525.Az

Uilyam Qoldinqin böyüklər üçün nağılı


 

Uilyam Qoldinqin böyüklər üçün nağılı<b style="color:red"></b>

Bəzən bizə uşaqlardan nümunə götürməyi tövsiyə edirlər: onlar kimi hər şeydən zövq almağı, istədiyinə çatmayana qədər əl çəkməməyi və sair. Məşhur bir türk musiqisində də hər şeyin yaxşı olacağı inamını içimizdəki uşağa sarılmağımızda  görür. Yalnız uşaqların olduğu bir dünya təsəvvür edin. İlk baxışdan çox gözəl mənzərədir: nə müharibə, nə hiylə, nə nifrət... Ancaq sevgi, şokolad, oynamaq...             

Yox, bu yazıda uşaqlar haqqında nağıllardan danışacağımı düşünməyin. Əslində, Uilyam Qoldinqə məşhurluq gətirən “Milçəklər kralı”nı nağıl kimi də oxumaq olar. Amma bu nağıl böyüklər üçündür. Diqqət! Diqqət! On səkkiz yaşı tamam olmayanlar, ürəyi zəif olanlar, yazının ilk abzası ilə razılaşanlar, uşaqların olduğu dünyaya cənnət kimi baxan xanımlar və cənablar heç bir vicdan əzabı çəkmədən bu “nağılı” oxumaya bilərlər. Ola bilər ki, sizi maraq bürüsün və yazını sonacan oxuyasınız. Neynək, bir söz demirəm. Hazır olun, başlayırıq.

Qulaq asın:

Biri vardı, biri yoxdu. Bizdən çox da uzaq keçmişdə olmayan Uilyam Qoldinq adlı bir yazıçı vardı. O, 1911-ci ildə doğuldu, Oksford Universitetinin “ingilis dili və ədəbiyyatı” ixtisasını bitirdi və 1939-cu ildə müəllimlik fəaliyyətini dayandıraraq könüllü cəbhəyə yollandı. Bu müharibə sayəsində o, bir insanın digərinə nə edə biləcəyini kəşf etdi. XX əsrdə baş verən iki böyük müharibə evlər, küçələr, binalarla yanaşı Qoldinqin cəmiyyətin özünü inkişaf etdirərək kamilləşməsi ümidini də darmadağın etdi. O ümidin, inamın yerində isə yalnız bu cümlələr qaldı: “Bəşəriyyətin xəstə olduğuna mənim şübhəm yoxdur və bu fikri başımdan çıxara bilmirəm...Ona görə də var gücümlə yazıb aləmə car çəkir, insanlara deyirəm: baxın, baxın, baxın görün dünyada ən təhlükəli heyvan olan insanın təbiəti necədir”.

Nağıl dili yüyrək olar: Uilyam Qoldinqin şeir kitabları maraqla qarşılanmadı və o, düz iyirmi il susdu. 1954-cü ildə Qoldinqin iyirmi illik sükutundan “Milçəklər kralı” doğuldu. “Milçəklər kralı” yavaş-yavaş böyüdü, məktəbə getdi, universitet oxudu, dünya turuna çıxdı... Bu nağılın alma payı isə göylərdən yox, 1983-cü ildə İsveç Akademiyasından gəldi. Nobel!

Roman Azərbaycan dilinə tərcümə olunub, amma sizə bir sirr açım: əsərin ilk variantı belə olmayıb. “Milçəklər kralı”nın ilk variantı III Dünya müharibəsinin təsviri ilə başlayırdı və daha sonra bir qrup uşaqları qorumaq üçün onları təyyarə ilə başqa  yerə göndərirlər. Təyyarə bombalanır. Ancaq uşaqlar sağ-salamat kimsəsiz bir adaya düşürlər. Redaktorun sayəsində əsərin ilk hissəsi ixtisar olunub və roman uşaqların adaya düşməsi ilə başlayır (Yeri gəlmişkən fikir verin ingilis yazıçılarının əksəriyyətində hadisələr adada baş verir. “Fırtına”nı, “Robinzon Kruzo”nu, “Qulliverin səyahəti”ni, “Dəfinələr adası”nı... xatırlayın). Bizim və bütün dünya oxucularının oxuduğu nəşrdə təyyarənin hara uçması, qəzanın necə baş verməsi, uşaqların necə sağ qalması haqqında heç nə bilmirik. Doğrusu, bunu bilməməklə də bir şey itirmirik. Əsərin məğzi tamam başqadır. Romanda müharibədən, faşizmdən danışılmasa da, əslində, əsər həm müharibədən, həm də faşizmdən bəhs edir.

Qoldinq bu roman-pritçanı yazarkən Robert Ballantayın “Mərcan adası”ndan bir çox şeyləri əxz edib. Romanın üç əsas obrazından  ikisinin adını da elə həmin əsərdən götürüb – Ralf və Cek.   

