525.Az

Tsarukyanın istefası: Sarkisyanın avtoritar rejiminin növbəti


 

Tsarukyanın istefası: <b style="color:red">Sarkisyanın avtoritar rejiminin növbəti </b>

Məlum olduğu kimi, Ermənistanın qeyri-stabil və gərgin siyasi gündəmini son zamanlar ölkə prezidenti, Respublikaçılar partiyasının sədri Serj Sarkisyanla "Çiçəklənən Ermənistan" partiyasının keçmiş lideri, millət vəkili, oliqarx Qaqik Tsarukyan arasındakı mübarizə zəbt edib.

Burada diqqəti çəkən məqam Sarkisyanın öz siyasi (yəqin ki, həm də iqtisadi) rəqibinə qarşı olduqca sərt və aqressiv mövqe sərgiləməsi, son vaxtlaradək sıx münasibətləri olan tərəfdaşının bütün ''qüsurlarını'' birdən-birə görməsi oldu. Respublikaçılar partiyasının fevralın 12-də keçirilən şura iclasındakı çıxışında Tsarukyana qarşı təhqiramiz ifadələr işlətməklə yanaşı, Sarkisyan onu Ermənistanın Milli Təhlükəsizlik Şurasından uzaqlaşdıracağını elan edib, parlament iclaslarındakı zəif iştirakını əsas gətirərək onun mandatının ləğvinə çalışacağını bildirib, baş nazirə Tsarukyanın maliyyə məsələlərinin, vergidən yayınma ehtimallarının araşdırılmasını tapşırıb, həmçinin, Tsarukyanın peşəkar cinayət mexanizmləri formalaşdırması barədə şayiələrin dəqiqliyinin yoxlanılacağını bildirib (bax: Serzh Sargsyan seriously tackles "Tsarukyan issue" / ''Arminfo'', 13 fevral 2015).

Lakin Sarkisyanın Tsarukyana qarşı təzyiq və hədələri qeyd olunanlarla məhdudlaşmayıb. İclasdan bir neçə gün əvvəl ''Çiçəklənən Ermənistan'' partiyasının üzvü Artak Xaçatryan oğurlanaraq döyülüb, daha sonra küçəyə atılıb. Hadisəyə reaksiya verən partiya rəhbərliyinin bəyanatında ''xuliqanlıq və özbaşınalıq'' adlandırılan bu əmələ görə hakim rejimin məsuliyyət daşıdığı qeyd olunub (bax: Sarkisian Unleashes Wrath on Tsarukian, Fires Him from Security Post / ''Asbarez'', 12 fevral 2015). Xatırladaq ki, son zamanlar Ermənistanda müxalifət nümayəndələrinə qarşı hücumların təşkili, onlara fiziki xəsarətlərin yetirilməsi halları intensivləşib. Bu isə ölkənin ümumi tənəzzülü və artan ictimai narazılıq fonunda hakimiyyətini qorumaq üçün rejimin daha qəddar və repressiv üsullara əl atdığını göstərir.

Qeyd edək ki, "Çiçəklənən Ermənistan"ın "Erməni Milli Konqresi", "İrs" və "Daşnaksutyun" partiyaları ilə birgə formalaşdırdığı dördlük son zamanlar ölkədə tətbiqinə çalışılan və böyük ictimai narazılığa səbəb olan icbari pensiya islahatlarının qarşısının alınmasında mühüm rol oynayıb. "Çiçəklənən Ermənistan", "Erməni Milli Konqresi" və "İrs" partiyasından ibarət üçlük isə hakim partiyanın həyata keçirməyə çalışdığı konstitusiya islahatlarına qarşıdır. Konstitusiyaya dəyişikliklər Ermənistanın parlamentli respublikaya keçidinə şərait yaradacaq. Bunun isə ikinci prezidentlik müddəti 2018-ci ildə başa çatacaq Sarkisyanın gələcəkdə yeni vəzifədə hakimiyyətini sürdürməsinə xidmət məqsədi daşıdığı ehtimal olunur. Üstəlik, 2004-cü ildə Tsarukyanın əsasını qoyduğu ''Çiçəklənən Ermənistan'' partiyası əhali arasında geniş dəstək qazanaraq ölkənin əsas müxalifət partiyası, eləcə də hakim Respublikaçılar partiyasının başlıca rəqibinə çevrilib. Partiya parlamentdə 36 millət vəkili (cəmi 131) ilə təmsil olunur. Belə olan halda, Sarkisyanın başlıca hədəf kimi Tsarukyanı seçməsi və ona təzyiq göstərməsinin səbəbi də aydın olur.

