“Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması təəssüf doğurur. Müxtəlif səviyyəli görüşlərin keçirilməsinə baxmayaraq, Ermənistan hələ də təxribatçı hərəkətlərindən əl çəkmir”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Bakıda keçirilən ümumxalq şənliyində çıxışında deyib.
Prezident qeyd edib ki, şəhidlərimizin qanı yerdə qalmamalıdır və yerdə qalmır: “Təmas xəttində ordumuz vəziyyətə tam nəzarət edir, ordumuz Vətəni ləyaqətlə qoruyur.
Mən tam əminəm ki, biz istədiyimizə nail olacağıq, tarixi ədaləti, öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Ondan sonra biz azərbaycanlılar bütün öz qədim torpaqlarımıza - İrəvana, Göyçəyə, Zəngəzur mahalına qayıdacağıq. Bu torpaqlar bizim qədim torpaqlarımızdır.
Gənc nəsil də bilməlidir ki, bizim torpaqlarımız sadəcə, bugünkü müstəqil Azərbaycanın torpaqlarından ibarət deyil. Biz o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq. Hər gün çalışmalıyıq ki, o günü yaxınlaşdıraq”.
Dövlət başçısı qeyd edib ki, ordu quruculuğu əsas vəzifədir. O, Azərbaycan Ordusunun bu gün dünyada öz gücü, texniki təchizatı ilə fərqləndiyini də vurğulayıb.