525.Az

Fəxr və kədərin qovuşduğu göz yaşları - Rafael Hüseynov yazır


 

Fəxr və kədərin qovuşduğu göz yaşları - <b style="color:red"> Rafael Hüseynov yazır</b>

Onunla biz üz-üzə əyləşib söhbətimizi edəndə 1980-ci illərin lap başlanğıcı idi, o, 80-i arxada qoyub 90-ına doğru irəliləməkdə idi, amma cavanlığındakı od-yalovluğuna uyğun olaraq elə indi də yaşına görə yetərincə qıvraq idi, yaddaşı da tam sözünə baxırdı və Cəfər Cabbarlıdan elə şövqlə danışır və elə xırda təfərrüatları xatırlayırdı ki, dinlədikcə elə zənn edirdim mən də həmin dövrün içində, 1920-1930-cu illərin axarındayam.

Təkcə adamlar getməyib, daha o məhəllələr də yoxdur, tarixin səhifəsi çevrilib, bir müddət keçəcək, daha heç o yerlərdən ötrü qəribsəyənlər də qalmayacaq. Heç olmazsa o dünənki görüntüləri yazıda, sözdə qalsın. Məmməd Əlili söyləyirdi ki, o, Çadrovıda (sonrakı - Mirzəağa Əliyev), Cəfərgil Xrebtovıda (sonrakı - Tağı Şahbazi) yaşasa da, uşaqlıq vaxtı günü elə Cəfərgildə keçərmiş.

Cəfərlə qol-boyun gəzdikləri uşaqlıq illərindən həmişə simsar oldular, Sonayla Cəfərin toyunun masabəyisi də o qədər dostlar arasından məhz ən yaxınlığına görə Əlili seçilmişdi, bütün yaxşı-yaman günlərin hamısında yanaşı idilər.

Məmməd Əlili 1993-cü ildə dünyadan köçəndə 95 yaşı vardı və Azərbaycan kino həyatında təqribən hamının tanıdığı bir adamdı. Elə peşəkar Azərbaycan kinosu ilə eyni ildə - 1898-də doğulmuş Məmməd Əlili diri salnamə idi və kinomuzun onun qədər fədakarı olan ikinci adamı təsəvvür etmək çətindir.

Onun qapısı həmişə açıq idi, gecə-gündüz kilidləməzdi. Elə ürəyi də, təbiəti də o cürdü.

İlk dəfə Məmməd Əliligilə telefon danışığımızdan sonra qonaq gedəndə əvvəlcə qapını döydüm, səs verən olmadı, azacıq itələdim qapını, baxdım ki, açıqdır, fikirləşdim, yəqin, telefonla danışıb şərtləşdiyimiz üçün özü qapını açıq qoyub, yəqin, qonşu otaqda nəsə işi var, istəyib elə özüm açıb girim içəri. Daxil oldum, dəhlizdən "Məmməd müəllim!" çağırdım, yenə səs gəlmədi, üç-dörd addım atıb aralı qapıdan yan otağa boylandım, yox idi, ümumən, deyəsən, heç evdə ins-cins yoxdu, obiri otağın qapısını döydüm, səs yox, qapını araladım, adam gözə dəymirdi, qərara aldım ki, mənzildən çıxım, çöldə gözləyim, yəqin, nəsə baş verib ki, evdə heç kəs yoxdur.

Amma mənzildən çıxınca gendən Məmməd müəllimin gümrah səsi gəldi, "Hara qaçırsan, çörək almağa getmişdim".

Dedim ki, qapını niyə açıq qoyurdunuz ki, gözləyərdim də.

Güldü: "Bizim qapının bəyəm bağlı vaxtı olur ki?! Onsuz da həmişə açıqdır! Mənim evimdə oğurlanacaq bir şey yoxdur. Qapım da, ürəyim də ömrüm boyu hər kəsin üzünə açıq olub. Qapımın da, ürəyimin də hər kəsin üzünə açıq olmasının əvvəlinci dərslərindən birini elə Cəfər Cabbarlıdan almışam. Baxmayaraq ki, Cəfər məndən bir yaş kiçik idi. Həmişə ona mən ağsaqqalım, böyüyüm kimi baxmışdım".

Həqiqətən də, Əlili Cəfərlə uşaqlıq illərindən yoldaşlıq etmişdi - təxminən 11-12 yaşlarından. Ona görə də Məmməd Əlili deyirdi ki, Cəfər Cabbarlının 35 illik ömrünün 23 ili mənimlə yanaşı keçib və Cəfər Cabbarlını ömründə ən çox iz qoyan insanlardan biri kimi həmişə minnətdar məhəbbətlə anardı.

 Deyirdi ki, sənət ömrümün ilk ən xoşbəxt hadisəsi 1916-cı ildə "Neft və milyonlar səltənətində"də çəkilməyimdir.

Hərçənd həvəskar kimi Məmməd Əlili teatrla uşaq yaşlarından bağlı olmuşdu, hələ məktəb səhnəsində kiçik rollar ifa etmişdi - daha çox da qız rollarını. Çünki arıq-sısqa, səsi də bir az zərif uşaqmış, ona görə qız rollarına çox uyğun gəlirmiş. Ancaq vaxt keçmişdi, qoşulmuşdu Cahangir Zeynalovun (1865-1918) teatr dəstəsinə, başlamışdı ayrı-ayrı tamaşalarda xırda rollar da oynamağa. Özü söyləyirdi ki, "Neft və milyonlar səltənətində" filminə çəkilənəcən "Gave-yi-ahəngər"də Dəmirçinin uşaqları Rüstəmlə Bəhramın, "Hacı Qara"da Hacının oğlu Bədəlin, "Ölülər"də Cəlalın rollarını oynayıbmış.