Sarkisyan növbəti dəfə qan tökmək niyyətində idi?

Beləliklə, gərginləşən siyasi mübarizə martın 5-də partiyanın 8-ci növbədənkənar iclasında Tsarukyanın partiya sədrliyindən və parlamentdəki fraksiya rəhbərliyindən istefa verməsi və onu Naira Zohrabyanın əvəz etməsi ilə nəticələndi. İcasdakı nitqində Tsarukyan "aktiv siyasətdən getmək" qərarını verdiyini, hər zaman ''maydan hərəkatlarına'' qarşı olduğunu, "günahsız insanların qanının axıdılmasını" istəmədiyini bildirib (bax: Гагик Царукян: Я принял решение не заниматься активной политикой / "Lragir.am", 5 mart 2015). Əslində, Tsarukyanın çıxışındakı bir məqam, yəni qan axıdılmasından çəkinmək istəyinin ifadəsi Serj Sarkisyanın öz siyasi rəqibini əzmək və hakimiyyətini möhkəmləndirmək üçün nələrə baş vura biləcəyinə bir işarədir. Bir qədər keçmişə nəzər salsaq, Sarkisyanın bu məsələdə kifayət qədər təcrübəli olduğunu da görmək olar. Xatırladaq ki, 2008-ci ildə İrəvan küçələrində prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz edən aksiyaçıların güllə-baran edilməsi və ən az 10 nəfərin öldürülməsi ilə nəticələnən 1 mart hadisəsi yaddaşlardan silinməyib. Tsarukyanın istefasına nail olan Sarkisyanın müxalifətə qarşı addımları özünü dünyaya gənc demokratik ölkə kimi tanıtmağa çalışan Ermənistanda siyasi repressiyaların və avtoritarizmin yüksək səviyyəsinin göstəricisidir.

Hakimiyyətin təzyiqləri və Tsarukyanın sədrlikdən getməsi isə faktiki olaraq "Çiçəklənən Ermənistan" partiyasını tənəzzül təhlükəsi qarşısında qoyub. Belə ki, Tsarukyanın istefası ilə təqribən eyni vaxtda və ondan sonra bir sıra aparıcı simaların partiyanı tərk etməsi xəbərləri yayılmaqdadır. Məsələn, keçmiş xarici işlər naziri, millət vəkili Vardan Oskanyan partiyadan çıxmaq üçün müraciət edib (bax: Вардан Осканян подал заявление о выходе из партии / "Lragir.am", 5 mart 2015). Onun ardınca millət vəkili Martun Qriqoryan da partiyanı tərk etmək qərarını açıqlayıb (bax: Мартун Григорян заявил о выходе из рядов партии "Процветающая Армения" / "Lragir.am", 7 mart 2015).

Erməni mediası Sarkisyanla mübarizədə Tsarukyanın məğlub olması ilə eyni vaxtda "Çiçəklənən Ermənistan" partiyasının fəaliyyətindəki mövqe dəyişikliyinə diqqəti çəkir. Belə ki, martın 4-də parlamentdə vergilərlə bağlı qanunun qəbul olunmasında "Çiçəklənən Ermənistan" partiyasının da rolu olub. "Erməni Milli Konqresi" vergilərin artırılmasını nəzərdə tutan qanuna səs verməyəcəyini bildirib, "İrs" partiyası layihənin əleyhinə səs verib, "Orinats yerkir" ("Qanunun aliliyi") partiyası bitərəf qalıb, "Çiçəklənən Ermənistan" isə Respublikaçılarla birgə layihənin lehinə səs verib (bax: ППА приступила к новой роли / "Lragir.am", 4 mart 2015).

