525.Az

Sabitlikdən iraq düşmüş İraq - Ərbil şəhəri


 

Sabitlikdən iraq düşmüş İraq - <b style="color:red">Ərbil şəhəri</b>

2003-cü ildən bəri dincliyin, sabitliyin pozulduğu, demək olar, hər gün terror aktlarının, partlayışların meydanına çevrilmiş İraqa səfər ərəfəsində  nələr görəcəyimi,   müşahidə edəcəyimi, əslində vəziyyətin necə olduğu barədə düşünürdüm. Təyyarə Ərbil hava limanına enəndə  artıq gecəyarı idi.

Amma Ərbil hava limanının əməkdaşlarının "sayəsində" burada bir qədər də vaxt itirməli oluram. Hava limanının əməkdaşı pasportumu alıb baxdıqdan sonra heç nə izah etmədən bir kənara qoyur. Onun kürd dilində dediklərini isə təbii ki, anlamıram. Lakin hansısa problemlə qarşılaşdığımı  hiss edirdim. Deməli, Ərbildə xeyli türkmənlarin yaşamasına, eləcə də buraya çoxsaylı Türkiyə vətəndaşlarının   səfər etmələrinə  rəğmən,  hava limanında o anda türkcə danışan bir əməkdaşa belə rast gəlmədim. Nəhayət, ingilis dilini bilən bir nəfər gəlir və bildirir ki, Ərbilə səfər edən Azərbaycan vətəndaşlarını mütləq bir  İraq vətəndaşı qarşılamalı, onu dəvət etdiyini rəsmən bildirməli və barmaq izi ilə zaminliyini təsdiqləməlidir. Bu qayda bütün millətlərə şamil edilmir. Çünki hava limanında o saatda mən və digər bir həmkarımdan başqa qalan yox idi. İraq dövlətinin pasportumda vizasının olmasına baxmayaraq, onu heçə sayan,  Azərbaycan vətəndaşına qarşı bu cür münasibətin bəslənilməsini izah edən bir nəfər tapılmır. Düzdür daha sonra Kürdüstan muxtariyyəti parlamentinin deputatı, əslən türkmən olan Munə Kahvəçi bunu əsaslandırmağa çalışır, amma yenə də məsələ açıq qalır. Deputatın sözlərinə görə, jurnalist adı ilə Ərbilə daxil olub, amma başqa işlər görənlər olub. Amma millət vəkilinə izah etdik ki, o anda bizdən kim olduğumuzu soruşan olmayıb. Yəni saxlanmamız jurnalist olmağımızla bağlı deyil. Nəhayət bizi dəvət edən şəxslər gəlir və onların rəsmi təsdiqi ilə hava limanını tərk edirik.

Ərbil o Ərbildir ki...

Ərbil o Ərbildir ki, koalisiya məhz İŞİD-in bu şəhərə yaxınlaşmasından sonra hərəkətə keçdi. İndi Ərbildə İŞİD qorxusu olmasa da, təhlükəsizlik yüksək səviyyədə qorunur. Hər addımda polislərlə qarşılaşmaq olur. Hazırda 1,5 milyon əhalinin yaşadığı Ərbil Kürdüstan muxtariyyətinin mərkəzi hesab olunur. Ancaq bura qədim türkmən şəhəridir.   Kürdlər, ərəblər və başqa xalqların nümayəndələri isə sonradan bura köçənlərdir.

Türkməneli Partiyası Ərbil bürosunun sədri Salar Ərbil və  Ərbil şəhər şurası sədrinin müavini Azad Kürəci səhəri gün bizi şəhərlə tanış edir. Ərəb məhəlləsi deyilən yerdəyik. Bura 200 il əvvəl salınıb. Əvvəl ərəblər burada ticarətlə məşğul olublar, sonra isə məskunlaşmağa başlayıblar. Daha sonra orada türkmənlər da yaşamağa başlayıb. İndi isə məhəllə boşaldılıb, adamlar başqa ərazilərə köçürülüb.

