525.Az

Həyat həqiqətləri bədii təxəyyül işığında - Tural Adışirin yazır


 

UNUDULMAZ ALİM VƏ NASİR YUSİF ŞÜKÜRLÜNÜN HEKAYƏ YARADICILIĞI BARƏDƏ BİR NEÇƏ SÖZ

Həyat həqiqətləri bədii təxəyyül işığında - <b style="color:red"> Tural Adışirin yazır</b>

Şəki ədəbi mühitinə yeni nəfəs gətirən və öz realist təhkiyəsi ilə seçilən istedadlı nasirlərdən söz düşəndə, ilk xatırlanan imzalardan biri Yusif Şükürlüdür. Onun hekayə yaradıcılığı Azərbaycan nəsrində regional həyatın, kənd məişətinin, sosial-mənəvi problemlərin və insan xarakterlərinin realist təqdimatı ilə seçilir. Y.Şükürlünün hekayələrinin mühüm bir məziyyəti yaşanmış həyat hadisələrinin sənətkar müşahidəsi və təxəyyülü ilə bütövləşməsidir. Bu hekayələrdə müxtəlif mövzulara müraciət edilsə də, onların mərkəzində insan və cəmiyyət münasibətləri dayanır. Yazıçı insanı daxili təzadların, vicdan və mənəviyyat sınaqlarının təsirində olan mürəkkəb bir fenomen kimi təqdim edib. Bu baxımdan, onun kiçik və orta epik janrdakı əsərləri təkcə hadisələrin xronoloji təsviri xarakteri daşımır, bəşəri və milli dəyərlərin fəlsəfi kontekstdə interpretasiyasıdır. Y.Şükürlünün hekayə yaradıcılığı lakoniklik, bədii detalların tutumluluğu və güclü psixoloji gərginliklə xarakterizə olunur. Yazıçı hekayələrində hadisəçilikdən daha çox, hadisənin insan ruhunda buraxdığı izləri fundamental mövzuya çevirir.

Müəllifin hekayələrinin poetik strukturu janrın estetik tələblərinə tam cavab verir; burada artıq təfərrüatlara, süjeti yükləyən təsvirlərə rast gəlinmir. Hər bir bədii detal, hər bir dialoq və ya daxili monoloq qəhrəmanın xarakterinin açılmasına və əsərin ümumi ideya bütövlüyünə xidmət edir. Əgər hekayələrində Y.Şükürlü insan ömrünün müəyyən bir anını, həlledici dönüş nöqtəsini donduraraq mikroskop altına qoyubsa, povestlərində epik lövhələrin miqyası genişlənir, sosial-mənəvi mühitin daha geniş mənzərəsi yaradılır. Yazıçının povestləri ("Yetti", "Azan güllə") epik təhkiyənin genişliyi ilə dramatik gərginliyin uğurlu sintezidir. Bu əsərlərdə cəmiyyətin aktual fəlsəfi-sosial problemləri, mənəvi aşınmalar, yadlaşma prosesi və insanın öz daxili "mən"ini qorumaq uğrunda apardığı mübarizə fundamental şəkildə araşdırılır.

Yusif Şükürlünün povestlərində yadlaşma problemi (insanın özünə, təbiətə və cəmiyyətə yadlaşması) mühüm xətlərdən biridir. O göstərib ki, texnoloji tərəqqinin və qloballaşan dünyanın fonunda insan bəzən öz mənəvi köklərindən qopur, bu isə onun daxili sarsıntılarına və mənəvi böhranına yol açır. Povestlərin qəhrəmanları əksər hallarda bu sarsıntılardan çıxış yolunu mənəvi dəyərlərə, səmimiyyətə və fədakarlığa qayıdışda görürlər.

Üslub baxımından Yusif Şükürlünün hekayələrində üç əsas xətt müşahidə olunur: realist təsvirçilik, satirik-ironik təhkiyə, lirik-psixoloji müşahidəçilik. Bu xüsusiyyətlərin sintezi onun fərdi üslubunu formalaşdıran əsas amillərdir. Yazıçının əsərlərinin poetik sistemi ümumilikdə realizm, psixologizm, etnoqrafik kolorit, milli identiklik və humanist ideallar üzərində qurulub. Bu hekayə və povestlərdə bədii mətnin struktur-semantik təşkilində müəllif müşahidəçiliyi, həyat hadisələrinin analitik dərki və tipikləşdirmə prinsipi xüsusi yer tutur.

"Çəhrayı gödəkçə", "Canavar", "Kirvə qonaqlığı", "Torbadakı pişik", "Juliklər", "Araq reysi", "Çanta əhvalatı", "Başdan böyük söz" və digər hekayələrdə kənd həyatının müxtəlif tərəfləri, sosial problemlər, mənəvi deformasiyalar və milli dəyərlər təsvir edilir.

