“Piyadavurmalarla mübarizə tədbirləri qanunla müəyyən edilib. Sadəcə olaraq, bəzən tətbiq mexanizmində müəyyən boşluqlar yaranır ki, piyadalar da bundan istifadə edirlər. Burada piyadalar üçün normal şəraitin yaradılması aktual mövzudur və çox vacib məsələdir. Bəzən piyada keçidlərinin olmaması və ya işıqlandırılmaması – söhbət həm yeraltı, həm yerüstü, həm də eyni səviyyəli piyada keçidlərindən gedir – müəyyən çətinliklər yaradır. Eyni zamanda, keçidlər arasındakı məsafənin düzgün müəyyən edilməməsi və keçidlərdəki şəraitin düzgün təhlil olunmaması göstərir ki, mövcud vəziyyət heç də piyadaların xeyrinə deyil. Bu baxımdan düşünürəm ki, birinci növbədə piyada keçidlərinin mövcud vəziyyətinə baxılmalıdır”.
Bunu 525.az-a avtoekspert Elməddin Muradlı 525.az-a deyib. Ekspert qeyd edib ki, elə bir nəzarət mexanizmi qurulmalıdır ki, piyadalar keçidlərdən istifadə etməyə həm həvəsli, həm də məcbur olsunlar. Bakı şəhəri və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı dövlət proqramında keçidlərin yaxınlıqlarında çəpərləmə işlərinin görülməsi də qeyd olunub. Bu, piyadaların keçidlərdən məcburən istifadə etməsinə yönəlmiş addım olacaq:
“Amma bu məsələ hələlik təhlil olunur. Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bunun hansı ərazilərdə mümkünlüyü ilə bağlı fikir mübadiləsi aparılır. Ancaq istəməzdim ki, biz piyada ölümlərinin artması səbəbindən keçidlərin çəpərlənməsi səviyyəsinə gəlib çataq. İnsanlar şüurlu şəkildə qəbul etməlidirlər ki, keçidlər onların təhlükəsizliyi üçündür və onlar həyat və sağlamlıqlarını qorumaq üçün yalnız piyadalar üçün nəzərdə tutulmuş ərazilərdən keçməlidirlər”.
Sevinc Qarayeva
çap et