525.Az

Hüquqpozma üzrə ixtisaslaşan "Freedom House"


 

AYDIN MİRZƏZADƏ: "İSTƏNİLƏN HALDA AZƏRBAYCAN YÜRÜTDÜYÜ MÜSTƏQİL SİYASƏTDƏN ƏL ÇƏKMƏYƏCƏK"

Hüquqpozma üzrə ixtisaslaşan "Freedom House"<b style="color:red"></b>

Müasir dünyada elmin gücü və texnoloji tərəqqi iqtisadi mexanizmləri daha da hərəkətə gətirərək əksər dövlətlərin sürətli inkişafına yol açır. Nəticə etibarilə iqtisadiyyatı güclənən dövlət dünya siyasətində də öz mövqeyini ortalığa qoya, onu müdafiə edə bilir. Lakin bir sıra aparıcı xristian dövlətləri dini və etnik amilləri nəzərə alaraq xüsusilə İslam ölkələrinə müxtəlif yollarla təzyiq göstərir, onlara qarşı hərbi gücdən istifadə edir, eyni zamanda Avropada yaşayan müsəlmanların hüquqlarını əllərindən almağa cəhd göstərir.

Müsəlmanların terrorçularla yanaşı tutulması, müxtəlif inkişaf etmiş Qərb dövlətlərində hicab əleyhinə qanunların qəbul olunması  dini və etnik ayrıseçkiliyin bariz nümunələrindəndir. Özlərini hər zaman azadlıq və demokratiya carçısı kimi göstərməyə çalışan və vətəndaşlığını daşıdıqları dövlətlərdə baş verən insan haqlarına zidd əməlləri görməzdən gələn "Freedom House", "Amnesty İnternational", "Human Rights Wacht" kimi fəaliyyətini qərəzli və ədalətsiz müxanizmlər üzərində quran təşkilatlar məhz Qərb və Amerika dairələrinin etnik və dini ayrıseçkilik siyasətini Azərbaycan kimi müstəqil siyasət yürüdən müsəlman dövlətlərinə qarşı həyata keçirməyə çalışırlar. Azərbaycanda söz azadlığının,  ümumilikdə isə insan hüquqlarının pozulduğunu iddia edən bu təşkilatlar nədənsə, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri, terror hücumlarını, soyqırım reallıqlarını və işğal faktını görməzdən gəlməkdə israrlıdırlar.
 
Əks halda Dağlıq Qarabağın işğalı nəticəsində doğma yurd-yuvalarından qovulan 1 milyondan artıq soydaşımızın ən ali hüquqlarının pozulmasına reaksiya verərdilər. Lakin "Freedom House" kimi təşkilatların diqqətində əsl həqiqətlərin üzə çıxarılması deyil, Azərbaycan kimi suveren hüquqlarını qorumağa çalışan, beynəlxalq səviyyədə nümunəvi layihələrə imza atan, tolerantlıq mühiti yaradan, multikulturalizm dəyərlərini inkişaf etdirən, müxtəlif dinlərin nümayəndələrinə azad yaşama, sərbəst toplaşma hüququ təmin edən dövlətlərə təzyiq göstərmək, zərbə endirmək və öz haqq yolundan uzaqlaşdırmaqdır. Onların gözündə sanki Ermənistan regionda sosial-iqtisadi, yaşayış və inkişaf göstəricilərinə görə nümunəvi ölkədir. Halbuki hər kəs kimi ermənilər də bilir ki, Ermənistanda normal səviyyədə yaşamaq üçün heç bir şərait yoxdur. İnsanlar ya kütləvi şəkildə ölkəni birdəfəlik tərk edir, ya da orada qalıb hökumət əleyhinə etiraz aksiyaları təşkil edərək rejimin varlığına son qoymağa çalışır.

Politoloqlar hesab edir ki, vaxtilə ABŞ Dövlət Departamentində yüksək vəzifə sahibi olmuş Devid Kramerin "Freedom House"a rəhbər təyin olunması bu təşkilatın fəaliyyətinə xüsusi antiislam çaları gətirib. Təsüdüfi də deyil ki,  bu təşkilatın dünyada insan haqları və azadlıqlarının vəziyyətinə dair illik hesabatlarında Azərbaycan daim "problemli ölkə" kimi göstərilir. Bu baxımdan "Freedom House" təşkilatının işi qarayaxmadan başqa bir məna daşımır. Hesab etmək olar ki, sözügedən təşkilatların iç üzünü açmağa, əsl fəaliyyətini çözməyə nail ola bilmişik. Sadəcə geosiyasi mühitdə müsəlman dünyasına qarşı qərəzli siyasət yürüdən, sürətlə inkişaf edən ölkələrə qısqanclıqla yanaşan dövlətlər üçün həqiqətlər onların maraqlarına cavab verdikdə real təsir gücünə malik olur. Əks halda isə yalan belə dünya güclərinə iyrənc fəaliyyətlərini davam etdirmələri üçün bəhanə rolunu oynayır.