Bunu da danışırdı ki, Cəfər də, o da yeni ayaq açan kinonun dəlisiymişlər, əllərinə pul düşən kimi cumurlarmış Bakının ovaxtkı kino-klubları "Palas"a, "Muza"ya, "Mars"a...

Bakının həyatı həmişə neftlə bağlı olub. Elə Azərbaycan, onun Bakısı dünya kino marafonuna qoşulanların əvvəlincilərindən oldusa, bunun da səbəbkarı "qara qızıl"dır. Özündə həm sərvət, firavanlıq, zənginlik, şöhrət, həm də nigaranlıqlar, acılar, sarsıntılar, faciələr daşıyan neft Bakının yalnız iqtisadi deyil, mənəvi həyatını da qısa bir zamanda elə sürətlə dəyişdi ki, XIX yüzilin sonlarının, XX əsrin əvvəllərinin Abşeron adamı, Bakı camaatı sanki keçmişdəkilər deyildi. İbrahimbəy Musabəyovun (1880-1942) "Neft və milyonlar səltənətində" povesti əslində tez yaranmış bir əsərdir. Çünki adətən dövrün yaşanılanları üstündən müəyyən zaman keçəndən sonra ədəbiyyatlaşır. Musabəyovun povesti isə neftin gəlişi ilə gətirdiyi yeni insan münasibətləri, ailə dramı, cəmiyyət ziddiyyətləri haqqında Azərbaycanın ilk bədii əsəri idi.

Həmin povest əsasında "Piron qardaşları" şirkəti 1916-cı ildə Azərbaycanın ilk bədii filmi "Neft və milyonlar səltənətində"ni çəkməyi qət edəndə və bu niyyəti gerçəkləşdirməkçün Peterburqdan rejissor Boris Svetlovu (1880-1943) və operator Qriqori Lemberqi (1873-1945) Bakıya dəvət edəndə kinomuz artıq xeyli yol keçib gəlmişdi və 18 yaşlı bir cavandı - dünya kinosu isə ondan vur-tut ikicə yaş böyük.

Məmməd Əlili o çağlar rus-tatar məktəbi ilə yanaşı molla məktəbində də təhsil alırmış və mollaxanada oxuması onun ilk bədii filmimizdə kadra gəlməsinə yol açmışdı. Çünki həmin filmdə əsərin qəhrəmanı Cəlilin uşaqlıq illərini, mollaxanada oxuduğu çağları əks etdirən epizodun da çəkilməsi nəzərdə tutulubmuş, bununla bağlı Svetlov və başının dəstəsi Bakının mollaxanalarını gəzib-dolaşır, hansının çəkiliş üçün daha münasib olmasını araşdırırlarmış.

Rəhmətlik Qulam Məmmədli (1897-1994) zarafatla deyərdi ki, Əlilini dəyirmanın gözünə ölü atsan, o tərəfdən diri çıxar.

Bu keyfiyyət - iki daşın arasından da çıxış yolu tapa bilmək fərasəti

Əlilidə elə kiçikliyindən varmış, məzə ilə, bir az da bəzəyərək söyləyirdi ki, müşahidələr aparmaq və çəkilişə uşaqlar seçməkçün oxuduğu molla məktəbinə gələn çəkiliş qrupunun üzvlərinin ona fikir vermədiyini görəndə onların növbəti gəlişində elə hoqqa durğuzubmuş ki, düşübmüş diqqət mərkəzinə. Mollaxanaya təşrif gətirənlərin arasında elə gendən boy-buxunu, geyimi, yaraşığı ilə bir rus xanımı hamının diqqətini çəkir. Bu, həmin filmdə Şəfiqə rolunu ifa edəcək aktrisa K.M.Piontkovskaya idi (o, sonralar daha iki məşhur səssiz filmdə çəkiləcək - 1917-ci ildə lentə alınan "Üç damla qan", bir də 1918-ci il istehsalı "Qara xrizantema" kinolarında). Fürsəti fövtə verməyən Əlili bu dəstənin nəzərini cəlb etməyin elə bu təmtəraqlı xanımın xoşuna gəlmək olduğu düşüncəsiylə valideynlərdən hansınınsa molla üçün gətirdiyi gül dəstəsini xəlvəti çırpışdırır, gətirib təqdim edir xanıma, aktrisa çox sevinir, ürəklə "Kakoy zameçatelnıy paren!" deyir.

Elə bircə bu qiymət bəs idi ki, Svetlovun mollaxana səhnəsində çəkəcəyi uşaqların arasında Məmməd Əlili də olsun.

