525.Az

Muzeylər gözəllik və bilik məbədidir - Telman Orucov yazır


 

Muzeylər gözəllik və bilik məbədidir - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən cümə sayımızda)

 

Veroneze kimi tanınan Paolo Kaliarinin 1563-cü ildə yaratdığı "Kanadakı toy şənliyi" tablosu rəssama böyük şöhrət qazandırmışdı. Əsərdə az qala yüzə yaxın personaj altı səviyyədə təsvir edilmişdir. Bu adamların arasında İisus Xrist də oturmuşdur. Rəssam özünün bu texniki möcüzəsini yaratmaq üçün iki il yarıma qədər vaxt sərf etmişdi. Tablo 67 kv.m. ölçüsündə olan kətanda çəkilmişdir. İisus Xrist öz orijinal rəngdəki geyimi ilə digər toy iştirakçılarından fərqlənir. Ondan solda oturan ər-arvada suyun şəraba çevrilməsi möcüzəsini göstərir və deyir ki, onun paltarı bu dəyişiklik hesabına qırmızıdan yaşıl olana çevrildi. Yəqin ki, "İncil"lə tanış olanlar, kitabda İisus Xristin icra etdiyi möcüzələr barədə geniş məlumatlara malikdir. İisus şərabın içilib qurtardığını görüb, toydakı ziyafətin davam etməsi üçün suyu şəraba çevirməyi bacarmışdı. Onun digər möcüzələri də toy iştirakçılarının böyük heyrətinə və təəccübünə səbəb olmuşdu.

Rəssam yalnız bu möcüzə ilə əlaqədar olan səhnəni təsvir etməklə, xristian dininə böyük xidmət göstərmişdi. Möcüzə daxilində su şəraba çevrildiyi kimi, dünya da bir anlığa rəsm əsərinə çevrilmişdi. Bu ifadə görkəmli fransız rəssamı Pol Sezanna məxsusdur.

Luvrun maraqlı eksponatlarından biri rəssam Cüzeppe Arçimboldonun 1543-cü ildə çəkdiyi "Yay" əsəridir. Yəqin ki, venetsiyalı bəstəkar Vivaldi tablonun təsiri altında iki əsr sonra özünün "Dörd fəsil" musiqi əsərini yazmışdı. Rəsm əsərində təsvir olunan kişinin sifəti və başı meyvələrlə, tərəvəz növləri ilə bəzədilmişdir. Tablonun bayram düşüncəsindən meydana gəldiyi fikri yaranır. Müəllif Avstriya paytaxtındakı Habsburqların sarayında olarkən, burada bayram şənliklərində iştirak etmişdi, Praqada isə sonralar Müqəddəs Roma imperatoru II Rudolfun bu üslubda çəkilmiş portreti ilə tanış olmuşdu. Rəssam nədənsə təəccüblü görünən kompozisiyaya müraciət etməyi vacib saymışdı. O, dörd mövsümə aid olan portretləri çəkməklə imperator II Maksimilyanın saray əyanlarının təəccübünə səbəb olmuşdu.

"Yay" tablosundakı fiqura meyvə və tərəvəz kim bəzək əşyalarına bürünmüşdür, onlar vurğunluq tonunda təsvir olunur. Təsvir edilən adamın gözləri albalıdır, burnu badımcandır, qulağı, hörülmüş qarğıdalı qıçasıdır, sonuncu Yeni Dünyadan bir qədər əvvəl Avropaya gətirilib, idxal edilmişdi. Bu rəsm Habsburq imperiyasının qızıl erasını vurğulamaq təsiri bağışlayırdı. Rəssam bu əsəri ilə sürrealistlərin yaradıcılığını xeyli qabaqlamışdı.

(Rembrandtın digər “Avtoportret” tablosu)

İtalyan rəssamı Karavacconun (1573-1610-cu illərdə yaşamışdır) "Bakirənin ölümü" tablosu da tamaşaçı marağına səbəb olur. Rəssamın əsl adı Mikelancelo Merisi olsa da, o, öz şəhərinin adını götürməklə, əslində bu nadir üsuldan istifadə etməklə, geniş tanınmışdır. O, özündən bir əsr əvvəl yaranmış əsərlərin təkamülünə tabe olmayaraq, onları inqilabi qaydada dəyişdirməyə çalışmışdı.

Tabloda təsvir olunan matəm hadisəsi qırmızı pərdənin yaratdığı qara fonda baş verir. Onun əsərlərindən ibarət olan eksponatlar Karavacconun Avropa rəngkarlığına nəhəng təsir göstərdiyindən xəbər verir.

