525.Az

"İdmanın siyasiləşdirilməsi yanlışdır"


 

"İdmanın siyasiləşdirilməsi yanlışdır"<b style="color:red"></b>

"Ümumiyyətlə, özlərini qeyri-hökumət təşkilatı (QHT) adlandıran bir sıra qurumlar və təsisatlar var ki, biz onların fəaliyyətini birbaşa şərh etmirik. Çünki onların hansı məqsədlərə xidmət etdiyi və hansı formada fəaliyyət göstərdiyi bəllidir". 

Bunu  Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Human Rights Watch" və digər beynəlxalq təşkilatların bu il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları ərəfəsində tutduqları ikili standartlara münasibət bildirərkən deyib. XİN sözçüsünün sözlərinə görə, idmanın siyasiləşdirilməsi, idmana bu və ya digər formada siyasi don geyindirilməsi özü-özlüyündə yanlışdır:

"Hətta bu, qəbuledilməz bir addımdır. Bu kimi təşkilatlara ilk növbədə onu tövsiyə edərdik ki, onlar BMT çərçivəsində idmanın və olimpiya hərəkatının təşviq edilməsi ilə əlaqədar olan və dünya birliyi tərəfindən dəstəklənən qətnamələrlə tanış olsunlar. İlk növbədə, idman özü (YUNESKO-nun təsisat və fundamental sənədlərində də öz əksini tapıb) və beynəlxalq idman tədbirləri insan hüquqlarının təşviqinə xidmət edir. Təbii ki, bu il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları da insan hüquqlarının təşviqinə xidmət edəcək. Bu, müxtəlif dinə, etnik mənsubiyyətə, dövlətlərə təsir edən insanların dinc bir şəraitdə yəni idman məkanında özlərini sınamasına və onların arasında əməkdaşlığın formalaşmasına xidmət edən mötəbər tədbirdir. Onu da nəzərə alaq ki, birinci Avropa Oyunları Avropa miqyasında keçirilən ilk ümumavropa xarakterli bir oyundur. Təbii ki, bu, yüksək qiymətləndirilməlidir".
 
H.Hacıyevin sözlərinə görə, amma təəssüflər olsun ki, əsassız şəkildə bir sıra bu kimi qurumlar və özlərini Beynəlxalq QHT adlandıran təsisatlar tərəfindən məqsədyönlü təbliğat aparılır:
 
"Hesab edirik ki, onların bu təbliğatı heç bir nəticə verməyəcək. Çünki beynəlxalq miqyasda Azərbaycan tərəfindən bu tədbirə ev sahibliyi edilməsi çox yüksək qiymətləndirilir və alqışlanılır. İkincisi bu, Azərbaycan xalqı üçün də çox qürurverici bir hadisədir.

Hər bir azərbaycanlı ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə böyük fəxr hissi keçirir".

Millət vəkili Rövşən Rzayev də "Human Rights Watch" və onun kimi digər insan haqları ilə bağlı olan təşkilatların fəaliyyətindən çox narazı olduğunu deyib. Millət vəkili əlavə edib ki, Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkünləri hələ də öz yurd-yuvalarına qayıda bilməyiblər, onların haqqı pozulub:

"Çox təəssüf ki, bu günə kimi də onların mövqeyi dünya ictimaiyyətinə bəlli deyil. Bu məsələnin bir tərəfi.

Digər tərəfdən sifarişli hərəkətləri dünya ictimaiyyətinə çatdıran təşkilat heç bir zaman uğur əldə edə bilməyəcək. Mən təəssüf edirəm ki, bu cür təşkilatlar dünya ictimaiyyətinə öz mövqelərini çatdıra bilirlər.

İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük uğurdur. Bu, Azərbaycanın dünya ölkələri, aparıcı dövlətlər arasında güclü və etibarlı tərəfdaş olduğunu sübut edən amildir. Təbii ki, bunun üçün də Azərbaycana şərait yaradılıb. Ölkəmizdə idmana olan münasibəti görərək, idmanın səviyyəsini bilərək bu cür oyunların Azərbaycanda keçirilməsi rəsmi Bakının uğurları deməkdir". R.Rzayev bildirib ki, Azərbaycanda ilk Avropa Oyunları çox yüksək səviyyədə keçiriləcək:

"Çünki ilk günündən ən ciddi yanaşma ortalığa qoyulub. Ən müasir idmanla bağlı təşkilatlar özləri Azərbaycan rəhbərliyi  və ölkəmizdə Avropa oyunları ilə bağlı yaradılan Komitəylə birbaşa sıx əlaqədədirlər. İnanıram ki, Azərbaycan elə bir qüdrətli dövlətdir ki, əgər bunu öz üzərinə götürübsə, onu layiqincə başlayacaq və sona çatdıracaq. Mən ölkəmizin idmançılarına böyük uğurlar arzulayıram".

PƏRVANƏ

 





17.03.2015    çap et  çap et