525.Az

Dövlət Miqrasiya Xidməti: 8 il xidmətdə...


 

Dövlət Miqrasiya Xidməti: 8 il xidmətdə...<b style="color:red"></b>

Martın 19-u Dövlət Miqrasiya Xidmətinin ad günüdür. Miqrasiya Xidmətində çalışan bütün əməkdaşları ad günü münasibətilə təbrik edirəm. Bu kiçik yazını da onların ad gününə bağışlayıram.

Bu ilin Qara Yanvar günləri idi, "Şəhidlər" kitabının müəllifi kimi məni Dövlət Miqrasiya Xidmətinə görüşə çağırmışdılar. Yeni təşkilat, yeni xidmət sahəsi, bir də bağ yolumun üstündə yeni bina. Çox maraqlı idi mənim üçün. Qapıdan içəri girəndə göz oxşayan bir səliqə-səhman, nizam-intizam. Bu səliqə-səhman yanımdan ötən əməkdaşların həm üst-başında, həm daxilində, həm də davranışında hiss olunurdu. Girəcəkdə xeylaq insan toplaşmışdı, hamısının da əlində müxtəlif sənədlər. Hiss olunurdu ki, hər hansı bir işlə bağlı Miqrasiya Xidmətinə müraciət ediblər, gəliblər. Diqqətimi nə çəkdi bu yerdə? Çox sakitçilik idi. Bir adamın səsi çıxmırdı. Demək iş gedir və hamı razıdır. Sonradan Miqrasiya Xidməti haqqında sənədlərə baxanda bir bölmə diqqətimi çox çəkdi və girəcəkdəki o epizodu xatırladım: "Xidmətin hüquq mühafizə orqanı olması ilə yanaşı, həm də bir xidmət orqanı kimi fəaliyyətinin əsası - müraciət edənlərin məmnunluğunun təmin edilməsidir". Bunu öz gözlərimlə gördüm.

Sənədlərdən daha bir cümlə: "Xidmətdə müasir iş şəraiti, xidmətin keyfiyyəti, nizam-intizam, səmimiyyət..." Bunların da şahidi oldum.

Və ən nəhayət, birbaşa iştirakçısı olduğum bölmə: "Vətənpərvərliyin möhkəmləndirilməsinə xidmət edən tarixi və əlamətdar günlərin qeyd olunması, hadisələrin miqyası barədə, əməkdaşlarda, o cümlədən, əcnəbilərdə təəssürat yaratmaq üçün sərgilər təşkil etmək, ziyalılarla görüşlər keçirtmək". Məhz, belə bir görüşdə mən də iştirak etdim. Görüş yüksək səviyyədə keçdi. Görüşdən sonra 90-cı ilin Qara Yanvarı haqqında sənədli film nümayiş etdirildi. Axşam evə gələndə köhnə bir dostum zəng edib dedi ki, Azertag.az saytına bax,  Dövlət Miqrasiya Xidmətində görüş haqqında xəbər və şəkillər orda yerləşdirilib. Nəvəmə dedim saytı açdı, baxdı və heyrətlə:

- Baba, nə yaxşı yerdi. Şəklin də yaxşı düşüb, - deyib, o şəkli telefonunun və kompyuterinin açılış səhifələrinə yerləşdirdi. Doğrudan da Miqrasiya Xidmətinin həm əməkdaşları, həm salonu, həm də tribunası çox gözəl və möhtəşəm görünürdü. Üstündən keçdi bir neçə gün, nəvəmlə maşında Novxanıya bağa gedirdik. "Azadlıq" metrosunun üst tərəfindən Azadlıq prospektinə dönəndə düz Miqrasiya Xidmətinin binası qarşısında tıxaca düşdüm. Binanı nəvəmə göstərib dedim.

