525.Az

Novruz atributları və bahar Bayramı motivləri Əli Tudə poeziyasında


 

Novruz atributları və bahar Bayramı motivləri Əli Tudə poeziyasında<b style="color:red"></b>

Ədəbiyyatımızda özünəməxsus dəst-xətti ilə seçilən Əli Tudə (1924-1996) doğma yurdumuzun təbiət gözəlliklərini vəsf etməkdən yorulmazdı.
 
Dağları, daşları, çayları, gülləri, otları, quşları, heyvanları - ümumiyyətlə, Azərbaycanın hər biri bir dastan olan təbiət abidələrini sevə-sevə şeirə gətirirdi. Məhz elə bu səbəbdəndir ki, onun müxtəlif illərdə nəşr olunmuş kitablarında bu mövzuda "Təbiət danışır", "Ana təbiət" və s. başlıqlı ayrıca fəsillər yer alır. Şairin poetik duyğuları ilin fəsillərini, onların ayrı-ayrı komponentlərini (qar, yağış, şimşək, xəzan, şəfəq, kəpənək...), ağac və gülləri (söyüd, palıd, çinar, nar, bənövşə, qızılgül, lalə, qərənfil...) özündə əks etdirir.

Şair şəlaləni "daim ülviləşən gurultu" adlandırır, onu şimşəklə müqayisə edərək eyniləşdirir; çünki odlar yurdunun qayaları dələn suyu da göyləri lərzəyə gətirən şimşək kimi işıq saçır:

Göydə şimşək çaxır, yerdə şəlalə,
O da işıqlıdır, bu da işıqlı.
Bir şimşək parlayır, bir də şəlalə,
Od da işıqlıdır, su da işıqlı.  

"Şimşək abidəsi" şeiri ilə yanaşı "Dağ dəyanəti", "Yetim bənövşə", "Bulaq suyu", "Bahar lövhələri", "Payız duyğuları", "Gözəllik notları", "Budaqlar-köklər" və başqa bu kimi şeirlər oxucuda xoş duyğular yaradır.

İnsanda istər-istəməz doğma torpağa bağlılıq, onun sinəsindəki ilahi nemətlərə məftunluq, min illərin təbiət abidələrinə heyranlıq hissləri baş qaldırır. Yurdumuzun bu gözəlliklərini göz bəbəyi kimi qorumaq, onu gələcək nəsillərə çatdırmaq, bütün təbii nemətlərdən yerli-yerində, qədərində istifadə etmək tövsiyə olunur. Sadalanan fikirlər bütün dövrlərdə böyük mahiyyət kəsb edərək bu günümüz üçün xüsusilə əhəmiyyətlidir. Çünki son zamanlar insanın kortəbii müdaxiləsi nəticəsində yer üzündə qlobal təbiət hadisələrinin geniş miqyas alması, ekoloji tarazlığın pozulması, tez-tez təbii dağıdıcı proseslərin baş verməsi təbiətin daha ciddi qorunmasını tələb edir. Torpaq müqəddəs nemətdir, onun keşiyində dayanmalıyıq. Çünki

Yatağa sığmayan coşqun ilhamın
Torpaq ilk sahili, son sahilidir...
O elə əzizdir, elə əzizdir,
Günəş də qolunu salır boynuna.

Lakin bu məhəbbətin, bu istiliyin qədəri azalsa, bu yaxınlığın vacibliyinə başdansovdu yanaşılsa, nəticə acınacaqlı fəsadlara gətirib çıxara bilər:

Yoxsa qəddarlıqla üstü çirklənən
Torpağın altı da çirklənə bilər.
Qüdsiyyət də üstü çirklə yüklənən
Torpağın altından şəklənə bilər.        

1976-cı ildə yazdığı "Bahar görünür" şeirində şair sözün qüdrəti ilə elə bir bədii lövhə yaratmışdır ki, hansı fəsildə yaşamağından asılı olmayaraq sanki allı-güllü bahar fəslindəsən və  quşların cəh-cəhini, durnaların sədasını, çayların şırıltısını eşidirsən, gül-çiçəyin ətrini duyursan. Şair burada yeni poetik mənzərələr yaradaraq insanı duyğulandırır, xoş hisslər təlqin edir. "Nəfəsi buxarlı"- baharın, "göydə haçalanmış qatar"- durnaların, "qırmızı damar"- şimşəyin, "təzə paltarlı"- ağacların, "dağların ovcunda qabar"- qayaların, "gül nəfəsli"- torpağın poetik adıdır. "Bahar notları", "Novruz bayramı", "Otlar", "Bahar lövhələri", "Yazın təntənəsi", "Yetim bənövşə", "Gül" və bu qəbildən olan digər şeirlər torpağa yeni nəfəs verən yaz fəslini tərənnüm edir. Bu şeirləri oxuduqca oxucunun gözləri önündə tamamilə yeni mənzərələr canlanır, bənzətmələr ürək açır:

Sanma qanadıyla kəsəcək yolu,
Bəlkə də silahsız qaçaqdır duman.
Yox! Həyalı dağın ətirlə dolu
Əlvan dodağında yaşmaqdır duman.