"Neft və milyonlar səltənətində" Azərbaycanın mədəniyyət həyatında fövqəladə hadisə, büsbütün yeni bir füsunkar səhifənin açılması idi. Həmin filmdə gəlmə aktyor və aktrisalarla yanaşı özümüzünkülər də vardı - baş rolda Hüseyn Ərəblinski (1881-1919) çəkilmişdi, amma bu kinoşəkildə Hacıağa Abbasov (1888-1975)  da, Cəlil Bağdadbəyov (1887-1951) da, Murad Muradov (1884-1964) da vardı, xanəndə Cabbar Qaryağdıoğlu (1861-1944) da, onu müşayiət edən tarzən Qurban Pirimov (1880-1965) da, daha neçələri... Onlarla eyni sırada gənc Məmməd Əlilinin də həmin filmə düşməsi, əlbəttə, onun həyatının müstəsna hadisəsi və unudulmaz xatirəsi deməkdi.

Məmməd Əlili bir əsr uzunluqlu dolu ömür yaşadı. Biz onunla 1980-ci illərin əvvəllərində Cabbarlı söhbətlərini edəndə düşünürdüm ki, axı ömür vəfa etsəydi, Əlilidən 1 yaş kiçik Cəfərlə də beləcə qarşı-qarşıya oturub təmas qura, fikir bölüşə bilərdik...

...Köhnə Azərbaycan teatrında səhnədə suflyorlar üçün məxsusi yer düzəldilərdi. Səhnənin zirzəmisində onların ayrıca çuxuru olardı ki, orada gizlənər, aktyorlar çaşanda, sözləri unudanda dada yetər, mətni pıçıltı ilə oxuyaraq aktyorları naqolay vəziyyətdən qurtarar, tamaşanın pozulmasının qarşısını alarmışlar. Məmməd Əlili vaxtilə suflyorluq da etmişdi. Ancaq suflyorun da əlasından olmuşdu. Teatra uşaqlığından bütün varlığı ilə aludə olduğundan yalnız ayrı-ayrı rolları deyil, oynanan pyeslərin hamısını əvvəldən-sona sinədəftər edibmiş. Suflyor çuxuruna girəndə əlində kağız-kitab olmazmış, bütün replikalarını əzbərdən deyərmiş.

1930-cu ildə o, artıq 15 il idi ki, suflyorluq edirdi və günlərin birində Cəfər ona irad tutur ki, daha yetər, haçanacan o siçan deşiyində gizlənəcəksən? Sən teatr adamısan, bütün tamaşaları əzbər bilirsən, gərək bu işə daha yaxından qatılasan.

Və dostu, qayğıkeşi Cəfərin yüngül əli ilə Əlili böyük səhnənin alt qatından üst qatına çıxır - bu sözün həm dolayı, həm də birbaşa mənasında.

Həmin ildə Aleksandr Tuqanovun (1871-1960) rəhbərliyilə Azərbaycan teatrı Rusiyaya - Kazan və Leninqrada (Sankt-Peterburq) qastrol səfərinə çıxmalıymış və o vaxtlar teatrın ədəbi hissə müdiri olan Cəfər Cabbarlı San Sanıçdan xahiş edir ki, Əlilini özünə rejissor köməkçisi götürsün, əlavə də edir ki, tamaşaları idarə etməyi ona tapşırsan, peşman olmazsan, səni hər üzünə yarıdacaq, bütün oynanılacaq pyesləri əzbər bilir, camaatla işləməyi gözəl bacarır, qılıqlı adamdır, ruscası da yerində.

1930-cu ilin yayındakı o səfəri xatırlayarkən Əlili hər dəfə kövrələrdi ki, o qastrolla Cəfər mənə uçmağa qanad verdi...

...Əlili həyatını elə film kimi maraqlı edərək mənayla doldurmuş kinoya bənd olmasının da, bu sənətin fəhləsi olmaq məsləkini sevərək seçməsinin də əsas səbəbkarı Cəfəri sayırdı - "Neft və milyonlar səltənətində"dən ta "Almas"acan.

1933-cü ildə "Almas" filminə hazırlıqların başlanmasından tutmuş çəkilişlərin getdiyi bütün günlərəcən Əlili gecəli-gündüzlü Cəfərin böyründə imiş.

Əslində belə olması da Cəfərin Əliliyə daha bir yaxşılığı idi.

"Almas" bədii filminin çəkilməsi haqda qərar veriləndə Məmməd Əlili heç Bakıda deyilmiş - Çeçen-İnquş Muxtar Vilayətində çalışırmış, orada yerli teatr həyatının quruculuğunda yaxından iştirak edirmiş.

Həmişə fəxrlə deyərdi ki, orada başıma and içirdilər, məni özlərinin milli teatrının banilərindən sayırlar.

Heç gözləmədiyi halda günlərin birində Əlili Bakıdan, "Azərfilm"dən teleqram alır. Kinofabrika onu yeni çəkiləcək "Almas" filmində rejissor assistenti vəzifəsinə dəvət edirdi.

Əlili söyləyirdi ki, o vaxt Qroznıda Dövlət Teatrının bədii rəhbəri Aleksandr Tuqanov idi, 1931-ci il mayın 1-də çeçenlərin ilk dövlət dram teatrının yaranması haqqında qərar veriləndə San Sanıç buraya ilk dəvət edilənlərdən biri olmuşdu, Cəfərin tövsiyəsi ilə məni də əsas köməkçilərindən biri kimi ora aparmışdı, işə düzəltmişdi, hər şəraiti yaratmışdı, işimdən də, ondan da yerdən-göyə razıydım.