- Atam, bax, Miqrasiya Xidmətinin binası buradır. Baba burda görüşdə olub. O telefonundakı şəkil də burda çəkilib. Nəvəm böyük maraqla üzünü maşının yan şüşəsinə dirəyib, binaya baxmağa başladı. Və höccələyə-höccələyə üstündəki yazını oxudu:

- Dövlət Miqrasiya Xidməti!

İçəridən şux geyimli əməkdaşlar çıxırdı. Nəvəm onları maraqla süzürdü.

- Baba, onlar hamısı dayday kimi cavandı?

Dedim:

- Hə, burda işləyənlərin çoxu cavandı, özü də gör nə yaxşı yaraşır forma onlara.

Nəvəm qayıtdı ki:

- Baba, bu formanı onlar özləri alır?

Dedim:

- Yox, dövlət verir.

Nəvəm heyrətlə qayıtdı ki:

- Nə yaxşı...

Bir anlıq fikrimi nəvəmdən ayırıb, tıxaca baxdım. Heç bir metrə belə yerimdən tərpənməmişdim. Bekarçılıqdan nəvəm bir də binanın üstündəki yazını oxudu:

- Dövlət Miqrasiya Xidməti.

Və qayıtdı mənə ki:

- Baba, Miqrasiya nə deməkdir?

Ürəyimdən o dəqiqə bir fikir keçdi ki, yaxşı yerdə axşamladıq. Bu tıxac bir az qabaqda ola bilməzdi. Sonra özüm-özümə cavab verdim. Yox ola bilməzdi. Bu tıxac burda məhz ona görə yaranıb ki, mən nəvəmə və onun timsalında müstəqil dövlətimizin bu yaşda olan balalarına Miqrasiya Xidməti haqqında bildiklərimi anladım, başa salım. Nəvəm xeylaq susduğumu görüb, bir də soruşdu:

- Nə oldu, baba, bilmirsən Miqrasiya nədi? Bəs necə orda çıxış eləmisən?

Təcrübəmdə belə çətin vəziyyətə düşməmişdim.. Bilsəydim söhbət gəlib bu yerə çatacaq, əvvəlcədən səmtini dəyişərdim. Bir tərəfdən də tıxac. Maşın yerindən tərpənmirdi. Başqa çıxış yolum da yox idi. Böyük adam soruşsaydı Miqrasiya nədi, onu başa salmağa nə var idi ki, oxuduqlarımdan, bildiklərimdən, müxtəlif sənədlərdən sitatlar gətirib deyərdim ki:" Əcnəbilərin son illər Azərbaycana artan marağı, turistlər, təhsil lamağa gələnlər, iş axtaranlar, yaşamaq üçün ölkəmizi seçənlər, Azərbaycan vətəndaşı olmaq istəyənlər və sair və ilaxır. Buna görə də Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və prezident İlham Əliyevin müvəffəqiyyətlə davam və inkişaf etdirdiyi siyasətin nəticəsi kimi miqrasiya proseslərini tənzimləmək üçün Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli fərmanı ilə Dövlət Miqrasiya Xidməti yaradıldı. İlk gündən ictimaiyyətlə əlaqə işinin təşkilinə və xalqı maarifləndirilməsinə xüsusi fikir verildi.

Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması, müvəqqəti yaşama icazəsinin verilməsi halları və qanunsuz miqrasiya ilə bağlı hazırlanmış video-çarxlar, slaydlar, Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinə dair, eləcə də əcnəbi işçi qüvvəsindən istifadə qaydalarından bəhs edən filmlər, mütəmadi olaraq respublika televiziyalarında yayımlanmağa başladı. Bununla yanaşı adları çəkilən video materiallar, Nəqliyyat Nazirliyi, Azərbaycan Hava Yolları, Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan Dəmir Yolları Səhmdar Cəmiyyətin xətti ilə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi  vasitəsilə şəhərin avtobus dayanacaqlarında, Azərbaycan Dəmir yollarının kassa zallarında, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Bakı-Aktau və Bakı-Türkmənbaşı istiqamətində hərəkət edən gəmilərində, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunun uçub gəlmə zallarında müntəzəm olaraq yayımlanmış, eləcə də Azərbaycan Hava Yollarına məxsus təyyarələrdə bələdçilər tərəfindən elan olunması təmin edilib və xidmətin rəsmi internet səhifəsində yerləşdirilmişdir. Bütün bu oxuduqlarımı, bildiklərimi, beynimdən keçənləri əlbəttə ki, maşının arxa oturacağında əyləşib, gözlərini Miqrasiya Xidmətinin yaraşıqlı binasına dikən on yaşlı uşağa demək olmazdı. Bəs onu necə başa salım. Böyüklər onsuz da Miqrasiya Xidmətinin fəaliyyəti haqqında az-çox bilir. Bilirlər ki, Miqrasiya Xidməti nə deməkdir. Ancaq uşaq heç nə bilmir. Və ən əsası da Azərbaycan Respublikasının gələcəyi olan bu uşaqların bilməsi vacibdir. Bunu özüm də çox gözəl başa düşürdüm. Amma hardan başlayıb, harda qurtarım, onu necə başa salım bilmirdim. Bu arada nəvəm yenə dilləndi:

- Nə oldu, baba?

Dərindən nəfəs alıb dedim:

- Atam, bax Azərbaycana nə qədər xaricdən adam gəlirsə həm işləməyə, həm yaşamağa, oxumağa, onların gəlməsinə-getməsinə Miqrasiya deyilir. Onlar ölkəmizə gələndə bu idarədə işləyən əmilər onların sənədlərini yoxlayır. Onların adını dəftərə yazır.

- Kompyuterə yazır.

- Hə, kompyuterə. Sonra pasportlarına möhür vurur ki "olar" ya da "olmaz".

- Niyə olmaz?

- Sənədləri düz deyilsə olmaz. Sonra onların ölkəmizdəki işlərinə nəzarət edirlər.

- Baba, Mahmud Hoca da burdan icazə alıb?

- Əlbəttə, (Mahmud Hoca "Beşiktaş" futbol komandasından gələn məşqçidir. Burda uşaqlara futbol dərsləri keçir. Nəvəm də həmən qrupların birində məşq edir). Mahmud Hoca da burda qeydiyyatdan keçib. Ona icazə veriblər. Nə qədər qala bilər, nə qədər işləyə bilər.

- Birdən vaxtı qurtardı.

- Vaxtı qurtardısa burdakı əmilər bilir neyləməlidir. Onun xüsusi qayda-qanunları var.

- Neftçinin oyunçularına da onlar icazə verir?

- Bəli, nəinki Neftçinin, bütün komandaların xarici oyunçuları da burda qeydiyyatdan keçir. Ölkəmizin qayda-qanunlarına tabe olur.

- Bəs, xarici uşaqlar gələ bilər?

- Əlbəttə, gələ bilər ata-anasıynan.

- Bəlkə onların pasportu yoxdur?

- Onların yoxdu, ata-anasının var. Yadına gəlir həyətimizdə kirədə qalan Şotlandiyadan ata-anasıynan gələn uşaqlar var idi. Biz bağdan gələndə onlara əncir verdik.

- Hə, onlar nə oldu bəs?

- Vaxtları qurtardı, çıxıb getdilər evlərinə. Bax bütün bu işlər Miqrasiya Xidməti adlanır. Bu qəşəng bina da onların iş yeridir.

Bir qədər fikirləşəndən sonra nəvəm qayıtdı ki:

- Yaxşı yerdi. Baba, mən də böyüyəndə burda işləyəcəyəm.

- Allah qoysa, - deyib, qarşıma baxdım. Tıxac çoxdan açılmışdı. Biz isə hələ də Miqrasiya Xidmətinin sehrində, gözəl aurasında idik. Maşını sürüb dedim:

- Ad gününüz mübarək olsun!

Nəvəm isə onların ad gününü ingilis dilində təbrik etdi:

- Happy birthday!

 





17.03.2015    çap et  çap et