Bilmirəm çətrinə tikib günəşi,
Yoxsa ki, asıbdır telindən meşə.
O qədər rütubət çəkib, günəşi
Buraxmaq istəmir əlindən meşə.

Yaxud:

Nəğməkar tütəyi hanı çobanın?
Həniri yaylağa çatır aranın.
Baharı gözləyən mahir bağbanın
Xəyal dünyasında nobar görünür.

"Novruz bayramı" şeirində orijinal ab-hava hökm sürür: burada həm bahar tərənnüm edilir, həm də xalqımızın minilliklərdən süzülüb-gələn milli bayramı özünəməxsusluğu ilə qələmə alınır. Məhz bu bayram ərəfəsində təbiət oyanır, torpağa yeni nəfəs gəlir, sabahkı bolluğun əsası  qoyulur-əkin-biçinə hazırlıq başlanır. Hələ lap qədimlərdən xalqımız qarlı-şaxtalı qışın başa çatmasını, havaların tədricən isinməsini, ruzi-bərəkətin təməlinin qoyulduğu yaz fəslinin başlanğıcını müxtəlif ayin və mərasimlər vasitəsilə sevinclə, ürək açıqlığı ilə qeyd etmişdir. Elliklə keçirilən belə kütləvi tədbirlərdən biri də məhz Novruz bayramıdır.

"Novruz bayramı" şeirində  şairin özünəməxsus təxəyyülü canlandırılır, bayramın yaratdığı xoş ovqat ön plana çəkilir. Bayram atributları - çərşənbələr, tonqal, qulaq falı, qurşaqatdı, səməni, şam, yumurta boyanması, od üstündən tullanmaq... poetik çalarlarla özlərinə xüsusi yer tutur. Lakin vətənpərvər şairin qəlbindəki nisgil - Vətən həsrəti xalqın bu əziz günündə də onu tərk etmir. Axı bu gün hamı doğmalarının qapısını açır, hal-əhval tutub bayramlaşır, küsülülər barışaraq şadyanalıq edirlər. Şair isə milyonlarla soydaşımız kimi o taylı qardaş-bacılarımızla mümkün olmayan bayramlaşmağın üzücü xatirələrini unuda bilmir; məhz belədə "şamlar ağlayır", səməniyə baxanda gözləri önünə Savalan çəmənlikləri gəlir, xonçalardakı şirniyyatın üzərinə həsrət qalaqlandığını zənn edir:

Sanma çəmən gülün vətəni deyil,
Dünyada hər şeyin vətəni vardır.
Sanki xonçamızda səməni deyil,
Bir parça Savalan çəməni vardır.

Şamlar adi deyil, xonçaya bəlkə
Səhənd lalələri səpələnibdir.
Xonçaya müxtəlif şirniylə birgə
Acı həsrətlər də təpələnibdir.

Əli Tudənin 1978-ci ildə yazdığı "Salam, təzə il!" şeiri də Novruzla bağlıdır. Şair "təzə il" dedikdə Novruzu yada salır. Axı ulu babalarımız zaman-zaman hər yeni ili məhz elə bu günlə başlamış, martın 21-ni ilin başlanğıc günü kimi qeyd etmişlər. Göstərilən şeirdə təzə ilin kövrək qədəmlərinin uğurlu, yollarımızın nurlu, torpaqlarımızın bol məhsullu, insanların gülərüz olması arzulanır və şeir yenə də "ənənəvi" sonluqla tamamlanır:

Vüsal təranəli həsrətin yolu
Bir də uzanmasın!..

- deyir şair. Bu təkcə bizə deyil, həmçinin bütün bəşəriyyətə ünvanlanan arzudur:

...Dünyada insanın naləsi deyil,
Səadət mahnısı yüksəlsin ancaq.

Bəşəri ideyalara sadiqlik, insanlara sülh və səadət arzusu Əli Tudənin təbiət mövzusunda yazdığı əsərlərin də məğzini təşkil edir. Bu əsərlərdə Bakı, Təbriz, Savalan, Xəzər, Araz, Sərab, Ənzəli... coğrafi obyekt kimi xarakterizə edilsə də bu hisslərin ümumbəşəri anlamı açıqca duyulur:

Qətiyyətlə dinir məğrur insanın
İpək təbiəti, yanar nəfəsi...
Zəncirini qırmış dustaq cahanın
Qurtuluş arzusu, həyat həvəsi...