Amma "Azərfilm"dən göndərilmiş teleqramla eyni gündə Əliliyə Cəfərin 3 gün əvvəl göndərdiyi məktub da çatıbmış. Yazırmış ki, kinofabrikadan rəsmi dəvət teleqramı alacaqsan, bilirəm, Qroznıda işlərin yaxşı gedir, amma belə fürsət bir də ələ düşməz - çəkilməyə başlanacaq "Almas" filmində sənin rejissor assistenti təyin olunmağını təklif etdim, ssenari müəllifi kimi mənimlə razılaşdılar, ləngimədən özünü Bakıya çatdır, mənə bərk lazımsan.

Əlili etiraf edirdi ki, qalmışdım iki can arasında. Tuqanov da, xanımı Yevgeniya da mənə çox iltifat göstərirdilər, evlərinin daimi qonağıydım, buradakı işimdən də, məvacibimdən də razıydım, amma Cəfər də Bakıda məndən ötrü ağız açmışdı, filminin çəkilişlərində tam arxayın olacağı yaxın adama ehtiyacının olması bir tərəfə, həm də istəmişdi ki, mənim adım milli kinoda gözə dəyənlərdən olsun.

Əlili boynuna alırdı ki, o vaxt Qroznıdan icazə almayaraq, işdən ayrılması haqqında ərizə yazmayaraq, elə oğurluq - özbaşına aradan çıxıb.

Bunu da deyirdi ki, qaçmağa məcbur idim. Çünki irəlicədən əmin idim, Aleksandr Aleksandroviç Bakıya qayıtmaq istəməyimlə bağlı nə səbəb gətirsəm də, mənə heç vəchlə icazə verməyəcək, ancaq vicdanım da yol vermirdi ki, mənə ailələrinin doğması kimi baxan Tuqanovlara qarşı hörmətsizlik edim, onlardan heç bir xəbər vermədən, sağollaşmadan, fərari kimi ayrılım. Çox düşünəndən sonra qadın ürəyinə təsir edə biləcək bir bəhanə ilə San Sanıçın zövcəsi Yevgeniya Artyomovnanın yanına getdim, dedim ki, Bakıda istədiyim qız var, tezliklə özümü çatdırmasam, onlara elçi göndərməsəm, onu başqasına ərə verəcəklər. Bunu da əlavə elədim ki, bütün bunları San Sanıça ha desəm, getməyimə "hə" verməyəcək, ona görə ürəyimi sizə açıram.

Yevgeniya xanım kövrəlir, "mən bir söz tapıb deyərəm, sən yolundan qalma" deyir.

Əlili gəlmişdi Bakıya və düşmüşdü "Almas" macəralarının içinə.

Yada salırdı günortalardan birində Cəfərin onu da götürərək şəhərə qız axtarışına çıxmasını.

Əvvəl Cəfərin təklifi onu karıxdırıbmış, təəccüblə soruşubmuş ki, o nə sözdür danışırsan? Cəfər ürəkdən gülübmüş ki, "Almas" filmində Yaxşı rolunda çəkilmək üçün qəşəng bir qız lazımdır.

Minirlər tramvaya, düşürlər şəhərin canına, başlayırlar dayanacaq-dayanacaq gəzməyə ki, ya qismət, bəlkə qarşılarına haradasa gözəl bir qız çıxa.

Və Cəfər "qız ovu"na növbəti çıxışlarından birində qəfilcə Əlilini dümsükləyərək qabaq cərgədə oturan qıza işarə edir: "Əsl Yaxşıdır ki, durub. Sən bir ona yaxınlaş, ünvanını öyrən. Gedək ata-anasıyla, qohum-əqrəbasıyla danışaq".

Məmməd Əlili şəstlə qalxır, yaxınlaşır qıza, salam verir, Cəfərin tapşırdığı kimi, adını soruşur, ardınca da xəbər alır ki, harfda yaşayırsınız, ünvanınızı mənə deyə bilərsinizmi?

Əlilinin yadında bura qədər olanlar qalmışdı, sonrasından xəbəri olmamışdı. Əvvəlcə yağlı bir şapalaq gəlir, ardınca təpik, sonra da şiddətli şapalaq-təpiklər başlayır bir-birini əvəz etməyə.

Sən demə, həmin qızın yanında oturan həyat yoldaşı imiş. Elə zənn edir ki, xanımına sataşırlar, qeyrət güc gəlir, qeyzlə qalxır ayağa, Əlilini bəs deyincə çırpır. Cəfər dostunu qısqanc cavanın əlindən zorla qoparır.

Məmməd Əlili xatırlayırdı ki, sonralar həmin adamla dostlaşdıq da və o tramvaydakı dalaşmaq səhnəsini də həmişə qəhqəhəylə yad edərdik.

Cəfər qızın ailəsi ilə görüşüb razılığa gəlsə də, filmin rejissorları Ağarza Quliyevlə (1898-1976) Qriqori Braginski (1892-1964) məsələyə fərqli yanaşırlar, seçilmiş mümkün namizədlərdən başqasının üzərində dayanırlar, amma həmin xanım da, Əlilinin xatırlamasınca, sonralar hey təəssüflənərmiş ki, niyə "Almas"da mən çəkilmədim.

