525.Az

İsraildə 17 mart parlament seçkiləri: mümkün nəticələri və təsir imkanları


 

İsraildə 17 mart parlament seçkiləri: <b style="color:red">mümkün nəticələri və təsir imkanları</b>

2015-ci il martın 17-də İsraildə keçiriləcək parlament seçkilərində Tzipi Livni-İsaak Herzoq cütlüyünün (Zionist Union[i]) başçılıq edəcəyi və bir neçə partiyanı da özündə birləşdirəcək liberal-sol koalisiyasının hakimiyyətə gəlməsi gözlənilir.

İsraildə bu parlament seçkiləri digər məsələlərlə yanaşı, aşağıda qeyd olunan iki amilə görə də diqqəti cəlb edir:

1.    İsrail-Ermənistan münasibətlərinə təsir etmə ehtimalı

Belə ki, ötən müddət ərzində İsraildə Netanyahunun başçılıq etdiyi hökumətin Ermənistan və erməni lobbisi ilə münasibətləri soyuq olmuşdur. Ermənilərə qarşı bu cür münasibəti bütövlükdə yəhudilərin sağ milliyyətçi kəsiminə şamil etmək olar. Bunun əsas səbəblərindən biri tarixən həmin bölgədə yaşayan ermənilərin Fələstin Azadlıq hərəkatına dəstək olmaları və onların ərəblərlə birlikdə İsrailə qarşı mübarizə aparmalarıdır.

Ermənilərə qarşı hazırkı hakimiyyətin münasibəti özünü bu yaxınlarda Ermənistanın xarici işlər naziri Nalbandyanın İsrailə son səfəri zamanı bariz şəkildə göstərdi. Belə ki, bu səfər zamanı Nalbandyanı nə Netanyahu, nə də hökumətin digər hansısa üzvü qəbul etmədi. Nalbandyan yalnız İsrail prezidenti Reuven Rivlin ilə görüşə bildi. Qeyd etməliyik ki, İsrail prezidenti BMT-dəki son çıxışında Xocalı faciəsinə toxunsa da, prezident olmamışdan əvvəl "erməni soyqırımı''nın İsrail tərəfindən tanınmasının ən fəal tərəfdarlarından olmuşdur. Bu cür mövqeyindən isə o, prezident seçiləndən sonra geri çəkilmiş və ümumiyyətlə, bu məsələyə toxunmamışdır. Türkiyə ilə münasibətlərin yenidən gərginləşəcəyi təqdirdə Rivlinin və ya digər İsrail siyasətçilərinin bu məsələyə yenidən qayıdacağını ehtimal etmək olar.

Onu da əlavə etmək lazımdır ki, Rivlin sağçı Netanyahunun mənsub olduğu Likud partiyasının üzvüdür. Buna görə də, onun erməni məsələsinə münasibəti sağçı siyasətçilər arasında istisnadır. Bunu isə müəyyən mənada Rivlinin ABŞ-la daha yaxşı münasibətlərdə olması ilə izah etmək olar.

Yəhudilərin sağ-milliyyətçi siyasi qruplarından fərqli olaraq, liberal-sol siyasi dairələr ərəblərə daha yumşaq münasibətləri ilə seçildikləri kimi, ermənilərə də daha isti yanaşırlar. Ona görə də, Tzipi Livni-İsaak Herzoq qrupunun hakimiyyətə gələcəyi təqdirdə "erməni soyqırımı''nın daha çox gündəliyə gətiriləcəyini və Ermənistanla münasibətlərin yaxşılaşdırılmasına cəhdlər ediləcəyini ehtimal etmək olar.