Qərbin aparıcı strukturları və insan haqlarının müdafiəçiləri Ermənistandakı özbaşınalıqlara göz yumur

Ermənistanda gedən siyasi mübarizənin bütün qayda-qanunlardan kənara çıxmasına, aşkar surətdə özbaşınalıq və repressiya həddinə çatmasına, nədənsə, Ermənistanın üzv olduğu Avropa qurumlarından, beynəlxalq qeyri-hökumət təşkilatlarından ciddi reaksiya verilmir. Məlum olduğu kimi, Sarkisyanın 12 fevral çıxışından sonra fevralın 18-də Ermənistan parlamentinin üç üzvü Naira Zohrabyan, Vahe Hovannisyan ("Çiçəklənən Ermənistan" partiyası) və Levon Zurabyan ("Erməni Milli Konqresi") AŞPA sədri Ann Brasörə gizli məktub ünvanlayıblar. Məktubda Sarkisyanın "Çiçəklənən Ermənistan" partiyasına "hərtərəfli müharibə" elan etdiyi, partiya rəhbərliyinə qarşı təzyiqlərin konstitusiya dəyişikliyinə nail olmağa çalışan Sarkisyanın öz hakimiyyətini 10 il də uzatmaq niyyətinə xidmət etdiyi vurğulanır, müxalifət nümayəndələrinə qarşı hücumların siyasi təqib və repressiya olduğu qeyd olunur. Məktuba cavabında AŞPA sədri "demokratik cəmiyyətlərdə siyasi motivli fiziki zorakılıqdan istifadəyə və inzibati hədə-qorxulara" yer olmadığını bildirərək, məktubun Ermənistanla bağlı növbəti hesabatın hazırlanmasında nəzərə alınması üçün Assambleyanın Monitorinq Komitəsinə göndərildiyini qeyd edib. Brasör cavab məktubunda, həmçinin, ölkədəki vəziyyəti yaxından izləməkdə davam edəcəyini və məsələni bu ilin aprelində Ermənistana gözlənilən səfəri zamanı keçirəcəyi görüşlərdə qaldıracağını vəd edib (bax: Armenia’s Political Crisis: Leaked Letter from PACE President / "Civilnet.am", 4 mart 2015).

Göründüyü kimi, xanım Brasör hələ ki, məktuba məktubla cavab verməklə kifayətlənib, qurumun adından hər hansı bəyanat səsləndirilməyib. Eləcə də Azərbaycan və digər bir sıra ölkələrdə hakimiyyətə qarşı yönələn hər hansı iddianın obyektivliyini araşdırmadan münasibət bildirməyə tələsən "Amnesty International", "Human Rights Watch", "Freedom House" kimi qurumlar, nədənsə, Ermənistanın siyasi səhnəsində baş verən açıq repressiya və avtoritarizm nümunəsi olan son hadisələrə laqeydlik nümayiş etdirirlər. Bəlkə Ermənistanın aparıcı təşkilatların marağını cəlb etməsi üçün bu ölkədə mühüm idman yarışı keçirilməlidir? Məsələ ondan ibarətdir ki, bəzi ölkələrə qarşı mühüm humanitar və idman tədbirləri ərəfəsində aktiv kampaniyanın həyata keçirildiyi, ən xırda məsələlərin qabardıldığı özünü göstərdiyi halda, siyasi repressiyaların müxtəlif formalarının, insan azadlıqlarının pozulması hallarının gündəlik xarakter daşıdığı bir sıra ölkələrdəki proseslərə göz yumulur. Buradan belə bir təsəvvür yaranır ki, demokratiyanın, insan haqlarının, azadlıqlarının meyarları müxtəlif ölkələrə münasibətdən asılı olaraq dəyişir. Bu, eynilə, özünü beynəlxalq münasibətlərdə "işğalçı", "təcavüzkar", "terrorçu", "soyqırımı" anlayışlarının tətbiqində də göstərir.

Lakin reallığa göz yumulması heç də onu dəyişmir. Sarkisyan rejiminin siyasi və iqtisadi monopoliyası Ermənistanın sosial-iqtisadi tənəzzülünü gücləndirən mühüm faktorlardandır. Rəsmi mənbələr ölkə əhalisinin sayının 3 milyon olduğunu göstərsə də, Ermənistan ictimaiyyətinin nümayəndələri ölkədə faktiki olaraq 2-2,5 milyon əhalinin qaldığını, xaricə köçün yüksək səviyyəsinin isə səbəbinin təkcə sosial-iqtisadi amillər deyil, siyasi repressiyaların olduğu da vurğulanır (bax: Как живёт Армения / "Poznavatelnoe.tv").

Beləliklə, Sarkisyan-Tsarukyan qarşıdurması və onun nəticələri həm Ermənistandakı zorakı rejimin mahiyyətini, həm də özlərini insan haqlarının, demokratiyanın "keşikçisi" elan edən bir sıra beynəlxalq qurumların iç üzünü bir daha göstərdi.

Newtimes.az

 





17.03.2015    çap et  çap et