525.Az

Xalq qəhrəmanı qarabağlı Qaçaq Aslan obrazı bədii ədəbiyyatda


 

ONUNLA BAĞLI ƏDƏBİ MƏNBƏDƏ HƏM DƏ QARABAĞIN TARİXİ, İNSANLARI VƏ GÖZƏLLİKLƏRİ ƏKSİNİ TAPIB

Xalq qəhrəmanı qarabağlı Qaçaq Aslan obrazı bədii ədəbiyyatda<b style="color:red"></b>

XIX əsrdə gürcü yazıçılarının Azərbaycan mövzusuna maraq və məhəbbətinin güclənməsinə azərbaycanlılarla gürcülərin çiyin-çiyinə yaşadığı, mübarizə apardığı, mütərəqqi Azərbaycan ziyalılarının toplaşdığı Tiflis ədəbi mühitinin də rolu az deyildi.
 
Məhz bu mühit, yazıçılar, mətbuat xadimləri, jurnalistlər, aktyorlar və s. Arasındakı sıx təmas və qarşılıqlı əlaqələr müasir ədəbiyyatşünaslıqda deyildiyi kimi, kontakt əlaqələr daha geniş vüsət alaraq Azərbaycan ədəbiyyatında gürcü, gürcü ədəbiyyatında isə Azərbaycan mövzusunun güclənməsinə, xalqlarımız arasındakı dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə kömək edirdi. Azərbaycan həyatı, xalqımızın adət və ənənəsi, keçdiyimiz şanlı yol, Azərbaycan və gürcü xalqlarının yadelli işğalçılara qarşı birgə mübarizədə möhkəmlənmiş dostluğu gürcü ədəbiyyatını maraqlı mövzularla zənginləşdirirdi. Bu dövrdə Azərbaycanda baş verən  böyük ictimai, iqtisadi və siyasi irəliləyişlər gürcü ədəbiyyatında və bu ədəbiyyatın əsas təbliğ vasitələrindən biri olan mətbuatda öz əksini tapırdı. Humanizm və demokratiya bayrağını yüksək tutan gürcü yazarlarının köhnə nəsil ilə çiyin-çiyinə gedən yeni ədəbiyyatçılar nəsli Azərbaycan xalqının həyatını unutmur, öz sələflərinin ənənələrinə sədaqətlə yanaşırdılar.

Gürcü ədəbiyyatında olduqca rəngarəng olan Azərbaycan mövzusunda çoxlu əsərlər XIX əsrin ortalarından başlayaraq yaranmağa başlamışdı. Gürcü dilində çıxan qəzet və jurnallarda, toplu və kitablarda Bakı, Gəncə, Zaqatala, Quba, Qazax, Şəki, Qarabağın müxtəlif guşələri, o cümlədən, Şuşa şəhəri haqqında İ. İvlitelinin, D. Kalandarişvilinin, İ. Maçavarianinin, O. Sersvadzenin, İ. Qvaramadzenin, K. Vezirişvilinin, V. Zedginidzenin, V. Kipianinin, İ. Eliaşvilinin, İ. Xositaşvilinin və bir çox başqalarının müxtəlif janrlarda yazılmış publisistik və bədii əsərləri çap olunmuşdur. Hələ biz P. Eristavilinin, İ. Çavçavadzenin, A. Seretelinin,  T. Yevdoşvilinin, Ş. Araqvispirelinin və digərlərinin Azərbaycana həsr etdikləri nəzm və nəsr əsərlərini demirik. Bütün bunlar gürcü oxucusuna Azərbaycanla, onun keçmişi və indisi ilə tanış olmaq imkanı verirdi.

Burada məqsədimiz həmin dövrdə Azərbaycan mövzusunda yazılmış əsərlərin heç də hamısından bəhs etmək deyildir. Müasir dövrdə uydurma Qarabağ problemi ətrafında baş verən hadisələr, min cür fırıldaqlar işlədildiyi bir zamanda xüsusi aktuallıq kəsb edən yalnız bir əsər-XIX əsrdə yaşayıb-yaratmış öz sələflərinin gözəl ənənələrini davam etdirən gürcü şairi Georgi Dvanadzenin 1878-ci ildə Tiflisdə gürcü dilində ayrıca kitabça şəklində çapdan çıxmış "Qarabağlı qaçaq Aslan bəy" poeması haqqında danışmaq lap yerinə düşərdi.

XIX əsrdə çar mütləqiyyətinə  qarşı mübarizənin formalarından biri kimi qaçaqçılıq Zaqafqaziyada, Rusiyada və digər bölgələrdə geniş yayıldığı bizə məlumdur. Bu hərəkat yazıçılara, o cümlədən, gürcü yazıçılarına mövzu verirdi. Onlar Azərbaycanda qaçaqçılığı xüsusi diqqətlə izləyir, öz ədəbiyyatlarını qəhrəmanlıq mövzusunda əsərlərlə zənginləşdirirdilər. Zurab Antonov məhz belə etmişdir. Onun yaratdığı "Koroğlu" pyesində Koroğlu surəti gürcü səhnəsində xalqın havadarı olan, onun azadlığı uğrunda bəylərə və xanlara qarşı vuruşan ilk qəhrəman idi. Georgi Dvanadzenin ondan təxminən iyirmi il sonra yaratdığı qaçaq Aslan bəy surəti də gürcü xalqına mərdlik, ədalət hissləri tərbiyə etmək məqsədi daşıyır.

