525.Az

Klassik irsin nurunda bir ömür: professor Səadət Şixiyevanin elm yolu


 

Klassik irsin nurunda bir ömür: <b style="color:red"> professor Səadət Şixiyevanin elm yolu</b>

Klassik irsin yaşaması yalnız onun yaradıcılarının deyil, həm də onu araşdıran, təbliğ edən və yeni nəsillərə çatdıran alimlərin zəhməti sayəsində mümkün olur. Azərbaycan filologiyasında bu missiyanı uzun illərdir ardıcıl şəkildə yerinə yetirən alimlərdən biri filologiya üzrə fəlsəfə doktoru, professor Səadət Şıxıyevadır. O, ömrünün qırx ilini orta əsrlər Azərbaycan ədəbiyyatının, xüsusilə İmadəddin Nəsimi irsinin öyrənilməsinə həsr etmiş, ciddi araşdırmaları ilə Azərbaycan nəsimişünaslığının inkişafında əhəmiyyətli rol oynamışdır. Alimin çoxşaxəli akademik fəaliyyəti təsəvvüf ədəbiyyatı, divan poeziyası və klassik Şərq ədəbi mühitinin müxtəlif problemlərinin araşdırılmasını əhatə edir. Bu istiqamətlər onun məhsuldar elmi yaradıcılığının əsas məzmununu təşkil edir.  

Bu il professorun elmi fəaliyyətinin 40 illiyi tamam olur. Bu əlamətdar tarix münasibətilə alimin keçdiyi zəngin elmi yola nəzər salmaq, Azərbaycan filologiyasının inkişafına verdiyi töhfələri dəyərləndirməyi lazım bildik. 

Səadət Məmməd qızı Şıxıyeva 1961-ci ildə anadan olmuş, 1978-ci ildə Bakı şəhərindəki 238 saylı orta məktəbi, 1985-ci ildə isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Tələbəlik illərindən klassik Azərbaycan ədəbiyyatına, xüsusilə İmadəddin Nəsimi yaradıcılığına göstərdiyi maraq onun gələcək elmi istiqamətini müəyyənləşdirmişdir. Nəsimişünas alim öz xatirələrində bu seçimin təsadüfi olmadığını vurğulayaraq yazır: "Hələ ADU-nun (indiki BDU) filologiya fakültəsində ikinci kurs tələbəsi olarkən gələcək yolumu müəyyənləşdirdim: nəsimişünas olacağam. Bu məftunluqda müxtəlif amillər təsirsiz ötüşmədi: şairin öz əsərləri, universitetdə orta əsrlər ədəbiyyatından dərs deyən müəllimimiz professor Əlyar Səfərlinin yüksək tələbkarlığı və əlbəttə, əsrarəngiz "Nəsimi” filmi".  
Bu marağın ilk elmi nəticəsi 1985-ci ildə müdafiə etdiyi "Nəsiminin sənətkarlığı" mövzusunda diplom işi olmuşdur. 1986-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda əmək fəaliyyətinə başlayan gənc tədqiqatçı araşdırmalarını daha da genişləndirmiş, uzunmüddətli elmi axtarışların nəticəsi olaraq 1991-ci ildə "Nəsiminin lirikası" mövzusunda namizədlik dissertasiyasını hazırlayıb müdafiə etmişdir. Həmin dövrdə kifayət qədər mürəkkəb və geniş araşdırma tələb edən bu mövzuya müraciət etməsi onun elmi cəsarətinin və məqsədyönlülüyünün göstəricisi idi. 

Namizədlik dissertasiyasını uğurla müdafiə edən Səadət Şıxıyeva sonrakı illərdə tədqiqatlarını daha da dərinləşdirərək "Seyid İmadəddin Nəsiminin dövrü, həyatı və yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası üzərində çalışmışdır. 1997-ci ildə təsdiq olunmuş bu mövzu çərçivəsində apardığı fundamental araşdırma Azərbaycan nəsimişünaslığının mühüm nailiyyətlərindən hesab olunur və onu bu sahənin aparıcı mütəxəssislərindən biri kimi tanıtmışdır.  

Alimin elmi yaradıcılığında Nəsimi irsinin tədqiqi ilə yanaşı, klassik Azərbaycan və ümumtürk ədəbiyyatı, Şərq poetik düşüncəsinə dair araşdırmalar da xüsusi yer tutur. O, klassik türk, özbək, türkmən, fars, hind (farsdilli Hindistan ədəbiyyatı), urdudilli ədəbiyyata dair tədqiqatları, eləcə də müxtəlif dövrlərin ədəbi ənənələrindən bəhs edən müqayisəli təhlilləri ilə seçilir. Bu araşdırmalarda Azərbaycan ədəbiyyatı ilə digər türk və Şərq ədəbi mühitləri arasında qarşılıqlı təsir, ideya yaxınlığı və tipoloji bağlılıqlar diqqətlə üzə çıxarılır. Orta əsr şairlərinin bədii-fəlsəfi dünyagörüşü, təsəvvüf düşüncəsinin ədəbi ifadələri və divan poeziyasının poetik incəlikləri də onun elmi axtarışlarının əsas istiqamətlərini təşkil edir.  

