525.Az

"Həyatla səhnə arasında çox qəribə ziddiyyətlər var" - Xalq artisti Yasin Qarayev


 

"Həyatla səhnə arasında çox qəribə ziddiyyətlər var" - <b style="color:red"> Xalq artisti Yasin Qarayev</b>

Azərbaycan teatr və kino sənətinin korifeylərindən olan Xalq artisti Yasin Qarayevin bu günlərdə 80 yaşı tamamlandı. Özünün dediyinə görə, doğulduğu gün sənəddə mayın 22-si qeyd olunsa da, əslində, iyulun 21-də dünyaya göz açıb. Əlamətdar yubiley münasibəti ilə görkəmli sənətkarımızla görüşüb yaradıcılıq yolundan, unudulmaz tərəf-müqabillərindən, gənc nəslin potensialından və teatrın bu günündən danışdıq:

 

- Yasin müəllim, fəaliyyətiniz necə gedir? Teatrdakı bugünkü mühitdən və şəraitdən razısınızmı?

- Təxminən 7-8 ildir teatrımıza yeni direktor təyin olunub. Bəziləri elə bilirlər ki, o, mənim qohumumdur, amma heç bir qohumluğumuz yoxdur. Sadəcə, rəhbərliyin bir ağsaqqal kimi mənə çox gözəl münasibəti var. Özü də nəcib bir nəsildən gəlir. Mən onu hələ pioner yaşlarından tanıyıram.

Atası Məbud İsmayılzadəni də yaxşı tanıyırdım. Mən o vaxtlar həvəskar idim, xalq teatrlarına gedirdim. Məbud müəllim 30-a yaxın xalq teatrının təməlini qoymuşdu. Yəni belə bir ziyalı valideynin övladıdır, savadlı xanımdır. Uzun illər kinoda, Filarmoniyada, Mədəniyyət Nazirliyində çalışıb - yerində olan adamdır. Arzu edərdim ki, Azərbaycandakı bütün teatrlara belə öz yerində olan şəxslər rəhbərlik etsin. Teatrı dərindən duyan adam rəhbər olmalıdır.

- Geriyə nəzər salanda öz sənət yolunuzda hansı hadisəni və ya şəxsi dönüş nöqtəsi hesab edirsiniz?

- Teatra təzə gəldiyim illər idi. 3-4 il işləsəm də, mənzilim yox idi, maaşlar da çox az. Mərkəzi Univermağın yaxınlığındakı diş poliklinikasında rəhmətlik Rasim Balayevlə rastlaşdım. Bizim onunla tanışlığımız tələbəlik illərindən var idi. Onda Rasim cavan idi. Dedi ki: "Yasin, mən hər şeyi atıb Ağsuya gedəcəyəm. Atam ordadır, dolana bilmirəm, gedim bir klub müdirliyinə düzəlim, işləyim".

Çox keçmədi mən hərbi xidmətə getdim. Əsgərlikdə olarkən mənə məktubla Rasimin şəklini göndərdilər. Gördüm ki, "Nəsimi" filminə çəkilib.

Mən əsgərlikdən qayıtdıqdan sonra teatrda çalışmağa davam etdim. İctimai işləri çox sevirdim. Məni gənc yaşımda Həmkarlar İttifaqının sədri qoydular.

1978-ci ilin martında Səbail (o vaxtkı 26 Bakı komissarı) rayonunda yerli seçkilər keçirilirdi. Məni də Həmkarlar təşkilatının nümayəndəsi kimi bir məktəbdəki seçki məntəqəsinə təhkim etmişdilər. Dedilər ki, Heydər Əliyev bura gələcək.

Biz o vaxtlar mərkəzi sarayda (indiki Heydər Əliyev Sarayı) Hüseynağa Sadıqov, Hacıbaba Bağırov, İlham Namiq Kamal kimi ustadlarla birgə konsertlərdə kiçik səhnəciklər oynayırdıq. O vaxt dövlət tədbirlərinə Heydər Əliyev şəxsən gələr, tamaşadan sonra kulisə keçib aktyorlarla tək-tək görüşərdi.

