525.Az

Görkəmli ədəbiyyatşünas Arif Hacıyevin 80 illiyi qeyd olunub


 

Görkəmli ədəbiyyatşünas Arif Hacıyevin 80 illiyi qeyd olunub<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında ədəbiyyatşünas alim, tənqidçi, görkəmli nəzəriyyəçi Arif  Hacıyevin 80 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli alimin həyat və yaradıcılığı ilə bağlı geniş məzmunlu məruzə ilə çıxış edib. Əədbiyyatşünas alim Arif Hacıyevin istər klassik Azərbaycan ədəbi irsinin və yeni dövr ölkə ədəbiyyatının, istərsə də rus və Avropa ədəbi-nəzəri fikrinin dərin bilicisi olduğunu qeyd edən akademik İsa Həbibbəyli onun realist və romantik  yaradıcılıq tipləri haqqında konseptual müddəalarının müasir ədəbiyyatşünaslıqda bir yenilik kimi qəbul edildiyini diqqətə çatdırıb. Akademik bidirib ki, bu gün Azərbaycan ədəbiyyatının mərhələlərinin  yenidən dəqiqləşdirilməsinə  böyük ehtiyac var. Lakin bu yeni yanaşmanı Arif Hacıyevin irsinə müraciət etmədən həyata keçirmək qeyri-mümkündür. Arif Hacıyevin elmi yaradıcılığının çoxşaxəliliyini nəzərə çatdıran akademik İsa Həbibbətli görkəmli alimin klassik ədəbiyyat, ədəbi əlaqələr, ədəbi tənqid sahəsində bir çox fundamental əsərlərin müəllifi olduğunu qeyd edib. Bildirib ki, tam əminliklə demək olar ki, Arif Hacıyevin elmi yaradıcılığının əsas qayəsini ədəbiyyat nəzəriyyəsi təşkil edirdi.

Milli Məclisin deputatı Elmira Axundova çıxış edərək Arif Hacıyevi həm də gözəl pedaqoq kimi xatırladığını deyib. Vurğulayıb ki, bir çox Azərbaycan gənclərinin elmə gəlməsində, alim kimi yetişməsində Arif müəllimin böyük zəhməti olub. Arif Hacıyevin elmi fəaliyyətə başladığı dövrdə rus dilində yazan alimlərə böyük ehtiyac duyulurdu. O, ədəbiyyatşünaslıq elmimizdəki bu boşluğu layiqincə doldurdu. Sovetlər birliyində kifayət qədər tanınan və elmi fikirləri çox ciddi qəbul olunan bir şəxsiyyət idi. Qeyd olunub ki, o zaman Sovetlər Birliyinin bir çox tanınmış elm xadimləri Arif Hacıyevlə mütəmadi yazışır, daimi əlaqə saxlayırdılar.

Tədbirdə filologiya üzrə elmlər doktorları Aida Feyzullayeva, Nailə Muradəliyeva, Sara Osmanlı, Rafiq Novruzov və başqaları məruzələrlə çıxış edərək Arif Hacıyevin Azərbaycan ədəbiyyatşünaslığındakı əvəzolunmaz yeri, bir şəxsiyyət kimi özünəməxsus xüsusiyyətləri, vətənpərvər ziyalı obrazı haqqında geniş və əhatəli məlumat veriblər. Bildirilib ki, Arif Hacıyevin elmi irsi bu gün də öz aktuallığını saxlamaqdadır. Onun elmi irsinin tədqiqi və öyrənilməsi ədəbiyyatşünaslıq elmimizin daim diqqət mərkəzində olmalıdır.

Sonda görkəmli nəzəriyyəçi Arif  Hacıyevin ailəsi adından həyat yoldaşı Rəfiqə xanım söz alaraq tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bidirib.

Tədbir boyu ədəbiyyatşünas alim Arif Hacıyevin həyat və yaradıcılığını əks etdirən slayd-şou nümayiş etdirilib. İştirakçılara alimin kitabları hədiyyə olunub.

 





13.03.2015    çap et  çap et