525.Az

Cavidin idealı – Turan


 

Cavidin idealı – <b style="color:red">Turan</b>

Dünya türkçülüyünün son ülgüsü, ən ali qayəsi Turan idealı idi. XIX əsrin ikinci yarısından başlayaraq Qaspıralı, Ziya Göyalp, Yusif Akçura, Əlibəy Hüseynzadə və s. kimi böyük türkçülər vahid türk dövləti – Turan imperiyası yaratmaq uğrunda mübarizə və fikir mücadilələri aparmışlar. XX əsrin önlərində bu nəcib hərəkata qoşulanlardan biri də türkçü filosof romantik şair Hüseyn Cavid idi. Bütövlükdə türkçülük, xüsusən də Turan qayəsi “Parçala və hökm sür” siyasəti yeridən imperiyaların, o cümlədən, totalitar Sovet rejiminin ən çox qorxduğu, əleyhinə mübarizə apardığı ideya idi. Təsadüfi deyil ki, 37-ci ilin repressiya qurbanlarının əksəriyyəti bu gün bir şərəf rəmzi, o zaman isə ən təhlükəli yarlıq olan pantürkizm adı ilə həbsə alınmışdılar. Bəlkə də Cavid bu nəcib söz unudulmasın, həmişə evdə səslənsin deyə qızına Turan adı qoymuşdu. Tarix göstərdi ki, böyük Cavid – ata Cavid səhv etməyib. Turan öz adına – Turana layiq bir xanım oldu, bu ülvi adı şərəflə daşıdı.

H.Cavidin Ev Muzeyi tərəfinizdən böyük zəhmətlə hazırlanıb yüksək poliqrafik şəkildə çap olunmuş “Turan Cavid: Ömür salnaməsi” (Bakı, Proqres, 2014. 448 səh.) toplusu təkcə bir insanın, bir nəslin deyil, bütövlükdə haqqında söhbət gedən dövr mədəni-tarixi həyatımıza işıq salan əsərdir. Layihə müəllifi və tərtibçi AMEA-nın Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, elmi məsləhətçi akademik İsa Həbibbəyli, redaktoru akademik Teymur Kərimlidir. Toplu Ulu Öndər Heydər Əliyevin romantik şair və filosof Hüseyn Cavid və Turan xanım haqqında qiymətli sözləri ilə açılır: “Hüseyn Cavid çox faciəli həyat keçirdi. Yəni onun xoşbəxtliyi onda idi ki, sən var idin. Sən yaşamasaydın, bunları bir yerə kim yığacaqdı? Vəfalı övlad həmişə ata-ana üçün böyük nemətdir. Sən varsan, bunu yaratmısan. Allah bu əzab-əziyyətin müqabilində səni saxlayıb ki, sən bu irsi yaşadasan”. Bu müdrik və mənalı sətirləri oxuyub, hələ uşaqlıqdan yaddaşıma köçmüş Turan Cavidi xatırlayıram. Tez-tez anamın iş yerinə – Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyinə gedirdim. Hamı sakitcə o zaman Teatr Muzeyinin direktoru Turan Cavidin gəlib keçməyini gözləyir, ona ehtiramla salam verirdilər. O, gözündə qara eynək, əynində tünd rəngli paltar, təmkinli addımlarla adamların üzünə baxmadan gəlib iş yerinə keçirdi. Mənə elə gəlirdi ki, o, kədərini gizlətmək və adamların hər an dəyişə biləcək sifətlərini görməmək üçün qara eynək taxırdı. Bəlkə də heç kəs onun güldüyünü görməmişdi, o çox məğrur idi və yəqin ki, hələ heç kim onun ağladığını da görməmişdi. Deyirlər, onun ən sevincli anı Hüseyn Cavidin Ev Muzeyinin açıldığı gün olub.

“Biz Sizsiz qaldıq, Siz bizimlə qaldınız, Turan xanım!” – ön söz müəllifi G.Babaxanlının bu sözləri bütövlükdə “Turan Cavid: Ömür salnaməsi” toplusunun leytmotivini- konsepsiyasını müəyyənləşdirir. Topluda öncül yeri Heydər Əliyevin H.Cavid naminə möhtəşəm fəaliyyətini əks etdirən sənədlər, materiallar, Ulu Öndərin məzmunlu çıxışları və fotoşəkillər tutur. Turan xanım minnətdarlıq hissi ilə yazıb: ”Hər şeyə görə – atamı Vətən torpağına qovuşdurduğuna, əzizlərimi bir sərdabədə – Cavid məqbərəsində görüşdürdüyünə, Cavid ocağının çırağını yenidən yandırdığına ... və nəhayət, Cavid külliyyatının mükəmməl nəşri üçün sərəncam verdiyinə görə unudulmaz Heydər Əliyevə Tanrıdan rəhmətlər diləyirəm”. “Turan Cavid...” toplusu başdan–başa alicənab bir insanın kübarlıq ifadə edən səmimi duyğuları ilə süslənib. Sanki Turan xanımın dili ilə Cavid özü danışır: məğrur və minnətdar...