İmadəddin Nəsimi ilə yanaşı, Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Yunus Əmrə, Mövlana Cəlaləddin Rumi, Əmir Xosrov Dəhləvi, Sultan Bahu, Əmir Əlişir Nəvai, Hafiz Şirazi, Məhdimqulu Fəraqi və bir sıra klassik söz ustadlarının yaradıcılığına həsr etdiyi məqalələr alimin geniş elmi maraq dairəsini və mətnə çoxqatlı yanaşma bacarığını aydın şəkildə göstərir. Onun müxtəlif illərdə ölkə daxilində və xaricdə nəşr olunmuş məqalələri klassik irsin müasir metodoloji yanaşmalar əsasında öyrənilməsinə gətirdiyi yeni baxışlarla seçilir.  
Səadət Şıxıyevanın elmi fəaliyyətində mətnşünaslıq və qaynaqşünaslıq sahəsində də apardığı araşdırmalar xüsusi yer tutur. O, hürufiliyə dair bir sıra qiymətli mətnlərin üzə çıxarılması, tədqiqi və elmi dövriyyəyə daxil edilməsi istiqamətində mühüm işlər görmüş, bu mətnlərin elmi şərhini verərək onların daha geniş tədqiqat müstəvisinə çıxarılmasına şərait yaratmışdır. Alimin bu sahədəki fəaliyyəti Azərbaycan ədəbiyyatşünaslığının mənbə bazasını zənginləşdirməklə yanaşı, klassik ədəbi-mədəni irsimizin indiyədək az öyrənilmiş qatlarının daha dərindən araşdırılmasına da yeni imkanlar yaratmışdır.  

2002-ci ildən AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində çalışan professor divan ədəbiyyatı, Nəsimi irsi və hürufilik istiqamətində araşdırmalarını davam etdirməklə yanaşı, geniş elmi-təşkilati fəaliyyət də göstərmişdir. "Nəsimi ili" çərçivəsində yaradılmış elmi qrupun rəhbəri olmuş, uzun illər həmin institutun "Elmi araşdırmalar" məqalələr toplusunun elmi redaktoru kimi çalışmışdır. Hazırda "Sivilizasiya" jurnalının məsul katibi, eləcə də Türkiyədə nəşr olunan müxtəlif elmi jurnalların redaksiya heyətlərinin üzvüdür.  
 300-dən artıq elmi məqalə və konfrans tezisinin, eləcə də bir sıra kitab və monoqrafik araşdırmaların müəllifi olan professorun əsərləri Azərbaycan sərhədlərini aşaraq Türkiyə, İran, Rusiya, Qazaxıstan və Özbəkistanda nəşr edilmişdir. O, həmçinin Azərbaycan, Türkiyə, İran, Rusiya, Suriya, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Belçika və İordaniyada keçirilmiş çoxsaylı beynəlxalq elmi tədbirlərdə iştirak etmiş, ədəbiyyatşünaslığın müxtəlif problemlərinə dair məruzələrlə çıxış etmişdir.  

Professor Səadət Şıxıyevanın elmi xidmətləri beynəlxalq səviyyədə də yüksək qiymətləndirilmişdir. Qarabağ ədəbi mühitinə dair araşdırmalarına görə 2018-ci ildə TÜRKSOY tərəfindən Molla Pənah Vaqif medalı ilə təltif olunmuş, 2025-ci ildə isə AMEA-nın 80 illiyi münasibətilə TÜRKSOY-un Nəsimi medalına layiq görülmüşdür.  
2015-ci ildən Bakı Avrasiya Universitetində pedaqoji fəaliyyət göstərən alim 2024-cü ildən həmin universitetin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professorudur. Onun pedaqoji fəaliyyəti tələbələrə yalnız bilik ötürməklə məhdudlaşmır; o, gənc tədqiqatçılara elmi məsuliyyət, mətnə filoloji yanaşma və araşdırma mədəniyyəti aşılayan müəllimlərdəndir. 
 Səadət xanımın elmi və pedaqoji fəaliyyəti bütövlükdə Azərbaycan filologiyasının inkişafına xidmət edən məhsuldar və mənalı bir ömür yoludur. Onun zəngin elmi irsi, yüksək pedaqoji keyfiyyətləri və insanpərvərliyi həmkarları, tələbələri və yetirmələri üçün hər zaman örnək olaraq qalacaqdır.  

Bu sətirlərin müəllifi üçün isə Səadət xanım təkcə tanınmış alim, məhsuldar tədqiqatçı və nüfuzlu pedaqoq deyil. O, həm də elmi yolun ilk mərhələlərində istiqamət göstərən, araşdırmağa həvəsləndirən, klassik irsə sevgi və məsuliyyət hissi aşılayan müəllimlərdəndir. Onun rəhbərliyi altında ötən illərdən qalan ən dəyərli qazanc yalnız əldə olunan elmi nəticələr deyil, həm də elmə vicdanlı münasibət, mətnə hörmət və daim axtarışda olmaq kimi prinsiplərdir.  

Bu əlamətdar gün münasibətilə Səadət xanıma möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və tədqiqatlarının davamını arzulayıram. İnanıram ki, klassik irsin nurundan güc alan bu məhsuldar ömür yolu hələ uzun illər Azərbaycan filologiyasına işıq saçacaq, onun yetişdirdiyi tədqiqatçılar isə bu elmi məktəbin dəyərlərini gələcək nəsillərə daşıyacaqdır.

Bu sətirlərin arxasında bir tələbənin ehtiramı dayanır...

Emin Zeynalov
 

 





27.07.2026    çap et  çap et