“Bu gün paytaxtda mənzillərin çoxu investisiya məqsədilə alınır. Bu mənzillərin çoxunda yaşayış yoxdur, boşdur. Bu da bazarda süni qıtlıq yaradır və qiymətlərin bahalaşmasına səbəb olur. Paytaxtda daşınmaz əmlak bazarında tələb əsasən investisiya yönümlüdür. Bu da təbii ki, qiymətlərin real gəlirlərlə uzlaşmamasına səbəb olur”.
İqtisadçı ekspert Razi Abasbəyli bunu 525.az-a bildirib. Ekspert qeyd edib ki, daşınmaz əmlak əhali üçün ən etibarlı sərvət qoruma vasitəsi kimi qəbul olunur. Yüksək inflyasiya riskləri, maliyyə bazarlarının dərinliyinin zəif olması və uzunmüddətli investisiya alətlərinə inamın aşağı səviyyədə qalması fonunda vəsaitlərin mənzil bazarına yönəlməsi təbii haldır. Bir çox hallarda mənzillər ya kirayə vermək, ya da gələcəkdə daha yüksək qiymətə satmaq məqsədilə alınır.
İqtisadçının sözlərinə görə, bu gün mənzil bazarı sosial funksiyasını qismən itirərək maliyyə bazarının alternativinə çevrilib: "Təkrar alıcılar üçün ev portfel genişləndirmə alətidir, ilkin alıcılar üçün isə əlçatmaz ehtiyac. Bu disbalans uzun müddət davam edərsə, kirayə bazarında da qiymət təzyiqi qalıcı xarakter alacaq".
Sevinc Qarayeva
çap et