Poema hər cür sərvətlə zəngin olan, tarlaları göz işlədikcə uzanan, pambıq və yun, ipək və düyü, arpa və buğda, kilim və xalça kimi məhsulları, köhlən atları ilə şöhrət qazanmış Qarabağın tərifi ilə başlanır:

Qarabağ dediyi ulu bir diyar,
Sərvətlə, nemətlə dolu bir diyar.
Tarlalar uzanır göz işlədikcə,
Onları suvarır dumduru çaylar. 

Ətrafda ucalan möhtəşəm dağlar
Bu gözəl torpağa keçik çəkirlər.
Yerlərin sahibi igid türklərdir,
Pambıq becərirlər, çəltik əkirlər.

Bolluq məskənidir başdan-ayağa,
Heç kəs möhtac deyil çörəyə, yağa.
İpəyi,  parçası aşıb daşıbdır,
Kilimi, xalçası məşhurlaşıbdır.

Dünyada tanınır atları onun,
Min dərdə dərmandır otları onun.
Ətrafa baxanda ürək sevinir,
Arzu qanadlanır, dilək sevinir.

Tərcümənin ikinci bəndinə diqqət yetirsək görürük ki, gürcü şairi:

Ətrafda ucalan möhtəşəm dağlar
Bu gözəl torpağa keçik çəkirlər.

-misraları ilə söhbətini Qarabağın dağlıq hissəsindən, yəni indiki Dağlıq Qarabağdan getdiyini, sonrakı misralarda isə Qarabağın yalnız türklərin, yəni azərbaycanlıların əlində olduğunu göstərir.

Gürcü şairi Qarabağın əsrarəngiz gözəlliyinə, füsunkarlığına, heyvanlar aləminə vurğundur. O, yazır ki, ceyranlar, cüyürlər sürüsünü görəndə insan dərdini tamamilə unudur, təbiətin gözəlliyindən sonsuz ləzzət alır.

Bu diyar öz igid qaçaqları ilə məşhurdur. Georgi Dvanadzeni hər şeydən əvvəl, məhz bu məsələ maraqlandırır, Qarabağda qaçaqçılığın qəhrəmanlıq işi olduğunu, insanın ləyaqətinin onunla ölçüldüyünü göstərir:

Bilməsə qaçaqlıq hər hansı oğlan,
Qızlar ötüb keçər eləsindən yan.

Aslan poemasında mərd, cəsarətli qəhrəman, bəylərə qan udduran bir qaçaq kimi təsvir edilmişdir. Yeri-yurdu qalın və keçilməz meşələr olan bu igid üç dəfə həbsxanadan qaçmışdır. Onu yenidən tutmaq son dərəcədə çətindir, çünki sərrast atəş açmağı hamıdan yaxşı bacarır, başına topladığı dəstə ilə güclü və qorxmazdır. Çar mayoru Qriqoryev və Qarabağ  xanı Şirvan bu dəstəyə qarşı mübarizədə zəif görünürlər:

Qovğalardan çıxmış dəstəsi hər an,
Güzəştə getməmiş yada heç zaman.
Vuruşmuş, çarpışmış hədsiz hünərlə  
Dönmüş məskəninə yalnız zəfərlə.

Müəllif Aslan bəyin igidliyindən çox böyük həvəs və ilhamla söhbət açır, onu "polad qəlbli insan" adlandırır, "zəhmli qılıncı ilə düşmənin bağrını yardığını" göstərir.

"Qarabağlı qaçaq Aslan bəy" poeması gürcü ədəbiyytında qəhrəmanlıq mövzusunda yazılmış qiymətli əsərdir, bizə isə tariximizə nəzər salmağımız, keçmişimizə qanrıldığımız üçün əvəzsiz ədəbi abidədir. Burada Qarabağ xanlığı, İbrahim xan, Cavanşir xan haqqında söhbət gedir. Bunlar tarixi şəxsiyyətlərdir. Çox ehtimal ki, Aslan bəyə qarşı mübarizədə aciz olan, qaçağı yalnız hiylə işlətmək yolu ilə ələ keçirməyə çalışan mayor Qriqoryev də o dövrdə çarizmə xidmət etmiş gerçək şəxsdir. Belə olduğu halda, Aslan bəy surətini gürcü şairinin təxəyyülünün məhsulu hesab etmək düzgün olmazdı.

Tarixi şəxsiyyətlərin əhatəsində olduğuna görə, bundan əlavə poemada verilən bəzi cizgilərdən göründüyü kimi,  Aslan bəy Georgi Dvanadzenin müasiri olmuşdur. Deməli, Aslan bəy özü də qaçaq Nəbi, qaçaq Kərəm kimi xalqın azadlığı uğrunda mübarizə aparan tarixi şəxsiyyətdir.

Gürcü şairi Aslan bəy surətini  yaratmaqla və onun gürcü ədəbiyyatında xalqın azadlığı uğrunda mübariz kimi təsvir etməklə gürcülərdə qəhrəmanlıq və vətənpərvərlik hissi tərbiyə etmək məqsədi güdmüşdür.

Onlarla gürcü şair və yazıçıların Azərbaycan mövzusunda yazdıqları əsərlər gürcülərlə azərbaycanlıların tarixi dostluq ənənəsidir və bu gün də həmin dostluq davam edir. Tarixi qədim olan xalq inkişafı və tərəqqini mehriban dostluqda, millətlərarası münasibətlərdə, dilindən, dinindən asılı olmayaraq, ənənələrə hörmətdə və onu qiymətləndirməkdə görür.

 





17.03.2015    çap et  çap et