Bu anlamın bir dərki var: yaradılanın xoşbəxt yaşamaq haqqı!

Əli Tudənin təbiət mövzusunda yazdığı şeirlər içərisində Xəzər haqqında yazılanları ayrıca qeyd etmək lazımdır. Çünki bu şeirləri bir silsilə şəklində də tədqiq etmək olar. Şairin 2002-ci ildə nəşr edilmiş "Mənim səsim" kitabında Xəzər haqqında yazılmış şeirlər "Nəğməli dəniz" başlığı altında ayrıca bir bölmədə toplanmışdır. Müxtəlif illərdə yazılmış "Xəzərin rəngi", "Günəş-dəniz", "Örnək", "Sahildə düşüncələr", "Qızıl qumlar üstündə", "Dəniz lövhələri", "Dəniz kənarında" və başqa şeirlər insanın zərif duyğularının, məsum düşüncələrinin Əli Tudə təfəkküründə inikasıdır.  Əlbəttə, hamısının özəyini ürəyəyatımlılıq və tanış bir səmimiyyət  təşkil edir. Ona görə "tanış" deyirəm ki, bu, elə hamımızın qəlbindən keçən hisslərdir ki, sadəcə, Əli Tudəsayağı kağıza köçürülüb. Şairi bizlərdən fərqləndirən, onu poetik duyğuların fövqündə saxlayan da elə onun poetik deyim tərzi deyilmi? Yoxsa elə hamımız şair olardıq ki! Biz Xəzəri sevirik, saatlarla onun sahillərində gəzməkdən, mavi sularına, bəzən sakit, bəzən də əsib-coşan dalğalarına, ağappaq qağayılarına tamaşa etməkdən doymuruq. Qəlbimizdə xoş arzular oyanır, rahatlıq tapır, duyğulanırıq. Çoxumuz beləyik. Əli Tudə isə başqa cürdür, o, dəniz suyunda təzadlar görür. Görür ki, dənizin "saçı gah ağ olur, gah göy...", dalğalar "şahə qalxan suların başında ağ tac" kimidir və bəstəkarı "...simfoniya yaratmağa" çağırır. Dəniz soyudub-ovutduğu kimi yandırıb-yaxa da bilir; görəndə ki, sevdiyin qızın

Şəkli sənin gözündə.
Sən əlini uzadıb
Tutmaq istəsən onu,
O qaça, ürəyinə
Düşə yolunun sonu...
Ürəyində dincələ
O səni qana-qana.
Sən dəniz kənarında
Qalasan yana-yana...

Şair təbiət gözəlliklərini vəsf edərkən doğma yurdumuzun yeraltı və yerüstü sərvətlərindən ürək dolusu danışır, Vətənimizin hər daşını, bitkisini dilləndirir, təbiət abidələrindən xüsusi zövq alır. O, yagışı da, qarı da Günəş qədər sevir, xəzan yarpaqlarını, solub-saralmış çölləri bahar çıçəkləri kimi əzizləyir, daşları torpaq qədər müqəddəs sanır, çinarı, palıdı elə şipşirin meyvə ağaclarıtək yaxın bilir. Əlbəttə, bütün bunlar sevindirici olub insanın qəlbinə xoş rayihə kimi yayılır, qəlbi fərəhləndirir. Xoş ovqat bəxş edən təbiət abidələrinin fövqündə isə insan dayanır. Qurub-yaradan, həmişə irəliyə doğru can atan, daim axtarışda, yaxşı yaşamaq arzusunda olan insan hər an şair düşüncəsinin əhatə dairəsindədir. Əli Tudənin qəhrəmanı olan həmin insanlar hər an xalqın azadlığı, birliyi uğrunda öz canlarından keçməyə belə hazırdırlar. Onların azad yaşamaq haqqı var və daim buna can atırlar. Bununçün həm də qurub-yaradırlar, zəhmət çəkməkdən heç vədə yorulmurlar.  Bütün sadalananlara rəğmən, şairin poetik qəhrəmanları daha ülvi hisslərlə də diqqətçəkəndirlər: onlar tərtəmiz sevgi duyğuları ilə sevib-sevilirlər, öz məhəbbətləri naminə bütün məşəqqətlərə dözürlər.

Ümumiyyətlə, görkəmli şair Əli Tudənin  təbiət mövzusunda yazdığı şeirlər özünəməxsus cəhətləri ilə fərqlidir. Dönməz və döyüşkən ruhlu şairin bütün digər əsərlərində olduğu kimi təbiət şeirlərinin də lirik "mən"i səmimi və mehriban olduğu qədər məhz mübarizliyi və yolundan dönməzliyi ilə diqqət çəkir.

Ağahüseyn ŞÜKÜROV

 





17.03.2015    çap et  çap et