2002-ci il oktyabrın 24-də Hüseyn Cavidin Ev Muzeyi açılarkən Ulu Öndər Turan xanıma müraciətlə demişdi:”Turan xanım, mən təbrik edirəm ki, ev muzeyi açıldı. Buranın qapılarını insanlar üçün açın. Qoy gəlsinlər, baxsınlar görsünlər ki, bunlar bizim xalqımızın, millətimizin tarixidir və insanlar bu tarixlə tanış olsunlar. Tarixini bilməyən insan öz xalqına, öz millətinə sədaqətlə xidmət edə bilməz və həqiqi millət ola bilməz”. Burada Heydər Əliyevin həmişə tarixə güvənən düşüncəsi öz əksini tapıb və belə düşüncə tərzi gələcək nəsillər üçün konseptual bir nümunədir. AMEA-nın Hüseyn Cavidin Ev Muzeyi bütün fəaliyyətini ümummilli liderin tövsiyə etdiyi belə bir istiqamətdə qurub. “Turan Cavid...” toplusu da məhz bunun əyani təzahürüdür.

1982-ci ildə Heydər Əliyevin böyük fədakarlığı sayəsində “Cavid vətənə qayıtdı”. Bu olayı eşidən millətimiz “Ulusuna hörmət qoyanı xalq həmişə uca tutar” deyə bu hünəri dəyərləndirdi və əbədiləşdirdi. Topluda bu hadisə haqqında mənalı yazılar, tarixiliyə dayaqlanan nəcib xatirələr yer alır.

 “Turan Cavid” toplusu Turan xanımın məqalələri, Heydər Əliyev və Turan Cavid bölməsi ilə davam edir. Həm bu fotolar, həm də muzeyin açılışı zamanı Ulu Öndər Heydər Əliyevlə Turan Cavid arasındakı səmimi və mənalı söhbət, cavidşünaslığımız üçün, ümumən ədəbiyyat tariximiz üçün olduqca dəyərlidir.

Hüseyn Cavidin  nəsil şəcərəsi, Turan xanımın 16 aprel 1991-ci ildə öz əli ilə yazdığı tərcümeyi-hal, ailə fotoları və müxtəlif sənədlər “Turan Cavid” toplusuna həm əyanilik, həm də tarixilik gətirir. Bu toplu ensiklopedik xarakterli nadir nəşrlərdən biridir. “Turan Cavidin qeyd dəftərindən” bölməsində H.Cavidin həyat və fəaliyyət tarixləri və pyeslərinin tamaşaya qoyulması coğrafi arealı haqqında faktlar və sənədlər xüsusi dəyərə malikdir, müasir oxucunun həm H.Cavid, həm də T.Cavid haqqında təsəvvürlərini əyani və bundan dolayısı inandırıcı şəkildə tamamlayır.

“Turan Cavid”  kitabının Hüseyn Cavid haqqında məqalələr; veriliş mətnləri,  çıxışlar, ssenarilər, rəylər” bölməsi geniş elmi məzmuna malikdir. Bura daxil edilən Turan xanımın 1982-ci ildə qələmə aldığı “Atam haqqında xatirələrim” yazısı, “Turan xanımın söylədikləri” adlı arxiv materialı öz canlılığı ilə diqqəti cəlb edir. Cavid irsinin dəyərli tədqiqatçısı akademik Rafael Hüseynovun Turan Cavidlə radio söhbətləri ( müsahibələri) toplunun canlı və maraqlı səhifələrindəndir.

Kitabda Turan xanım bir teatrşünas olaraq kifayət qədər ətraflı təqdim olunur, onun müxtəlif illərdə həm H.Cavid teatrı, həm də ümumən milli səhnə mədəniyyətimiz haqqında yazdığı qiymətli məqalələr yer alır.

“Turan Cavid...” toplusu ciddi tarixilik prinsipi əsasında tərtib olunub. Bu cəhət əsərin bir müvəffəqiyyətidir. Digər uğuru isə kitabın müasirlik ruhudur. Çağdaşlarımın Turan xanım haqqında xatirə, məqalə və bədii əsərləri kitaba yüksək müasirlik ruhu bəxş edir. Bura daxil olunan yazıların xatirə, məqalə və şeirlərinin hərəsinin öz yeri, öz bədii-fəlsəfi məziyyəti, Turan Cavid dünyası haqqında öz incələməsi var. Fəqət biz iki yazını – teatrşünas Aydın Talıbzadənin “Turan xanım üçün rekviyem (intellektual mərsiyə)” məqaləsini və Xalq şairi Zəlimxan Yaqubun “Cavidin qız balası” poemasını xüsusilə fərqləndirmək istərdik...

Aydın Talıbzadə yazır: “ Hamıya məhrəm, hamıya da yad: həmişə də tənha qadın. Bu mənim Turan Cavidimdir! Əgər qara rəngin nağılı varsa, onu Turan xanım yaşadı. Təziyə libasına bürünüb həyatdan keçdi getdi. Yaşadımı? İçində dəfn eləyə bilmədiyin ölülərlə yaşamaqmı olar, yahu?!...” Turan xanım bir ömür yox, amansız bir tale yaşadı. O, günlərdən yox, əzablardan ibarət idi. O, bir qürur rəmzi idi, onun şəxsiyyəti üzərində əyilməz vicdanın qürur bayrağı dalğalanırdı. Və bu bayraq Turan adlı qızcığazın totalitar Sovet rejimi üzərində qələbəsinin simvolu idi: Üzərində üç şərəfli ad yazılmışdı: Hüseyn Cavid, Müşkünaz Cavid, Ərtoğrul Cavid!

Bu fütuhatın adı Turan idi. Türkün, türkçü Cavidin  milli idealı olan əbədi Turan. Bu da mənim Turan Cavidimdir! – körpə yaddaşımda əbədiləşən qara paltarlı, qara eynəkli İşıq Adam! – “Turan Cavid: Ömür salnaməsi” kitabından əxz etdiyim Turan Cavid!

 





16.03.2015    çap et  çap et