O seçki günü Heydər Əliyev məntəqəyə daxil oldu. Məni saraydakı çıxışlarımdan yadda saxlamışdı. Yaxınlaşdı, mənə tərəf baxıb tanıdığını bildirdi... İnanılmaz bir hafizəsi var idi. Mənlə hal-əhval tutdu. Sonra dedi ki, sizin teatr üçün iki sərəncam hazırlanıb, birinə əsasən teatra yeni bina tikiləcək, digərinə görə isə teatrınızın 50 illik yubileyi Moskvada keçiriləcək, yaxşı hazırlaşın. Mən də oraya 9 tamaşa ilə hazırlaşdığımızı dedim. Sonra qəfil ürəkləndim və dedim ki, mən teatrın Həmkarlar İttifaqının sədriyəm, 18 ildir bizim teatrın heç bir işçisinə ev verilmir. Ətrafına baxdı və "aydındır" deyib sağollaşdı. İki gün sonra məni çağırdılar və dedilər ki, ev üçün növbədə neçə nəfər var? Dedim 10 nəfər. Dedilər, get hamısının sənədini hazırla, gətir. Elə həmin gün hamısının sənədini hazırladım və təqdim elədim. Məlum oldu ki, Heydər Əliyev 10 nəfərin hamısına ev verib. Onlardan biri də mən idim. O dönəm vəziyyətim çox çətin idi, ailə qurmuşdum və kirayədə yaşayırdım. Əgər o ev verilməsəydi, mən də Rasim Balayevin dediyi kimi, buradan getməyi, başqa sahəyə üz tutmağı düşünürdüm. Həyatımın, yaradıcılığımın dönüş nöqtəsi məhz bu hadisə oldu. Allah Heydər Əliyevə qəni-qəni rəhmət eləsin!

- Oynadığınız obrazlardan hansı sizə daha çox bənzəyir?

- İsi Məlikzadənin "Gəl qohum olaq" tamaşası var idi. O, həmin tamaşanı mənim üçün yazmışdı. İsi müəllim Ağcabədidən idi. Söhbət zamanı dedim ki, mənim ana tərəfdən ulu babam Ağcabədinin Qaradolaq kəndindən olub. O da həmin komediyada hadisələri Qaradolaq kəndində yazdı. Əsərin baş qəhrəmanı Qarakişi Qaradolaqdandır. Obrazın adı da ona görə Qarakişidir ki, mənim soyadım Qarayevdir. O əsəri 18 il səhnədə oynadım. Sonra onun filmini çəkmək qərarına gəldik. Artıq mənim saçlarım ağarmışdı, əsgərlikdən təzə gəlmiş gənc obrazını oynaya bilməzdim. Ona görə də yerimə aktyor axtarışına çıxdım. Çox axtarışdan sonra Rəfail İsgəndərovda qərarlaşdıq. O da bu obrazı çox gözəl canlandırdı.

Ondan başqa, bu teatra yeni gəldiyim zamanlarda Zəfər Nemətovun quruluşunda "Komsomol poeması" oynanılırdı. Orada canlandırdığım Cəlal da mənə çox yaxın obrazdır.

- Bəs hansı obrazı canlandırmaq sizin üçün daha çətin olub?

- Əli Əmirlinin əsəri əsasında Bəhram Osmanovun hazırladığı "Cəza" tamaşasında Mircəfər Bağırovun prototipini yaradırdım. O da konkret tarixi şəxsiyyət olduğu üçün gərək onun haqqında məlumat toplayaydım, həqiqətə uyğun oynayaydım. Ümumiyyətlə, hansı obraz olur-olsun, mənfi də olsa, onu canlandırarkən gərək mənim onu müdafiə etməyə sözüm olsun. Zamanında onu tanıyan insanlarla söhbətimdən onun haqqında müəyyən məlumatlar topladım ki, səhnədə həqiqətə yaxın olsun. Yəni bu obraz mənə asan başa gəlmədi.

- Aktyorun şəxsi xarakteri ilə səhnədəki xarakteri arasında nə qədər oxşarlıq olmalıdır?

- Tamamilə fərqlidir. Həyat çox çətindir. Həyatla səhnə arasında çox qəribə ziddiyyətlər var. Bu ziddiyyətlər xarakterlərdə də özünü göstərir.

- Siz zamanında bir çox korifey sənətkarlarımızla bir səhnəni bölüşmüsünüz. İndi bir çoxu dünyasını dəyişib. Onları necə xatırlayırsınız? Çox tez-tez xatırladığınız tərəf-müqabiliniz kimdir?

- Əvvəla, çox gözəl sualdır, qəlbimin yaralı nöqtəsinə toxundunuz. Təbii ki, mən o böyük sənətkarların hamısını görmüşəm. Onlar haqqında düşünəndə keçmiş hadisələr, oynadığımız tamaşalar, bölgələrə etdiyimiz qastrol səfərləri və aramızdakı o məhrəm münasibətlər gözlərim önündən kino lenti kimi keçir.

Bunları xatırlayanda içimdə sanki bir matəm musiqisi səslənir. Çünki söhbət Azərbaycan teatrına, kinosuna böyük töhfələr vermiş, mədəniyyət tariximizə adlarını qızıl hərflərlə yazmış şəxsiyyətlərdən gedir. Mən onlarla birgə çalışmışam. Qələm sahibi olsaydım, hər birinin xarakteri haqqında ayrı-ayrılıqda bir kitab yazardım.

