Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 99-cu ildönümü münasibətilə Bakıda rəsmi qəbul keçirilib.
525.az xəbər verir ki, hər iki ölkənin Dövlət Himnləri səsləndikdən sonra səfir Lu Mey çıxış edib.
Diplomat deyib ki, 1927-ci ildə yaradıldığı gündən etibarən Çin Xalq Azadlıq Ordusu Çinin dövlət suverenliyinin, ərazi bütövlüyünün, təhlükəsizliyinin və inkişaf maraqlarının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri daim yerinə yetirib. Eyni zamanda, Çin Xalq Azadlıq Ordusu dünya sülhünün qorunmasına xidmət edən mühüm qüvvə olmaqla yanaşı, qlobal sabitliyin möhkəmləndirilməsində də mühüm rol oynayır.
Ordu Birləşmiş Millətlər Təşkilatının sülhməramlı əməliyyatlarında, beynəlxalq humanitar yardım və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması missiyalarında fəal iştirak edib. O qeyd edib ki, həqiqətən də, beynəlxalq ictimaiyyətdə sülhün, ədalətin və sivilizasiyanın öncül qüvvələrindən birinə çevrilib. Öz inkişafını davam etdirməklə yanaşı, Çin silahlı qüvvələri qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq prinsipinə sadiq qalır, beynəlxalq hərbi mübadilə və əməkdaşlığı fəal şəkildə genişləndirir, digər ölkələrlə birgə beynəlxalq və regional sülhün və sabitliyin qorunmasına mühüm töhfə verir.
Səfir deyib ki, Çin dinc inkişaf yoluna sadiqliyini davam etdirir, ardıcıl olaraq müdafiə xarakterli milli müdafiə siyasətini həyata keçirir və fikir ayrılıqlarının dialoq və əməkdaşlıq vasitəsilə həll edilməsini dəstəkləyir.
“Sülh və inkişaf bütün xalqların ortaq arzusudur. Çin Xalq Respublikasının Sədri Si Cinpin bəşəriyyət üçün vahid taleyə malik icmanın qurulması konsepsiyasını və bir sıra qlobal təşəbbüsləri irəli sürərək, bəşəriyyətin qarşılaşdığı ümumi çağırışların aradan qaldırılması üçün həll yolları və davamlı sülhə, qlobal təhlükəsizliyə və ortaq rifaha əsaslanan dünyanın qurulması üçün yeni inkişaf perspektivləri müəyyənləşdirib.
İki həftə əvvəl Çin Xalq Respublikasının Sədri Si Cinpin Şanxayda keçirilən 2026-cı il Ümumdünya Süni İntellekt Konfransında iştirak edib və bütün ölkələrin insan mərkəzli yanaşmaya əsaslanaraq, süni intellektin müsbət istiqamətdə və xeyirxah məqsədlər naminə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Bu yanaşma süni intellektin gələcək inkişafı və onun idarə olunmasında strateji istiqamət müəyyən edib. Çinin təşəbbüsü ilə Süni İntellekt üzrə Ümumdünya Əməkdaşlıq Təşkilatı yaradılıb, 29 ölkə isə onun təsisçi üzvləri olub. Bu, süni intellektin inkişafı tarixində mühüm mərhələdir”, - Lu Mey bildirib.
O əlavə edib ki, Süni İntellekt üzrə Ümumdünya Əməkdaşlıq Təşkilatı (WAICO) süni intellekt sahəsində potensialın gücləndirilməsinə, geniş beynəlxalq konsensus əsasında süni intellektin qlobal idarəetmə sisteminin formalaşdırılmasına dəstək göstərilməsinə, eləcə də süni intellektin bəşəriyyətin rifahı naminə təhlükəsiz, ədalətli, sağlam və nizamlı şəkildə inkişafının təmin edilməsinə yönələcək:
“Təşkilat bununla bütün ölkələrin müasirləşmə prosesinə töhfə verməyi qarşıya məqsəd qoyur. Təşkilat bütün ölkələrin qoşulması üçün açıqdır. Ümid edirik ki, bütün ölkələr Təşkilatın təqdim etdiyi imkanlardan faydalanacaq və süni intellekt sahəsində əməkdaşlıq vasitəsilə öz inkişaflarını gücləndirəcəklər”.
Səfir bildirib ki, Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır. İki ölkə başçısının strateji rəhbərliyi ilə Çin-Azərbaycan münasibətləri möhkəm inkişaf dinamikasını qoruyub saxlayır, müxtəlif sahələr üzrə əməkdaşlıq davamlı şəkildə irəliləyir və xalqlarımızın rifahının yüksəldilməsinə xidmət edir:
“Hərbi əməkdaşlıq ikitərəfli strateji tərəfdaşlığın mühüm tərkib hissəsidir. Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri və əməkdaşlığı daha da dərinləşdirməyə, eləcə də ikitərəfli əməkdaşlığın inkişafına yeni töhfələr verməyə hazırdır. Çin Azərbaycanla birlikdə iki ölkə rəhbərləri arasında əldə olunmuş mühüm razılaşmaları həyata keçirməyə, “Bir kəmər, bir yol” təşəbbüsü və süni intellekt sahəsində potensialın artırılması da daxil olmaqla, bütün sahələrdə əməkdaşlığı dərinləşdirməyə, regionda və dünyada sülhün və inkişafın birgə təşviqinə hazırdır”.
Pərvanə Sultanova
çap et