525.Az

Elçin İsgəndərzadə: "Yazdığım əsərlər sevgiylə yoğrulur" - Fotoreportaj


 

Elçin İsgəndərzadə: "Yazdığım əsərlər sevgiylə yoğrulur" - <b style="color:red">Fotoreportaj</b>

Martın 11-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Gənc Ədiblər Məktəbinin (GƏM) növbəti görüşü keçirilib. Məktəbin budəfəki qonağı şair, alim Elçin İsgəndərzadə olub.

Tədbiri giriş sözü ilə açan GƏM-in koordinatoru Emin Piri Elçin İsgəndərzadə haqqında ətraflı məlumat verib:

"Elçin İsgəndərzadə "Vektor" nəşrlər evinin rəhbəri, şair və alimdir. Alim olması şairliyini heç də kölgədə qoymur. Eyni zamanda, o gənclərin dostudur, hər fürsətdə gənclərə dəstək olur, onlardan köməyini əsirgəmir. Bütün bunlarla yanaşı, o, elmi fəaliyyətindən də qalmır, əlavə olaraq, Dağlıq Qarabağ münaqişəsini, bu münaqişədə soydaşlarımızın başına gətirilən müsibətləri öz qələmi, şeirləriylə dünyaya çatdırır".

Sonra söz Elçin İsgəndərzadəyə verilib və o əvvəlcə həyat yolundan, doğulub boya-başa çatdığı Qarabağdan danışıb:
 
"Mən Azərbaycanın mirvarisi olan Şuşada doğulmuşam. Şuşa həmişə elm, sənət, musiqi ocağı olub. Amma bir məsələ var, yəqin, yeganə şuşalıyam ki, səsim yoxdur, mahnı oxuya bilmirəm. Buna görə də diqqətimi elmə yönəltdim. Uşaqlıqdan mühəndis olmaq istəyirdim. Qazandığım bütün uğurları, tutduğum mövqeni məhz bu istək və əzmin sayəsində əldə etmişəm. Siz gənclərə də tövsiyəm budur ki, hansı sahədə olursunuzsa olun, o sahəyə, peşəyə sevgiylə yanaşın. Sevgi təkcə qadını sevmək deyil, həm də vətəni, topağı, gördüyün işi, seçdiyin peşəni sevməkdir".

Alim-şair ilk qələm təcrübəsini də xatırladıb:
 
"İlk şeirimi 5-ci sinifdə oxuyanda müəlliməmə həsr etmişdim. O vaxt rayon qəzetində də çap olunmuşdu.

Ondan sonra xırda-xırda yazmağa başladım. Həmişə özümü böyük şairimiz Məmməd Arazın, Qərib Mehdinin şagirdi hesab etmişəm. Onların yaradıcılıqlarından, söhbətlərindən çox şey əxz etmişəm.

Bugünkü Elçin İsgəndərzadə olmağımda bu iki qələm sahibinin danılmaz rolu var. Buna baxmayaraq, mən özümü böyük şair adlandırmıram. Ola bilər ki, alim kimi böyük işlər görmüşəm. İxtiralar, elmi əsərlər, monoqrafiyalar və sairə. Amma söhbət ədəbiyyatdan gedirsə, orta statistik bir Azərbaycan şairiyəm.

Getdiyim bütün ölkələrdə, iştirak etdiyim bütün tədbirlərdə də çalışıram ki, Azərbaycanın haqq səsini hamıya çatdırım.
 
Məsələn, Türkiyədə son on beş ildə Qarabağı ən çox təbliğ edən mənəm. Buna əyani sübut kimi türk şairi Osman Başın yazdığı "Xarı bülbül" kitabını göstərmək olar. Kitab Qarabağa həsr olunub, eyni zamanda müəllif kitabı mənə ithaf edib".

Şair öz çıxışında hər şeyin qayəsinin sevgi olduğunu vurğulayıb:
 
"Məndən tez-tez soruşurlar ki, bu qədər işi necə çatdırırsan? Bütün bu gördüyüm işlər, yazdığım əsərlər sevgiylə yoğrulur, sevginin köməyilə üzə çıxır. Yəni insan nə qədər çox sevirsə, zamanı, enerjisi də o qədər çox olur. İstedad bizə Allah tərəfindən bəxş edilir. Amma uğurun sirri zəhmətdən keçir. Ona görə də istənilən məsələdə uğur qazanmaq üçün əzmlə çalışmaq, hər işi pillə-pillə görmək, hər binanı kərpic-kərpic hörmək lazımdır.
 
O adamlar xoşbəxtdir ki, Allah onlara istedadla bərabər zəhmətkeşlik verib. Hansısa uğurlara sahib olandan, mövqe qazanandan sonra da arxayınlaşmaq olmaz. Həmişə, hər gün çalışmaq, öyrənmək, yeniliklər etməyə çalışmaq, irəli getmək lazımdır. Zəhmət çəkmək, bir də lüzumsuz məsələlərlə uğraşmamaq lazımdır. Ömrün hər anı qiymətlidir. Keçən heç bir günü, saniyəni geri qaytarmaq mümkün deyil. Ona görə də həyatı, vaxtı, zamanı maksimum dərəcədə dəyərləndirmək gərəkdir. Yaşanan heç bir anın təkrarı yoxdur.

Məhz bu səbəbdən insan hər işdə məsuliyyətli olmalıdır. Ən böyük israfçılıq vaxtla edilmiş israfçılıqdır. Hər günün sonunda özümüzə hesabat verməliyik: bu gün böyük mənada nəyə nail olduq, hansı işləri gördük".

Tədbirin sonunda E.İsgəndərzadə gənc ədibləri maraqlandıran suallara cavab verib, onların yazdıqları ilə tanış olub, öz şeirlərini oxuyub.

 





13.03.2015    çap et  çap et