Onu da qeyd etməliyik ki, İsraildəki liberal-sol siyasi qrup ABŞ-dakı eyni siyasi kəsimlə sıx şəkildə bağlıdır. Onlar demək olar ki, eyni informasiya məkanındadırlar. Həmçinin gündəmlərində müzakirə edilən mövzuları, ritorikanı və dəyərləri bölüşürlər. Yəni ABŞ-dakı liberal-sol siyasi qrupların ermənilərə müsbət münasibəti öz növbəsində digər Qərb ölkələrindəki (eləcə də İsrailin) eyni tipli siyasi qrupların "erməni məsələsinə'' münasibətinə öz təsirini göstərir. Məsələn, son aylarda bir neçə dəfə İsrail mətbuatında Azərbaycan haqqında "insan hüquqları və demokratiya” və erməni məsələsinə dair əsasən ABŞ mediasında səsləndirilən fikirlərə bənzər tənqidlər dərc edildi. Bu Azərbaycanda anlaşılmazlıqla qarşılansa da, qeyd olunmalıdır ki, məhz həmin qəzetlər ABŞ-ın liberal-sol mətbuatı ilə sinxron olaraq Netanyahunun tənqid edilməsi və nüfuzdan salınması üçün sistemli şəkildə kifayət qədər iş görməkdədir.

2.    ABŞ-İran münasibətlərinin normallaşmasına təsiri

Obama administrasiyası ilk dövrlərdə ictimaiyyətə qapalı formada, 2014-cü ildən isə açıq şəkildə (Фуад Чырагов, "Проект Иран": почему Вашингтон будет договариваться с Тегераном / 1news.az, 03.03.2014) Tehranın nüvə proqramı ətrafında başlanan diplomatik təmaslar vasitəsilə İranla münasibətləri normallaşdırmağa çalışmışdır.

Netanyahu hökuməti ötən müddət ərzində ABŞ-İran münasibətlərinin normallaşdırılmasının qarşısında ən böyük maneə olmuşdur. Netanyahu İranla nüvə danışıqlarının aparıldığı dövr ərzində çox fəal şəkildə bu prosesi əngəlləməyə çalışmış, bu məqsədlə BMT Baş Assembliyasının İclasında və son olaraq martın 3-də ABŞ Konqresində qalmaqallı çıxışlar etmişdir. Ona görə də, 17 mart seçkiləri ABŞ administrasiyası üçün İranla münasibətləri normallaşdırmaq istiqamətində ən böyük maneələrdən birinin aradan qaldırılması baxımından həm böyük imkan, həm də sınaqdır. Məhz bu səbəbdən, Obama administrasiyası Netanyahunun parlament seçkilərində qalib olmaması üçün böyük vəsaitləri səfərbər etmişdir. Mətbuatda gedən məlumatlara görə bu məqsədlə hətta Obama özünün şəxsi seçki strateqlərini Netanyahunun seçkilərdə rəqiblərinə yardım etmək üçün cəlb etmişdir.

Başqa sözlə, Netanyahu seçkilərdə uduzacağı təqdirdə Obama administrasiyasının qarşısında İranla münasibətləri normallaşdırmaq üçün ən böyük maneə aradan götürüləcəkdir. Maraqlıdır ki, İsraildə seçkilər yaxınlaşdıqca dünya KİV-lərində İrana qarşı ABŞ və BMT-nin bütün sanksiyasalarının aradan qaldırılacağı barədə məlumatların dərci intensivləşmişdir.

Hazırda İsraildə, habelə ABŞ-da İsrail lobbisi daxilində cərəyan edən siyasi proseslərin təhlili və ilkin rəy sorğuları onu deməyə əsas verir ki, Netanyahu martın 17-də keçiriləcək seçkilərdə təkbaşına hökumət qurmaq üçün kifayət qədər səs toplaya bilməyəcək. Həm də ona bu dəfə hansısa digər partiyalarla koalisiya qurmaq daha çətin olacaqdır.

İranın nüvə proqramı məsələsi təkcə ABŞ-İsrail münasibətlərinin əsas siyasi mövzusu deyil. Bu həm də İsraildə daxili siyasi proseslərin əsas mövzusudur. Ona görə də, Netanyahunun martın 3-də Konqres qarşısında çıxışını daha çox qarşıdan gələn İsrail parlament seçkiləri üçün seçki kampaniyası aktı hesab etmək olar.