Ralf sahildə gəzərkən Piqqi ilə qarşılaşır. O, dəniz qabığını üfürdükdən sonra səsi eşidən uşaqlar onun ətrafına yığışırlar. Onlar belə bir qərara gəlirlər ki, kim söz demək istəyirsə dəniz qabığını əlində saxlasın. Onların burada olduqlarından kimlərisə xəbərdar etmək üçün isə böyük bir ocaq yandırmağı qərara alırlar. Od əldə etmək üçün isə Piqqinin eynəyindən istifadə edirlər. Piqqi digər uşaqlardan öz zəkasına görə fərqlənir. O, ağılın simvoludur. (Niyə həmişə nağıllarda müdrikləri kor kimi təsəvvür edirlər?).

Ralfda liderlik xüsusiyyəti var. O, uşaqların başçısı seçilir. Lakin “hakimiyyəti” ələ keçirmək istəyən Cek Ralfın başçı seçilməsini heç cür qəbul edə bilməsə də, səs çoxluğu ilə razılaşmaqdan başqa yolu qalmır. Bu qarşıdurmada Ralf yaxşılığı, Cek isə pisliyi işarəliyir. Ralf və Cekin arasındakı mübarizə, xeyir və şərin dilemması kimi təsvir olunur.

Ralf sağ qalmaq üçün sivil yollar axtarışında olsa da, Cek ona əks qütbdə dayanır. Ralf onların burada olduğunun bilinməsi üçün ocaq qalamağı və növbə ilə onun yanında keşik çəkməyi təklif edir. Cek isə buna əhəmiyyət vermir. Onu yalnız ov etmək maraqlandırır.

Yeni “ev”ə hələ öyrəşməyən uşaqlar əvvəlki həyatlarındakı vərdişlərini qoruyub saxlayırlar. Çünki onlar bilirlər ki, pis bir şey etsələr cəzalanacaqlar. Əvvəllər uşaqlar bir-birlərinə xətər yetirməkdən çəkinirdilər. Əgər bir-birlərinə pis nəsə etsəydilər valideynlər, məktəb, polis tərəfindən cəzalanacaqdılar. Romanın ilk hissələrində uşaqların içindəki bu qorxu bir-birlərinə zərər vurmamağa, bir-birləri ilə dava etməməyə məcbur edirdi. Daha sonra bu qorxunun başqa bir qorxu ilə əvəzlənməsi, burada valideynin, polisin, məktəb müdirinin, bir sözlə, qayda-qanunun olmaması onları bir-birinə qəddar münasibətə, hətta öldürmək dərəcəsinə çatmağa qədər sövq edirdi.

İnsanmı ətrafı dəyişir, yoxsa içində olduğu ortammı onu dəyişdirir? Marks məşhur “Kapital” əsərində “Robinzon Kruzo” romanını belə dəyərləndirir ki, insan öz dəyərləri ilə vəhşi təbiəti belə inkişaf etdirə bilər. “Robinzon Kruzo”nun ötürdüyü əsas mesaj budur ki, insan istəsə hər şeyə qalib gələ bilər. O, təbiəti ram edə, ən vəhşi bir ortam da belə öz mədəniliyini qoruya bilər. “Milçəklər kralı”nda isə biz bu fikirlərin əksini görürük. Yazıçının vurğuladığı məqamlardan biri budur ki, insanı dəyişməyə şərait məcbur edir. Niyə uşaqlar bir-birlərinə qarşı belə qəddar münasibət bəsləyirlər? Çünki onları buna vadar edən qorxu, aclıq, hər an yeni bir təhlükə yaranacağı hissidir. Uşaqların çoxu ətrafda qorxunc heyvanlar olduğunu düşünürlər. Demək, insanlar qorxu, aclıq içində yaşayanda şüurlu, sivil şəkildə yox, intsiktiv hərəkətlər edirlər.

Əgər romanı əldə edə bilməsəniz, bu boşluğu onun əsasında çəkilən filmlərə baxmaqla doldura bilərsiniz. “Milçəklər kralı”nın əsasında 1963-cü ildə Peter Brook, 1990-cı ildə isə Harry Hook film lentə alıb. 

Uzun-uzun romanın süjetini yazmaq, yazıçının toxunduğu məqamları bundan artıq genişləndirmək, şərh etmək istəmirəm. Bu yazı romanın ifadə etdiklərinin çox az bir qismidir. Düşünməyin ki, romanın oxucuya ünvanladığı bütün sualların cavabını bu məqalədə cavablandırmışam. Yazıda toxunmadığım bir sualın cavabını tapmağı isə sizin ixtiyarınıza buraxıram: Niyə romandakı obrazların hamısı oğlan uşaqları idi?

 





16.03.2015    çap et  çap et