Burada yerləşən və qədim Şərq memarlığının nümunəsi, yüzillərin canlı şahidi Qeysəriyyə bazarını gəzirik. Burada hər nə desən satılır. İnsanlar gündəlik çörək pulunu çıxarır. Ərbilin qədim hissəsindəki saysız-hesabsız dərzixanaların əksəriyyəti türkmənlərə məxsusdur. Azad Dabbağ adlı təcrübəli dərzi bildirdi ki, bu kiçik tikiş sexi 1970-ci illərdən fəaliyyətdədir. Ayda orta hesabla 300 dollara yaxın  gəliri olur. Deyir ki, indi dərzilərə müraciət edənlər o qədər də çox deyil: "Çünki geyimi hazır almaq daha ucuz başa gəlir. Adətən müştərilər geyimlərinin əyər-əskiyini düzəltmək üçün gəlirlər. Kostyum sifariş edənlərin sayı isə azdır". Bazarda çayxanalarda müştəri əlindən tərpənmək olmur. Onlar həm çay içir, həm də söhbət edirlər. Qiymətlərlə maraqlanıram, bəlli olur ki,  Azərbaycanla müqayisədə nisbətən ucuzluqdur. Məsələn, təndir lavaşının 8 ədədi min dinara (80 qəpik) təklif edilir. Bir stəkan çay 250 dinar, təxminən 20 qəpik edir. Qiymətlərin nisbətən ucuz olması həm də ölkəyə daxil olan mallara gömrük rüsumunun tətbiq edilməməsidir.  Hazırda İraqın öz istehsalı yoxdur. Ölkəyə bütün məhsullar xaricdən, əsasən  Türkiyə, İrandan və digər ölkələrdən gəlir. Vaxtilə xurması ilə məşhur olan İraq indi xurmanı da başqa ölkələrdən alır. Xurma ağacları yanıb. İnsanlar əkin-biçinlə məşğul olmurlar.

"Xalis Antik"

Ərbilə yolu düşən hər kəs Xalis Yunusa məxsus antik əşyalar satılan dükana mütləq baş çəkirlər. Bura əcnəbilər üçün maraqlı bir məkandır. Dükan bir salon və alt qatdakı zirzəmidən ibarətdir.  X.Yunus deyir ki, bəzi əşyalar satılır, amma elələri var ki, onlar satılmır. Burada dəyəri 2 min dollardan tutmuş 20 min dollara qədər olan əşyalar var.  Onların arasında xalça-palazdan qab-qacağadək, rəsm əsərlərindən zinət əşyalarınadək, qədim silah-sursatdan hər dövrü əhatə edən qiymətli sikkələrədək, hətta timsah, anakonda, pələng dəriləri, dəvəquşunun dipdiri, qurudulmuş canlı maketi sərgilənir. Qədim əşyaları alıb-toplayan və əlbəttə, satışını təşkil edən X.Yunusa Ərbildə çoxları "Xalis Antik" deyir.

Ömrünün 50 ilini bu işə sərf edən X.Yunusun sözlərinə görə, uzun illərdir ölkənin hər yerindən qədim əşyaları toplayıb. Eləcə də ayrı-ayrı insanlar əllərindəki eksponatları təklif edir və onlar da qiymətləndirib, alırlar. Deyir ki, şəhərə gələn əcnəbilər mütləq bura üz tuturlar və nəsə almamış getmirlər. Əcnəbilər demişkən, ötən il Ərbilə 700 min turist gəlib. Əvvəllər turistlərin sayı daha çox olurmuş. İŞİD-ə görə indi turistlər gəlməyə qorxurlar. 