Amma "Almas"la bağlı Məmməd Əlilinin başqa xatirəsi də vardı. Söyləyirdi ki, qaydaya görə, filmin ssenarisi Moskvada təsdiq edilməli idi. Ona görə Cəfərlə mən təcili Moskvaya yola düşməli idik. Bunun üçünsə bizə vəsait ayrılmalı, ezamiyyət xərcləri ödənilməli idi, kinostudiyanın kassasında isə, həmişəki kimi, pul yox idi.

 1933-cü ildə "Azərfilm"in direktoru Mirşüca Ağamirov (1899-1977) adlı bir nəfərmiş. O, Cəfər Cabbarlıya qəbz verərək tapşırır ki, adlı-sanlı adamsan, səni əliboş qaytarmazlar, bu sənədlə bankdan pul ala bilərsiniz.

Cəfər vaxt itirməməkçün Əlilini biletləri almaqdan ötrü dəmiryol vağzalına göndərir, özü yollanır banka. Belə şərtləşiblərmiş ki, Əlili bileti alıb dönür Cəfərgilə, Cəfərin qayınanası Zeynəb xanımla yol üçün hazırlanmış pal-paltarı, yemək-içməyi götürərək gəlirlər vağzala, Cəfər də bankdan pulu alaraq qatarın yanında onları qarşılayır. Amma Əlili tezliklə biletləri alıb qayıtsa da, Cəfər bankdan pulu götürə bilmir. Cəfər zahirən sadə, saya görünən bir adammış, üstəlik həmin gün banka yollananda ev geyimindəymiş, ayağında da şəpik. Fikirləşibmiş ki, onsuz da buradan birbaşa perrona gedib öz kupemizə girəcəyəm, təzədən libası dəyişib ev paltarı geyinməyə ehtiyac qalmasın.

Banka çatınca sənədi göstərir ki, direktorun yanına getmək istəyirəm, buradan bizə pul verilməlidir, kinostudiyadan gəlmişəm.

Onu qarşılayan bank əməkdaşı gələnin təhər-tövrünə baxaraq qayıdır ki, direktor məşğuldur, işi çoxdur, sizi qəbul edə bilməyəcək, sabah şənbə, obiri gün bazardır, bazar ertəsi gələrsiniz.

Cəfər evə zəng vurur ki, Əliliyə çatdırın biletləri qaytarsın, çünki səfərimiz təxirə düşür, yəqin, bir neçə gün sonra yola çıxarıq, pulu ala bilmədim.

Əlili bu xəbəri alınca götürülür bank sarı. Deyirdi ki, özümü bankın yanına çatdıranda onu gördüm ki, Cəfər orada Azərbalıq idarəsinin şüşə vitrinləri arxasında qoyulmuş akvariumdakı balıqları seyr etməklə məşğuldur. Kəlmə kəsmədən Cəfərin qolundan tutub gətirdim bankın bağlı qapısının yanına, növbə çəkən milisə dedim ki, bu qonaq Türkmənistan bankının direktorudur, bizim bankın müdiri yoldaş Tağızadənin yaxın dostudur, onunla görüşməyə gəlib, siz də qonağı qapıda saxlamısınız!

Əlili bunları deyəndə qımışırdı ki, Cəfərin başında qulaqlı papaq, əynində noxudu köynək, ayağında da səndəl vardı, o görkəmlə Türkmənistan bankının müdiri sözləri hec cür uyuşmurdu, amma mənim geyim-kecimim nisbətən rəsmi idi, səsimə də amiranə ton vermişdim, odur ki, milisin bizə "buyurun" deməkdən savayı çarəsi qalmadı.

Məmməd Əlili girir Cəfərin qoluna, birbaşa qalxırlar bankın direktoru Tağızadənin kabinetinə.

Əlili söhbəti belə başlayır ki, aşağıdan buraxmırdılar, ona görə Türkmənistan bankının direktoru söhbətini özüm zarafatla dedim. Sizin yanınıza yazıçı Cəfər Cabbarlının xahişi ilə gəlmişik. Çünki Azərbaycanın həyatında böyük hadisə baş verəcək. "Almas" filmi çəkilir, o filmin çəkilişləri ilə bağlı Moskvaya getməliyik. Bizim vəsaitimizi gərək təcili ödəyəsiniz ki, elə bu gecə yola çıxa bilək.

Bankın direktoru qayıdır ki, mənə bayaq o barədə dedilər, ancaq pulu almaqçün əfəl bir adamı göndərmişdilər. Cəfər özü gəlsəydi, düşüb onu qapıda qarşılayardım.

Məmməd Əlili qayıdır ki, elə Cəfər budur da, yanımdadır.