Flamand rəssamı Piter Paul Rubensin (1577-1640-cı illərdə yaşamışdır) portret rəsmləri əsasən kök qadınları təsvir edir. Onun bir əsəri kraliça Mariya Mediçinin 1600-cü ildə Fransa kralı IV Henriyə ərə getməsi üçün İtaliyadakı Florensiyadan Marselə gəldiyinə həsr olunmuşdur. Bu qız Fransa kralının Mediçilər nəslindən olan ikinci arvadı idi, o, 1572-ci ildə evləndiyi Marqaret Mediçini (o, kral II Henrinin və Katerina Mediçinin qızı idi) boşadıqdan sonra, Mariyaya evlənmişdi. Marselə daxil olan gəminin pilləkəninin altında çılpaq kök qadınlar kralın yeni arvadını salamlayırlar. Rəssamın özünün etirafına görə, o, tablosunda onların simasında gözəl qəssab arvadlarını təsvir etmişdi. Tablodakı hər kişi məhəbbət hissini, hər qoca adam isə öz gücünü itirmiş olsa da, malik olduqları hörümçək torunu yüksək qaydada nümayiş etdirməyə çalışır.

Fransız rəssamı Nikola Pussenin (1594-1665-ci illərdə yaşamışdır) "Arkadiya çobanları" tablosunda yaşıl otlaqlar torpağı Arkadiyada (Afinanın yerləşdiyi region) günahsız çobanlar səltənəti təsvir olunur. Burada bahar əbədi xarakter daşıyır, insanlar və təbiət dinclikdə və harmoniyada şadlanırlar. Buna baxmayaraq, Arkadiya bəzən melanxolik də ola bilir. Üç çobandan biri, mahud şala bürünmüş qadına tərəf dönüb, ona qəbir daşı üzərində həkk olunmuş sözləri oxuyur. Bu sözlər tərcümədə "Əgər mən Arkadiyadayamsa, mən mövcud olmaqda qalıram" kimi səslənir. Həkk edilmiş bu hökm qığılcım təsiri bağışlayır, mərhumu və ya ölümün özünü tələffüz etmək məqsədini güdür. Bu həm də o deməkdir ki, "Mən də Arkadiyada yaşayırdım, ancaq ölmüşəm". Hedonist bir şüar şəklində isə "Mən də Arkadiyada yaşayırdım və indi sənin gördüyün kimi orada mən vaxtilə xoşbəxt idim" tək səslənir. Böyük alman şairi Hote də özünün İtaliyaya səfərinə həsr olunmuş yazısında "Et tu Arkadia ego" kəlməsindən istifadə etmişdi. Maarifçilik mütəfəkkirinə görə Arkadiya mifi rəngkarlıq üçün irs kimi qəbul edilmişdi. Axı Arkadiya yeni tapılmış cənnət barədəki sehrli formulanı əhatə edirdi.

Məşhur holland rəssamı Rembrandt van Reynin (1606-1669-cu illərdə yaşamışdır) "Rəssamın molbert qarşısındakı portreti" əsəri əslində onun yaşlı dövründə olan avtoportretidir. Rəssam öz əsərində sehrli bir qaydada o qədər dərinə getmişdir ki, elə şeylər barədə danışır ki, hansısa bir dildə onu ifadə etmək üçün heç bir söz yoxdur. Görkəmli holland rəssamı Vinsent van Qoq əsər haqqında olduqca dəqiq mühakimə işlətmişdir: "Rembrandt özünü molbertə və modelə tərəf üzünü tutduğu qaydada, arxadan təsvir edir". Bu vaxt o, 50 yaşlarında (51-dən 60-a qədər olan yaşda) idi.

O, şöhrət qazandıqdan sonra öz mülkiyyətindən məhrum edilmişdi. Lakin alçaldıcı müflis olmaqdan qaça bilmişdi. Öz evini, mebelini, əsərlər və eskizlər kolleksiyasını satmağa məcbur olmuşdu. Elə bil ki, taleyin mühakiməsinə məruz qalmışdı. Portretində isə o, enerjili bir insan olaraq qalır və özünə məxsus olan görkəmli rəssamın kübar sadəliyini nümayiş etdirir. Rəssam özünü sınamaqda davam edir. Lakin Rembrandt bunun heç vaxt avtoportret olduğunu etiraf etməmişdi, belə münasibətin özü də əsərin heyrətamizliyinin artmasına kömək etmişdir. Digər avtoportret tablosunda isə qocalmış, şəraitin taqətdən saldığı bir adamı görürük.

Luvrda holland rəssamı Yoxannes Vermeyerin (1632-1675-ci illərdə yaşamışdır) "Krujeva hörən qadın" tablosu da qiymətli eksponatlar sırasına daxildir. Onun qəflətən şöhrətə yiyələnməsi məşhur həmyerliləri olan amsterdamlı Rembrandtla Harlemdən olan Frans Hals arasında baş vermişdi. "Krujeva hörən qadın" 1870-ci ildə auksiona çıxarılmışdı. Rəsmdə gənc qadının, jestləri ilə işinə tam şəkildə diqqət verdiyi göstərilir və bu mənzərə tablonun mərkəzi fabulasını açır. Onun gözləri aşağı, toxuduğu saplara dikilmişdir. Rəssam həmin dövrdəki holland evinin daxilində təmsil rolunu oynayan əşyalara nüfuz edərək, onları rəngkarlıq janrı hesabına ən qiymətli obyektlərə çevirə bilir. Bunun üçün o, xüsusi işıqdan və fonu əks etdirən tondan istifadə edir.

