bağlar, nadir meyvə ağacları olmuşdur. Həmçinin bu kənddən çox sayda ziyalı insanlar çıxmışdır. İndi mənim və mənim timsalımda bizim Laçın rayonunun Sultanlar kəndinin sakinlərinin və əslən bu kənddən olan hər bir kəsin ən böyük arzusu tarixi kəndimizi yaxın gələcəkdə daha abad, daha gözəl, kəndin tarixi simasını yenidən bərpa olunmuş halda görmək və bu kənddə yenidən yaşayıb-yaratmaqdır. Ümid edirik ki, bu arzularımız da gerçək olar.

 

Ədalət Muradov, professor:

16 iyul 2026-cı ildə Nobel mükafatı laureatları Vatikanda keçirilən Süni İntellekt və Nüvə Müharibəsi üzrə Qlobal Nobel Laureatları Assambleyasında Sİ və nüvə silahlarının birlikdə bəşəriyyətin gələcəyi üçün misli görünməmiş təhlükə yaratdığı barədə xəbərdarlıq edən birgə bəyannamə imzalayıblar. Bəyannamədə nüvə dövrünün başlanğıcı ilə hazırkı Sİ dövrü arasında birbaşa paralel aparılır. Nobel laureatları Sİ-lə bağlı aşağıdakı əsas prinsipləri irəli sürürlər:

1. Sİ və nüvə silahları sahəsində rəqabətin gələcək əsri müəyyən etməsinin qarşısını almaq üçün təmkinli davranış və beynəlxalq əməkdaşlıq əsaslı idarəetməyə çağırış.

2. Sİ hazırlayan qurumların şəffaf və hesabatlı olmasını tələb etmək, insan nəzarəti olmadan tam avtomatlaşdırılmış və özünü təkmilləşdirən Sİ sistemlərinin qadağan edilməsi.

3. Sİ-n nüvə silahlarının işə salınması qərarlarından kənarda saxlanılması və nüvə infrastrukturunun kibermüdaxilədən qorunması üçün beynəlxalq müqavilənin hazırlanması.

4. BMT-nin Sİ üzrə Müstəqil Beynəlxalq Elmi Panelinin və Sİ-in inkişafına nəzarət edəcək yeni beynəlxalq institutların yaradılmasına dəstək.

5. Bu qlobal təhlükələrin aradan qaldırılmasında gənclərin və təhsilin həlledici rolunun vurğulanması.

Bəyannamə Bertrand Rassel və Albert Eynşteynin məşhur çağırışı ilə yekunlaşır: "İnsanlığınızı xatırlayın və qalan hər şeyi unudun".

Uğurlar!

Hər şey daha da yaxşı olacaq!

 

Natiq Cəfərli, iqtisadçı:

- Azərbaycan hökuməti "Temu"dan narazıdır - deyir ki, niyə məhsulları ucuz satırsan, guya bu, rəqabət məcəlləsini pozmaqdır. 

Bəli, dünyada "dumping" anlayışı var - hansısa istehsalçı (əsasən istehsalçı, xidmət sahəsi də ola bilər, amma buna az təsadüf olunur) bazara nəzarəti artırmaq istəyəndə istehsal etdiyi məhsulun qiymətini aşağı çəkir, bir müddər dözür, daha zəif rəqibləri o qiymətə istehsal etdiyi məhsulları sata bilmir deyə, sıradan çıxır, sonra "dumping" edən böyük şirkət bazarın böyük bir hissəsini ələ keçirib qiymətləri qaldırır, bununla da itirdiklərini artıqlaması ilə geri qaytarır.

"Temu" istehsalçıdırmı? Yox. "Temu" - Çin mənşəli, beynəlxalq onlayn alış-veriş və elektron ticarət platformasıdır. Şirkər birbaşa istehsalçılarla işləyir və geyim, elektronika, məişət əşyaları, kosmetika, oyuncaqlar və alətlər və s. daxil olmaqla milyonlarla fərqli məhsul təklif edir. Yəni qiyməti istehsalçılar qoyur, "Temu" isə məhsulları birbaşa istehsalçıdan alaraq çatdırılmanı həyata keçirir.

Yəni "dumping" etmək üçün imkanı məhduddur, qiyməti istehsalçı verir, "Temu" isə sifariş və çatdırılmada iştirak edir.

Yaxşı, bəs "Temu" şirkətinin fəaliyyətinə nəzarət olmalı deyilmi? Əlbəttə ki, olmalıdır. İstehlakçıların hüquqlarını dövlət qorumalıdır - əgər bəzi istifadəçilər sifariş edilən məhsulların keyfiyyətsiz, xarab çıxmasından və ya reklam olunan şəkildən fərqli gəlməsindən şikayət edirlərsə, mütləq araşdırma aparılmalı, istehlakçının hüququ qorunmalıdır.

Bəs indi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nədən məhz "dumping" məsələsini önə çəkib araşdırma aparır?! Kim şikayət edib bu məsələdən?! Hansı rəqibi?! Alan razı - satan razıdırsa, istehlakçılardan şikayət yoxdursa, niyə əl-ayağa düşüblər?! Yaxşı, tutalım, "Temu" cəza aldı, böyük cərimə ödəməli oldu - o zaman da, çatdırılma xidməti bahalaşdıracaq axı, həmin cəriməni biz - vətəndaş ödəməli olacağıq.