Yazıçının hekayələrinin bir vacib xüsusiyyəti də güclü realizmindədir. Burada hadisələrdən çox insan davranışları və psixoloji vəziyyətlər diqqət mərkəzindədir. Qəhrəmanların daxili aləmi uzun təsvirlərlə deyil, hərəkət və dialoqlar vasitəsilə açılır. "Torbadakı pişik" hekayəsində adi bir zarafatın faciə ilə nəticələnməsi insan psixologiyasının və məsuliyyətsiz davranışın doğurduğu nəticələrin bədii ifadəsidir. Hekayənin gözlənilməz sonluğu əsərə novella xarakteri qazandırır.

Y.Şükürlünün əsərlərində məkan amili bədii məna yaradan struktur elementdir. Onun yaratdığı xronotop sistem Şəki bölgəsinin təbii, sosial və etnoqrafik xüsusiyyətlərini özündə birləşdirir. Yazıçının hekayələrinin mühüm cəhətlərindən biri məhz təbiət təsvirlərinin canlılığıdır. O, doğulduğu bölgəsinin dağlarını, meşələrini, yaylaqlarını və kənd mühitini yüksək sənətkarlıqla canlandırır. "Canavar" hekayəsində təbiət yalnız fon funksiyası daşımır; o, hadisələrin və qəhrəmanların xarakterinin ayrılmaz hissəsinə çevrilir. Müəllif səhər mənzərələrini, çiçəkləri, dağ nanələrinin qoxusunu və quş səslərini təsvir etməklə oxucuda canlı vizual təəssürat yaradır.

Y.Şükürlünün hekayələrində milli yaddaş, tarixi şüur və vətənpərvərlik anlayışları da mühüm ideya-estetik istiqamətlərdən birini təşkil edir. Yazıçı milli kimlik problemini etnomədəni identikliyin bədii təcəssümü kontekstində diqqətə çatdırır. Bu baxımdan "Kirvə qonaqlığı" hekayəsi müəllifin milli-tarixi problematikaya müraciətinin səciyyəvi nümunəsi hesab oluna bilər. Hekayədə milli münasibətlər tarixi yaddaş prizmasından qiymətləndirilir, obrazlararası ünsiyyət fonunda etimad, xəyanət, milli mənafelər və tarixi həqiqət məsələləri bədii diskursun əsas predmetinə çevrilir. Əsərin konflikt sistemi zahiri dostluq münasibətləri ilə gizli qarşıdurma arasında yaranan ziddiyyət üzərində qurulub. Müəllif etnopsixoloji müşahidələr vasitəsilə milli xarakterin müxtəlif təzahür formalarını açmağa çalışıb. Burada tarixi hadisələr publisistik mühakimə şəklində verilmir, obrazların davranışı və həyat təcrübəsi vasitəsilə ümumiləşdirilir. Nəticədə "Kirvə qonaqlığı" hekayəsi milli yaddaşın qorunması, tarixi həqiqətlərin unudulmaması və vətənpərvərlik duyğularının formalaşdırılması baxımından mühüm ideya yükü daşıyan bədii mətn kimi diqqətəlayiqdir.

Yusif Şükürlü yaradıcılığının mühüm istiqamətlərindən biri də satirik diskursun təşkili ilə bağlıdır. Yazıçı bir sıra hekayələrində sosial-mənəvi deformasiyaları, ictimai münasibətlərdə müşahidə olunan neqativ tendensiyaları satirik poetikanın imkanları vasitəsilə bədii təhlil obyektinə çevirir. Bu baxımdan "Juliklər" və "Araq reysi" hekayələri müəllifin satirik təfəkkürünün səciyyəvi nümunələri hesab oluna bilər. Həmin əsərlərdə saxtakarlıq, fürsətçilik, tamahkarlıq, zəhmətsiz qazanc əldə etmək meyli və mənəvi aşınma kimi sosial problemlər satirik tipajlar vasitəsilə ümumiləşdirilir. Satira burada yalnız gülüş yaratmaq funksiyası daşımır, həm də sosial tənqid və mənəvi qiymətləndirmə vasitəsinə çevrilir. Müəllif ironiyadan, komik situasiyalardan və xarakterlərin özünütəsdiq cəhdlərinin ifşasından istifadə etməklə cəmiyyətin mənəvi problemlərinə diqqət yönəldir. "Juliklər" hekayəsində fırıldaqçı tipajların davranış modeli vasitəsilə mənəvi deqradasiya prosesi nümayiş etdirilir, "Araq reysi"ndə isə asan qazanc ehtirasının insan xarakterində yaratdığı mənfi dəyişikliklər satirik rakursdan təqdim olunur. Bu əsərlərdə gülüş estetik kateqoriya kimi çıxış etməklə yanaşı, tərbiyəvi və ictimai-funksional məna da qazanır. Beləliklə, bu hekayələr Azərbaycan satirik nəsr ənənələrinin müasir mərhələdə davamı kimi qiymətləndirilə bilər.