"Ərbil həm də qədim qalası ilə məşhurdur"

Müdafiə məqsədilə hündür təpədə tikilmiş, ilkin ehtimallara əsasən 4,5 min il yaşı olan bu qala sonradan ətraf ərazilərdən insanları özünə cəlb edib.  Ərbil qalası polislər tərəfindən qorunur. Verilən məlumata görə, qədimdən qalaya bir neçə giriş olub və bunlardan ən vacibi Əhmədiyyə darvazasıdır. Ona görə də biz məhz Əhmədiyyə darvazasını seçdik.  Qala alçaq daş evlərdən ibarət kiçik şəhərcikdir. Bir neçə il əvvəl orada yaşayan insanlar evlərindən köçürülüb və hazırda bütün qalada təmir-bərpa işləri gedir. Sırf Şərq memarlıq üslubunda tikilmiş qala-şəhərcikdə adi yaşayış evləri ilə yanaşı məscid, iaşə obyektləri, mədrəsə, karvansara və sair də mövcuddur.

Maraqlı bir məqam isə budur ki, qalada yaşayan hər kəs köçürülsə də, bir ailə hələ də qalır. Deyilənə görə, həmin ailə qala daxilində çalışır, həm də uzun tarixi dövr ərzində orada mövcud olan əhalini təmsil edir.

Növbəti ünvanımız Türkmən Qardaşlıq Ocağıdır. Əsasən orta və yaşlı nəslin yaradıcı nümayəndələrini bir araya gətirən Qardaşlıq Ocağı 1960-cı ildə Bağdadda yaradılıb. Ərbildəki şöbə isə 1974-cü ildə təsis edilib. Ocaqda adətən yaradıcı insanlar - yazıçılar, şairlər cəmlənsə də, quruluş ilk yaradılanda siyasi məram güdüb. İndi isə əksinə, siyasətdən uzaq fəaliyyət göstərirlər, ədəbi məclislər təşkil edilir, yaradıcılıq diskussiyaları keçirilir.

Türkmən Qardaşlıq Ocağında Azərbaycanı, onun ədəbiyyatını, mədəniyyətini çox gözəl tanıyır və bilirlər. Amma gileyləri də var. Bakıdakı həmkarları ilə bir araya gəlmək,  sıx əlaqələr qurmaq istəyirlər. Azərbaycan Yazıçılar Birliyinin nümayəndə heyətini də Türkmən Qardaşlıq Ocağında gözləyirlər.

İhsan Doğramacının hədiyyəsi 

Türkiyədəki Bilkənd Universitetinin mərhum rəhbəri, dünyaşöhrətli alim, məşhur xeyriyyəçi İhsan Doğramacı Ərbilə də eyni adlı kollec hədiyyə edib. Bir neçə universitetin əhatəsində, müasir və çox möhtəşəm binası olan kollec Doğramacının ayırdığı vəsait hesabına tikilib. Kollecin rəhbəri Nihat İlhanlının sözlərinə görə, təhsil ocağı 2010-cu ildə açılıb. Məqsəd Ərbildə və ümumiyyətlə, İraq Kürdüstanında türk dilini inkişaf etdirməkdir. Bunun tərkib hissəsi olaraq kollecə hər il 45 türkmən qəbul edilir. Hər il Bilkənd Universitetindən 4 milyon dollar maliyyə yardımı alan təhsil müəssisəsində əməkhaqqı ayda orta hesabla 3 min dollardan yüksəkdir. Məktəbdə 10 ölkədən dəvət edilən müəllimlərlə yanaşı, yerli kadrlara da üstünlük verilir. Məsələn, Türkiyədən 11, Azərbaycandan 3 müəllim dərs deyir, tədris işləri üzrə direktor müavini isə İngiltərədən gəlib. Burda hələlik 5 sinif mövcuddur və hər yeni ildə daha bir sinif açılır. N.İlhanlı onu da əlavə etdi ki, hazırda 454 tələbənin təhsil aldığı kollecdə yaradılan şərait, Ərbildə ən yüksəkdir. Təhsil müəssisəsində dərs otaqları ilə yanaşı, müxtəlif laboratoriyalar, musiqi kabinetləri, hər cür avadanlıqla təmin edilmiş idman zalı, konfranslar keçirmək üçün böyük zal, tələbələrin, hətta evsiz müəllimlərin yaşaması üçün müasir yataqxana binaları var...

(Ardı var)

Pərvanə Sultanova Bakı-İstanbul-Ərbil

 





17.03.2015    çap et  çap et