(Kanovanın “Psixeya Kupidonun öpüşündən dirilir” heykəltaraşlıq kompleksi)

Onun "Mirvari sırğalı qız" əsəri də rəssama böyük şöhrət gətirmişdi. Bu tablo Haaqanın Mauritshoys muzeyində saxlanmaqla, nümayiş etdirilir. Amerikan kinorejissoru Piter Uebberin bu əsərə həsr olunmuş filmi böyük uğur qazanaraq, dünya ekranlarını dolaşmışdır. Filmdəki aktrisa öz sifəti, vücudu və davranışı ilə XVII əsr holland ev xidmətçisi qızının obrazını canlı şəkildə yarada bilmişdir. Film rəssamın əsərinin populyarlığının artmasına xeyli köməklik göstərmişdir.

Fransız rəssamı Jan Onore Fraqonarın "Şəhvət" tablosu "Sevginin təhlükələri" adlı bədii əsərin illüstrasiyası kimi meydana gəlmişdi. Əsərdə erotik ehtiras, şəhvət anı və zorlanma təsvir olunur. 1784-cü ildə, dövriyyədə olan çox saydakı çap orqanları tərəfindən təbliğ olunması hesabına, tablo xeyli məşhurluq qazanmışdı. Luvrun kolleksiyasına əsər yenicə daxil edilsə də, ictimaiyyətə o artıq tanış idi.

Fraqonarın əsərləri əsrin sərbəst əxlaqının güzgüsü kimi qəbul edilirdi. Varlı müştərilər erotik tabloları satın almaqla, onlara yiyələnməyə tələsirdilər. Söhbət gedən bu əsərdə kişi və qadın ehtiras savaşında yaranan şəhvətə qatılmışdır, qadının sağ əli kənara atılmışdır ki, öpüşə mane olmasın, sol əli isə müqavimətin zəif nəzərə çarpan yüngül jestini göstərir. Masanın üstündəki alma isə günahın açıq simvolu olmasına işarə rolunu oynayır. İntriqa erotik büdrəmə əsnasında da öz ifadəsini tapır. Qadının döşləri yastıq vasitəsilə örtülmüşdür. Kişi isə öz ehtirasını cilovlamağı bacarmır.

İtalyan heykəltaraşı Kanovanın (1757-1822-ci illərdə yaşamışdır) "Psixeya Kupidonun öpüşündən dirilir" kompozisiyası Luvrun əsl incilərindən biri sayıla bilər. Kompozisiya mərmər fiqurlar vasitəsilə məharətlə təsvir edilmişdir. Əsərdə Kupidonun ehtiraslı öpüşünün, qızın ağır mərəzinə də qalib gəldiyi versiyası öz əksini tapır.

Kupidon və Psixeya mövzusu neoklassik dövr ərzində geniş yayılmış, böyük şöhrət qazanmışdı. Allah və onun gənc sevgilisi saysız-hesabsız ədəbi, musiqi, rəngkarlıq və heykəltaraşlıq əsərlərində təsvir edilirdi. Napoleonun bacısının əri, marşal İoaxim Mürat digər heykəltaraşlıq əsərləri ilə yanaşı, kompozisiyaya da sahib olmuşdu. On bir il sonra əsər Fransaya gətirilmişdi və 1808-ci ildə Mürat Neapol kralı tituluna yiyələndikdə, heykəli Kompyen şatosunun eksponatı kimi Napoleon Bonaprta bağışlamışdı.

Qanadlı Kupidon, qaya üzərində huşsuz uzanmış gözəl gənc qızı öz əlləri ilə qucaqlayır. Qız bir az əvvəl flakonu açdıqdan sonra dərin yuxuya dalmışdı. Mifə əsasən, Kupidon əmin olur ki, Psixeya ölməmişdir, hələ sağdır. Bunu Apuleyin "Metamorfozalar" əsəri də təsdiq edir. O, qızı əlləri üzərinə götürüb, onu coşqun hisslərlə öpüşə qərq edir. Qızın şüuru bərpa olunur və bədənini çuğlamış sevgi hissi ilə ona tərəf qalxıb, ağzını Kupidonun dodaqlarına çatdırır.

Kanova öz kompozisiyasını həm mifə, həm də zəlzələdən məhv olmuş Herkulanum xarabalığında özünün gördüyü rəsmlərin yenidən yığılmış toplumuna əsaslandırır. Sevən oğlan dizi üstə çökmüş pozada təsvir edilir, qızın əli isə Roma ikonoqrafiyasının ilhamlandırdığı qaydada hərəkət edir. Mərmər daş öz təsvirində heykəltaraşın virtuoz məharətini bütünlüklə açıb göstərir. Kupidonun qanadları onun çiyninə bərkidilmişdir. Bəziləri kompozisiyanın ecazkar təsiri altına düşərək, Kanovanın tişəsinin bu dahiyanə məhsulunu gözəl miniatür kitab adlandırır.

(Ardı var)

 

 





24.07.2026    çap et  çap et