Bankın direktoru, söz yox, Cəfər Cabbarlının adını eşitmişdi, onu uzaqdan-uzağa tanıyırdı, yəqin, Azdramada hansısa pyeslərinə baxmışdı da. Ancaq onu şəxsən tanımırdı, çoxları kimi, yəqin, o da Cəfərə əfsanəvi şəxsiyyət kimi yanaşırdı. Onun təsəvvüründəki nəhəng surətlə qarşısındakı bu sadə, başıpapaqlı, ayağı çəkələkli adam necə tən gələ bilərdi?! Odur ki, heyrət içərisində qalmışdı, bir az da pərt olmuşdu və çox dərinə getmədən əlüstü işi yoluna qoyur, qəbzi alıb ödənişi aparır, gələnlərlə üzrxahlıq edə-edə xudahafizləşir ("Almas"ın ekranlaşdırılması haqqında müsbət qərarın verilməsi, söz yox ki, Cəfər Cabbarlının həyatındakı ən əlamətdar hadisələrdən biri sayılmalı idi. Təbii, yazıçının pyesi kinoya çəkilirdisə, bu, özlüyündə ciddi uğur idi. Ancaq burulğanlı vaxtın bir para təhlükəli pərdəarxası cərəyanlarını nəzərə alarkən "Almas"ın ekranlaşdırılması haqqında hökumətin qərarı Cəfərçün sadəcə bir nailiyyət yox, ikiqat, üçqat uğur, daha artıq - xilas idi.

Çünki "Almas" pyesi 1931-ci il aprel ayının 13-də ilk dəfə nümayiş etdirildikdən azacıq sonra əsərə qarşı vahiməli həmlələr başlanmışdı. Həm də hiss olunurdu ki, bu hücum pyesdən daha əvvəl müəllifə qarşıdır, ona qarşı hazırlanan çoxgedişli məkrli planın tərkib hissəsidir. Ən qorxulu cəhətlərdən biri ondan ibarət idi ki, hər təzə əsəri, irili-xırdalı hər yazısı ilə yeni quruluşa, şura hökumətinə, sosialist məfkurəsinə sadiqliyini qabartmağa çalışan Cabbarlını məhz ideoloji səbatsızlıqda, sovet düşüncə tərzi ilə uyğunlaşmamaqda ittiham edirdilər. Qəlib də bəlli idi - sonralar, xüsusən siyasi repressiyaların bütün şiddəti ilə tüğyan etdiyi 1937-1938-ci illərdə bu cür evyıxıcı çoximzalı yazılar ənənəviləşəcək. Adətən də altına bir dəstə şairin, yazıçının, alimin imzası qoyulan bu sayaq ifşaçı məqalələr redaksiyalara birbaşa Mərkəzi Komitədən göndərilərdi.

"Kommunist" qəzetinin 1931-ci il 22 aprel sayında dərc edilmiş "Bir addım iləri, iki addım geri (Cəfər Cabbarlının "Almas"ı haqqında)" adlı məqalənin altında o çağın 4 nüfuzlu gənc ədibinin imzası dayanırdı: Əli Nazim (1906-1941), Hüseyn Mehdi (1909-1965), Süleyman Rüstəm (1906-1989), Rəsul Rza (1910-1981). Məqalədə deyilirdi: "Cəfər Cabbarlının dialektik materializmə yaxınlaşdığını zənn etmək olmaz. Çünki diqqət edilsə, görüləcəkdir ki, bütün mənfi tiplər materialistcə təqdim edildiyi halda Almas başda olmaq üzrə bütün müsbət şəxsiyyətlər ən adi bir idealist metodla işlənilmişdirlər".

Zahirən çox da kəskin tənqidi fikir kimi görünməyə bilər. Amma mahiyyətə enilirsə, bunun həddən artıq ağır suçlama olduğu aydınlaşar. Məqalə Cəfər Cabbarlını ideoloji baxımdan, məfkurə sarıdan yeni çağın tələblərinə uyğun olmayan kimi damğalamağa cəhd edirdi.

"Kommunist" ağıl verə-verə davam edirdi: "Əsərdə hadisələrin mərkəzi olaraq ictimai qüvvələr deyil, bəlkə şəxsiyyət və fərdin (Almas) mənliyi olaraq götürülmüşdür. Şəxsiyyət ümumiyyətin, cəmiyyətin və sinfin bir parçası kimi deyil, onlardan ayrı, onlara hakim bir vəziyyətə salınmışdır. Almas idealist dünyagörüşü nümayəndəsidir. İdealist dünyagörüşünə bəraət qazandırmaq məqsədi əsər quruluşunun ana xəttidir. Əsərin əsas ideyası budur. Bunun üçün materializm bu əsərdə vasitə və alət məqamında qalır, idealizmin xidmətinə verilir. Əsərdəki yeganə "dialektik" moment də bundan ibarətdir. Əsas etibarilə əsərin istiqaməti idealizmə doğrudur".

Məqalənin sonunda çıxarılan nəticələr, gəlinən qənaətlər və həm də bu yazının əsas ideoloji orqanda - "Kommunist"də dərc edilməsi, rəyin də altında bir deyil, bir neçə tanınmış gənc tənqidçinin imzasının olması bu məqaləni kollektiv mövqe, yuxarının baxışı kimi dəyərləndirməyə əsas verir.