Məsələn, Yusif Vəliyev kimi çox böyük bir aktyor var idi. Bütün müsahibələrimdə usanmadan deyirəm və dünyasını dəyişənlərin ruhundan üzr istəyərək yenə təkrar edirəm: mən həmişə Yusif Vəliyevi Azərbaycanın bir nömrəli aktyoru hesab etmişəm. Onun bütün yaradıcılığı gözümün qabağındadır. O, həddindən artıq savadlı idi. Elə bir səs tembri var idi ki, bu, sırf Allah vergisi idi. Duyumu, aktyorluq duyğusu və dünyagörüşü o qədər geniş idi ki, heç bir rolda çətinlik çəkməzdi. Məşqdə yeni əsər ilk dəfə oxunanda rejissor dərhal deyirdi: "Elə budur! Yusif müəllim sənətkardır, artıq ayrı heç nəyə ehtiyac yoxdur".

Abbas Mirzə Şərifzadə, Mərziyyə Davudova kimi böyük sənətkarların qızı olan Firəngiz Şərifova özü də böyük aktrisa idi.

Xuraman Hacıyeva, Gülşən Qurbanova, Azər Mirzəyev kimi unudulmaz adlar var... Hansı birindən danışım? Bu gün onları xatırlayanda deyirəm, yaxşı ki zamanında onlarla birgə çalışmışam, ünsiyyətdə olmuşam, tamaşalar oynamışam, Azərbaycanın bütün bölgələrini birgə gəzmişəm. O insanları hər zaman xoş xatirələrlə yad edirəm.

- Bəs indiki aktyor və aktrisalarımız haqqında nə deyə bilərsiniz? Sizcə, korifeyləri əvəz edə bilən gənclər yetişirmi, ya da yetişəcəkmi?

- Bilirsiniz, hazırda gənclərimiz çoxdur. Məlum olduğu kimi, 2009-cu ildə üç teatr - Bakı Kamera Teatrı, Dövlət Gənclər Teatrı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı birləşdirildi. Təbii ki, hazırda Azərbaycandakı teatrlar arasında ən çox aktyor heyəti bizim teatrdadır. Birləşən bu kollektivin içində gənclər çoxdur, bu illər ərzində yetişənlər, fəxri adlar alanlar oldu. Aralarında ümidverici gənclər həqiqətən çoxdur. Amma bir məqam var: sənətkar bir-iki günə yetişmir. Bunun üçün zaman lazımdır.

Məsələn, Nicat Kazımov 30 ildən çoxdur bu teatrda çalışır. Onun necə inkişaf etdiyinin canlı şahidi oldum. Əvvəlcə həddindən artıq istedadlı bir aktyor kimi tanındı, sonra gördüm ki, rejissorluq edir, tamaşalar hazırlayır. O, böyük kütləvi tamaşaların öhdəsindən mükəmməl gəlir. Amma bu da birdən-birə olmadı. Onu da zaman yetişdirdi.

- Son illər tamaşaçı zövqünün dəyişdiyini hiss edirsinizmi?

- Ölkəmizdə son illər baş verən hadisələr - pandemiya, müharibə, qurban gedən şəhidlərimiz və sair kimi hadisələr, məncə, insanları teatrdan uzaq saldı. Tarixdə görünməmiş qələbə idi bizim qələbəmiz. Bu qələbədən artıq 6 ilə yaxın zaman keçib, amma ona layiq nə film çəkilib, nə də tamaşalar var. Gənc Tamaşaçılar Teatrında buna həsr olunmuş bircə tamaşa var ki, onu da Nicat Kazımov səhnələşdirib. Ədəbiyyat adamları, dramaturqlar niyə yazmırlar bu haqda? Yazsınlar ki, rejissorlarımız səhnələşdirsin, biz də oynayaq. Axı bu, bizim tariximizdir...

- Sənət yolunda aldığınız ən dəyərli məsləhət hansı olub?

- 52 ildir ki, bu sənətdəyəm, Gənc Tamaşaçılar teatrında çalışıram. Bu illər ərzində məni çox teatrlardan dəvət ediblər. Akademik Milli Dram Teatrı, Musiqili Teatr və sair kimi böyük teatrlarımızdan dəvətlər almışam. Amma mərhum sənətkarımız Hüseynağa Sadıqov, Süsən Məcidova, Süleyman Ələsgərov kimi sənətkarlarımız həmişə deyirdilər ki, sən bu teatr üçünsən, buradan heç yerə getmə, sənin yerin buradır. Mənimçün bu, ən dəyərli məsləhət idi.

- Bu gün sizi xoşbəxt edən nədir?

- İşimlə məşğulam, teatrda işimin başındayam, yeni tamaşalarımız var. Yaxın zamanlarda Cənnət Səlimovanın quruluşunda "Hacı Qara" tamaşasını təhvil verdik. Bu quruluş tamamilə fərqlidir, əsərə yeni nəfəsdir. Burada bizim milli adət-ənənələrimiz çox gözəl tərzdə, müasir yozumla, şən əhval-ruhiyyə ilə təqdim olunur. Məni xoşbəxt edən bu cür gözəl tamaşalardır, səhnədir.

Şahanə MÜŞFİQ

 





24.07.2026    çap et  çap et