525.Az

İbrahimsiz bir il


 

İbrahimsiz bir il<b style="color:red"></b>

Baxıram dünyanın bu gərdişinə,
Dəli bir ağlamaq keçir könlümdən.

14 mart 2014-cü il, saat 05:30... Yuxudan telefonun zənginə oyandım. Yarıyuxulu “alo” desəm də, qardaşımın həyəcanlı səsi yerimdən dik atılmağımla nəticələndi. Geyinib aşağı düşdüm. Atam oyanmışdı, otağın ortasında sağa-sola var-gəl edirdi. Atamdan nə baş verdiyini soruşdum. “İbrahimi itirdik” dedi. Bir anlıq donub yerimdə qaldım və qeyri-ixtiyari olaraq “hansı İbrahimi?” deyə soruşdum. Atamın “Bibin oğlu...” deməsi ilə, dünya tərsinə döndü sanki... O an nə baş verdiyini tam xatırlamıram. Amma özümə gələndən sonra qarşılaşdığım mənzərə heç vaxt xatirimdən silinməyəcək. Çünki Səadət bibim, yəni İbrahimin anası həmin gün bizdə idi. Axşamdan deyə-gülə söhbət edib, xatirələrə dalmış, maraqlı söhbətlər etmişdik. Səhərin gözü açılmamış isə o xəbər gəlmişdi. Həmin an bizi bir tərəfdən İbrahimin aramızdan ayrılması üzür, digər tərəfdən bunu bibimə necə deyəcəyimizin ağırlığı sıxırdı. Çünki bir anaya övladının ölüm xəbərini demək, dünyanın çəkilməz ən ağır yüküdür. O an yaşadığım hissləri heç cür sözlə ifadə etmək mümkün deyil. Suraxanıya neçə çatdıq, maşını hansı sürətlə idarə etdim, yolboyu nə düşündüm heç özüm də bilmirəm. Qəhər məni boğurdu... Ağlaya da bilmirdim. Hönkürmək istəyirdim... Hayqırmaq istəyirdim... Ancaq bibim o acı xəbəri məndən eşitməsin deyə, səssiz ağlayırdım. Nəfəsim çatmırdı, içim yanırdı... İçimdən bu acı xəbərin doğru olmaması üçün Allaha yalvarırdım. Amma nə fayda... O, artıq aramızda yox idi...

lll

İbrahimlə təxminən yaşıd olsaq da, onunla bağlı xatirələrim elə də çox deyil... 1999-cu il idi... Bakı Dövlət Universitetinə qəbul olmuşdum. O vaxt indiki kimi informasiya texnologiyaları geniş yayılmamışdı. İbrahim həmin vaxt “Respublika” qəzetində işləyirdi. Həftədə 2-3 dəfə İbrahimin otaq yoldaşı Nicatın yanına kompüter proqramlarını öyrənməyə gedirdim. Həmin ərəfədə tez-tez görüşürdük. İbrahimin nə qədər aktiv və çalışqan biri olduğunu elə o vaxtdan müşahidə etmişdim. Bir yerdə dayanmırdı, daim hərəkətdə idi. Açıqcası, qibtə də etmişdim ona. “Bu qədər işi necə olur ki, bir arada çatdıra bilir” deyə düşünmüşdüm... 

Ara-sıra şəhərdə rastlaşırdıq. Heç vaxt tək olmazdı. Yaxın dostlarından ən azı biri həmişə yanında olardı. Sonuncu dəfə Nizami küçəsində görüşmüşdük. Ən yaxın dostlarından biri olan Mahir Qabiloğlu da yanında idi. Bir xeyli dayanıb söhbətləşmişdik.

Bir dəfə də nənəmin yas mərasimində görüşmüşdük. Mahiri ilk dəfə orda tanış etmişdi mənimlə. “Şair Qabilin oğlu Mahirdi. Canlara dəyən oğlandı. Dostum, qardaşımdı” – demişdi.

İbrahim elə bir insan idi ki, hamıya kömək etməyə, bacardığı qədər müşkül məsələlərini həll etməyə çalışırdı. Hətta bir neçə dəfə dost-tanışlarının müşkülü barədə mənə də demiş, onların dərdinə çarə olmaq üçün yolları birgə müzakirə etmişdik. Mənim üçün də çox iş görmüşdü İbrahim. Nə vaxt yanına getsəm şən, gülərüz siması ilə qarşılaşırdım. Bu münasibət problemimi unutmağa kifayət edirdi.

Bir gün evə gələndə “İbrahimi prorektor təyin ediblər” dedilər. Sevincimin həddi-hüdudu yox idi. Uçmaq üçün bircə qanadım çatışmırdı desəm, yalan olmaz.

Ancaq bir şeyi ömrüm boyunca özümə bağışlaya bilməyəcəm. Mən İbrahimi onun qazandığı bu uğur, bu nailiyyət münasibətilə təbrik edə bilmədim. Bağışla məni, İbrahim!  Bağışla ki, heç olmasa bundan sonra yaşayacağım ömrümdə vicdanımın mənə verdiyi bu əzab az da olsa yüngülləşsin. Bağışla ki, axirətdə yanına gəlməyə üzüm olsun. Bağışla məni, bibioğlu... Bağışla...

lll

14 mart 2014-cü il... Günorta saatları... Suraxanıdayıq... İbrahimin ata evinin qarşısında... İbrahimin cismən aramızdan ayrılmasına dəqiqələr qalmışdı. Cismən deyirəm, ona görə ki, İbrahimin ruhu bu dəqiqə də başımızın üstündədir. Mərasimə toplaşanlar arasında daha kimlər yox idi ki... İbrahimin dünyasını dəyişməsinə Azərbaycanın bütün gənc, orta və yaşlı nəsil ziyalıları üzülmüşdü... Çünki İbrahim özü gənc olsa da, həm yaşlı, həm də orta nəslin nümayəndələri ilə münasibət qurmağı, onlara hörmət saxlamağı bacarırdı. Böyüklə böyük, kiçiklə kiçik ola bilirdi... İbrahimin böyüklüyü də məhz onda idi.

Rahat uyu, bibioğlu... Bəlkə ideyaların, fikirlərin, düşüncələrin, planların səninlə getdi... Amma bu dünyadakı qısa ömrünə sığdırdığın böyük həyat yolun həmişə var olacaq... Çünki dost, qardaş dediyin insanlar o yolun itməsinə imkan verməyəcək...

Mənim isə, təsəllim sənin həyat yolunu yaşadacaq insanların bir qismi ilə tanışlığımdır. Çünki hər dəfə onlarla ünsiyyətdə olduqca səni xatırlayır, səninlə bağlı xatirələri canlandırırıq...

Rahat uyu, qardaş... Onsuz da hər gələn bir gün getməlidir... Mənim bu dünyadan gedişim nə vaxtdır, bilmirəm... Bildiyim bir şey var ki, axirətdə görüşəcəyik, inşallah... 

Dayın oğlu
MAYİS

 





16.03.2015    çap et  çap et