Yusif Şükürlü həm də intellektual yazıçıdır, onun "Yetti" elmi-fantastik povestində elmi təfəkkürlə xalq dünyagörüşünün qarşılaşdırılması xüsusilə diqqətəlayiqdir. Müəllif müxtəlif obrazlar vasitəsilə ənənəvi bilik sistemi ilə müasir elmi düşüncə arasında dialoq yaradır. Povestdə Tərxanın atası ilə babası arasında gedən söhbətlərdə elmi bilik, sosial problemlər, elm adamının cəmiyyətdəki mövqeyi və milli inkişaf məsələləri müzakirə olunur. Burada müəllif intellektual diskurs yaradır və elm-cəmiyyət münasibətlərini bədii düşüncənin predmetinə çevirir.

"Azan güllə" povesti Yusif Şükürlünün nasirlik istedadını bütün dolğunluğu ilə nümayiş etdirən əsərlərindən biridir. Müəllif bu əsərdə Qalibin timsalında mürəkkəb insan talelərini, sosial-mənəvi ziddiyyətləri və dövrün ictimai reallıqlarını yüksək bədii ustalıqla ümumiləşdirərək təsvir edib. Qalibin müharibədən sağ qayıtması oxucuda xoş sonluq gözləntisi yaratsa da, müəllif klassik faciə qanunlarına uyğun olaraq gözlənilməz final yaradır. Rəcəb kişinin oğru gözləyərkən öz oğlunu vurması Azərbaycan nəsrində təsadüf olunan ən dramatik süjet düyünlərindən biri kimi qiymətləndirilə bilər. Obrazların psixoloji dərinliyi, hadisələrin təbii inkişaf məntiqi, konfliktlərin həyat həqiqətlərindən qaynaqlanması və faciə poetikasının uğurlu tətbiqi yazıçının peşəkar nasir kimi formalaşdığını təsdiqləyir. Povest göstərir ki, Yusif Şükürlü müşahidəçi yazıçı olmaqla yanaşı, həm də həyat materialını estetik təfəkkür süzgəcindən keçirərək onu yüksək bədii ümumiləşdirmə səviyyəsinə yüksəltməyi bacaran usta nasirdir.

Yusif Şükürlünün hekayələrinin mühüm poetik komponentlərindən biri də onların dil-üslub özünəməxsusluğudur. O, xalq danışıq dilinin zəngin ifadə imkanlarından, Şəki bölgəsinə məxsus dialekt və şivə xüsusiyyətlərindən, atalar sözləri, məsəllər və frazeoloji birləşmələrdən ustalıqla istifadə etməklə mətnin milli-estetik koloritini gücləndirib. Məsələn, "Azan güllə" povestində personajların nitqində işlənən "daşqura", "beyqafıl" kimi dialekt sözləri hadisələrin cərəyan etdiyi mühitin yerli xüsusiyyətlərini əks etdirməklə yanaşı, obrazların sosial mənsubiyyətini də müəyyənləşdirir. Belə sözlərin işlənməsi əsərin etnoqrafik fonunu zənginləşdirir və təhkiyənin inandırıcılığını artırır. "Canavar" hekayəsində təbiət təsvirləri ilə yanaşı, kənd adamlarının danışıq tərzi də canlı xalq dilinin xüsusiyyətlərini daşıyır. Müəllif obrazların nitqini süni şəkildə ədəbiləşdirmir, onların danışığını yaşadıqları mühitə uyğun şəkildə təqdim edir. Nəticədə personajların dili xarakteryaratma vasitəsinə çevrilir. "Torbadakı pişik" və "Juliklər" hekayələrində isə danışıq dili elementləri, yumor və ironiyaya əsaslanan ifadələr satirik təsirin güclənməsinə xidmət edir. Yazıçının dilində müşahidə olunan folklor qatları da diqqətəlayiqdir. Atalar sözləri və xalq hikmətləri personajların nitqində təbii şəkildə yer alır və onların həyat təcrübəsini, dünyagörüşünü əks etdirir. Bu xüsusiyyət xüsusilə yaşlı nəslin nümayəndələrinin obrazlarında daha qabarıq nəzərə çarpır. Beləliklə, Yusif Şükürlü dil faktlarını obrazların fərdiləşdirilməsi, regional koloritin yaradılması və həyat həqiqətlərinin realist təqdimatı üçün funksional vasitə kimi istifadə edir.

Ümumiyyətlə, Y.Şükürlünün povest və hekayələrində realizm, psixoloji dərinlik, milli-mənəvi dəyərlərə bağlılıq, təbiətə sevgi və sosial tənqid bir-birini tamamlayır. Onun hekayələri həm dövrün sosial mənzərəsini əks etdirən sənəd xarakteri daşıyır, həm də insanın mənəvi dünyasını araşdıran dəyərli nəsr nümunələri kimi çıxış edir. Xarakter yaratmaq bacarığı, həyat həqiqətlərinin realist-estetik müstəvidə ifadəsi, süjet-kompozisiya bütövlüyü və güclü psixologizm Yusif Şükürlünü Azərbaycan nəsrində özünəməxsus yaradıcılıq üslubuna malik istedadlı nasir kimi bir daha təsdiq edir.

 





24.07.2026    çap et  çap et