 Məqalə əsas müddəalarını belə sistemləşdirirdi: "Bütün bu dediklərimizi yekunlaşdıraraq qeyd etmək lazımdır ki, Cəfərin özünü yenidən tərbiyə və quruş işində günün tələbatına uyğun hərəkət etmədiyini göstərir. Bundan başqa, əsər bizi yuxarıda qoyduğumuz suala böylə cavab verməyə məcbur edir: o öz məfkurəsi və siyasi istiqaməti etibarilə özünü millət və xalqın rəhbəri, avanqardı hesab edən, özünü "mədəniyyət Cəbrayılı" təhvil verən və işçi sinfi, komsomol və əməkçi kəndli kütlələrinin quruluşumuzdakı rolunu və firqənin rəhbərliyini bir növ pərdələmək istəyən xırda burjua ziyalılığının məfkurəsini ifadə edir və ona bəraət qazandırmaq istəyir. Cabbarlı "Sevil" körpüsü ilə "Aydın"dan "Almas"a keçdi. Bu, bir addım iləri sayıla bilər. Lakin o, eyni zamanda, iki addım geriyə döndü. Çünki bugünkü şəraitdə onun qabağına qoyulan suala cavab verə bilmədi. "Almas" müəllifin iki yol ayrıcında olduğunu göstərir. Cabbarlı o yollardan birinə - sonuna qədər kommunist firqəsi gedən yola doğru sıçramalıdır. "Almas" pyesinə gəldikdə, onun Türk Bədae Teatrosunda qalması üçün yeganə şərait əsərin idealizm və xırda burjuaziyalı məfkurəsindən təmizlənməsi və doğrudan da, bizimlə əl-ələ gedən bir yazıçı əsəri halına salınmasından ibarətdir". Bu məqaləni əsla hansısa yeni pyesin premyerasından sonra qəzetlərdə dərc edilən tənqidi məqalələrlə müqayisə etmək düz olmaz. Cabbarlını dövlətlə, mövcud siyasətlə "əl-ələ getməyən" sayan bu yazı ittiham aktı idi, Cəfəri aradan götürməyə tədarükün açıq nişanəsi idi. 1923-cü ildə Cəfərin ÇeKa zindanından möcüzəli şəkildə azad olunmasında o vaxtlar Azərbaycan Fövqəladə Komissiyasının katibi və kollegiya üzvü olmuş Əsəd Axundov müstəsna xidmət göstərtmişdi. Ehtimal ki, Cabbarlıya qarşı 1931-ci ildə yuxarı səviyyədə qazılan quyunun dərin uçuruma çevrilməsinin qarşısını almağa yardımçı olan, elə dövlətin içində hansısa çox yüksək səlahiyyətli kim, ya kimlərsə varmış. Qasırğa sovuşmuşdu, üstəlik "Almas"ın ekrana yolu açılmışdı).

...Məmməd Əlili çox söhbətcil kişi idi, ömrünün Cəfərli 23 ilindən o, 23 il danışa bilərdi. O vaxt, 1980-ci illərdə lentə yazdığım bir neçə saatlıq söhbətini indi dönə-dönə dinlədikcə özümü də elə həmin 23 ilin qoynunda, 1920-1930-cu illərin Bakısında, Cəfər Cabbarlının nəfəsini duyacaq qədər yaxınında görürəm...

Və sabahları görməyə qadir Cəfər ömür möhlətinin sonunun haçan yetişəcəyini də hiss edirmiş, çox da uzaqda olmayan əbədi gedişi haqqında elə sözarası bir neçə dəfə Məmməd Əliliylə də dərdləşibmiş.

1930-1931-ci illərdə nəzarət altında olduğunu, hər hərəkətinin, hər sözünün güdüldüyünü duyan, vaxtaşırı müxtəlif namərd badalaqlara məruz qalan Cəfər bir dəfə növbəti qarayaxadan aralanandan sonra Əliliyə yorğun-yorğun ürəyini açıbmış ki, onsuz da bizim nəsil az yaşayandır, əksəri də ürəkdən gedib, yəqin, mən də çox yaşamayacağam. Ancaq mənə macal vermirlər ki, Allahın yazdığı az ömrü də heç olmazsa adam kimi yaşayım. Lap bezmişəm, nə qədər ehtiyat eləyə-eləyə danışmaq, yazmaq, davranmaq olar! O gün yuxuda görmüşəm ki, yuxumu da pusurlar, elə yuxunun içində sarsıldım, oyanandan sonra xeyli müddət özümə gələ bilmədim, ürəyim sürətlə çırpındı. Belə getsə, bu məlunlar ürəyimi lap tez partladacaqlar.

Bunu hələ güman, fərziyyə kimi demişdi, ancaq ürəkdən lap tezliklə gedəcəyini Əliliyə əsəbi bir həyəcanla əminliklə açıq söylədiyi də olmuşdu.

Elə həmin 30-cu illərin əhvalatıdır - Əlilini iki bəla eyni vaxtda haqlayıbmış - ehtiyatsızlıqdan yıxılaraq ayağını bərk sındırıbmış, bu, azmış kimi, möhkəm də soyuqlayıbmış, öskürək kəsmək bilmirmiş, sinəsi xış-xış xışıldayırmış. Deyir, ağzımı açıb söz demək istəyən kimi öskürək məni boğurdu, az qalırdı ürəyim ağzıma gəlsin.

Dost-tanış, qonşular Semaşko xəstəxanasında yerləşdirilmiş Əliliyə baş çəkirmişlər və bir axşam Cəfər də gəlir, dostunun yalnız ayağının deyil, boğazının da sarıqlı olduğunu, fasiləsiz öskürdüyünü görəndə gülür, zarafat edir ki, aşna, ehtiyatlı ol ha, birdən vərəm olarsan, işləri korlayarasan, ölüb-eləyərsən, filmimizə təzə rejissor assistenti axtarmalı olarıq.