Bu sadə həqiqəti illərdir hökumətə çatdıra bilmirik - istənilən cərimə-vergi-rüsumun son ödəyicisi vətəndaşdır, biznes bunu cibindən ödəmir. Siz cərimələri artırdıqca, qiymətləri yüksəldirsiniz, vətəndaşın daha çox ödəməsinə səbəb olursunuz...

 

Eldəniz Əmirov, iqtisadçı-ekspert:

- Bazar günündən istifadə edib bir müşahidəmi bölüşmək istəyirəm.

Çox vaxt yeni komanda formalaşdıranlar elə təsəvvür yaradırlar ki, ingilis dilini bilmək avtomatik olaraq yüksək savad və peşəkarlıq deməkdir.

Halbuki əgər peşəkarlığın əsas meyarı yalnız ingilis dili olsaydı, o zaman ingilislər, amerikalılar və irlandlar dünyanın ən savadlı xalqları və ən peşəkar işgüzar komandaları hesab olunardı. Axı həmin ölkələrdə yaşayanların alimi də, fəhləsi də, hətta ölkələrində ən savadsız və bacarıqsız kimi tanınanları da ingilis dilini ana dili kimi bilir. Amma onların hamısı eyni səviyyədə bilik, analitik düşüncə və peşəkarlığa malik deyil.

Deməli, dil bilmək insanın peşəkar səviyyəsini avtomatik müəyyən etmir.

Çünki dil bacarığı peşəkarlığın çoxsaylı elementlərindən sadəcə biridir. Əsl peşəkarlığı müəyyən edən parametrlər isə analitik düşüncə, peşə biliyi, təcrübə, məsuliyyət, qərarvermə qabiliyyəti, komanda idarə etmə və nəticə yaratmaq bacarığıdır. Xarici dil isə bu bacarıqları daha geniş mühitdə tətbiq etməyə imkan verən üstünlüklərdən sadəcə biridir.

Söhbət dil öyrənib, öyrənməməkdən getmir. Şübhəsiz ki, ingilis dilini bilmək vacibdir və bu dil öyrənilməlidir. Ancaq kadrı yalnız bu meyar əsasında qiymətləndirmək düzgün yanaşma deyil.

 

Etibar Əliyev, fəlsəfə üzrə fəlsəfə doktoru:

- Məntiqin məqsədi insanı yanlışlıqdan qoruyan biliklər verməkdir. Məntiq məhz o elmdir ki, dərk olunmayanı dərkolunanın köməyi ilə açır. Yəni əsl həqiqət nədir və ona yaxın olan hansıdır? Yaxud nə yalandır və onların hansı növləri vardır? Bu suallara məntiq cavab verir.

Məntiqi bu cür izah etməyimə səbəb Prezidentin köməkçisi Hikmət Hacıyevin Almaniyada mühacir-bloger Tural Sadıqlı ilə qısa dialoqu səbəb oldu. Əslində Hikmət Hacıyev soyuqqanlı davranışı və polad məntiqi ilə Turalı dərslərindən "qeyri-kafi" alan şagirdin vəziyyətinə saldı. Doğrudan da, həqiqət mükəmməl dəyərdir.  

Həqiqətə inam insan həyatının radikal faktıdır və əgər biz həqiqəti amputasiya ediriksə, həyat illüziya və absurda qərq olur.

Xaricdə yaşayan siyasi mühacirlərin əksəriyyəti həqiqəti çoxdan amputasiya ediblər və elə bu səbəbdən də absurd həyat yaşayırlar.

Bir dəfə dahi Bertran Rasseldən soruşurlar ki, kimi əsl centlmen hesab etmək olar. Məşhur britaniyalı suala belə cavab verir: "Centlmen o adamdır ki, onunla ünsiyyətdə hər bir kəs istər-istəməz centlmen olur".

Tural Sadıqlı Hikmət Hacıyevlə söhbətdən centlemen ola bilməzdi. Çünki rüşeym yoxdur.

 

Şəfəq Mehrəliyeva, media eksperti:

- Prezident Tramp İspaniya ilə bütün əlaqələri kəsməyi tapşırdıqdan sonra İspan millisi gəlib onun ölkəsində 2026 Dünya Çempionatını udur və şəxsən öz əlindən mükafatı qəbul edir.

Bu gündən İspaniyanı keçirdim "qiryetti xalqlar" siyahısına.

Heyif, "Bəyin Oğurlanması" filmini görməyiblər. Yoxsa, kuboku alanda soruşardılar:

Senor Hidayet, como van las cosas?

 

Elçin Mirzəbəyli, millət vəkili:

- Milli olmaq, mənə görə, həm də qan yaddaşında, ruhunda, iliyində, onurğanda, düşüncəndə milliliyin əyilməyən, sınmayan milinin olması deməkdir. Bu millə bayrağımız və istiqlalımız toxunub. Bu mili qələmə çevirənlər milli düşüncəmizə Vətənə sədaqət andını yazıblar.

Və mili milli olanların ölçü vahidi nə kilometr, nə də MİL deyil, Azərbaycan sevdasıdır.

Həzarət, bu gün MİLLİ olanların bayramıdır!

Bayramımız mübarək!

Başımız üstündən üçrəngli bayrağımız, ayağımız altından müqəddəs torpağımız əskik olmasın!

Dövlətimiz, millətimiz əbədiyyən var olsun ki, biz də var olaq!

Tanrı BİZİ, sevdiklərimizi və qəlbimizdəki Azərbaycan sevgisini qorusun!

 





24.07.2026    çap et  çap et