525.Az

Dillər Universitetində Hüseyn Arif anılıb


 

Dillər Universitetində Hüseyn Arif anılıb<b style="color:red"></b>

Dillər Universitetində (ADU) Xalq şairi Hüseyn Arifin anadan olmasının 90 illik yubileyinə həsr edilən ədəbi-bədii tədbir keçirilib.

Tədbir Prezident İlham Əliyevin “Hüseyn Arifin 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 2 may tarixli Sərəncamına əsasən təşkil edilib.

Tədbirdə universitetin tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, xalq şairi Hüseyn Arifin xalqımızın zəngin bədii-poetik irsində dəyərli əsərlər yaratdığını, milli ədəbiyyata töhfələr verdiyini söyləyib.

Xalq şairi Zəlimxan Yaqub ədibin yaradıcılığından danışaraq şairin Azərbaycan ədəbiyyatının başucalığı, poeziyamızın zirvəsi olduğunu vurğulayıb. Hüseyn Arif poeziyasında dilin doğma, səmimi, şirin, xalqa yaxın olduğunu bildirən Zəlimxan Yaqub onun şeirlərinin xalqın ruhundan süzülüb gəldiyini diqqətə çatdırıb.

Bakı Slavyan Universitetinin professoru Rüstəm Kamal, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Şirindil Alışanov, ADU-nun professoru Adil Babayev və başqaları Hüseyn Arifin müraciət etdiyi mövzular, yaratdığı əsərlər barədə söz açıblar.

Tədbirdə Hüseyn Arifin sözlərinə bəstələnmiş mahnılar ifa olunub, tələbələr şairin şeirlərini söyləyiblər.

Sonda şairin qızı Zöhrə Hüseynzadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

S.ABDULLAYEVA

 





14.03.2015    çap et  çap et