Müasir beynəlxalq münasibətlər sistemində baş verən ardıcıl geosiyasi transformasiyalar və qlobal iqtisadi yenidənqurma prosesləri dövlətlərarası tərəfdaşlıq modellərinin konseptual baxımdan yenidən dəyərləndirilməsini şərtləndirir. Bu xüsusda, Cənubi Qafqaz regionunun aparıcı ölkəsi olan Azərbaycan ilə Avropanın əsas geo-iqtisadi güc mərkəzi sayılan Almaniya arasındakı ikitərəfli dialoq müstəqil strateji çəkiyə malikdir. 1996-cı ildə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Almaniya münasibətlərinin inkişafında Prezident İlham Əliyevin 2026-ci il iyulun 20-21-də Almaniyaya rəsmi səfəri həm ikitərəfli diplomatik münasibətlərin inkişafında, həm də Cənubi Qafqazın müasir geosiyasi mənzərədə əhəmiyyəti baxmından mühüm dönüş nöqtəsidir. Almaniya xarici Cənubi Qafqaz üzrə təhlükəsizlik və enerji strategiyasında Azərbaycanı sadə resurs ixracatçısı kimi deyil, regional sabitliyin və Avrasiya bağlantılarının əvəzolunmaz geostrateji subyekti kimi dəyərləndirdiyini nümayiş etdirir. Almaniya-Azərbaycan münasibətlərinin hazırkı mərhələsi Avropanın dəyişən geostrateji reallıqlar çərçivəsində praqmatik maraqlara üstünlük verdiyini göstərir.
Federal Kansler Fridrix Mertsin bəyanatında Almaniyanın Cənubi Qafqaz siyasəti və Azərbaycan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində keçirilən mətbuat konfransı zamanı Federal Kansler Fridrix Mertsin bəyanatda səsləndirdiyi fikirlər Almaniyanın Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına, Avropanın enerji təhlükəsizliyində regionun və Azərbaycanın strateji rolu ilə ikitərəfli iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə baxışını aydın şəkildə nümayiş etdirir. Bunu Federal Kansler F.Mertsin bəyanatının strukturunda da aydın müşahidə etmək olar. Federal Kansler Fridrix Mertsin çıxışında enerji tərəfdaşlığından deyil, ilk olaraq ardıcıl şəkildə Ukrayna böhranı, Yaxın Şərqdəki kəskinləşən böhranlar və Cənubi Qafqaz regionundakı proseslərdən başlaması təsadüfi xarakter daşımır. AFR-in xarici siyasət prioritetlərinin təhlükəsizlik arxitekturası əsasında formalaşdığını nəzərə alsaq, Cənubi Qafqazın qlobal geosiyasi böhranlarla eyni çərçivədə dəyərləndirilməsi regionun artıq lokal münaqişə zonası kimi deyil, ümumavropa təhlükəsizlik sisteminin tərkib hissəsi kimi qəbul edildiyini göstərir. Almaniya xarici siyasətinin təhlükəsizlik üzərində formalaşdığını nəzərə alsaq, Cənubi Qafqazın qlobal geosiyasi böhranlarla eyni konseptual müstəvidə dəyərləndirilməsi göstərir ki, AFR regionu lokal münaqişə zonası kimi deyil, ümumavropa təhlükəsizlik sisteminin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirir. Məhz bu səbəbdən Kanslerin bəyanatında Cənubi Qafqaz “uzaq qonşuluq” kimi deyil, Avropanın gələcək təhlükəsizliyinə birbaşa təsir edən strateji region kimi səciyyələndirilir.
Qlobal iqtisadiyyatdakı geo-iqtisadi transformasiyalar göstərdi ki, sənaye təchizat zəncirlərinin davamlılığı enerji təhlükəsizliyi qədər etibarlı nəqliyyat-logistika koridorlarından asılıdır. Xammal idxalından asılı olan Almaniya sənayesi üçün Avropa ilə Asiya arasında təhlükəsiz nəqliyyat marşrutlarının təmini strateji prioritetdir. Bu çərçivədə Azərbaycanın əlverişli coğrafi mövqeyi və mərkəzi nəqliyyat qovşağı kimi çıxış etməsi AFR-i Azərbaycan ilə logistik tərəfdaşlığı dərinləşdirməyə sövq edən əsas amildir. Bu müstəvidə Cənubi Qafqazda sabitliyin AFR və Aİ üçün həyati əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran federal kansler F.Merts, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanmasını uzunmüddətli münaqişənin aradan qaldırılması istiqamətində tarixi bir razılaşma kimi qiymətləndirir və Almaniyanın bu prosesə dəstək verməyə hazır olduğunu bildirir.