Millət vəkili Aydın Mirzəzadə bildirib ki,  "Freedom House" kimi qeyri-obyektiv fəaliyyət göstərən təşkilatlar müxtəlif ölkələrin işlərinə qarışmaq üçün hesabatlar hazırlayırlar: "Onlar Azərbaycan kimi müstəqil siyasət yürüdən dövlətlərin fəaliyyətinə mənfi rəy vermək üzrə ixtisaslaşıblar. Daha doğrusu belə QHT-lərin arxasında müəyyən ölkələrin siyasətinə təsir etməyə çalışan dövlətlər dayanır. Həmin Qərb və Amerika dairələri hər hansı bir müstəqil dövləti öz təsirinə sala bilməyəndə "Freedom House", "Human Rights Watch" kimi təşkilatları aktivləşdirərək hədəfdə olan dövlət əleyhinə mənfi ictimai rəy formalaşdırmağa çalışırlar. Bu baxımdan "Freedom House" təşkilatı insan haqları üzrə hesabatlar hazırlamağa cəhd edir, lakin əsas amil kimi himayəçi dövlətlərin maraqları dayanır".

Bir qayda olaraq bu təşkilatın Azərbaycanda baş verən tərəqqi proseslərini, inkişaf meyarlarını görməzdən gəldiyini, ölkəmiz haqqında yalnız mənfi rəy formalaşdırmağa çalışdığını deyən millət vəkili qeyd edib ki, insan hüquqlarının müdafiəsi, demokratik islahatların aparılması baxımından Azərbaycan xeyli işlər görsə də, "Freedom House" yenə də qərəzli hesabatlarından əl çəkmir: "Bu heç də təsadüfi səciyyə daşımır. Bu təşkilat Azərbaycan rəhbərliyini yürütdüyü müstəqil siyasətdən kənarlaşdırmağı, təbii sərvətlərini xaricdə müəyyən şirkətlərin nəzarəti altına salmağı qarşısına məqsəd qoyub. Həmçinin onlar çalışır ki, Azərbaycan beynəlxalq aləmdə müəyyən Qərb və Amerika dairələrinin maraqlarına uyğun siyasət aparsın. İstənilən halda dövlətimiz yürütdüyü müstəqil daxili və xarici siyasətdən əl çəkən deyil".

A.Mirzəzadə əlavə edib ki, sözügedən təşkilatların hesabatlarını analiz edən insan hazırlanan sənədin dərhal qərəzli və obyektivlikdən kənar olduğunu dərk edir. Onun sözlərinə görə, milyonlarla insanların maraqları bir kənara qoyularaq hər hansısa bir qanun pozuntusuna görə məsuliyyətə cəlb edilən insanın müdafiəsinə qalxırlar: "Bu baxımdan "Freedom House", "Amnesty İnternational", "Human Rights Wathc" kimi təşkilatların hazırladığı hesabatları müəyyən qərəzli qüvvələrinin növbəti isterikası kimi qəbul etmək daha düzgün olar".

Millət vəkili Zahid Oruc bildirib ki, "Freedom House", "Human Rights Watch", "Amnesty İnternational" kimi təşkilatlar müxtəlif ölkələr üzrə ixtisaslaşıblar və əksər hallarda onlar üçün Azərbaycan üzərindən bu cür informasiya manipulyasiyası qurmaq sərfəlidir. O "SİA"-ya açıqlamasında deyib ki, bu təşkilatlar tərəfindən verilən qərəzli hesabatlar Azərbaycanı hədəfə alan dairələr tərəfindən mükafatlandırılır: "Dünyanı idarə  etməyin əsas konturları məhz inkişafda olan ölkələri vurmaq yolu ilə tənzimlənir. Müxtəlif beynəlxalq QHT-lər tərəfindən inkişafa can atan ölkələr əleyhinə fikirlər formalaşdırılır və bundan sonra ayrı-ayrı dövlətlərin həmin ölkələrə sanksiyaları tətbiq olunur. Burada əsas niyyət isə həmin ölkəni ələ keçirməkdən, onun xarici siyasətini əldə etməkdən ibarətdir. Ona görə də, "Freedom House", "Human Rights Watch", "Amnesty İnternational"  kimi təşkilatların hamısının işləmə prinsipləri vahiddir. Bu təşkilatlar soyuq müharibə dövrünün ideologiyası ilə işləyirlər. Yəni, Azərbaycanın içərisində hər hansı quruculuq tədbirləri, vətəndaşların maraqlarının qorunması, sosial tədbirlər, infrastrukturun yaradılması kimi  işlər orada öz əksini tapmır. Görülən bütün işlər o hesabatların formalaşması prinsipinə ziddir. Çünki bu cür obyektiv məlumatların orada yerləşdirilməsi Azərbaycanı hədəfə alan dairələr tərəfindən istənmir".

Azərbaycanın Avropa Oyunları öncəsində bu cür  qurumların daha sərt şəkildə hədəfinə çevrildiyini deyən millət vəkili hesab edir ki, biz bunun mahiyyətinə ciddi varmalıyıq: "Səbəbi isə odur ki, ölkəmizin böyük iddiası var. Azərbaycana qarşı həmin qüvvələr öz kontur mövqelərini formalaşdırırlar. Əgər Azərbaycan sıradan bir dövlət olsaydı, bizim üzərimizə bu qədər gəlməzdilər. Ölkəmizin gücünün və mövqeyinin artması bir çox xarici qüvvələrə sərf etmir. Ölkəmiz gücləndikcə bizə daha çox müqavimət göstərəcəklər və biz buna hazır olmalıyıq".

Ceyhun ABASOV

 





17.03.2015    çap et  çap et