İsraildə və dünyadakı, xüsusilə ABŞ-dakı yəhudi lobbisi daxilində, son zamanlar cərəyan edən sosial, siyasi, ideoloji və demoqrafik proseslər 17 mart seçkilərinə və ümumiyyətlə gələcəkdə İsraildəki bütün siyasi proseslərə öz təsirini göstərəcəkdir. Son zamanlar bütövlükdə Qərbdə İsrailin Fələstində həyata keçirdiyi zorakılılıqlar geniş etirazlara səbəb olmuş, bu dövlətin imicini zəiflətmiş və ona qarşı təzyiqləri artırmışdır. Ona görə də, artıq İsrail cəmiyyəti bu cür tənqidlərin və pis imicin aradan qaldırılması üçün müəyyən güzəştlərə ("two states solution'') getməyin zəruriliyini qəbul etməyə başlayıb. İsrail cəmiyyəti artıq sonsuz müharibə şəraitində yaşamaqdan bezib. Təhlükəsizlik və xarici siyasət məsələlərinə xüsusi diqqətin və vəsaitlərin ayrılması ölkədə iqtisadi problemləri və sosial narazılıqları artırmışdır. Bu səbəbdən, İsrail cəmiyyəti daha çox sosial və iqtisadi məsələlərdən danışan bir hökumətin olmasını arzulayır.

Digər tərəfdən, İsrail təhlükəsizlik sisteminin nüfuzlu simaları da İsrailin aqressiv siyasətdən əl çəkməli olduğunu müdafiə edirlər. Məsələn, İsrail Mossadının məşhur keçmiş liderlərindən Meir Daqan Netanyahunun Konqresdəki çıxışını çox ağır formada tənqid edərək növbəti günlərdə Netanyahunun əleyhinə İsraildə böyük mitinq təşkil etdi. Ötən il İsrail ordusunun və kəşfiyyatının yüzə yaxın istefada olan zabiti açıq şəkildə Netanyahuya aqressiv siyasətdən əl çəkməyin və ərəblərlə razılığa gəlməyin zəruriliyini bildirdilər.

Qeyd etmək lazımdır ki, Fələstin probleminin həll edilməsi hazırda ABŞ-ın qlobal milli maraqları üçün tamamilə yeni xarakter almaqdadır. ABŞ ictimai rəyində və nüfuzlu siyasi şərhçilərində getdikcə əminləşən belə fikir var ki, dünyada xüsusilə müsəlman dünyasında anti-amerikanizmin ən böyük mənbələrindən biri Fələstin problemi və İsrailin bölgədəki davranışlarıdır. 2011-ci ildə Zbiqnev Bjezinski Aspen Center-dəki çıxışında bildirib ki, ABŞ-la Çin arasında getdikcə dərinləşən qlobal rəqabət şəraitində müsəlman dünyasının kimin tərəfində yer alması mübarizənin taleyini həll edəcək. Müsəlman dünyasının ABŞ-ın və Qərbin tərəfində yer alması üçün isə Fələstin probleminin həlli şərtdir. Belə ki, bu problem hətta ABŞ-ın yaxın müttəfiqi olduğu müsəlman ölkələrində anti-amerikanizmin əsas mənbəyidir.

Yuxarıdakı məqamlar onu göstərir ki, Netanyahunun 17 mart seçkilərində məğlub olması üçün hər cür obyektiv şərait yaranmışdır. Son rəy sorğularunda Herzoq-Livni ittifaqı kiçik fərqlə irəlidədir. Lakin seçicilərin 1/5-i hələ də kimə səs verəcəklərini müəyyənləşdirməyiblər. Həmin qrupun yekun qərarı seçkilərdə istənilən nəticəyə gətirib çıxara bilər. Praktika göstərir ki, belə seçicilərin son qərarına İsrailə qarşı mümkün terror təhlükəsi də ciddi təsir göstərir. Belə ki, Netanyahu 1996-cı və 2009-cu il seçkilərindəki qələbəsində məhz bu faktorun rolu böyük olmuşdur. İndiki vəziyyətdə də Netanyahunun seçkidə qalib olması yalnız hansısa terror aktı və ya digər gözlənilməz təhlükəsizlik məsələsinin ortaya çıxacağı təqdirdə mümkün sayıla bilər. Maraqlıdır ki, artıq martın 13-də İsrail mətbuatında Sinaydan İsrailə qarşı böyük terror aktının törədiləcəyi barədə məlumat yayılıb.

Newtimes.az

 





16.03.2015    çap et  çap et