Bununla yanaşı, Almaniya Kansleri Cənubi Qafqazın Avropa ilə Asiya arasında artan nəqliyyat və ticarət dəhlizi rolunu, eləcə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki yerini xüsusi qeyd edir. “Cənub qaz dəhlizi” çərçivəsində təbii qaz və xam neft təchizatındakı mövcud tərəfdaşlığı yüksək dəyərləndirən F.Merts, əməkdaşlığın bərpaolunan enerji və hidrogen sahələrinə doğru şaxələndirilməsinin vacibliyini ifadə edir. Eyni zamanda, imzalanan Birgə Bəyannamə və Azərbaycan-Almaniya Biznes Şurasının təsisi ilə ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu, xüsusən alman şirkətlərinin Azərbaycandakı investisiya imkanlarını genişləndirmək üçün əlverişli hüquqi və institusional şəraitin yaradılmasının əhəmiyyətini vurğulayır. Azərbaycan üçün AFR ilə ikitərəfli əlaqələrin inkişafı sadəcə Avropanın aparıcı iqtisadi gücü ilə əməkdaşlıq çərçivəsinə sığmır. AFR-in Aİ-nin qərar qəbuletmə mexanizmlərindəki aparıcı rolu və təsiri Azərbaycan-Aİ strateji dialoqunun dinamikasına birbaşa təsir göstərir. Bu baxımdan, Almaniya ilə münasibətlərin institusional müstəvidə dərinləşməsini Azərbaycanın Avro inteqrasiya meyilləri, xarici investisiyaların cəlbi, texnoloji transfer və sənaye kooperasiyası üçün əvəzolunmaz katalizatordur. Almaniyanın xarici siyasətinin Cənubi Qafqaz istiqamətində isə Azərbaycan artıq təkcə enerji təhlükəsizliyi subyekti kimi qəbul edilmir.
Digər tərəfdən, Azərbaycan-Almaniya yaxınlaşması Avropa İttifaqının geostrateji əhəmiyyətli “Global Gateway” (Qlobal Keçid) təşəbbüsü kontekstində də xüsusi çəkiyə malikdir. 1 dekabr 2021-ci ildə Avropa Komissiyası tərəfindən qəbul edilən “Global Gateway” təşəbbüsü Aİ-nin qlobal miqyasda nəqliyyat, rəqəmsallaşma, yaşıl enerji, səhiyyə və təhsil infrastrukturuna 300 milyard avroya qədər investisiya yönəltməsini nəzərdə tutan strateji proqramdır. Bu proqram Aİ-nin geoiqtisadi asılılıqları azaltmaq, tədarük zəncirlərinin təhlükəsizliyini təmin etmək və Avropanı strateji tranzit dəhlizləri ilə birləşdirmək məqsədinə xidmət edir. Bu təşəbbüs çərçivəsində Cənubi Qafqaz, xüsusilə də Azərbaycan, Avropa ilə Mərkəzi Asiya arasında quru və dəniz nəqliyyat marşrutlarını bir-birinə bağlayan “Orta Dəhliz”in əsas birləşdirici halqası kimi kritik geostrateji rola malikdir. AFR-in Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunması, nəqliyyat-kommunikasiya xətlərinin bərpası və regional inteqrasiya təşəbbüslərinə verdiyi dəstək birbaşa Avropanın bu geoiqtisadi maraqlarından qaynaqlanır.
Almaniya sənayesinin və logistik zəncirlərinin fasiləsiz fəaliyyəti Cənubi Qafqazda uzunmüddətli geostrateji sabitliyin təmin olunması ilə sıx bağlıdır. Məhz bu prizmadan yanaşaraq, Berlin Bakının regional sülh gündəliyini, o cümlədən Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətindəki konseptual addımlarını birmənalı şəkildə dəstəkləyir. F.Mertsin Azərbaycan-Ermənistan sülh prosesinin Berlin tərəfindən “tarixi imkan” kimi dəyərləndirilməsi, Avropanın Cənubi Qafqazdakı davamlı sülhü öz iqtisadi, enerji və logistik təhlükəsizliyinin qarantı kimi gördüyünü göstərir.
Cavid Məmmədli
AMEA Mərkəzi Elmi Kitabxananın Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi, MEK-in Gənc Alim və Mütəxəssislər Şurasının sədri, doktorant
çap et