Cəfərin gülə-gülə, zarafatla dediyi sözləri Əlili ürəyinə salır, həm də o sözlərdən sonra şübhələnir, fikirləşir ki, Cəfər bunu boşuna deməzdi, görünür, nəsə eşidib-bilir, mənimki də bura qədərmiş.

O gündən mısmırığını sallayır, onu yoluxmağa gələnlərlə danışmaq da istəmir, hey susur.

Sona xanım Əliliyə yemək gətiribmiş, ancaq ruhdan düşmüş xəstə digər gələnlər kimi, onu da soyuq qarşılayır, danışmaq istəmir, Sona xanım başlayır sorğu-suala ki, Əlilinin özünü belə soyuq aparmasının sirrini tapsın.

Axırı Əlili dilə gəlir: "Sona bacı, axırım çatıb, vərəm olmuşam, öləcəm, Cəfər dedi".

Sona xanım gülür ki, ay Məmmədağa, Cəfəri tanımırsan, zarafat edib səninlə, vərəm nədir, boş söhbətdir, dikəl, sənə kəlləpaça gətirmişəm, ye, sınığına da, öskürəyinə də xeyirdir.

Görünür, Sona xanım evə gedib Əlilinin giley-güzarını Cəfərə çatdırır, o da sabahı gözləmədən elə həmin axşam xəstəxanaya təzədən baş çəkir.

Palataya salam-kəlamsız girir ki, Əlili, o nədir, Sonaya məndən şikayət eləmisən, sənə zarafatla dediyim sözləri həqiqət kimi qəbul edib fikir çəkirsən. Elə indi sənin mərtəbənə qalxanda həkimdən bir də soruşdum, dedi ki, soyuqdəymən də keçir, qılçın da sağalır, üç-dörd günə evə buraxılacaqsan. Amma əsl ağır olan mənim vəziyyətimdir, məndə stenokardiya var, bu yaxınlarda gedəcəm.

Əlili söyləyirdi ki, elə zənn etdim Cəfər harasa müalicəyə getməyi düşünür, həmin səbəbdən belə deyir, ona görə də hara gedəcəyini soruşdum.

Cəfər dərhal cavab verir ki, Elxanın, Firəngizin yanına, gün olar, məzarımın üstünə gələndə bu sözləri xatırlarsan...

Məmməd Əlilinin əziz dostu ilə bağlı son qəmli xatirəsi də yenə xəstəxana ilə bağlı idi. Artıq Cəfər Cabbarlı həyatda yoxmuş. 1935-ci ilin martı imiş, Məmməd Əlili səhhətindəki sıxıntı ilə bağlı Moskvada xəstəxanada yatırmış, o günlərdə sovet paytaxtında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin ikinci plenumu keçirilir, iclasın radio ilə canlı yayımı gedirmiş və yığıncağı Maksim Qorki (1868-1936) idarə edirmiş.

Hələ yara təzə idi, Cabbarlının inanılmaz əbədi gedişindən heç 3 ay keçməmişdi və Cəfərin adının hər çəkilişinin əzizlərində, doğmalarında, dostlarında ixtiyarsız qəhər doğurduğu günlər idi.

Qorkinin o anda dedikləri Əlilinin yaddaşına necə həkk olunmuşdusa, onillər sonra da həmin çıxışı, o çıxışdakı hər kəlməni olduğu kimi xatırlayırdı: "Əziz yoldaşlar! Yazıçı və şair, adətən, 30-35 yaşlarında yazmağa başlayırsa, Cəfər Cabbarlı 35 yaşında tamamlanmış, püxtələşmiş bir dramaturq idi. Gün gələr ki, dünyanın bir çox darülfünunlarında və tədqiqat ocaqlarında Cabbarlının yaradıcılığını təhlil edər, onun yaratdığı dramaturgiyanı sətir-sətir öyrənərlər".

Cəfər Cabbarlının ölümündən lap azacıq ötürdü. 1934-cü ildə o da Moskvada olmuşdu, SSRİ yazıçılarının avqustun 17-si ilə sentyabrın 1-i aralığında keçirilən birinci qurultayında çıxış etmişdi. Həm də nitqi elə parlaq olmuşdu ki, eşidənlərin hamısı heyran qalmışdı, bir çoxları qiyabi olaraq tanıdıqları Cabbarlını əyani görüb-eşidincə sanki yenidən kəşf etmişdilər.

Ancaq Yazıçıların Birinci Qurultayından yarımca il keçirdi, 1935-ci ilin yazı gəlirdi, cavan Cəfər Cabbarlı isə artıq həyatda yox idi.

Bu plenum həmin qurultaydan sonra sovet yazıçılarının ilk böyük yığıncağı idi. Məmməd Əlili xatırlayırdı ki, qürbətdə, vətəndən uzaqlarda, Moskvada, xəstəxana çarpayımda uzanmışdım, radioda translyasiya gedirdi, Qorki danışırdı, Cəfər haqqında iftixar oyadan sözlər deyirdi, özümdən ixtiyarsız için-için ağlayırdım, həqiqəti bütün acısı ilə duysam da, Cəfəri daha heç vaxt görə bilməyəcəyimi yaxşı anlasam da, bu dərdlə heç cür barışa bilmirdim ki, o, artıq yoxdur...

29 iyun 2026

 





24.07.2026    çap et  çap et